525.Az

Səhiyyə islahatları və problemlər - Məqalə


 

Səhiyyə islahatları və problemlər - <b style="color:red">Məqalə </b>

İnsanın əsas hüququ yaşamaq hüququdur.


Yaşamaq hüququnun reallaşması üçün ən vacib məsələ sağlamlığın təmin edilməsi, səhiyyənin, tibbi xidmətin düzgün təşkil olunmasıdır.


Bu amil dövlətin sosial mahiyyətini müəyyənləşdirir, dövlətin öz vətəndaşına verdiyi dəyərin göstəricisi kimi qiymətləndirilir. Bu isə özlüyündə həm də dərin siyasi məzmun daşıyır. 


Düzgün qurulmuş səhiyyənin, savadlı və fədakar həkimin dövlət, cəmiyyət, insanlar üçün nə qədər vacib olduğunu yaşadığımız pandemiya dövrü bir daha göstərdi.


Ölkəmizdə səhiyyənin təşkili və idarə edilməsi ilə bağlı ciddi islahatlar aparılmaqdadır. Yeni idarəetmə, maliyyələşdirmə və təchizat modellərinin tətbiqi uğurlu başlanğıc, cəhd olsa da, hər bir əsaslı islahat kimi problemlər də yarada bilər. Xüsusilə, yarımçıq islahat, hərtərəfli planlaşdırılmadan atılan addımlar xeyirdən çox ziyan verə bilər. Məlumdur ki, hər bir reforma müsbət cəhətləri ilə yanaşı mənfi nəticələrə də səbəb olar.


Uzun illər mövcud olmuş səhiyyədə nə qədər neqativ hallar olsa belə, cəmiyyətin psixoloji cəhətdən qəbul etdiyi və insanların alışdığı bir düzən formalaşmışdı. Onun kəskin dəyişməsi bütün təbəqələr arasında çaşqınlıq yarada bilər.


Pulsuz tibbi xidmətin icbari tibbi sığorta sistemi ilə əvəz edilməsi beynəlxalq obyektiv və subyektiv göstəricilərə görə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olar. İndi icbari sığorta üçün pul ödəyən vətəndaş yüksək keyfiyyətli tibbi xidmət ala bilmədikdə sosial-siyasi gərginlik yarana, dövlət-vətəndaş, xəstəxana-xəstə, pasient-həkim münasibətlərində inamsızlıq əmələ gələr. Bu isə islahatların uğuruna kölgə salar, çəkilən xərcləri heçə çıxarar, müsbət, mütərəqqi ideyanı neqativ tərəfə yönəldər.


İctimai fikrin hazırlanması
 


Ödənişsiz tibbi xidmətlə icbari tibbi sığortanın tətbiqindən sonra formalaşacaq səhiyyə sisteminin vacib psixoloji fərqi odur ki, pul verən pasient həmişə haqlıdır. Yəni belə sistem mənəvi və maddi baxış bucaqlarını da əsaslı şəkildə dəyişir, buna da hazır olmaq lazımdır. Bu və digər problemlərin yaranmaması üçün onların ardıcıl, məqsədyönlü və elmi əsaslarla öyrənilməsi, təhlili və profilaktik tədbirlərin görülməsi vacibdir.


Bunun üçün Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi və digər qurumlar arasında vahid baxış bucağı, vahid yanaşma, sistemli və əlaqəli fəaliyyət və sıx əməkdaşlıq yaranmalıdır. Yaxşı olar ki, bütün bu qurumlar, ümumi səhiyyə sistemi vahid dam altında birləşdirilsin, mərkəzdən idarə olunsun. Dövlətin səhiyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyi bu sahəyə ümumi rəhbərliyi həyata keçirməlidir.


Eyni zamanda, hər bir qurumun fəaliyyət hüdudları və məsuliyyət sahəsi dəqiq müəyyənləşməlidir. Onların hər birinə yeni tələbləri bilən, savadlı, peşəkar, bacarıqlı mütəxəssislər cəlb edilməlidir. Ən vacib şərtlərdən biri isə bu şəxslərin korrupsiyadan uzaq, vicdanlı və dürüst olmasıdır.


İctimai fikir yeni müayinə və müalicə sisteminə hazırlanmalı, xəstəxananın, həkimin və pasientin hüquq və vəzifələri normativləşdirilməli, əhali arasında bu sahədə biliklər yayılmalı, maarifləndirmə işi aparılmalıdır. Yeni sistem xəstəxana rəhbərlərinə, ayrılıqda həkimlərə və əhaliyə, potensial pasientlərə dərindən izah olunmalıdır.


Nəzərə almaq lazımdır ki, əhalinin tam əksəriyyəti potensial pasient, gələcək xəstə kateqoriyasına aiddir. Onlar arasında tibbi xidmət, sosial rifah, səhiyyənin idarəçiliyi, icbari tibbi sığorta, məsuliyyət, şikayət və nəzarət formaları haqqında iş aparılmalıdır. Aydın, dəqiq məlumatlandırma və məsuliyyət müəyyənləşməsə həkim-pasient konfliktləri, agentlik-xəstəxana, xəstəxana-həkim problemləri daimi olacaq.

 
Hüquqi bazanın formalaşdırılması
 

Həkimlərin hüquqlarını qoruyan peşə birlikləri formalaşmalı, həkimlərin peşə səhvlərinə görə sığortalanması aparılmalı, beynəlxalq səviyyədə tətbiq olunan peşə etikası, deontologiya ilə bağlı məsələlərə diqqət yetirilməli, həkimlərin üzləşdikləri problemlərin vaxtında və qanuna müvafiq həlli mexanizmi formalaşmalıdır. Əmək haqlarının differensiallaşması, görülən işə görə adekvat əmək haqqı sistemi tətbiq olunmalıdır. Həkim adı, şərəfi uca tutulmalı, onlar üçün cəmiyyətin sosial imkanları əlçatan olmalıdır.


Həkimlərə xidmət göstərən strukturlar, güzəştlər onların peşə hazırlığını yüksəltməli, yeni texnika və texnologiyalara yiyələnməsinə, yeni tibbi sahələr üzrə ixtisaslaşmasına, dünyanın qabaqcıl təcrübəsinə yiyələnməsinə şərait yaradılmalıdır.


Müvafiq qanunvericilik aktları, iş qaydaları qəbul edilməli, pasientin hüquq və vəzifələri, xəstəxananın və həkimin öhdəlikləri müəyyənləşməlidir.


Müayinə və müalicə prosesindən məmnun qalmayan xəstənin hüquqlarını müdafiə edən ixtisaslaşdırılmış, ödənişsiz fəaliyyət göstərən qurumlar, təşkilatlar yaranmalı, bu qurumlarda çalışan şəxslərin, vəkillər kollegiyasının üzvü olmasa belə, bütün instansiya məhkəmələrdə maneəsiz iştirakı təmin olunmalıdır. Çünki onlar hüquqşünas yox, həkim, sığorta mütəxəssisi, tibb idarəçisi və s. də ola bilər. Pasient hüquqları ilə bağlı məhkəmələrə müraciət rüsumsuz aparılmalı, ekspertiza işi ödənişsiz olmalıdır.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ...


Hakimlər, vəkillər, istintaq və nəzarət orqanlarının bir çox əməkdaşları bu sahə üzrə ixtisaslaşmalı, müvafiq biliklərə yiyələnməlidirlər.


Ombudsman yanında Səhiyyənin təşkili və pasient hüquqlarının müdafiəsi şöbəsi və ya qrupu yaradılmalıdır. İdeal olardı ki, Tibbi Ombudsman strukturu formalaşsın.


Xəstəyə vurulmuş zərərə görə həkimlərin sığortalanması təmin olunmalı, həkimin təqsirli olduğu üzə çıxdıqda və ya xəstəxana müvafiq səviyyədə xidməti təşkil edə bilmədiyi halda xəstəyə yüksək səviyyəli ödəniş təmin edilməlidir.


Müstəqil ekspert mərkəzləri yaradılmalı, diaqnozların dəqiqliyi, dərman və müalicə təyinatının düzgünlüyü, dərmanların keyfiyyətinin müəyyənləşməsi üçün müstəqil analiz və tədqiqatlar aparılmalıdır.


Səhiyyəyə investisiya qoyuluşuna xüsusi hüquqi və kommersiya mühiti yaradılmalı, güzəşt və imtiyazlar müəyyən edilməlidir. Dövlət xəstəxanaları, təcili tibbi yardım xidməti, ixtisaslaşdırılmış tibb müəssisələrinin statusu dəqiqləşməlidir.


Tibbi xidmətin hamı üçün əlçatan, ucuz və yaxın olması təmin edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatının standart və tövsiyələrinin ölkədə tətbiqinə elmi yanaşılmalıdır.


Xəstəni həkimin vicdanına, həkimi xəstənin puluna etibar etmək olmaz. Həkim nə qədər savadlı və peşəkar olsa belə, saxta dərman xəstəyə kömək etməz. Xəstəxanaların texniki təchizatına, sanitar-gigiyenik qaydalara əməl edilməsinə ciddi yanaşılmalıdır. Ciddi ümumi nəzarət mexanizmi yaradılmalıdır. Bioetik dəyərlər gözlənilməlidir.
 

Elm və təhsilin yeri 
 

Tibbi təhsilin müasir dünya standartlarına, tibbi praktikanın tələblərinə uyğun təşkili üçün xarici təcrübənin öyrənilməsi və tətbiqi lazımdır.


Bu sahədə xaricdə təhsil almış və ya işləmiş həkimlərin bilik və bacarıqlarından istifadə edilməlidir. Xaricdə yaşayan bacarıqlı həkimlərimizin Azərbaycana qayıtması stimullaşdırılmalı, onların ehtiyacları öyrənilməli və ödənilməlidir. Xarici qabaqcıl tibb müəssisələri və həkimlərlə əməkdaşlıq əlaqələri yaradılmalıdır.


Xarici ölkələrdə uzmanlıq bitirmiş və işləmiş həkimlər uzmanlıq tezislərini təqdim etdikdə və onu müvafiq qaydada əsaslandırdıqda onlara tibb üzrə fəlsəfə doktoru statusu verilməlidir. Bu, ölkədə tibbin elmi potensialını yüksəldər, tibb tədrisinə kömək edər, uzmanların ölkəmizdə fəaliyyətinə stimul verə bilər. Eyni zamanda, qabaqcıl həkimlərin yanında kliniki təcrübəyə geniş şərait yaradılmalı və rezidenturanın səviyyəsi qaldırılmalıdır.


Bioetiklərin, deontoloqların və tibb hüququ üzrə mütəxəssislərin geniş şəbəkəsinin hazırlanması və prosesə fəal cəlb edilməsi vacibdir.


Həkimlərin yanısıra, yerli tibbi personalın səviyyəsi, bilik və bacarıqları dünya standartlarına uyğunlaşdırılmalı, istifadə olunan tibb texnikası və tibb alətləri müasir tələblərə cavab verməli, onlar həmişə işlək vəziyyətdə saxlanmalı, tibb avadanlıqları və dərmanlar müvafiq standartlara uyğunlaşdırılmalıdır.


Tibb və səhiyyə bütün səviyyələrdə informasiya texnologiyaları üzərində qurulmalı, həkimlər, digər tibb işçiləri onlarla işləməyi öyrənməli, tibbi personalın hamısının informasiya texnologiyaları ilə işləməsini təmin etmək lazımdır. Ana hamilə olandan dünyaya gələcək körpəyə aid bütün məlumatlar kodlaşdırılmalı, insanın son anına qədər keçirdiyi bütün xəstəliklər, verdiyi analizlər, peyvəndlər, tibbi prosedurlar, müalicələr, dərmanlar və s. onun informasiya bankına toplanmalıdır. Xəstəlik tarixcəsi informasiya texnologiyaları vasitəsilə həkimə, nəzarətedici orqana, ekspertə və s. istənilən anda əlçatan olmalıdır. Təbii ki, burada fərdi məlumatların gizliliyi məsələləri də nəzərə alınmalıdır.


Tibbi texnikaya və mürəkkəb avadanlıqlara xidmət edəcək mühəndisləri, informasiya texnologiyaları üzrə proqramistlərin və orta texniki personalın hazırlanmasına indidən başlamaq lazımdır, bəlkə də xeyli gecikmiş hesab olunuruq.


Rayonlarda yaşayan əhaliyə keyfiyyətli, yüksək kvalifikasiyalı həkimlər tərəfindən xidmət göstərilməsi mexanizmi yaradılmalıdır. Qısamüddətli ezamiyyələrdən, görüntülü konsultasiyalardan istifadə etmək mümkündür.
 

Beləliklə...

 
Bütövlükdə səhiyyə müəssisələrinin və ayrılıqda xəstəxanaların, digər tibb müəssisələrinin idarəçiliyi, nəzarət mexanizmi, adekvat maliyyəşdirilməsi, kadr təminatı, həkimlərin əmək haqqı sistemi, göstərilən xidmət növləri, xəstəxananın kateqoriyası, xəstə və ya pasient məmnuniyyəti, sənədləşmənin elektronlaşdırılması və s. məsələlər tam aydınlığı ilə həll olunmalıdır.


Səhiyyə sisteminin, elmi tədqiqatların, təhsilin və tibbi xidmətin təşkili üçün zəruri maliyyənin ayrılması aparılan reformaların uğurunun zəmanətidir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, ümumi daxili məhsulun 5-8 faizinin səhiyyə sahəsinə ayrılmasına və onun səmərəli istifadə edilməsinə ehtiyac var.


Çox cüzi hissəsinə toxunduğumuz tibbi islahatlar nəticəsində yarana biləcək çoxsaylı problemlərin uğurlu həlli üçün dəqiq hüquqi baza, maddi vəsait, dərin peşəkarlıq və insanlarımızın sağlam, gümrah, rifahlı və xoşbəxt olmasını həqiqətən istəmək lazımdır.


Sosial dövlət onun əsasını təşkil edən, tibbi yardıma və səhiyyə xidmətinə ehtiyacı olan insanına, vətəndaşına da, bu xidməti göstərmək, insanı yaşatmaq kimi şərəfli vəzifəni yerinə yetirən ləyaqətli həkiminə də sahib çıxmalı, sosial ədaləti, rifahı təmin etməlidir.


Bütün bu proseslərin hər mərhələsində dövlət orqanları ilə paralel olaraq, ictimai nəzarət və sosial xidmət qurumları olan vətəndaş cəmiyyəti institutları da fəal iştirak etməlidir.

 





23.05.2020    çap et  çap et