525.Az

Tanışlığımıza şad olmadım - Məhsəti Musanın yazısı


 

Tanışlığımıza şad olmadım - <b style="color:red">Məhsəti Musanın yazısı </b>

İdeal bəylə Dikdaban xanımı elə həmin gün - dəvət olunduğumuz bir yubiley tədbirində tanıdım. Çox maraqlı insanlar idi.


Tədbir başlayana qədər tanınmış filosoflardan, dünya ədəbiyyatından dəyərli sitatlar gətirərək gözəl söhbətlər etdilər. Məhz onlarla yanaşı əyləşdiyim üçün çox sevindim. Belə insanları əsl tapıntı kimi qəbul edirdim.


Tədbirdən sonra binadan birgə çıxıb qarşı tərəfdəki səkidə dayandıq. Dikdaban xanım həyat yoldaşını, mən isə rəfiqəmi gözləyirdim. İdeal bəy də getməyib bizimlə qaldı. Gələnləri gözləyərkən xeyli söhbət etdik. Məlum oldu ki, Dikdaban xanımla İdeal bəy həm də tələbə yoldaşı olublar. Onlar tələbəlik illərindəki səmimiyyətlərindən, saf dostluqlarından, hətta bir konfeti də tək yeməyib yarı böldüklərindən danışdıqca gənclik illərində olmuş bu dostluğa rəğbətim artırdı. Xatirələrinin bəzi yerlərində səmimiyyətlərinin təsirindən gözlərim də yaşardı. Çox duyğulanmışdım.


Arada İdeal bəyə zəng gəldiyi üçün bir qədər bizdən uzaqlaşdı. Dikdaban xanım fürsətdən istifadə edib dedi:


- Buna bax eee. Tələbə vaxtı avaranın biri idi. İndi vəzifəyə bax, maşına bax... İnanırsınız, hələ şokdayam. Axırın gəlsin, beztuman!


Mən özümə gəlməmiş mövzudan xəbərsiz olan İdeal bəy üzündə təbəssüm geri qayıtdı. "Səmimi" söhbətlər davam etdi. İdeal bəyin təmiz, saf insan təsiri bağışlayan çöhrəsinə baxdım. "Kaş biləydin ki, bu keçmiş dostun sənin haqqında nə düşünür" - deyə fikirləşdim. Artıq söhbətə qulaq asa bilmirdim.


Az sonra Dikdaban xanım bizimlə sağollaşdı. Rəfiqəm isə hələ gəlməmişdi. İdeal bəy təəssübkeşlik edərək məni tək qoymadı, rəfiqəm gələnədək həmin yerdə söhbətləşdik. Söz Dikdaban xanımın üstünə gəldi. İdeal bəy dedi:


- Onun belə danışdığına baxmayın. Çox yüngül adam idi. Tələbə vaxtı əlindən canımı güclə qurtardım...


Gözlərim yenə yaşarmışdı. Özümü toplayıb dedim:


- Amma bir-birinizə çox yaraşırsınız...


- Necəəə?


- "Deyirəm rəfiqəm gəldi,sağ olun!" - deyib qarşıdan gələn, tanımadığım bir xanıma tərəf irəlilədim.


Ardımca səsləndi:


- Tanışlığımıza şad oldum!


- "Mən də!"

 





21.05.2020    çap et  çap et