525.Az

Məğlubların humanist qisası - Telman Orucov yazır


 

Məğlubların humanist qisası - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr
 

(Əvvəli ötən şənbə saylarımızda)


Soyuq müharibə dövründə Sovetlər barədə çəkilən filmlərdə sovet hərbçiləri, adi adamları zəif ağıla, yaralanmış xarakterə malik olanlar kimi təsvir edilirdi. Bir qayda olaraq SSRİ vətəndaşları, sovet həyat tərzi karikatura xarakteri daşıyırdı.


İkinci Dünya müharibəsi dövründə filmlər əsl təbliğat məqsədini güdürdü. Göbbels təbliğat üçün xronikadan çox geniş istifadə edirdi, amerikan kinoxronikası heç də almanlarınkından geri qalmırdı. Beləliklə, Hollivud Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarına bir hərbçi qaydasında, əsl propoqanda maşını kimi xidmət edirdi.


Görkəmli sosial psixoloq Filipp Zimbardo qeyd edirdi ki, qorxu, dövlətin öz xalqını manipulyasiyaya məruz qoymaq üçün malik olduğu ən yaxşı psixoloji silahdır. Onlardan istifadə edildikdə vətəndaşların öz fundamental azadlıqlarını, dövlətin təhlükəsizlik vədləri ilə könüllü qaydada dəyişmək naminə qurban verdiklərini görmək olar. ABŞ-ın bu sahədəki fəaliyyəti həmin arsenala yiyələnmək istəyən dövlətlər üçün də nümunə ola bilər.


Həm də məlumdur ki, amerikanlar təbliğatla məşğul olanda praktiki fəaliyyəti nəzərdən qaçırmırlar. Amerikanlar siyasi məsələlərdə yüksək praqmatizmləri ilə seçilirlər. Birləşmiş Ştatlardakı bir sıra guya filantrop təşkilatları hesab edilənlər digər ölkələrdə əsasən siyasi diversiya ilə məşğul olurlar. Amerikan milyarderi Corc Soros təkcə birja fırıldaqları ilə məşğul olmur, bu fəaliyyəti ona ağılasığmayan gəlir gətirir, həm də rəngli inqilabların qalxmasına, dövlət quruluşlarının dəyişilməsinə xeyli kapital xərcləyir və bəzi ölkələrdə onun səyi hətta uğur qazanır. Ona görə də Soros özünün Açıq Cəmiyyət təşkilatları vasitəsilə çox şeyə nail ola bilir və onu son 25 il ərzində çox sayda inqilabların və dövlət çevrilişlərinin arxitektoru və icraçısı hesab edirlər.
 

Məğlubların humanist qisası 


Qaliblər işğal etdikləri ölkələrdə öz inzibati quruluşlarını, mümkün qədər həyat tərzlərini tətbiq etməyə çalışır, oradakı xalqlara, əhaliyə özlərinin üstün olduqlarını təlqin etməyə cəhd edirlər. Əlbəttə, bu dəyişikliklərin baş verməsində üstünlük qaliblər tərəfində olur, əzilən, istismar edilən xalqın müqavimət qüvvəsi də zəiflədiyindən, onlar bu prosesin passiv iştirakçılarına çevrilirlər.


Qaliblər silah gücünə bu üstünlüyə, öz qaydalarını diktə etməyə nail olmuşlar. Lakin həyat öz mürəkkəbliyinə görə bütün sferalarda qalibin göstərişlərinin yerinə yetirilməsini çətinləşdirir, bəzi sahələrdə isə onların tətbiqi elə bir səmərəyə sahib olmadığından, təsiri də sıfıra bərabər olur. Qaliblər heç də məğlub xalqların həyat tərzini dəyişdirə bilmir və çox məhdud dairələrdə bunu edə bilir. Aleksandr Makedoniyalı Persiyanı işğal etdikdən sonra məğlub xalqla münasibətləri qaydaya qoymaq, birliyə nail olmaq məqsədilə özü persiyalıların geyimindəki və davranışındakı bəzi elementləri, qaydaları qəbul etdi. İşğal etdiyi ölkə əhalisi ilə sıx ittifaqı əldə etmək üçün qarşılıqlı nikahlardan istifadə etmək üsuluna əl atdı. Hindistandan qayıtdıqdan sonra Persiyada 10 min silahdaşının və əsgərinin yerli qızlarla evlənmələrinin möhtəşəm toyunu təşkil etdi. Özü əvvəllər Baktriya zadəganının qızına evləndiyi halda, bu mərasimdə də Persiya çarı III Daranın qızı ilə nikaha girdi. O, Persiya inzibati quruluşunda ciddi dəyişikliklər etmədi, mövcud satrapiyaları saxlamaqla, onları azacıq təkmilləşdirdi. Misirdə isə əyaləti idarə etmək üçün inzibati orqanların rəhbərliyini qaliblər və məğlubların iştirakı ilə böldü. Hətta Böyük Aleksandr kimi dahi də bir çox məsələlərdə məğlub olan xalqlara güzəştə gedirdi.


Lakin onun qələbələrindən sonra yunan dili və mədəniyyəti işğal edilmiş areallarda yayılmağa başladı və Ellinizm dünyası meydana gəldi. Ellinizm Asiyanın böyük bir ərazisində və Şimali Afrikada yeni mədəniyyətin və həyat tərzinin bir sıra təzə elementlərinin meydana gəlməsinə şərait yaratdı.


Ancaq Yaxın Şərqdəki və Misirdəki sivilizasiya yunan sivilizasiyasından qədim və zəngin idi. Mesopotamiyada ən qədim şəhərlər mövcud olmuş, sonralar meydana gələnlər də şəhərsalma praktikasına böyük töhfələr vermişdi. Babil şəhəri öz planlaşmasına və gözəlliyinə görə özünə rəqib tanımırdı.


Tarixin atası Heredot Babil şəhəri haqqında yazır ki, şəhər geniş düzənlikdə yerləşmişdir, su ilə dolu xəndəklə əhatə olunmaqla düzbucaqlını əmələ gətirir. Babil çox hündür və enli divarlara malikdir. Onun içərisindən Fərat çayı keçir, şəhər üç və dördmərtəbəli binalardan ibarətdir, onlar düz küçələrdə sıralanmışdır. Bu küçələr çayın uzunu boyu yerləşir və ya onu kəsməklə başqa sahilə keçir. Şəhərin ortasında daşdan tikilmiş körpü vardır, onun döşənək salınan üstü ilə babillilər çayı keçirlər, gecələr isə döşənək yığışdırılır ki, adamlar veyillənməsinlər və bir-birlərini soymasınlar. Bütün Babilistanı kanallar kəsirdi, onların ən böyüyündə gəmilər üzürdü. Babildəki İştar qapısını bəzəyən heyvan rəsmləri, füsunkar mozaika min illər keçdikdən sənra da öz cazibədarlığını itirmir. 


Çox güman ki, böyük ingilis mütəfəkkiri Tomas Mor özünün "Utopiya" əsərində təsvir etdiyi əfsanəvi şəhərin cizgilərində Babilə məxsus olan elementlərdən istifadə etmişdi. Fərat çayının hər iki sahilində yerləşən bu şəhər onu ilk dəfə görən əcnəbiləri valeh edirdi. Yaxud Krit adasındakı Knossos sarayında olan freskalar özünün realizmi ilə, gənc qızın təsvirində müasir Paris qadınının prototipini yaratması ilə seçilsə də, Misirdəki qədim sənət nümunələri rəssamlıq məharətinə görə onlardan heç də geri qalmır. Nefertitinin kiçik heykəli, papirus qamışlığında quşları təsvir edən divar rəsmləri, ecazkar ördək rəsmi və ya Tutanxamonun qızından və yarı qiymətli daşlardan olan ölüm maskası, Abu Simbeldəki faraon II Ramsesdən yadigar qalmış arxitektura abidələri və heykəllər Misirdəki təsviri sənətin çatdığı böyük ucalıqdan xəbər verir. Persopolis də öz arxitektura abidələri ilə məşhur idi. Misirdəki piramidalar isə onları yaradanların yüksək mühəndis biliyinə və ustalığa malik olduğunu nümayiş etdirirdi.


Ona görə də qalib xalqlar işğal etdikləri ərazilərdəki əhaliyə tuzemlər kimi yanaşmamalıdır, onun mədəniyyətinə nüfuz etməyi bacarmalıdır. Çünki mədəniyyət heç də silahla, döyüşlərdə əldə edilən qələbəyə tabe olmur, öz mənşəyinin ənənələrini və onları yaşatmaq cəhdlərini yaddan çıxarmamaqla, davam etmələrinə nail olur. Məğlub olan xalqlar öz qaliblərindən qisas almağı bacarır. Özü də bunu silah gücünə deyil, humanist bir yolla, öz mədəniyyətinin üstünlüyü hesabına, onun qalib tərəfindən qəbul edilməsi nəticəsində əldə edir. Məğlub xalqların mədəni üstünlüyünün dinc qaydadakı qələbəsini çox sayda tarixi nümunələrlə təsdiq etmək olar.


Düşmənçilik edən xalqlar da bir-birinin mədəni səviyyələrinə yaxşı bələd olduqlarından, onlardan biri öz rəqibinin mədəni cəhətdən daha yüksəkdə dayandığını etiraf etmək məcburiyyətində qalır. Bibliyadan məlum olduğu kimi, yəhudilər filistimlilərlə barışmaz düşmənçilik edirdilər. Böyük fiziki gücə malik olan yəhudi Samson eşşək çənəsi ilə filistimliləri məhv edirdi. Onun vurulduğu filistimli qız Dalila öz adamlarının təhriki ilə Samsonun qeyri-adi gücünün səbəbininin onun saçları olduğunu öyrəndikdən sonra, bu güc mənbəyini məhv emək üçün yatan vaxt onun başını qırxdı və əfsanəvi güc Samsonu tərk etdi. Bu vaxt filistimlilər onu əsir götürüb, iri binanın sütununa sarıdılar. Saçı uzandıqca gücü bərpa olunan Samson sütunu yerindən çıxardı, özü məhv olsa da, uçmuş binanın daşlarının altında qalan çox sayda filistimlinin məhvinə səbəb oldu. Yaxud gənc, bədəncə zəif olan çoban David sapand daşının köməyi ilə filistimlilərin pəhləvanı, iri bədənli Qoliafı öldürdü və öz həmvətənlilərini ölümcül təhlükədən xilas etdi. Sonralar David İsrail-İudeya dövlətinin çarı oldu. B.e.ə. VI əsrdə Babilistandan çıxarılan filistimlilər tarixdən də yoxa çıxdılar. Müasir yəhudilər İsrailin Aşdod şəhərində filistimlilər muzeyi yaratmışlar. Muzeyin yaradılmasını əsaslandırmaq üçün isə binanın divarında yazılmışdır ki, "Çünki həmin vaxt filistimlilər yəhudilərdən  daha yüksək mədəniyyətin daşıyıcıları idilər". İbrətamiz bir nümunədir, müasr yəhudilər b.e.ə. X, IX əsrlərdə öz əcdadlarının rəqibləri olan filistimlilərdən mədəni cəhətdən geridə qaldıqlarını etiraf etməklə, özlərinə həqiqət tərəfdarları kimi əlavə hörmət qazanırlar.


Filistimlilər b.e.ə. XII əsrdən Aralıq dənizinin cənubi-şərq sahilində yaşayan xalq idi, "dəniz xalqları" adlananlardan biri idi. Onların iudeylərlə müharibələri Bibliyanın hekayətlərini bəzəyir. Onları b.e.ə. VIII əsrdə Assuriya əsarətə götürmüşdü. "Fələstin" sözü onların adından meydana gəlmişdi.


Yəhudilərin mədəni cəhətdən filistimlilərdən geri qalmasına gəldikdə, başlanğıcda bu xalq köçəri həyat tərzi sürürdü. Abrahamın (əvvəllər o, Abram adlanırdı) başçılığı altında nomad tayfaları Qərbi İordaniyanın cənubuna doğru hərəkət etdilər. Burada allah Yaxve ona xoşbəxtlik diyarı olan Xanaanı (Kənanı) verdi. B.e.ə. 1012-ci ildə Fələstindəki bu ərazidə Saul İsrail çarı oldu. O, filistimlilərin basqınına qarşı 12 yəhudi tayfasını birləşdirdi. 1004-cü ildə Saul həlak olanda oğlu və varisi David İsrailin çarı oldu, İsrail- İudeya dövlətinin banisinə çevrildi. O, filistimliləri əzdi, Yerusəlimi tutub, öz xalqının siyasi və dini mərkəzini ora keçirdi.


David öldükdə isə Virsaviyadan olan haramzadə oğlu Solomon b.e.ə. 965-ci ildə İsrail-Uudeya çarlığının hökmdarı oldu. Onun ölümündən sonra yəhudi dövləti bir-birilə rəqabət aparan iki yerə - paytaxtı Samariya olan İsrailə və baş şəhəri Yerusəlim olan İudeya dövlətlərinə parçalandı. İsrail ərazisi əvvəlcə Assuriyanın, sonra isə Misirin nəzarəti altına keçdi. Yeni Babilistan çarı Nabuhadasonnor b.e.ə. 587-ci ildə Yerusəlimi tutdu, müqəddəs məbəd və saray yandırıldı. Əhali Babilistana qovuldu, tarixdə bu Babilistan əsirliyi adlanır. Göründüyü kimi, yəhudilər əsrlər boyu faciəvi sınaqlara məruz qalmışlar.  


Bu gün Qərb ərəb ölkələrinə yuxarıdan aşağı baxır, diktatorlara qarşı mübarizə adı altında nisbətən abad iri ölkələr xarabazara çevrilir, insan qanı çaylarının axmasına şərait yaradılır. Bizim eranın IX-XII əsrlərində isə ərəb Şərqi mədəniyyət, savad və elmi biliklərə sahib olmaq cəhətindən Avropadan xeyli irəlidə idi, lakin bu həqiqət çox vaxt ört-basdır edilir. Qədim yunanlardan qalmış fəlsəfi irs də avropalılara məhz İspaniyadakı Kordoba ərəb xilafətinin köməyi ilə ötürülmüşdü.


Məğlubların qaliblərdən mədəni cəhətdən qisas almağına gəldikdə, bunu məğlub yunanlarla qalib romalıların mədəni mübadiləsində görmək olar. Bizim eradan əvvəl II əsrdə, 146-cı ildə Roma Yunanıstanı işğal etməyə başladı və Ellinizmi, onun mədəniyyətini dünyaya yayan bir ölkə yadellinin əsarətinə düşdü. Romalılar yunan mədəniyyətinin özlərininkindən daha qədim və daha zəngin olduğunu görüb, onun bir sıra elementlərini qəbul etməyə, incəsənətdə və arxitekturada yunanları təqlid etməyə başladılar. Onlar anlayırdılar ki, Romanın əsasını qoyan Romulun özü də əfsanəyə görə Troyadan qaçmış yunan Eneyin nəslindəndir və yunanlar finikiyalılardan götürdükləri əlifbanı və yazını Romaya, Avropaya yaymışdılar.


Yunanlar özləri üçün əlifba düzəltdilər və bu, bütün qədim yunan dünyasına yayıldı. Qərb versiyasında latın əlifbası yarandı. Yunan missioneri Müqəddəs Kirill tərəfindən IX əsrdə icad edilən, ruslar və bəzi slavyan xalqları tərəfindən indiyədək istifadə edilən Kirill əlifbası da yunan əlifbasından yararlanmışdı.


(Ardı var)

 





28.05.2020    çap et  çap et