525.Az

Karantindən sonrakı ilk ünvanlar - Sorğu


 

TANINMIŞ ZİYALILARIMIZIN KARANTİN REJİMİNDƏKİ YUMŞALMADAN DƏRHAL SONRA BAŞ ÇƏKDİKLƏRİ MƏKANLAR BARƏDƏ MARAQLI TƏƏSSÜRATLARI VAR

Karantindən sonrakı ilk ünvanlar - <b style="color:red">Sorğu </b>

Ölkəmizdə və dünyada aylardan bəri təhlükə saçan COVİD-19 pandemiyası ilə bağlı elan olunan karantin rejimi, nəhayət, mayın 18-də xeyli yumşaldıldı.


Bu yumşalmayla əlaqədar olaraq SMS icazə ilə evdən çıxmaq ləğv olundu, 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağa aradan qaldırıldı.  


Jurnalist olmağıma baxmayaraq, bu zamanda mümkün qədər evdən çıxmamağa, insanlarla ünsiyyətdə olmamağa çalışdım. Karantin rejimi yumşaldıqdan sonra isə ilk getdiyim yer doğma iş yerim- "525-ci qəzet"in redaksiyası və havası üçün, səs-küyü üçün, gözəlliyi üçün darıxdığım Nizami küçəsi, Dənizkənarı Milli Park oldu. Əlbəttə, hələ də davam edən karantin rejiminin bütün qaydalarına riayət etmək şərtilə həm doğma Bakımı, həm də iş yerimi 2 aydan sonra görməyin sevincini yaşayarkən, yadıma tanınmış ziyalılarımız- xüsusən, 65 yaşdan yuxarı insanlar düşdü. Karantin zamanı ziyalılarımızla həmsöhbət olub, onların bu günləri necə dəyərləndirdiyi ilə maraqlanmışdıq. Bu dəfə isə onlara başqa sualla müraciət etdik. Görəsən, mayın 18-də, iki ay gözlədiyimiz "evdən çıxmaq icazəsi"ndən sonra ziyalılarımız ilk hara üz tutdular, hara getdilər?


Xalq yazıçısı Anar və Xalq şairi Fikrət Qocanın getdikləri ilk yer Fəxri Xiyaban olub. Onlar mayın 19-da Xalq şairi Rəsul Rzanın doğum günü ilə əlaqədar onun məzarını ziyarət ediblər. Onlarla bərabər bir çox ziyalılarımızın da getdiyi ilk ünvan həmin ziyarət olub. Məsələn, şair Yusif Həsənbəy, AYB-nin katibi Rəşad Məcid də həmin gün Fəxri Xiyabana gediblər. Rəşad Məcid yaş məhdudiyyəti olmadığından karantin zamanında müəyyən qədər işlərini davam etdirsə də, mayın 19-da Fəxri Xiyabanı ziyarətdən sonra,çox sevdiyi, bu karantin günlərində ən çox intizarını çəkdiyi yerlərdən birində-Nizami küçəsində çay içməklə Bakının "azadlıq sevinci"nə şərik olub.


"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə əvvəlki söhbətimizdə jurnalının yeni sayının hazır olduğunu, amma karantinə görə çapa göndərə bilməməyindən narahatlığını dilə gətirmişdi. Budəfəki söhbətimizdə səsi daha şən və sevincli gəlirdi. Səbəbi isə yəqin ki, məlumdur, çünki jurnal çap olunub: "Karantin bitən kimi işə qaçdım (gülür). Jurnalın 3-cü nömrəsi yarımçıq qalmışdı, 4-cü nömrə isə hazırlanmamışdı. Ona görə də dərhal işimizə başladıq və 3-4-cü nömrəni buraxdıq. İndi də gözləyirəm ki, bayram günlərində nəvələrimi götürüb harasa yaxın, icazə verilən yerlərə gedim, onları gəzdirim".


Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə də karantin sonrası işinə tələsənlərdən olub: "İlk getdiyim yer iş yerim oldu. İndi də davam edirik. Bakıdan çıxmamışam, hələ ki çıxmaq fikrim də yoxdur. Qaydalara əməl etmək şərtiylə Nəşriyyatda işimizi davam etdiririk".


Teatrşünas, professor Məryəm Əlizadə bu karantin müddətində heç darıxmadığını, qoyulan bütün qaydalara əməl etdiyini dedi: "Bu müddətdə kitab oxudum, dünyanın məşhur rejissorlarının tamaşalarına baxdım, çox zövq aldım. Biz ziyalılar və vətəndaşlar olaraq, ölkə başçımızın, dövlətimizin bu xəstəliklə mübarizəsinə dəstək olmalı, qoyulan qadağalara əməl etməli idik. Nə gözəl ki, Prezidentimiz və Birinci vitse-prezidentimiz hər zaman olduğu kimi, bu dövrdə də xalqın heç bir təbəqəsini unutmadılar, bütün vətəndaşlara yardım göstərdilər. Bu müddətdə dünya xəbərlərini də izləyirdim. Gördüm ki, Azərbaycan həqiqətən də bu problemlə mübarizəyə çox çevik və hərtərəfli reaksiya verdi.


Moskva və Sankt-Peterburqdan müxtəlif zamanlarda sənətimlə bağlı kitablar sifariş etmişdim. Bu dövrdə onları oxumaq imkanı qazandım. Bu semestrdə dörd diplomçum var, onlarla işlədim, şükür ki, işlərini bitirdilər. Bu karantin zamanında öz teatrlarımızın əməyini xüsusi vurğulamaq istəyirəm. Onlar hər gün onlayn şəkildə tamaşalar nümayiş etdirirdilər".


Məryəm xanımın karantin sonrası ilk getdiyi yer isə digər həmsöhbətlərimizdən fərqlidir: "Karantin bitən kimi ilk olaraq diş həkiminə getdim. İlk dəfə evdən çıxanda qardaşım oğlu maşını ilə apardı məni. Mən Bakını çox sevirəm. Şəhərə baxanda fərqinə vardım ki, onun üçün necə də darıxmışam. Xəyalən də olsa Bakının ağacını, daşını, torpağını, çiçəyini öpürdüm. Gördüm ki, şəhərimiz necə də gözəlləşib. Bahar bütün gözəllikləri ilə gəlib. Bakı bizdən, biz də ondan ayrı düşmüşdük, şükür ki, tapdıq bir-birimizi. Hər zaman pozitiv, nikbin insan olmuşam. Həyatı sevirəm, çünki həyat çox gözəldir. İnanıram ki, hər şey öz axarına düşəcək".


"Qobustan" jurnalının baş redaktoru, nasir və dramaturq Vaqif Əlixanlı isə sadəcə bağa gedib: "Karantin zamanında yazı-pozu ilə məşğul oldum. O mənada fürsət yarandı. Ondan sonra isə ilk getdiyim yer bağ oldu. Orda xeyli işlədim, ağaclara qulluq etdim, təbiətlə daha yaxından ünsiyyətdə oldum. Çünki işlə əlaqədar olaraq heç vaxt bu vaxtlarda bağa getməzdim, vaxtım olmurdu. Bu il isə elə yazdan bağa getmək imkanı qazandım və bu, mənə düşdü, xoş gəldi. Mən koronavirusa "qara nəfəs" deyirəm. Allah eləsin ki, bir də heç vaxt nəfəsimiz belə qaralmasın və heç zaman nə dünya, nə də Allah bizi bu cür qayğılarla imtahana çəkməsin".


Ədəbiyyatşünas, professor Qəzənfər Paşayevin isə başı yaradıcılığa o qədər qarışıb ki, hələ evdən çıxmayıb: "Hazırda bağdayam. Ona görə də çıxmadım. Bu müddətdə "Qəbələ keçmişdə və bu günümüzdə" adlı böyük bir kitab üzərində işlədim, təzəlikcə də "Məhbus məktubu" adlı ibrətamis bir hekayə yazdım. Düzdür, bizə də artıq icazə verilib evdən çıxmaq üçün. Amma deyirlər ki, yaşlı insanlar üçün yoluxma və yoluxdurma riski daha çoxdur. Ona görə hələ çıxmamışam, gözləyirəm. Çıxandan sonra ilk gedəcəyim yer isə ədəbi prosesin olduğu yer olacaq. Çünki ədəbi proses, tədbirlər, təqdimatlar, görüşlər üçün çox darıxmışam".


Mətbuat Şurasının (MŞ) İcraçı katibi Şəmsəddin Əliyev karantin zamanlarında fəaliyyətindən qalmadığını deyir: "Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq, bu müddətdə Mətbuat Şurasının İcraçı katibi kimi az qala hər gün işdə olmuşam. Eyni zamanda, "Polisə dəstək" İctimai Birliyinin rəhbəri kimi fəaliyyətimi davam etdirmişəm. Daha çox mütaliə ilə məşğul olmuşam, bu arada publisistik yazılarım çap edilib. Polisin bugünkü fəaliyyətindən yazmışam. Çünki polisimiz bu dövrdə böyük cəsarət və səbr nümayiş etdirdi. Onlar bütün təhlükələrə baxmayaraq, vətəndaşın xidmətində ayıq-sayıq durdular. Mayın 18-dəki yumşadılmadan sonra isə, demək olar ki, bütün gün Mətbuat Şurasındayam, yarımçıq işlərimizi davam etdiririk. Mətbuatı yaxından izləyirəm".

 





25.05.2020    çap et  çap et