525.Az

Yuxarıda oturmaq və yuxarıda olmaq - Məhsəti Musa yazır


 

Yuxarıda oturmaq və yuxarıda olmaq - <b style="color:red"> Məhsəti Musa yazır</b> ...Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı...

Bu, kiçik yaşlarımızda valideynlərimizin bizə öyrətdiyi uşaq oyun nəğmələrindən - sanamalardan bir nümunədir. Baş barmaq vurdu, şəhadət barmaq tutdu, orta barmaq bişirdi, adsız barmaq yedi, çeçələ barmağa heç nə qalmadı. Niyə? Çünki o, kiçikdir, gücsüzdür və buna görə də diqqət çəkmir, kimsənin yadına düşmür. Bəli, dünyamız güclülərin əlindədir. Çeçələ barmaqların taleyi çoxlarını  maraqlandırmır. Əslində valideynlərimiz bizə ədalətli olmağı, özümüzdən zəiflərə yardım etməyi öyrədirdilər, lakin bu cür nümunələrlə  özləri dediklərini  inkar edirdilər. Həmin sanamadakı  çeçələ barmağın çarəsizliyi mənim uşaq yaddaşımda ilişib qalmışdı. Bəs o necə olacaq? - deyə düşünürdüm həmişə (Deyəcəksiniz ki, adsız barmaqdan başqa o biri barmaqlara da heç nə çatmayıb axı. Düzdür, amma o biri barmaqlar vurulmada, tutulmada, bişirilmədə iştirakçı olduqları üçün hər halda ac qalmayacaqdılar). Böyüdükcə, bu sual da mənimlə böyüdü. Artıq bir barmağın deyil, milyonlarla “barmağın”  taleyinin eyni olduğunu gördüm. Yaşadığımız dünyada zəiflərin, gücsüzlərin çox vaxt alçaldıldığının, başıqapazlı olduğunun, bəzən ümumiyyətlə varlığının unudulduğunun şahidi oldum. Lakin, yaddan çıxarırıq ki, bizə zəif görünənlərin içində bəzən elə bir güc yatır ki, sadəcə kiçik cəhd ilə o gücü oyatmaq, bir ruhlandırıcı sözlə, özünə inam yaratmaqla, azacıq dəstəklə onu cəmiyyətin ən fəal üzvlərindən birinə çevirmək olar.


Yenə də barmaqlara üz tuturam. Baş barmaq deyirik adına. Amma baş barmaqla hansısa yükü qaldırmaq, saxlamaq, çəkmək çətin, bəzən mümkünsüz olduğu halda, çox zaman çeçələ barmaq böyük ağırlığı çəkməyə, saxlamağa qadirdir. Küsülü uşaqlar barışarkən oyun zamanı “ac saxladıqları” çeçələ barmaqlarını bir-birinə keçirərək barışır, özləri də bilmədən həmin zəiflərin mənəvi gücündən istifadə edirlər. Bəs o zaman biz niyə çeçələ barmaqlara – zəif görünənlərə dəstək olmuruq? Bəzən bataqlıqda boğulan istedadlı, savadlı birini gördükdə gözümüzü yumub keçirik. Pulu yox, adamı yox, nəyimə lazımdır deyib bu dünyanın axarına düşüb gedirik. Yox, bəzən sadəcə getmirik, onun başına ağır bir daş da tullayırıq, ayağımızla üstündən də basırıq ki, lap dərinə getsin. Nədir bizi buna vadar edən? İçimizdəki paxıllıqmı, eqoistlikmi, biganəlikmi, onun bizi üstələməsi qorxusumu? Bəlkə də hamısı...



Hər birimizə bəllidir ki, heç kim və heç nə əbədi deyil. Belə olduğunda niyə ikiəlli yapışırıq dünyadan? Zəifləri ayağımız altına yığa-yığa qalxmaq, qalxmaq lap yüksəklərə çıxmaq istəyirik. Hara qalxırıq axı? Bəs birdən ayaqlarımızın altındakı zəiflər hərəkətə gəlsə necə olacaq? Domino daşlarından düzəldilmiş ev kimi yerə səpələnib onlardan da aşağıda dayanmayacağıqmı? Bəlkə onlardan yardım da istəyəcəyik. Amma üzümüz olacaqmı?



Yuxarıda oturmaq həmişə yuxarıda olmaq deyil. Yuxarıda olmaq çətin məsələdir, amma mümkündür.


Yuxarıda oturaraq həm də yuxarıda olmağı bacarmaq isə səadətdir.                                                                                
                                                                                           
 





27.05.2020    çap et  çap et