525.Az

"Gedirəm, səni sevməyə" - Qabil Ədalətin şeirləri


 

"Gedirəm, səni sevməyə" - <b style="color:red">Qabil Ədalətin şeirləri </b>

Gedirəm, səni sevməyə


Nə sirdir çözə bilmirəm,
Sözüm çox, susub dinmirəm...
Yanında sevə bilmirəm,
Gedirəm, səni sevməyə...


Ömrü varağa düzürəm,
Sözə, misraya əsirəm,
Dur yola sal, tələsirəm,
Gedirəm, səni sevməyə...


Xatirələr saçın yolar,
Bəlkə geciksəm, gec olar,
Kəsmə yolumu, qaç...nolar,
Gedirəm, səni sevməyə...


Sevgimin, odu közərdi,
Çiçəyi, gülü göyərdi,
Uzaqdan sevmək gözəldi,
Gedirəm, səni sevməyə...


Qalıb hələ


Gedəndə,
Üstümə atd
ığın
Üzüyün tökülmüş qaşları
qaldı səndən...
Bir də qanıma işləyən göz yaşları...
Çırpdığın qapının zərbəsindən divarlarda
Əmələ gəlmiş çatlar dilə gəldi,
Sükut dilə gəldi, fəryadlar dilə gəldi...
Güzgüdə çiliklənmiş əksimin üzünü
Dabanımın qani ilə yudum,
Gülləsi boş qalmış giliz kimi soyudum.
Sən gedəndə
Çərçivədən çıxarıb yandırmaq istədiyin
Toy şəklimizin nəfəsi hələ gedib gəlirdi,
Xatirələrin naləsi gecənin ürəyini dəlirdi...
Bir uzun yoldan keçib gəlmişdi
O çərçivənin boşluğundan
Özünü asan arzularımın inamı,
Külək pəncərədən girib söndürdü
Qəfil masanın üstündəki şamı...
Dodaqlarının izi fincanda,
Güzgünün qabağında qoxladığın tellərin
Süsü daraqda,
Səni xatırladırdı cehizlərin hər otaqda...
Sevgimizdən daha etibarli imiş,
Göyərçin əllərinlə qoyduğun
gəlinlik gülünün şeir dəftərimin
Arasında qurudulmuş ləçəkləri.
Səmada sönmüşdü ulduzlar
Göylərin çiçəkləri...
Qalıb hələ...
Evimizin kənarından iki addım o yana
Daş parçası ilə cızdığımız
Sevgimizin nişanəsi,
Bəlkə də...
Bəlkə də o ola
Bətndəki... Barışmağın bəhanəsi...


Canın sağ olsun


Elə də üzmə özünü,
Getmisən, canın sağ olsun.
Nə olsun ki, axtarıram,
İtmisən, canın sağ olsun.
Sevgim qaldı boxçasında,
Bəzənmədi xonçasında,
Özgəsinin bağçasında,
Bitmisən, canın sağ olsun.
İnanma, mənsizlik sovuşa,
Birisi, könlünə yovuşa
Əhdini, qəpik-quruşa,
Satmısan, canın sağ olsun.
Qopdu ruhum özəyindən,
Bir şey gəlmədi əlindən.
Eşitdim ki, ürəyindən
Atmısan, canın sağ olsun.
Sevənlərin olmasın kəm,
Həsrət qalsın üzünə qəm,
Nə çox gedən, biri də sən,
Getmisən, canın sağ olsun...
Böyümədi körpə könlüm


Atəşi özündən demək,
İnsan od tutub yanarmış,
Sümüyü olmayan ürək,
Hər gün on dəfə sınarmış...
Tənhalıqdan utanmadım,
Zülmətlərdə yatammadım,
Yuxum qaçdı tutammadım,
Yuxu da məndən qaçarmış...
Özümdən başqa hamını,
Könlüm gizlicə anarmış,
Böyümədi körpə könlüm,
Buz dağına arxalanmış...


Duzumun duzu olmadı


Çox sınadı dünya məni,
Dərdlərim dağ oldu, ana.
Öz əlimdən düşdüm yerə,
Ümidim dağıldı, ana.
Sovurdu dünya məni
sovurdu ömür içində,
Yoğurdu dünya məni
Yoğurdu ömür içində.
Kündəm küt düşdü, dostlar,
Qar görünən bəxtimin
Başqa bir üzü olmadı.
Doğru sözüm zəhər oldu,
Duzumun duzun olmadı.

 





22.05.2020    çap et  çap et