525.Az

Sabahımıza Rəsul Rza baxışı - Mina Rəşid yazır


 

Sabahımıza Rəsul Rza baxışı - <b style="color:red">Mina Rəşid yazır </b>

Əsərləri ilə həmişə gənc, müasir olan Xalq şairi Rəsul Rzanın 110 illiyi tamam oldu və bu ilimiz həm də unudulmaz sənətkarın yubileyi ilə əlamətdardır.
 

Bunu duyurmuş kimi, sanki sözlər nəğmələrin qanadında onu xatırladır və onun haqqında yazmağa sövq edir.


Qucağında Xəzərim
yatıb-dincələn Bakı...
Qarı, çiskin-yağışı
əyri, köndələn Bakı...


Rəsul Rzanın sözlərinə qoşulmuş bu həzin nəğmə Bakıya layla çalır sanki və sən də uşaq kimi ana qucağına sığınırsan. Bakı bir ana kimi səni qoynuna alır, həzin küləkləri ruhunda oynayır... Xalq artisti mərhum Şövkət Ələkbərovanın məlahətli səsində Bakı daha da doğmalaşır... Bəstəkar Vasif Adıgözəlovun bu mükəmməl bəstəsini dinlədikdən sonra mahnının sözləri ömürlük yaddaş dəftərinə yazılır... Zaman keçdikcə və rüzgar əsdikcə o nəğmə qəlbində oyanır...


Mən istəyirəm
buludlar ağlasın,
uşaqlar ağlamasın!


- deyən Rəsul Rza cild-cild əsərləri - şeirləri, poemaları, hekayələri, pyesləri, tərcümə əsərləri ilə yanaşı, uşaqları da unutmayıb. Onun bu qəbildən olan şeirləri ilə yəqin dərsliklərdən də tanışsınız. Bunu arayıb-axtarmaq üçün çox da uzağa getmədim. 4-cü sinifdə oxuyan qızım fərəhlə Azərbaycan dili kitabını açaraq şairin şeirlərini mənə göstərir. Dəfələrlə oxuduğum şeirləri bir də yada salıram... R.Rza balacalara yazdığı şeirlərdə təbiətin gözəlliyi, xüsusilə heyvanlar aləmi ayrıca yer tutur...  Bu dərslikdə də, onun "Tülkü", "Fil", "Ayı" haqqında şeirləri yer alıb... "Şanapipik" adlı şeiri isə hansısa məktəbə hazırlıq kitabından yadımda qalıb.


Şanapipik, şanapipik!
Ala-bəzək, qara kirpik.
Üstü-başı zolaq-zolaq,
Balacaboy, nazik ayaq.
Daraq kimi pipiyi var.
Gah cüt olur, gah tək olur,
Onu gendən görmək olur.


Rəsul Rza "İlkin məktəbə gedir", "Balacaların təbiət ensiklopediyası", "Cücülər", "Təranənin oyuncaqları" və sair uşaq kitablarının müəllifidir. Bu kitablarda toplanmış əsərlər öz aktuallığına görə bu gün də yenidən nəşr edilərək uşaqların ixtiyarına verilir...


R.Rzanın əsərləri haqqında həmişə yazılıb və bu yenə davam edir... Hələ ona həsr edilən saysız-hesabsız şeirləri demirəm... Yəqin bundandır ki, indiyədək onun haqqında bircə kəlmə də yazmamışam. Bir yandan da, müəllif uşaqlar üçün yazdığı əsərləri ilə mənə daha doğma gəlir... Ümumiyyətlə, ötən illərdə qələm əhlinin əksəriyyəti uşaqlar üçün yazmağın nə qədər vacib olduğunu hiss edərək bu işi sanki özlərinə borc bilirdilər... Təəssüf ki, indi yazarlarımızın çoxu  nəinki bu sahəyə yaxın düşür, uşaq əsərləri ilə maraqlanmaq belə istəmirlər... Sanki onlar könülləri fəth edən Rəsul Rza və başqa böyük şairlərimizdən daha mühüm əsərlər yazmaqdadırlar və uşaq ədəbiyyatına guya vaxt-macal tapmırlar...


... Gecə qara, durdum düşündüm bir az
Dedim, nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi dedi: - Bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.


Məncə, Rəsul Rzanın "Çinar"ı söylədiklərimizə özü bir ayna tutur...


Həmişə fikri təzə, sözü gərəkli şairimiz, doğum günün - 110 illiyin mübarək olsun! Bu misilsiz misralarındakı kimi, mən də, mən də istəyirəm ki:


Güllər açılsın,
Güllələr açılmasın!..

 





21.05.2020    çap et  çap et