525.Az

"Gülər Əhmədova dərsə gəlmir"


 

"Gülər Əhmədova dərsə gəlmir"<b style="color:red"></b>

“Son günlər Gülər Əhmədova dərsə gəlmir. Gülər Əhmədova ictimaiyyətdə həmişə mövqeli adam olub.Yıxılan kimi hamı tez istəyir ki, onu baltalasın, tez mənfi tərəfini görsün. Müsbət tərəfini görmək istəməsin. Özü də çox qısa müddətdə. Video görüntülər olub və onu əsaslandırmaq lazımdır. Hüquq-mühafizə orqanlarının işi olan bir məsələyə biz hələ bir şey deyə bilmərik”.

Bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gülər Əhmədova uzun illər BDU-nun psixologiya fakültəsində müəllim işləyib: “Həmişə nizam-intizamla dərsə gəlib, amma ayın 21-dən sonra dərsə gəlməyib. Son gəldiyi gün 21-i olub. Hələ hüquq-mühafizə orqanları onun barəsində heç nə qəbul etməyibsə, biz ona dərsi qadağan edə bilmərik. Rəsmi sənəd daxil olandan sonra təbii ki, onun universitetdə qalib-qalmaması aydınlaşacaq. Mən bu işlərdə tələskənliyə yol verməyi düşünmürəm. Şəxsi bir məsələ kimi hüquq-mühafizə orqanları bununla məşğul olur. Təbii ki, biz onun cavabını gözləməliyik”.

A. Məhərrəmov məşhur video qalmaqalla bağlı öz fikirlərini də açıqlayıb: “ Ziyalı münasibətlərdə belə məsələlər olmamalıdır. Yaxşı işdən dərs götürmək, pis işdən nəticə çıxartmaq lazımdır. Pis işdən nəticə çıxartmaq lazımdır ki, o birilər heç olmaya bunu etməsinlər. YAP bu gün hakim, aparıcı qüvvədir, ölkəni idarə edən bir partiyadır. Biz elə etməliyik ki, aramızda belə adamlar olmasın. Biz vaxtında onun qabağını almalıyıq, vaxtında onu məlumatlandırmalıyıq. Vaxtında bunun qabağını alsaydıq, bu məsələ bu qədər genişlənməzdi”.

A. Məhərrəmov hüquq-mühafizə orqanlarının qərarı olmadan başqa fikir səsləndirməyin tərəfdarı olmadığını da bildirib: “Əli Əhmədovun qəzetdə münasibətini oxudum, çox xoşuma gəldi ki, belə məsələlərdə bir az yüksəklikdə durmaq lazımdır. Xırdalamaq lazım deyil, cəmiyyəti belə səviyyəsiz münasibətlərə sürükləmək lazım deyil. YAP-da çox səviyyəli adamlar var, tez qərar qəbul etmək də düzgün deyil. Əlbəttə, bu təsdiq olunsa, həm ictimaiyyət, o cümlədən BDU öz sözünü deyəcək. Cəmiyyətdə əgər yüz adam varsa, o demək deyil ki, hamısı bir-biri ilə yaxşı münasibətdədir, hamısı bir-birini cani-ürəkdən sevir. Yüz adamın hamısı bir-biri ilə salamlaşır, görüşür, ancaq belə bir qaranlıq otaq olsa, onlar öz haqq-hesablarını həll edə bilərlər. Gərək qaranlıq otaqda işıq yansın, görək nə vəziyyətdir”.

A. Məhərrəmov keçmiş rektor həmkarı Elşad Abdullayevlə bağlı da fikirlərini söyləyib, onu tanıdığını deyib: “Uzun müddət BDU-da işləyib. Sonra da həmkar kimi ABU-nun rektoru olub. Əslində hüquq baxımından o çəkilişlər də düz deyil...”

Millət vəkili kimi parlamentin buraxılması ilə bağlı məsələyə münasibət bildirən A. Məhərrəmov orda 125 üzv olduğunu vurğulayıb: “Onlar demokratik yolla, qayda-qanunla, öz yerlərini, mandatlarını düzgün alıblar. O ki qaldı mənim seçilməyimə, bilirsiniz ki, artıq ikinci dəfədir ki, seçilmişəm. Hər dəfə də müəyyən mənada mübarizələr, gərginliklər olub. Mən öz qələbəmi, mandatımı öz alın tərimlə almışam. Ona görə də heç narahat deyiləm. Əminəm ki, orada olan insanlar bu çətinlikləri görərək mandat alıblar. Mən o vaxt seçilən zaman bir söz dedim. Dedim ki, əgər universitet rektoru demokratik prinsiplərlə seçilməsə, onda bu cəmiyyətin sonu ola bilməz. Biz gərək ən nümunəvi seçki metodundan istifadə edək ki, insanlarda inam yaransın. Doğrudan da bu adam düz seçildi. Deputatın mandatı böyük şərəfdir, ancaq ondan qat-qat çox məsuliyyətdir. Hər dəfə mən əlimi düyməyə basanda hiss etmirəm ki, onu mən basıram. Düşünürəm ki, 30 min seçicinin düşüncəsinə bu, ziyan ola bilərmi? Mən barmağımı düyməyə yaxınlaşdıranda onu fikirləşirəm, onlara verdiyim sözü, onların qarşısında çıxışımı yadıma salıram. Əslində bütün deputatlar belə etməlidir. Yəni hamı belədir, deməli, hamı xalqın mənafeyini gözləyir. Həmişə o düyməni basarkən yadıma düşür ki, o insanların öz düşüncələrində mənə qarşı münasibətləri necə olubdur. Çətinliklərini mənə danışıblar, yəni elə etmək lazımdır ki, xalqın etibarını qazana biləsən”.
 

 





15.10.2012    çap et  çap et