525.Az

İçimizdəki şər... - Şəfiqə Şəfanın yazısı


 

BİZİ YANILDAN KƏNDİRBAZ

İçimizdəki şər... - <b style="color:red">Şəfiqə Şəfanın yazısı </b>

İnsan xarakteri ilə əlaqədar indiyədək nələr öyrənilib, nələr söylənilib, sayı-hesabı yox... Amma yenə də "yer üzünün əşrəfi"nin ziddiyyətli, heç uc-uca gəlməyən qəribə cəhətlərini görəndə heyrətlənməmək olmur.

Bu günə qədər pis insan-yaxşı insan deyə ayırd edə bilmişikmi? Çalışmışıq, ancaq yaxşı dediyimizdən elə pislik görmüşük ki, acısı min batman balla keçməz. Deyə bilərikmi insan çox emosionaldırsa, başqalarının duyğularını digərlərinə nisbətən daha yaxşı anlayacaq?! Yox, ola bilər ki, o, sadəcə, öz duyğularının öhdəsindən gələ bilmir və ya başqalarının duyğularını "energetik içki" kimi özünə çəkir. Məlumdur ki, kin və qəzəb insana yaxşı yoldaşlıq etməz. Şair burda haqlıdır, qaramatlıq insanı qaranlığa çəkər. Qəzəblə qalxıb, kinlə oturan adam əvvəl-axır həmin situasiyada dediklərinə, etdiklərinə peşman olacaq. Amerikalı yazıçı Vilyam Olcerin maraqlı fikri burda yerinə düşər: insanın məntiqi və sevgisi arasında yaranan "probel"ləri mütləq nifrət dolduracaq. Bəlkə də, haqlı nifrətdir, amma ətrafdakı insanları onun haqlı olub-olmaması maraqlandırırmı, insanın niyə sevgi yerinə nifrət seçməsindən kimə nə? Kənardan görünən mənzərə - aqressiv və nifrin insan! Heç kəs özünü pis hiss etmək, ya da pis qəbul etdirmək istəmir. Heç kəs əslində, şüurunun onu və başqasını "cəzalandırmasını" istəmir. Sadəcə, maraqlı olan odur ki, insan ömrü təkcə sevinclə tamlıq əldə etmir. Necə ki orqanizm üçün vacib olan oksigen bolluğu ciyərlərə ziyan verir, eləcə də sevinc hədsizliyi də psixoloji durumu poza bilər. Yəni tərəzini nizamda saxlamaq üçün sevgi-nifrət, qorxu-cəsarət, sevinc-kədər, xoşbəxtlik-bədbəxtlik və s. tənzimlənməsi mütləqdir. Birinin digərindən artığı tərəzinin gözünü əyəcək. Dönüb arxada qoyduğumuz səhvlərə baxaq: zamanında bizə çox əzab verib, bir müddət nifrətdən, qəzəbdən özümüzə yer tapa bilməmişik... Ancaq zaman keçdikcə, hisslər durulduqca çəkdiyimiz əziyyət belə həzzə çevrilir. Yox, bu mazoxizm deyil, sadəcə, insanı yetişdirən, kamilləşdirən, daha təcrübəli edən məhz əziyyətdir. Bəlkə də, bu üzdən insan şüuru müsbətdən öncə mənfini seçir, sevinci tam yaşamaq üçün kədərin dibinə baş vurur, xoşbəxtliyin dəyərini anlamaq üçün, bədbəxtliyin bataqlığında çabalayır. Hətta müdrik xalqımız bunun fərqində olub ki, "Şər deməsən, xeyir gəlməz" kimi deyim də iz qoyub. 


"Hikmətli sözlər" dəryasına baş vurmuşkən, bir şeirdən də misal çəkim: "Dil deyə bilməyir ürək deyəni"... Bəli, məhz dil belə məqamlarda əziyyət çəkir. Bəzən uyğun söz tapa bilmir ki, içindəki xeyir-şər mübarizəsini təsvir etsin. Bəzən də özünü dincə qoyur: etiraf etmək istəmir. Axı kim özünü, qəlbinin dərinliyindəki şəri etiraf edər. Başqalarının gözündə əziz olmaq, yaxşı insan təsiri bağışlamaq "takıntı"sı hamımızda var. Amma mütləq yaxşı və ya pis insan varmı? Yox! Sadəcə, düşdüyü mühitə, yaşadığı çətinliyə görə bu məlum mübarizəni uduzan və ya qazanan var. Amerikalı fantast yazar Rey Bredberi deyirdi ki, hər bir insanın (hətta ən müqəddəsinin) içində qatil, manyak, oğru və s. var. Sadəcə, iradəli insan özünün bu tərəflərini gizlədə, yaxud başından basa bilir. Zəif insan isə ilk fürsətdəcə ipin ucunu itirir.


Bu günlərdə sosial şəbəkədə belə bir status yazdım - elə adına sosial eksperiment deyək. "İnsanlar kəndirbazı niyə izləyirlər? Onun kəndiri necə keçdiyini deyil, necə yıxılacağını görmək üçün! Seyrə toplaşanların heç biri bunu etiraf etməz. Kəndirbaz uğurla hədəfə çatanda sevincək əl çalarlar. Amma əsl tamaşa adamın kəndiri necə keçməsində deyil, necə ordan yıxılmasındadır. Çünki insanlar uğurdan deyil, çöküşdən zövq alarlar". Seyrə toplaşanların, daha doğrusu, oxuyanların çox cüzi hissəsi bunu etiraf etdi, üstəlik məhz kəndirbaz olayına fokuslandılar. Halbuki "kəndirbaz" burda sadəcə, hədəflərdən biridir. Olsun aktyor, pilot, qiraətçi, model və başqası. İstənilən seyrin gözəl və əyləncəli axışından zövq alırıq, şübhəsiz. Amma o içimizdəki Şeytan?! Axı, qulağımıza pıçıldayır ki, bundan daha maraqlısı tam tərsi - çıxışçının çöküşüdür! Gözəl dəfilə olur, uzunayaqlı modellər sırayla boy göstərirlər, hamı gözdolusu izləyir. Dəfilədə hər şey yerli-yerində baş tutursa, bitdikdən sonra təşkilatçılar, modellər təbrik olunur, bu barədə reportajlar hazırlanır, açıqlamalar alınır, vəssalam. Bir də təsəvvür edin, o modellərdən biri, ya ikisi podiumda yıxıla, paltarı əynindən sürüşüb düşə! Bax bu olur əsl tamaşa! Günlərlə, həftələrlə danışılır, göstərilir. Hətta illər sonra ən maraqlı dəfilələr onluğuna başçılıq edir. Bu siyahını digər sənət növlərində də uzatmaq olar.


İnsan beyninin, davranışının bu qəribəliyini necə izah etmək olar? Kiçik bir araşdırma verib öyrəndim ki, insan beyni mükafatlandıran və cəzalandıran alqoritmlərlə işləyirmiş. Bu özünə qarşı da ola bilər, kənar adamlara da qarşı... Hansısa bir situasiya insanın xoşuna gəlirsə, beynində ya özünü, ya da başqasını mükafatlandırma istəyi yaranır (özünə hədiyyə kimi, başqasına xoş söz və ya alqış olaraq). Əgər vəziyyət xoşagəlməzdirsə, insanın özünü pis hiss etməsinə səbəb olan hormonlar ifraz edilir. Yaxud qarşı tərəfə qəzəb yaranır. Tərs təpki də göstərə bilər - qarşı tərəfin uğursuzluğundan xoşhallana bilər.


İnsanın başqasının uğursuzluğuna sevinməyinin bir səbəbi də məhz bu uğursuzluğu seyr edərkən özünün təhlükəsizlikdə olmasından, həmin adamın yerində olmamasından zövq almasıdır. Fərq eləməz kəndir üstündə şou göstərən sirk ustasıdır, ya səhnədə muncuq-muncuq tər tökən natiqdir, ən azından müdriyyət tərəfindən danlanan yarıtmaz işçidir... İnsan biixtiyar beynində "şükür ki, mən onun yerində deyiləm", - deyə düşünür.  Təbii  ki, "daş məndən ötdü" prinsipini nə insanlıq, nə də din qəbul edir. Bu ikisini cəmləyib adını Vicdan qoysaq, o da insan oğlunu dostluğa, xeyirxahlığa cəmləyir, başqasının iztirabına, əziyyətinə sevinməməyə səsləyir. Üstəlik, deyir, qonşuna gülməyə də tələsmə ki, növbəti sən olmayasan. Bunu insan bilərəkdən və ya bəlməyərəkdən edə bilər. İkinci halda özündən bixəbərdisə, bu "xəstəliy"ə mübtəla olduğunu belə müəyyənləşdirə bilər: tutaq ki, kimsə bir çətinliyə düçar olub, onun halına yanmaq əvəzinə nələrisə irad bildirirsənsə, demək artıq yoluxmusan... Səbr və dözümdə insanlığa nümunə kimi göstərilən Əyyub Peyğəmbərdən bir gün soruşurlar ki, bu qədər dərd-ələm çəkdin, bunların içində sənə ən çox toxunanı nə oldu? Cavab verir ki, başqalarının haqlı-haqsız iradı və mənim bu halıma gizli-aşkar sevinmələri... Bir seçkin insana bu qədər toxunan vəziyyət təxmin edin ki, sıravi insanlara necə əziyyət verər.


Şair məni yenə qaramatlıqda qınayar amma nə etməli? Fəsadlıq içimizdə var, biixtiyardır! Qısası, Əli Mürtəzadan başqa hələ heç birimiz şeytanı Qaf dağına zəncirləyə bilməmişik.

 





22.05.2020    çap et  çap et