525.Az

Qaryağdı yadigarının əzablı taleyi (Elegiya)


 

Qaryağdı yadigarının əzablı taleyi<b style="color:red"> (Elegiya)</b>

Həyatda üç qadına ana demişəm- biri öz anama, biri mənə əlifba öyrədən Rəfiyyə müəlliməmə, biri gənclik illərindən dostluq etdiyim, Ülfət dostumun anası Şəhla xanıma.

Bizi boya-başa çatdıran hər bir ana bizim üçün müqəddəsdir. Ancaq elə analar var ki, onları tariximiz unutmamalıdır.

Allaha şükür, anam da sağdır, mənə dərs deyən müəlliməm , lakin dostumun anası,  ana dediym anamız Şəhla Cabbar Qaryağdı qızı Kürçaylı artıq yoxdur.

Bu qəhrəman ana nələr ilə üzləşməyib: 80-ci ilin soyuq, şaxtalı fevral ayında həyat yoldaşının vaxtsız ölümü, həmin gün qızı Ülkərin özünü Xəzərin soyuq dalğalarının ağuşuna atıb, özünə qəsd etməsi... Bu  iki əzizinə yas tutub muğam üstə laylay deməsi... Atası Cabbarın unudulmuş qəbrinə heykəl qoydurmağa nail olan incə vücudu ağrısa belə, bircə övladı Ülfətin "necəsən ana?" sualına son nəfəsə qədər, gözləriylə olsa, yaxşıyam deməsi ana qəhrəmanlığı deyilmi?

İndi artıq onların ruhu da qovuşub. Şəhla anamızın respublikanın azadlığını dəstəkləməsi, onun üçrəngli bayrağa sevgisi, hətta bu bayrağımıza özünün bəstələdiyi mahnını belə hərdən bizim üçün oxuması   onun vəfatının 3- gününün bayraq bayramı ilə üst-üstə düşməsi deyərdim ki, təsadüfi deyil.

Şəhla ana piano arxasında belə oxuyardı.

Anam Dağlı qızı, atam Şuşalı,
Üçrəngli bayrağı, düşmənə ağı
Mən ölsəm, kəfənim bayrağım olsun
Cabbar muğamatı fatihəm olsun.

Bəli, Şəhla ana bizi bu ruhda böyüdüb, bu ruhda tərbiyə edib, onun qorxaq oğullardan xoşu gəlməzdi.

Qəzetlərin birində bu misraları yazmışdım.

Muğamatımız yaşayır, muğamatımız yaşayırsa, demək Cabbar Qaryağdı yaşayır. Çox əfsus ki, Şəhla ananın ölümü, Cabbar yadigarı olan Böyük xanımdan da yan keçmədi. Şəhla ananın ölümunün yeddinci günü, müsəlmanların aşura günü bacısı Böyük xanım da dünyasını dəyişdi.

Hər birimiz vaxtsa dünyamızı dəyişib, müqəddəs ruhlarla qovuşacağıq.

Rəhat yat, Şəhla anam. Arzu edərdim ki, bütün Azərbaycan qadını Sizin kimi mərd ürəkli, namuslu, savadlı, valideynini, övladlarını sevən, ərinə sədaqətli olsun.

Hər iki bacının qəbri, ata qəbrindən uzaq olsa da yəqin ki, ruhları bir yerdədir. Əziz anam, bizləri halal et, halal et ki, yaşayaq, yaşayırıqsa, bizimlə yaşayırsız. Sizin Azərbaycan tarixində silinməz iz buraxan adınız var.

Cabbar Qaryağdı qızı, Əliağa Kürçaylının həyat yoldaşı, Ülkərə, Ülfətə mənə, bizlərə mənəvi dayaq olan Ana.

Müzəffər Suraxanı

 





17.12.2013    çap et  çap et