525.Az

Mən danışmağı sevirəm, dinləməyi yox... - Esse


 

Mən danışmağı sevirəm, dinləməyi yox... - <b style="color:red">Esse </b>

Kaş ki, Allah ruhumuzu bədən adlı qəfəsə salarkən bizə seçim imkanı da verəydi. Kaş ki, seçə biləydik hansı canlının bədənində əsir olacağıq. Əsirlik, kimdəsə, nədəsə bağlı qalmaq onsuz da bir şey deyil, amma heç olmasa seçə biləydik.


Elə bir imkanım olsaydı, heç vaxt insan cismində məhbusluğu seçməzdim. Gözlərində günah, nifrət, kədər, qəzəb, əllərində qan, pul və ona bənzər şeylər, ürəyindəkilər gözlərindəkilərdən daha çox olan bir canlının sərhədsiz azadlığa malik ruhumu əsir etməsini heç istəməzdim. Nə doğularkən dodaqlarda təbəssum, nə ölərkən yanaqlarda iki damla yaş olardım. Kaş ki, elə bir daş olardım - bir yolun kənarında, yarısı asfalt çəkə bilmək üçün dinamitlərlə partladılmış, parçalanmış daş. Niyə daş? Hər şeyi doya-doya yaşamaq üçün - Günəşi, Ayı, yağışı, küləyi - hər şeyi. Nə qızmar günəşdən qorxardım, nə leysan yağışdan, nə də sözün həqiqi mənasında içimdən keçən yoldan, nə ətrafda görünən nə varsa, bəmbəyaz edən qardan. Heç nədən qorxmazdım. Əksinə, kiminsə qorxutmaq üçün son ümid yeri olardım. Amma daş olsam, arxadan atılan daş olmazdım. Mən heç topuğa da dəyməzdim.


Mən bulud da ola bilərdim. Tam da mənə və xarakterimə uyğun - dəli-dolu, avara. Yox, zarafat bir yana, bulud olsam, ağıllı olardım. Ağlayanların başının üstündə durar, onlardan da betər ağlardım. Kişilər ağlamaz, buludam e mən, ürəyim istəsə, səhərə kimi ağlayaram deyib arxayın-arxayın ağlayardım. Daha doğrusu, ağlaşardıq. Aşağıda fani dünyanın əbədi zəvvarı, yuxarıda mən. Axı, kişilər ağlamaz, onlar buludlar altında yanaqlarından süzülən yaşlara icazə verər. Bəxtinin qaralığından, taleyindən, qismətindən, qeyrətindən şikayətlənən, ağlayan kişidən bir neçə küçə o tərəfdə ağlayan fahişənin də başının üstə ağlardım. Rahat-rahat ağlaması üçün, yanaqlarındakı göz yaşını kənardakılara yağış suyu kimi göstərə bilmək üçün yox, qapqara buluddan süzülən göz yaşı kimi yağışı göstərmək üçün. Həm də qarabəxtin başının üstünü qara buludun alması dramatik olardı. Nə deyib ağladığını eşidərdim. Fahişə olduğu üçün özünümü, yoxsa onu bu yola vadar edən kişilərimi günahlandırır bilərdim, məsələn. Amma bəzən düşünürəm də, bəlkə də bulud, daş, xəzan, külək və sair olsaydım, insanları qısqanardım. Payızda yarpaq, qışda qar olmaq, ayaqlar altında xışıldamaq əvəzinə, o ayağın sahibi olmaq istərdim. Baharda hər tərəfi al-əlvan rəngə boyayan, hər tərəfə ecazkar ətir saçan gül-çiçək olmaqdansa, onları dərən, qoxlayan, heç nə eləməsə belə, seyr edən insan olmaq istərdim. Çox şey olmaq istərdim, amma bircə Allah olmaq istəməzdim. Mən axı, danışmağı sevirəm, dinləməyi yox...

 





30.05.2020    çap et  çap et