525.Az

"Rəsul Rza sənəti ədəbiyyatımızda yeniliyə açılan nəfəsdir" - Müsahibə


 

ƏDƏBİYYATŞÜNAS CAVANŞİR YUSİFLİ İLƏ YAZIÇI ŞƏRİF AĞAYARIN XALQ ŞAİRİ RƏSUL RZANIN YARADICILIĞI HAQQINDA SÖHBƏTİ

"Rəsul Rza sənəti ədəbiyyatımızda yeniliyə açılan nəfəsdir" - <b style="color:red">Müsahibə </b>

Rəsul Rza - 110


Mayın 19-da Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 110 illiyi tamamlandı.


Hər zaman bədii dəyərini, ədəbi aktuallığını qoruyub saxlayan Rəsul Rza yaradıcılığı bu yubiley günlərində də fərqli yönləri, üstün poetik keyfiyyətlərilə diqqət mərkəzindədir. Ədəbiyyatşünas Cavanşir Yusifli ilə yazıçı Şərif Ağayarın bir müddət öncə kulis.az saytında yayımlanmış bu söhbətində Rəsul Rzanın poetik irsi, sənətkarlığı ilə bağlı bir sıra maraqlı məqamlara nəzər salınıb.


Həmin söhbətin şairin yaradıcılığına birbaşa aid olan ən mühüm hissələrini bu yubiley münasibətilə oxucularımıza təqdim edirik.


- Azərbaycanda modernist şeir... Sizcə, bu, hardan başlayır? Yadımdadır, son illərəcən belə bir mübahisə vardı ki, bizim şeirdə modernizm Mikayıl Rəfilinin məqalə və şeirlərindən başlayır. Ancaq Rəsul Rza tərəfdarları bunu qəbul etmirlər...


- Bəli, elə bir yüngül mübahisə olmuşdu və zənnimcə, yersizdir. Modernizm lokal yox, qlobal bir hadisədir. Bu, sadəcə texniki məsələ deyildir. Ədəbiyyatda məna axtarışlarının daha dərinlərə işləməsi üzdə gördüklərimizi alt-üst edir, dəyişdirir. Bədii mətnlər zamanla dəyişir, bir tərəfdən zamanın nəfəsi onu sıxır, digər tərəfdən düşdüyü ərazini genişləndirir, bəzən lap tanınmaz hala düşür, bu səbəbdən, məsələn, Nizami Gəncəvinin hər hansı əsərinin filoloji tərcümələri arasında yerlə-göy qədər fərq də ola bilər.


Təqribən belə: kitabı oxuyursan, qaldığın yeri qatlayırsan, qayıdanda görürsən ki, hər şey dəyişib... İnsan hisslərinin dəyişməsi mətnlərə güclü və qarşısıalınmaz təsir eləyir, mətn özünə, içinə doğru sıxılanda mahiyyəti, mənanı çox orijinal şəkildə nümayiş etdirir, dediyim ərazi genişlənəndə paralel mənalar "tarlasını" görürsən, göz işlədikcə uzanır. Həm də konkret mənanın işlənmə tarixi yaddaşın ekranında nümayiş etdirilir. Modernist ədəbiyyat, poeziya səsə qədər sıxılır, yəni dərinləşir, "çılpaq sözlər" mənanı orijinal biçimdə nümayiş etdirir.


Elə mütəxəssislər var ki, Azərbaycan ədəbiyyatında modernizm və postmodernizmin olmadığını iddia, həm də "sübut" edirlər, sırf texniki səbəblərə görə... Bu, hardasa hesabdar işinə bənzəyir. "Filan şey olmalıydı, niyə yoxdu, yoxdusa, demək danışmağa dəyməz". Ancaq Nizami Gəncəvinin əsərlərini tərcümə elədikdən sonra Rəsul Rza, Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında baş verən daxili təbəddülatlara baxın. Əsas mənadı, dərinlərə işlədikcə onu "görmək" çətinləşir, sənin üçün şərait yaranır ki, onu bütün varlığınla hiss edəsən, görmədən təsəvvür eləmək obrazı qavramağın yolunu dəyişdirir. Şeirin içindəki qüssə, yüngülcə sezilən kədər əslində, bədii mətnin dərinliyində oynayan mənanın, mətnin təqdim etdiyi yeni ideyanın yolunu kəsmir, əksinə, onun həssaslığını daha qabarıq göstərməyə xidmət edir. Köhnə nəsə çıxıb gedəndə yanıq yeri qalır, yeni olana qarışıb, orada qüssə, kədər izləri buraxır.


Yəni köhnə forma aradan çıxsa da, onun dilinin altında qalan sözlər danışmaqda davam edir. Baxın, Nazim Hikmətdə klassik şeirin "kədəri" necə ifadə olunur.


Mən məni bir daha ələ keçirsəm,
Abi-həyat içirsəm, demirəm...


Yaxud Rəsul Rzada:


Sevdim Səni:
Tarlada sıx sünbül kimi,
Düşmən nizələrini yaran,
Qanlı cəbhələrdən yaralı dostunu çıxaran
Vəfalı bir atı sevən kimi.
Sevdim səni həyatı sevən kimi.
Sevdim səni:
Eşqinin atəşli isitmələrilə
Aylı gecələrdə səni
Yuxudan oyandıran
Dilinə şirin gələn
Kölgəsində ruhun dincələn
əziz bir ad kimi.
Sevdim səni həyat kimi.
Sevdim səni:
Bəşər oğlunun
Xülyasında yaşayan,
əsrlər boyu insan beynini qaşıyan
uçmaq xülyası -
qanad kimi
sevdim səni həyat kimi.


Mikayıl Rəfili, şübhəsiz ki, böyük alim, tədqiqatçı və tərcüməçi idi. Həm də şair. Nazim Hikmət necə yazmışdı: şair ola bilərdin, professor oldun. Amma böyük alim, bir məsələyə ən müxtəlif yönlərdən baxa bilən hərtərəfli filoloq!


- Belə bir fikir də var ki, Rəsul Rza Səməd Vurğunla rəqabətə dözmək üçün yenilikçilikdən sadəcə istifadə edirdi...


- İllər ərzində gedən prosesin bu şəkildə ümumiləşdirilməsi gülüş doğurur.


Image result for rəsul rza


O, Səməd Vurğunla rəqabət aparmırdı, yeni şeir və ədəbiyyat uğrunda mübarizə aparırdı, bu məqamda "Səməd Vurğun məktəbi" ilə kəsişmələr olurdusa da, bu mübarizə rəqabət çərçivəsinə girmirdi, əksinə, yeni düşüncə və forma-üslub axtarışlarına gətirib çıxarırdı. Hər iki cəbhədə. Birində zəif, o birində çox güclü. İndi də nəticələr göz qabağındadır.


- Söz yox ki, o, mütərəqqi qələm adamı idi və bütün fəaliyyəti ilə ədəbiyyatda yeniliyin tərəfindəydi...


- Bütün yaradıcılığından görünür bu. Mürtəce olsaydı, bu gün ondan bəhs etməzdik. Azərbaycan ədəbiyyatı tarixində, xüsusən sovet dövrü ədəbiyyat tarixində Rəsul Rza qədər ədəbi anlamda inadkar ikinci sima tapmaq qeyri-mümkündür. Yəni düşünüb gördüyü yolu qarış-qarış inşa etmək, özü də keçmişin bütün gözəl nəsnələrinə xələl gətirmədən, onlarla uğurlu sintezə nail olmaq uğrunda çarpışmaq. Əslində, Rəsul Rza sənəti Azərbaycan ədəbiyyatında yeniliyə açılan bir nəfəsdir, ikinci "Axundov işidir". Bunu belə izah eləmək olar ki, sən sırf texniki improvizasiyalardan vaz keçib daxildən, qəlbin bəlkə ən dəruni döyüntüləri ilə milli ədəbiyyatın ruhu ilə təmasa girirsən, ya da buna çalışırsan, məqsəd onu mahiyyətcə davam etdirməklə ondan yerlə göy qədər fərqlənən mətnlərin yaranmasına yön verməkdir. Təkrar edirəm: yön vermək! Bu, əbədi missiyadır. Rəsul Rza bu mənada həm də ədəbi impulsdur, bəlkə özü səni məcbur edir ki, onu inkar edəsən, ondan uzaqlaşıb nişan verdiyi özəlliklərə doğru gedəsən. Rəsul Rzanın ilk şeirlərinə, həm də hecayla yazdığı mətnlərə baxın. Fərqli rayihə və təravət var. Məlum ənənə çərçivəsində mətn, intonasiya modelləri "başqalaşır", küy, gerçəklikdəki küy misra-misra azalır, qayçılanır, qafiyənin fəlsəfəsi başqalaşır. Onun məlum şeirindən bir misraya diqqət edin: hər yazılan şeir deyil... Bunu özü də bilirdi. Məqsəd eyni, yaxud oxşar templərdən uzaqlaşmaq və bunu təlqin etmək idi. "Ərk qalası" şeirinə diqqət edək:


Vuruşdular:
son gülləyə;
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi,
daşdan, torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Vuruşdular:
onlardan yeddi dəfə - yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rəngli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.
Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları.
Könüldən könülə keçdi
ümidləri, arzuları.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
Keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub,
torpaqda dincələn
cənazələrə.





Şeiri oxuyursan, hərəkətin (intonasiyanın təlqin etdiyi hərəkətin - !) nəfəsini hiss edirsən, hənirini duyursan. İdeyanın, metaforanın libası çox fərqlidir. Əşyanı hiss etdirmək keyfiyyəti tam fərqlidir. "Təbrizim" şeirində başqa bir hissetdirmə mexanizmə təqdim edilir. Rəsul Rza tonu, səsin trayektoriyasını fərqli biçimlərdə əks etdirirdi, bəzən adi danışıq dilinin ladına düşürdü. Pafosdan uzaq nitqin içindəki sehrin bədii mətnə gəlişi çox maraqlı eksperimentlərə yol açırdı. Hansısa araşdırmada oxumuşam: şeirdən məqsəd hansısa duyğunu ifadə etmək deyil, onu çatdırmaq, davam etdirməkdir, yəni həmin bu şeirdə olduğu kimi, ömrünü uzatmaqdır.


- Onun "Kərkük bayatıları" kitabına yazdığı ön sözü oxuyanda heyran qalmışdım. Açığı, Rəsul Rzanın xalq dilini bu qədər incəliklərinə qədər bildiyini, duyduğunu düşünmürdüm. Şeirlərində də bunu hiss etməmişdim. Həmin ön söz fikrimi dəyişdi.


- Bəli, xalq dilini, klassik ədəbiyyatı, klassik formalaraı çox mükəmməl şəkildə bilirdi. Müharibə illərində əsgərlərin cəbhəyə yola salınma mərasimində bədahətən əruzda şeir demişdi. Səməd Vurğun heyran olmuşdu. Bir var, bildiyin şeyi yazmaq, bir də var, bildiyindən fərqli şeylər yazmaq. Fərqli düşüncə tərzidir, yəni həm də naturayla bağlı bir məsələdir. O ki qaldı dil məsələsinə, deyək: bizdə dili çox gözəl olan nə qədər şair, yazıçı var, ancaq mətləb, ideya yoxdu, sadəcə bezdirici "gözəl dil var".


- Bəs praktikada yeni şeiri necə göstərə bilirdi? Bütün hallarda praktika çətin olur...


- Rəsul Rza sadəcə sərbəst şeir yazmırdı, şeirdə fərqli dünyaduyum və dünyagörüşünü ifadə edirdi. Dediyimiz kimi, o, mükəmməl şəkildə əxz etdiklərindən çox fərqli şeylər yazmağa çalışırdı və buna əksər halda nail ola bilirdi. Yazdığı mətnlərdə bu gün (elə zamanında da!) adi görünən çox şeylər var, ancaq onun sənəti keyfiyyət və xasiyyətcə fərqlənirdi, misralarda və misralar arası boşluqlarda impressionist düşüncə tərzini görməmək mümkün deyildi. "Tac Mahal"a həsr etdiyi şeirə baxın. Başqa bir şeirində günəşin qırıq-qırıq çaylaq daşları üzərində əksindən bəhs edir. Günəş necə parçalanıb, çiliklənib bu daş parçaları üzərində paylanır, sonra necə bütövləşir, kiçik bir mətndə hisslərin axını hansı incə nüanslarla ifadə edilib... "Əl vurma, rənglənib..." Bu da var. Ancaq əvvəlcə: "Gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır..." Bu mətnlərdə ənənəvi şeirin bitdiyi, nöqtənin qoyulduğu yerdən təzə mətləb başlayır. Ərazinin bu şəkildə böyüməsi, genişlənməsi dünya poeziyasına inteqrasiya məqsədi daşıyır. Rəsul Rza poeziyası haqqında "missiya" ifadəsini biz daha çox bu mənada işlədirik. "Rənglər" silsiləsi haqqında "mücərrəd, abstrakt" sözlərini işlədirdilər, düz deyirdilər. yeni bir şeyə avtomatik, düşünülməmiş cavab qismində. Yəni bu şeirləri yazmaqda məqsəd konkret rəngi təsəvvürdə canlandırmaq deyildi, rənglərin doğurduğu hissləri yoxlamaq, şeir boyunca davam etdirmək, insan hisslərinin subyektiv sferasından vaz keçib "dəruni məni", dərinlərdəki mənanı kəşf etmək... gerçəkliyi vurub-çıxmaq, onu ötmək qəsdini daşıyırdı. Bədii mətnlərdə üzdə olan hisslər artıq tapdaq edilmiş, "avtomatik rejimə" keçmişdi, bütün bunlardan vaz keçmək naminə ilk olaraq rənglərdən başlamaq əbəs deyildi.


... Cansız barmaqlar arasında
Sönmüş siqaretin uzun külü.
Vağam güllər - selafona bükülü.
Boş günlər, boş ürəklər.
Həm elə, həm belə adam,
Vərdişlə könülsüz gülüş...


Yəni bunlar "mən şeirdə nöqtə, vergül qoymuram", yaxud hipermodern tərzdə yazılan "anlamsız şeir" deyildi, yuxarıda vurğuladığımız kimi, ürəyə qədimlərdən, "arxaik keçmişdən" süzülən səslərin yeni çağda ifadəsi idi... Məncə, şairi, onun böyüklüyünü bu məlum ülgülərlə ölçmək olmaz. Rəsul Rza bir missiyanı yerinə yetirirdi, o missiya hələ də bitməyib. Konkret, "Rənglər" silsiləsinə qayıda və söhbətimizi davam edə bilərik. İndi çoxları baxıb deyə bilər ki, nə çətin işdi, bu şeirləri mən də yaza bilərəm. Ancaq bir şey unudulur: sən başqa, fərqli şeylər yazmalısan. Rəsul Rza bunu unutmamışdı, qədim ədəbiyyatımızdan qətrə-qətrə süzülüb gələn missiyanı sezmiş və anlamışdı.


- O, intonasiya axtarışında çox olub... Çox axtarıb... Çox zəhmət çəkib... Ha düşünürəm, bizim şeirdə Rəsul Rza qədər zəhmət çəkən ikinci bir imza yadıma düşmür.





- Razıyam. Bu barədə mən də fikirlərimi dedim. Bir məqamı da qeyd edim: Rəsul Rza haqqında normal tədqiqat əsəri hələ yazılmayıb... Onun haqqında yazmaq çətindir, təhlil, baxış mənasında. Rəsul Rza yaradıcılığı orijinal metod, araşdırma üsulunun olmasını tələb edir. Ədəbiyyat tarxini, müxtəlif, fərqli axtarış yollarını dəqiq bilməlisən.


- Son olaraq Rəsul Rzanı yeni dövr oxucularına necə təqdim edərdiniz və günümüz üçün vacib, aktual olan hansı məziyyətlərindən danışardınız?


- Rəsul Rzanın şair və düşüncə adamı kimi oxumaq, axtarmaq... Şeirdə baş verən bütün işlərdə bir nömrəli "təqsirli" şairin xəyalıdır. İllər keçir, bu nəsnə onu oxuyan oxuculara hakim kəsilir, xəyal ölmür, çürüyüb getmir, imkan olduqca səninlə təmasa keçir. Bax, onda duyursan ki, bu mətnlər sənindir və heç yadına düşmür ki, filankəs böyük şairdir, yoxsa yox...

 





21.05.2020    çap et  çap et