525.Az

Nə qədər ki sağam, qədrimi bilin... - Zaur İlhamoğludan yeni şeirlər


 

Nə qədər ki sağam, qədrimi bilin... - <b style="color:red">Zaur İlhamoğludan yeni şeirlər </b>

Zaur İlhamoğlu 1984-cü ildə Şəki şəhərində anadan olub. Şəki şəhər M. Füzuli adına 3 saylı tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edir.


Şeirləri Azərbaycanın bir çox mətbuat orqanlarında, eləcə də Türkiyə, İran mətbuatda dərc olunub.


Külümün altında


Bir vücudda yarandım mən,
İçim çölümün altında.
Tanrı başımın üstündə,
Dünya əlimin altında.


Yaşamağım çılğın istək,
Budur vazkeçilməz məslək.
Günlərim yeraltı çaytək
Axar ilimin altında.


Hər atəşə gərim sinə,
Yandırsınlar dönə-dönə,
Kül olsam da, közüm yenə
Qalar külümün altında.


Nə gördümsə gözlərimlə,
Seçdim əyri, düzlərimlə.
Məzarımı sözlərimlə
Qazdım dilimin altında.


Giley-güzar


Giley-güzar dünyasıdır
Torpaq daşdan gileylənir.
Qış havası duyulduqca
Payız qışdan gileylənir.


Ürək dözmür göynəyəndə,
Bir toxunan söz deyəndə.
Yerində işlənməyəndə
Ağıl başdan gileylənir.


Ağacdan bir meyvə düşür
Bağ köksünə qüssə düşür.
Göz üstünə kölgə düşür
Kiprik qaşdan gileylənir.


Qocalır insan qocalır.
Gəncliyini seyrə dalır.
Zaman bir kənarda qalır
Ömür yaşdan gileylənir.


Nə qədər ki sağam, qədrimi bilin...


Nə qədər ki sağam, qədrimi bilin.
Bir gün bu dünyadan çıxacağam ha.
Ruhum dövr edəcək kəhkəşanları
Sizə ulduzlardan baxacağam ha.


Yaşamaq bir sevgi, yaşamaq istək.
Gəl ki, ölüm də var, bu acı gerçək.
Süzülüb gecələr Ay işığıtək,
Şirin yuxunuza axacağam ha.


"Kaş ki bu dünyada yaşardı" deyə,
Dönəcəm min arzu, minbir diləyə.
Şirin xatirəmlə dolub ürəyə,
Od olub yandırıb-yaxacağam ha.


İşdir də baş versə, əgər möcüzə,
Gəlsəm o dünyada sizlə üz-üzə.
"Qədirbilməz" deyib əl verib sizə
Sizin əlinizi sıxacağam ha.


Bağışla


Bir gün xəyalların dərinliyində
Batsam, bağışla.
Bütün həyatını ümidsizliyə
Atsam, bağışla.


İndidən deyirəm, demədi demə,
Sonradan, əzizim, küsmə, incimə.
Mənli günlərini mənsizliyimə
Satsam, bağışla.


Günlər aram-aram keçər ilindən,
Üzülmə, ləçək də qopur gülündən.
"Əlvida" - deməyə bir gün əlindən
Tutsam, bağışla.


Yəqin, düşünəcən, sevməyin budur?
Bu necə fikirdir, necə duyğudur?
Eh, ölüm var, ölüm,
Şirin yuxudur.
Yatsam, bağışla.


Zaur İLHAMOĞLU

 





22.05.2020    çap et  çap et