525.Az

Tarixçə - Müsəllim Həsənovun qeydləri


 

Tarixçə - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.


Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.


Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.


Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.


Buyurun, oxuyun.


"525"
 

Xalq Cümhuriyyəti kömək üçün Gürcüstana müraciət edir...
 

Bilirdinizmi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il aprelin 27-də kömək üçün Gürcüstan hökumətinə müraciət edib?

 
Bundan üç gün sonra - aprelin 30-da Gürcüstanın baş naziri Noy Jordaniya Tiflisdə çıxış edərkən deyib:


“Aprelin 27-də Azərbaycan hökuməti bizə bolşevik qoşunlarının sərhəddə çatması barədə xəbər verdi və hərbi kömək istədi. Biz sual verdik ki, Azərbaycan xalqı bolşeviklərlə mübarizə aparmaq istəyirmi və əsas ağırlığı öz üzərinə götürəcəkmi? Belə olan halda biz Azərbaycana kömək etməyə borclu idik, təkcə müqavilə şərtinə görə yox, həm siyasi, həm də mənəvi baxımdan borcluyduq.


Gündüz saat 1-də məlumat aldıq ki, bolşeviklər Xaçmaza girib, axşam saat 7-də onlar artıq Sumqayıtda, Biləcəri yaxınlığında idi. Yəni altı saat ərzində onlar yüz verst yol keçmişdilər. Biz onda başa düşdük ki, vəziyyət necədir.


Qonşularımız çox gec başa düşüblər...”


P.S.
Təbii ki, o vaxt Gürcüstan Respublikası istəsə belə, Azərbaycan Xalq Cümhuriyyətini işğaldan xilas edə bilməzdi. V.Leninə Bakı nefti lazım idi. Çox lazım idi...


Tağıyev Neft Akademiyasına necə yardım edib?


Bilirdinizmi ki, indi fəaliyyət göstərən Azərbaycan Dövlət Neft Akademiyasının formalaşmasında H.Z.Tağıyevin də xidməti olub?


1903-cü ildə Bakıda fəaliyyət göstərən texniki məktəbin statusunun artırılması, daha doğrusu, bu məktəbin orta texniki məktəbə çevrilməsi zərurəti yaranıb. Məktəbin statusunu artırmaq üçün əvvəlcə binanın genişləndirilməsi tələb edilib. Qərara alınıb ki, texniki məktəbin birmərtəbəli binasının üstündə ikinci mərtəbə inşa olunsun. Amma ikinci mərtəbənin inşasına lazım olan 35 min rublu tapmaq müşkülə çevrilib.


Çoxsaylı müraciətlər nəticəsiz qalandan sonra, 1903-cü ilin oktyabrında H.Z.Tağıyev texniki məktəbin direktoru M.Mixaylevskiyə məktub göndərərək, ikinci mərtəbənin tikilməsi üçün lazım olan 35 min rublu ödəməyə hazır olduğunu bildirib.


Tağıyev yazıb ki, mən bu pulu ona görə vermirəm ki, Bakı texniki məktəbinin fəxri qəyyumuyam. Mən bu pulu o ümidlə verirəm ki, tezliklə bu məktəb politexnikuma çevriləcək (poltexnikum - çoxsaylı texniki ixtisaslar üzrə kadr hazırlayan məktəb). O politexnikuma ki, bizim Bakıda çox böyük ehtiyac var...


Bakı orta texniki məktəbi 1918-ci ildə politexnikuma çevrilir.


1920-ci ildə onun bazasında Bakı Politexnik İnstitutu yaradılır.


Sonralar "AZİ" kimi tanınan həmin təhsil müəssisəsi indi Azərbaycan Dövlət Neft Akademiyası kimi fəaliyyət göstərir.


P.S.
Təkcə 1909-cu ildə Tağıyev Rusiya imperiyasında məscid tikintisinə 18.500, tədris-tərbiyə müəssisələri tikintisinə isə 77.000 rubl xərcləyib...
 

Türkmənçay müqaviləsi gecə imzalanıb... 


Bilirdinizmi ki, Azərbaycanı ikiyə bölən məlum və məşhur Türkmənçay müqaviləsi gecə yarı, yəni saat 24:00-da imzalanıb?


Rusiya-İran müharibələrinin başa çatmasını rəsmi təsdiq edən Türkmənçay müqaviləsi 1828-ci il fevralın 9-dan 10-na keçən gecə saat 24.00-da imzalanıb.


Niyə gecə yarı?


Məlum olduğu kimi, sənədi İran tərəfindən dövlət başçısı Fətəli şahın oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri müəyyən edib ki, səmadakı ulduzlardan gələn sədaya görə, şahzadənin uğur saatı gecə yarıya təsadüf edir...


Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlər hansı uğuru nəzərdə tuturmuş, indi demək çətindir. Amma məlum və məşhur Türkmənçay müqaviləsinin məhz gecə yarı imzalandığı təsdiq edilmiş faktdır.


Sənədə birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.


Bu münasibətlə rus toplarından 101 yaylım atəş açılıb...
 

Xəzər qurudulsun! Stalinin belə bir fikri də olub... 


Bilirdinizmi ki, müharibədən sonra İ.Stalin neft çıxarılması naminə Xəzər dənizinin qurudulması barədə göstəriş verib?


Stalin SSRİ Daxili İşlər Nazirliyinin Hidroloji Qurğular Tikinitisi... İdarəsinin rəisi S.Juku yanına çağıraraq tapşırıq verir: Xəzər dənizini necə və hansı müddətdə qurutmaq barədə təklif və hesablamalar hazırlansın!


S.Juk ehtiyatla bunun mümkün olmayacağını dilə gətirsə də, dərhal hesablama aparmağa hazır olduğunu bildirir.


Bu söhbətdə iştirak edən A.Mikoyan yavaşca "Xəzər qurudulsa, biz xarici ölkələrə valyuta ilə satdığımız kürüdən məhrum olarıq", - deyir.


Stalin: "Sən alverçi kimi danışırsan, bizə neft lazımdır!"


Sonra Stalin bu planın detallarını da açıqlayır: Volqa çayını Qazaxıstan çöllərinə yönəltmək, Kür çayının qarşısına bənd çəkmək, Xəzərə tökülən o biri çaylar barədə də fikirləşmək lazımdır ki, Xəzərə axmasınlar.


İki həftə vaxt verilir...


İki həftədən sonra S.Juk Stalinə məruzə edir: Volqanı Qazaxıstan çöllərinə yönəltmək üçün 4-5 il vaxt və 10 milyard rubl lazımdır. Ural çayının da qarşısını almaq olar, amma hara yönəltmək lazım gələcəyi bilinmir. Kürün qabağına bənd çəkmək çox baha başa gəlir...


S.Jukun son sözləri belə olur: "Bütün bu işləri görməyə vəsait ayrılsa, Xəzər dənizini yalnız 16-17 ilə qurutmaq olar..."


Stalin bir qədər fikrə gedir və... deyir:


- Aydındır... Dəyməz!


Bu material 1954-cü ildə SSRİ DTK-nin sədri təyin edilmiş İ.Serovun kitab-gündəliyi əsasında hazırlanıb.


Reyqan Qarabağ münaqişəsindən necə xəbər tutub?
 


Bilirdinizmi ki, 1988-ci ilin fevralında o vaxtkı Stepanakertdə ermənilərin mitinqləri başlananda bu barədə ilk xəbər tutan dünya liderlərindən biri ABŞ prezidenti olub?


Amerikanın 40-cı prezidenti R.Reyqanın 2007-ci ildə nəşr edilən gündəliyində ("The Reagan Diaries") belə bir qeyd var:


"Cümə günü. 26 fevral 1988.               


... sovetlər və ermənilər arasında narahatlıq yaşanır. Ermənilər müstəqillik istəyir".


Xatırladaq ki, 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyasında vilayətin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul edilmiş və bundan sonra mitinqlər başlanmışdı.


Bir halda ki, söhbət Reyqanın məşhur gündəliyindən düşdü, bunu da deyim qurtaraq:


"... Bazar ertəsi, 26 oktyabr 1987.


... Konqresin rəhbərliyi ilə büdcə məsələsi barədə söhbətim oldu.


Erməni kilsəsinin keşişi ilə qısa görüş keçirdim. Ağ evə qayıdıb beş xarici televiziya jurnalistinə müsahibə verdim".


Maraqlıdır: "Erməni kilsəsinin keşişi ilə qısa görüş keçirdim"...


Təəssüf ki, prezident o görüşdə nədən söhbət getdiyini, keşişin xahişinin nə olduğunu gündəliyinə daxil etməyib.


Kim bilir, bəlkə erməni keşiş Qarabağ "problemi" barədə Amerika liderinə ilk dəfə onda məlumat verib?


Deyə bilmərəm.


Amma onu deyə bilərəm ki, həmin 1987-ci ilin sonları, 1988-ci ilin əvvəllərində Amerika prezidenti ilə görüşmək imkanına malik nəinki din xadimimiz və ya diplomatımız, hətta amerikalı iş adamımız belə olmayıb.


Ona görə də Amerika Birləşmiş Ştatlarının sonrakı prezidentləri də Qarabağ probleminin əsl mahiyyətini ya anlamaq istəməyiblər, ya da sadəcə anlaya "bilməyiblər"...


Lindleyi Bakıdan qovurlardı. Tağıyev mane olmasa... 


Bilirdinizmi ki, Şollar su kəməri layihəsinin mühəndisi Uilyam Lindleyi 1902-ci ildə Bakıdan qovmaq istəyiblər? Tağıyev mane olub...


XX əsrin əvvəllərində Bakını içməli su ilə təmin etmək üçün tanınmış ingilis mühəndisi U.Lindley Bakıya dəvət olunur. Ona Kür və ya Samur çayından şəhərə su çəkmək üçün layihə hazırlamaq tapşırılır. Lakin mühəndis araşdırmalardan sonra təklif edir ki, Kür və Samurun suyu çirkli olacaq, gəlin suyu Şollar bulaqlarından çəkək.


Bu təklif mübahisə yaradır. Duma üzvləri Lindleylə əlaqələrin kəsilməsini təklif edirlər.


Bu vaxt qlasnı H.Z.Tağıyev söz alır:


- Camaat, siz özünüzə yaxşılıq eləmək istəmirsiniz? Bu kişi daha təmiz su çəkmək istəyir, pis eləmir ki? Mən Lindleyin inadkarlığına təəccüb edirəm. Mən onun yerinə olsaydım, çoxdan bu işi atıb çıxıb gedərdim.


Lindley Hacıya cavab verir:


- Mən ingilis buldoquyam (ingilis iti - M.H.). Buldoq dişini bir yerə batıranda onu buraxmır. Mən Bakıdan belə yapışmışam. Mən bu zalda oturan  adamlar üçün işləmirəm. Mən yoxsul bakılılara su vermək istəyirəm, özü də təmiz su vermək istəyirəm. Bu işi başa çatdırmamış heç yana gedən deyiləm...


Lindley getmir və 1917-ci ilin əvvəllərində Şollar suyu Bakıya çatır...
 

Stalin oğlunun əsir düşməsindən necə xəbər tutub?               


Bilirdinizmi ki, 1941-ci ilin iyulunda Stalinin oğlunun almanlara əsir düşməsi barədə məlumatı sovet rəhbərinə ilk dəfə SİTA-nın direktoru çatdırıb?


İosif Stalinin oğlu Yakov Cuqaşvili 1941-ci il iyulun 16-da Vitebsk yaxınlığında almanlara əsir düşür. Onun iki gün sonra kağıza köçürülən dindirilmə protokolu belə başlayır:


- Adınızı bilmək istərdik?


- Yakov.


- Bəs familiyanız?


- Cuqaşvili.


- Siz Xalq Komissarları Soveti sədrinin qohumusunuz?


- Mən onun böyük oğluyam...


Həmin gün alman zabitləri Stalinin oğluna təxminən 150 sual veriblər.


Bu dindirilmədən bir gün sonra - 1941-ci il iyulun 19-da SİTA-nın direktoru Y.Xavinson G.Malenkova qısa bir məktub yazır: "Qavas-OFİ agentliyinin Stalinin oğlu barədə yaydığı xəbəri məlumat üçün sizə göndərirəm".


Məlumat özü də qısa idi: "Qavas-OFİ agentliyi Budapeştdən xəbər verir ki, Stalinin oğlu, quru qoşunlarının leytenantı almanlar tərəfindən əsir götürülmüşdür".


Sonralar dünyaca məşhurlaşan "Frans-Press" agentliyi onda hələ "Qavas-OFİ" adlanırdı...


G.Malenkov bu xəbəri Stalinə necə, hansı şəraitdə çatdırıb? Stalinin ilk reaksiyası necə olub?


Bu suallara cavab vermək mümkün deyil.


Sənədin üstündə heç bir dərkanar qoyulmayıb.


Sadəcə "20.VII" yazılıb. Çox güman ki, bu, Stalinin katibi Poskrebışevin qeydidir və Stalinin sənədlə məhz iyulun 20-də tanış olduğuna işarədir.


Berlin radiosu Stalinin oğlunun əsir götürülməsi barədə xəbəri iyulun 22-də, gündüz saat 12:30-da səsləndirir. Və həmin informasiyanın mətni elə həmin gün sovet rəhbərinin stolunun üstünə qoyulur...


P.S. Yakovun dindirilmə protokolunda onun qısa bioqrafiyası da verilib: 1908-ci il martın 18-də Bakı şəhərində doğulub...

 





25.05.2020    çap et  çap et