525.Az

İlyas Əfəndiyev: sənətlə qazanılan əbədiyyət


 

İlyas Əfəndiyev: <b style="color:red">sənətlə qazanılan əbədiyyət </b>

XX əsr Azərbaycan ədəbiyyatını ondan kənarda təsəvvür etmək mümkün deyil. SSRİ hakimiyyətinin ən ağır, ən sərt dönəminə təsadüf etmişdi onun yaradıcılığı. Ancaq həmin ağır dövr onun parlaq uğurlarına mane ola bilmədi.


82 illik ömrünün 60 ilə yaxınını bədii-dramaturji yaradıcılıqla məşğul olmuş İlyas Əfəndiyev ədəbiyyatımızdakı ən məhsuldar müəlliflərdən hesab oluna bilər. Onun həm nasir, həm də dramaturq kimi fəaliyyəti ədəbiyyatın hər iki sahəsinə böyük töhfələr bəxş etmişdi. O, yaradıcılığa nəsrlə başlamışdı. Hekayələri, xatirələri, povestləri, romanları “Kənddən məktublar”, “Aydınlıq gecələr”, “Torpağın sahibi”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, “Söyüdlü arx”, “Körpüsalanlar”, “ Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. kimi əsərləri özünün orjinal mövzu və ideyası, yüksək keyfiyyəti, peşəkar müəllif təhkiyəsi və yanaşması, psixoloji xüsusiyyətləri ilə nəsrimizin mövzu, məzmun, ideya, obrazlar, problematika baxımından zənginləşməsinə və inkişafına xidmət etmişdi. İnsan psixologiyası, mənəviyyatı, onun hiss və düşüncələrinin səmimi, aydın təsviri bir yazıçı kimi onun üçün hər şeydən önəmli və vacib idi. O, yaratdığı obrazların hamısının üzərində tək-tək dayanır, onları bir xarakter səviyyəsinə qədər ucaltmağı bacarırdı.


Görkəmli ədib hər əsərində xalqın ideologiyasını, milli mənsubiyyətini, düşüncə və təfəkkür tərzini canlı boyalarla təsvir edərək müstəmləkə rejimindəki böyük bir dövlətin keçmişinin silinmə çabalarına qarşı mətanətlə “vuruşurdu”. Bu mübarizədə onun ən böyük silahı qələmi idi. Bütün yaradıcılığı boyu xalqına və keçmişinə böyük inad və əzmkarlıqla sadiq qalan ədib bunu sözlərində belə əks etdirirdi: “Uzaq və yaxın dünənimizə, milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam”.


Bu yolda az təzyiqlər, məhrumiyyətlər, xəbərdarlıqlar, maneələr yaşamadı İlyas Əfəndiyev. Ədəbiyyatı öz ideologiyasının təbliğində və yaşamasında mühüm silah kimi istifadə edən Sovet hakimiyyəti yazıçı və şairləri də təzyiqi altında saxlayaraq, istədikləri mövzunu istədikləri tərzdə yazdırmağa maraqlı idi. Kimi buna boyun əyir, yaradıcılığını Sovet ideologiyasını təbliğ edən əsərlərlə “zənginləşdirir”, kimi tamamilə ayrı mövzulara üz tutaraq “suyu bulandırmaqdan” çəkinir, başının dinc olması üçün çalışır, kimi isə açıq-aşkar qoyulan tələblərin ziddinə gedərək mənsub olduğu xalqın keçmişi, milli adət-ənənələri, təfəkkürünü əsərlərində diri tutmağa çalışırdı. Əsas hədəf də məhz bu üçüncü qrup idi. İlyas Əfəndiyev də bu zümrəyə aid idi. Akademik Bəkir Nəbiyev haqlı olaraq qeyd edirdi ki, Leninə, Stalinə, sosializmə, partiyaya dair şüar və şit təriflərlə dolu olan yazılardan tamamilə fərqli olaraq İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə, məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir.


İlyas Əfəndiyev yaradıcılığının əsas manifesti də məhz bu idi: humanizm, milli istiqlaliyyət, müstəqillik, sülh, əmin-amanlıq, keçmişə sədaqət, insanpərvərliyin tərənnümü.


Onun əsərlərinin adı belə məzmunundan, ideyasından ilkin məlumatları vermək baxımından mühüm önəm daşıyır. O, “Geriyə baxma, qoca”, “Sarıköynəklə Valehin nağılı” və sair kimi əsərlərində milli mənbədən o qədər qidalanmışdı ki, artıq hakimiyyətin “gözünə batmağa” başlamışdı. Məsələn, onun “Sarıköynəklə Valehin nağılı” romanı çap olunduğu ilk gündən oxucuların, ədəbi tənqidçilərin yüksək rəğbəti və marağına səbəb olsa da, sovet ideologiyasının başlıca prinsiplərini özündə əks etdirmədiyindən partiya funksionerlərinin narazılığına səbəb olmuşdu. Bu zəmində roman ətrafında uzun müddət söz-söhbət səngiməmişdi. Ancaq o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Ulu öndər Heydər Əliyevin haqlı müdaxiləsindən sonra roman və onun müəllifi haqqında mənfi fikirlər, söz-söhbətlər yığışdırılmışdı. 


Belə bir mühitdə roman yazmaq, daha doğrusu, öz ideologiyanın romanını yazmaq, əlbəttə, çox çətin və yorucu idi. Necəsə düşüncələrini pərdələmək, senzuradan yayındırmaq lazım idi. İlyas Əfəndiyev belə məqamda ən gözəl çıxış yolunu tapdı. O, dramaturgiyaya yönəldi. Onun dramaturgiyaya yönəldiyi zamanlar Azərbaycan teatr səhnəsinin boşluqdan, əsərsizlikdən əziyyət çəkdiyi vaxtlar idi. İlyas Əfəndiyev özünün məhsuldar qələmi ilə məhz bu boşluğu doldurdu. O, eyni zamanda öz fikirlərini, düşüncələrini və ideyalarını xalqa çatdırmağın nisbətən rahat yolunu tapmışdı. Çünki teatr, səhnə xalqı maarifləndirmək yolunda ən gözəl vasitələrdən biri idi. Yazıçı da məhz buna güvənirdi. O, obrazlarını danışdırmaqla hakimiyyətin diqqətini yayındırmağı, amma eyni zamanda sözlərini çatdırmağı da ustalıqla bacarırdı. Dramaturq kimi o, “İntizar”, “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx Məhəmməd Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Ağıllılar və dəlilər”, “Odlu səhradan gəlmiş şeytan”, “Bizə inan”, “On manatlıq lüstr”, “Hökmdar və qızı” pyeslərini yazdı. İlyas Əfəndiyevin 22 pyesindən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu, çağdaş teatrımızın inkişafına güclü təsir göstərib. Təsadüfi deyil ki, məhz bu prosesin nəticəsində “İlyas Əfəndiyev teatrı” termini də yaranmışdı.


O, pyeslərində də millətçilik, milli mənsubiyyət, xalqın keçmişinin təsviri kimi mövzulardan yayınmır, nəsr əsərlərindən fərqli olaraq, indi yaranmış imkanlardan maksimum istifadə etməyə çalışırdı. Buna görə onun romanlarının yaşadığı taleni zaman-zaman pyesləri də yaşayırdı. Məsələn, “Sarıköynəklə Valehin nağılı” romanının başına gətirilən oyun sonradan onun ən məşhur pyeslərindən olan “Unuda bilmirəm”in də başına gətirildi. Hakim təbəqə bu əsərdə “millətçilik” damğası “gördüyündən” onu sıxışdırmağa başlamışdı.


Onun “Məhv olmuş gündəliklər” pyesi ilk dəfə Cənubi Azərbaycan mövzusuna toxunulan əsərdir. Məhz buna görə həmin əsər də təzyiqlərə məruz qalmışdı. Bunu yazıçının 1992-ci ildə “Xəzər” jurnalında şair, jurnalın baş redaktoru Vaqif Bayatlı Odərə verdiyi müsahibədə oxuyuruq: “Məhv olmuş gündəliklər”ə görə Mərkəzi Komitənin o vaxtkı mədəniyyət şöbəsi müdiri Azad Şərifov məndən şikayət eləmişdi. Pyesin məşqləri gedir. Qurtarır. Baxış olur. Bu da gəlib ictimai baxışa. Orda da, yadındadı da, Cənubi Azərbaycan məsələsi. Dedi ki, “Net, nado vozderjatsya! Hələ afişanı vurmayın. Tamaşanı saxlayın”. Dedim: “Niyə?”. Dedi: “Bəzi şeylər var, düzəldilməlidi”. Dedim: “Məsələn, nə?” Dedi: “Orda tez-tez Cənubi Azərbaycan, Azərbaycan deyirsən. Yaramaz bu!” Bu dedi, mən dedim, dalaşdım bununla. Dedim: “Sən Azərbaycan dilini bilmirsən, Azərbaycan ədəbiyyatından xəbərin yoxdu. Sən mənə nə göstəriş verirsən?”. Bu acıq elədi, çıxdı getdi. Cəfər Cəfərov da ideoloji katib idi. Biz də Tofiq Kazımovla getdik Mərkəzi Komitəyə, əhvalatı Cəfər Cəfərova danışdım. Cəfər zəngi basdı, qıza dedi, o şöbə müdirini çağır. Hə, o şöbə müdiri gəldi oturdu. Cəfər mənə dedi: “İlyas, bir neçə dəfə gəlib məşqlərə baxmışam. Sən əla iş görmüsən ki, Cənubi Azərbaycan mövzusunu teatra gətirmisən. Yaxşı eləmisən”. Həqiqətən də gəlib məşqlərə baxmışdı. Dedi: “Gedin, afişanı vurun”. Bu da gedər birinci katibə şikayət eləyər. Birinci katib də təzə olubdu Heydər Əliyev. Bir üç-dörd tamaşadan sonra mən xəstələnmişdim.


Teatrdan zəng elədilər ki, yoldaş Əliyev gəlib tamaşaya baxmağa, yaxşı olar sən də gələsən. Dedim ki, xəstəyəm, gələ bilmirəm. Hə, Heydər Əliyev də baxır, baxır, deyir: “İlyasa deyin, çox yaxşı əsərdi. Cənubi Azərbaycanı da yazıb, yaxşı eləyib”. Ancaq orda bir söz var: “Bir vaxt gələcək ki, Amerika hinduları da biləcəklər Azərbaycan hardadı, azərbaycanlılar kimdi”. Əliyev deyir ki, İlyasa deyin, artıq Amerika hinduları bilirlər Azərbaycan hardadı, azərbaycanlılar kimdi”.


Sonralar yazıçı özü də bu təzyiqlərdən usanmışdı, ürəyində qalan sözlərinə görə təəssüf edirdi. Həmin müsahibədə İlyas Əfəndiyev gəncliyində ona İstanbula getməyi təklif edən dostu Məhəmmədlə getmədiyi üçün peşmanlığını belə ifadə etmişdi: “Lap düzünü axtarırsan, çox təəssüflənirəm, onda gərək mən də Məhəmmədlə çıxıb gedəydim. Onunla getmiş olsaydım, orda azadlıqda yazardım, istədiyimi də yaza bilərdim. Amma burda ürəyimizdə olan əsl mətləbi, əsl dərdləri yaza bilmədik, yazdıqsa da yarımçıq qaldı. Hisslərimiz elə bil içəridə qaldı, tamamilə ortaya çıxa bilmədi. Yalançı romanlar, yalançı şeirlər içərisindən baş qaldırıb əsl həqiqəti demək çətin idi. Hisslər elə qövr eləyir ki! Yaş da xeyli keçib, mənə elə gəlir indi-indi yazmağa başlayıram. Bir də ki, vətən, əlbəttə, başqa şeydir...”


Buna baxmayaraq, nə müəllif niyyətindən əl götürdü, nə də əsərlər senzuranın məngənəsində itib-batdı. Deyə bilərik ki, uzun müddətli mübarizənin sonunda qələbə İlyas Əfəndiyevin idi. Belə ki, dəyişən zaman İlyas Əfəndiyev ideologiyasının doğruluğunu sübut etdi, onun bu istiqamətdə çəkdiyi zəhmətlərin, əziyyətlərin bəhrəsi əsərlərinin uğurlu taleyi ilə nəticələndi. Çünki İlyas Əfəndiyev yaradıcılığı dövrün tələblərindən uzaq olub həqiqətləri, gerçəkləri əks etdirirdi. O, yalnız öz dövrünün deyil, həm keçmişin, həm də gələcəyin yazıçısı idi. O, bir yazıçı həssaslığı ilə keçmişin təəssübünü çəkdiyi kimi gələcəyin tələblərini də duya bilirdi. Bu səbəbdəndir ki, onun əsərləri bu gün də öz aktuallığını qoruyub saxlamağı, bütün yaş qrupları arasında öz oxunaqlılığını təmin etməyi bacarır.


Bu gün Xalq yazıçısı, nasir, dramaturq İlyas Əfəndiyevin doğum günüdür. Vəfatından 24 il keçməsinə baxmayaraq, təkcə doğum və anım günlərində deyil, bütün günlərdə danışılan, oxunan, maraq göstərilən və özü olmasa belə, zamanında yazdığı əsərləri ilə müasirliyə ayaq uyduran ədibimizi sayğı və sevgi ilə yad edirik!

 





26.05.2020    çap et  çap et