525.Az

“Türk Dünyası Muzeylərinin həftəsi”nə start verildi


 

“Türk Dünyası Muzeylərinin həftəsi”nə start verildi <b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 18-24 may tarixlərində “Türk Dünyası Muzeylərinin Həftəsi”nin keçirilməsinə start verilib.

Proqramın məqsədi COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkələrdə yaradılan karantin rejimində məktəbliləri Türk dünyası muzeyləri ilə tanış etmək, gəncləri Türk ölkərinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etməkdir.

Dünən onlayn platformada təşkil edilən Türk Dünyası Muzey Həftəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, fonda üzv və müşahidəçi dövlətlərin Azərbaycandakı səfirləri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə, layihəyə cəlb olunan türkdilli ölkələrin muzeylərinin rəhbərləri, elecə də çox sayda məktəblilər iştirak ediblər.

C.Bayramov bu layihənin türkdilli ölkələrin ortaq mədəniyyətinin tanınmasına və qarşılıqlı əməkdaşlığın güclənməsinə dəyərli töhvələr verəcəyini bildirib.

Nazir məktəb təhsilinin inkişafında muzeylərin rolunu yüksək qiymətləndirərək bu lahiyədə Azərbaycanın müxtəlif regionlarından çox sayda məktəblilərinin iştirakinı qeyd edib.

G.Əfəndiyeva Türk Dünyası Muzey Həftəsinin türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsi üçün əhəmiyyətini vurğulayıb.

G.Əfəndiyeva bu layihə vasitəsilə məktəblilərin bir-birindən maraqlı muzeylərə səyahət edərək Türk Dünyası ölkələrinin mədəniyyətini və incəsənətini daha yaxından öyrənəcəklərini bildirib.

Qazaxıstan səfiri Serjan Abdıkarimov, Türkiyə səfiri Erkan Özoral, Özbəkistan səfiri Bahrom Aşrafxanov, Macarıstan səfiri Viktor Szederkenyi bu lahiyənin Türkdilli dövlətlər arasında birləşdirici rol oynadığını vurğulayaraq öz ölkələrinin mədəniyyəti və incəsənətindən qısa məlumat veriblər.

F.Sultan-zadə 2015-ci ilden etibarən təşkil olunan Məktəblilər üçün Muzey Həftəsi proqramının ilk dəfə olaraq beynəlxalq statusda, Türk Dünyasının Muzey Həftəsi kimi birgə qeyd olunduğunu deyib. O həmçinin, virtual eksursiyalara məktəblilərin və Bakı şəhəri daxil respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin qoşulmasının nəzərdə tutulduğunu qeyd edib.

Sonra Türk Dünyası Muzeylərinin həftəsində iştirak edən Azərbaycan Milli Xalça Muzeyinin, Qazaxıstan Milli Muzeyinin, Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinin, Türkiyədəki Troya Muzeyinin, Özbəkistan Dövlət Tarix Muzeyinin, Macarıstanın Milli Muzeyinin direktorları birgə əməkdaşlığın müsbət təsirlərini bildiriblər.

Rəsmi hissədən sonra məktəblilər Azərbaycan Milli Xalça Muzeyinə virtual səyahət edərək, orada  sərgilənən eksponatlarla tanış oldular.

Xatırladaq ki, lahiyə çərçivəsində mayın 18-24 tarixləri arasında həftənin hər günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin  muzeylərinə uşaq və gənçlər üçün virtual ekskursiyaların təşkili nəzərdə tutulub. Proqram 19 may Qazaxıstan Milli Muzeyi, 20 may Qırğızıstan Milli İncəsənət Muzeyi, 21 may Türkiyə Troya Muzeyi,  22 may Özbəkistan Dövlət Tarix Muzeyi, 23 may Macaristan Milli Muzeyi ilə dəvam etdiriləcək və 24 may tarixində məktəblilər üçün Muzey Həftəsinin rəsmi bağlanışı ilə yekunlaşdırılacaq.

 





19.05.2020    çap et  çap et