525.Az

Trampın sosial şəbəkələrlə bağlı qərarı hansı zərurətdən irəli gəldi? – Ekspertlər şərh edir


 

Trampın sosial şəbəkələrlə bağlı qərarı hansı zərurətdən irəli gəldi? – <b style="color:red"> Ekspertlər şərh edir </b>

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp 2020-ci il mayın 28-də “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Mahiyyət etibarilə, sərəncamda nəhəng sosial media şirkətlərin öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyduqları və bununla da “təhlükəli güc” tətbiq etdikləri qeyd olunur.


Sərəncama görə, “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə münasibətdə selektiv yanaşmalar tətbiq edirlər”. Ağ Ev lideri hesab edir ki, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-Amerika siyasətini dəstəkləyir. Eyni zamanda  ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur.
Bundan əlavə, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir, onlayn platformaların fəaliyyəti isə şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər.


Bütün bunlar ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır. Onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması da onların fəaliyyətinin tənzimlənməsini zəruri edir.


Xatırladaq ki, artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.


Azərbaycan da dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.
Mövzunun aktuallığını nəzərə alaraq bir sıra ekspertlərin fikirlərini öyrəndik.


Mövzunu şərh edən BAXCP sədrinin müavini, siyasi ekspert  Elçin Mirzəbəyli deyib ki, ABŞ Prezidentinin sərəncamı, ilk növbədə milli dövlətlərə, insanların şəxsi həyatlarına, qlobal sabitliyə, sülhə təhdid yaradan təhlükəyə qarşı atılan addım kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, Donald Trampın bu addımı onun 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışının davamıdır: “Xatırladım ki, həmin çıxışında ABŞ Prezidenti milli suverenitetin və vətənpərvərliyin əhəmiyyətindən söz açmışdı və qeyd etmişdi ki, azad dünya öz milli köklərinə dəyər verməli, onları silməyə, əvəzləməyə çalışmamalıdır.


ABŞ Prezidentinin sözügedən çıxışında gələcəyin qlobalçılara deyil, vətənpərvərlərə mənsub olduğunu bəyan etməsi isə, düşünürəm ki, onun son addımını əsaslandıran ən önəmli məqamlardan biridir. Kimsəyə sirr deyil ki, sosial şəbəkələr yarandıqları gündən ayrı-ayrı iqtisadi-siyasi mərkəzlərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirib, ayrı-ayrı ölkələrin siyasi sistemlərinə, ictimai rəyinə müdaxilə etməklə, onları xaosa, vətəndaş qarşıdurmasına sürükləyib, nifrətin, aqressiyanın, terrorizmin çiçəklənməsinə zəmin yaradıblar. Sosial şəbəkələrin nəinki milli dövlətlərin, hətta BMT kimi dünyada sülhə, əminamanlığa təminat verən qlobal təsisatların təsir dairəsindən, beynəlxalq hüququn norma və prinsiplərindən, milli qanunvericilikdən, məsuliyyətdən kənarda əlahiddə hüquqa sahib olmaları bu gün dünyada mövcud olan bir çox problemlərin əsas səbəblərindən biri və bəlkə də birincisi kimi qiymətləndirilə bilər”.


E. Mirzəbəyli qeyd edib ki, sosial şəbəkələrin hüquqdan, qanundan kənar, heç bir hüquqi və sosial məsuliyyətin olmadığı bir məkana çevrilməsi informasiya sahəsində milli və qlobal təhlükəsizliyə ciddi təhdid yaratmaqla yanaşı, bu sahədə rəqabət mühitinin də kobud şəkildə pozulmasına, peşəkar və qanun qarşısında məsuliyyətli olan kütləvi informasiya vasitələrinin sıradan çıxmasına zəmin yaradır:
“Məhz bu amil əsas götürülərək, təxminən 2 il öncə Avropa Şurası Parlament Assambleyasının sosial şəbəkələrdə yalnız peşəkar kütləvi informasiya vasitələrinin məlumatlarına istinad edilməsi ilə bağlı tövsiyə xarakterli qətnaməsi də qəbul olunmuşdu. Amma təbii ki, bu sənəd heç bir hüquqi təsir mexanizminə malik olmadığı üçün bu sahədə baş verən özbaşınalığın qarşısının alınmasına da hər hansı bir formada təsir göstərə bilməzdi. Məhz bu baxımdan, terrora, qarşıdurmaya, insanlıq əleyhinə cinayətlərə, milli-dini ayrıseçkiliyə, xaosa, özbaşınalığa, əxlaqsızlığa çağırış platformasına çevrilmiş sosial şəbəkələrdə baş verənlərin qarşısının alınması üçün onların fəaliyyəti, yaxud fəaliyyətsizlikləri üçün hüquqi məsuliyyət yaradan addımların atılmasına ehtiyac var idi. ABŞ Prezidentinin imzaladığı sərəncam da məhz bu hüquqi məsuliyyətin yaranmasına xidmət edir.



Donald Trampın sərəncamı, qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi baxımından da önəmlidir. Çünki mümkün deyil ki, real həyatda sən bir ölkənin vətəndaşı kimi bu və ya digər hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyasan, amma sənin eyni davranışları virtual platformalarda nümayiş etdirməyin heç bir hüquqi məsuliyyət yaratmasın. Bu hüquqi nihilzmdir və buna son qoyulması bütün bəşəriyyətin təhlükəsizliyinə, hüququn aliliyinin qorunmasına xidmət edir. Hazırda yaşadığımız qlobal pandemiya dönəmi də “qanundan kənar” virtual platformaların nə qədər təhlükəli və ziyanlı olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, bu amil də ABŞ Prezidentinin qərarına öz təsirini göstərib”.
Ekspertin sözlərinə görə, ABŞ Prezidentinin sərəncamı, eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.
Elçin Mirzəbəyli əlavə edib ki, Trampın imzaladığı sənəd, beynəlxalq müstəvidə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına əsas verir:


“Bununla bağlı artıq uzun illərdir ki, müzakirələr aparılır və Azərbaycan da bu prosesdə aktiv rol alan ölkələrdən biridir. Artıq qlobal müstəvidə virtual hüquq məcəlləsinin yaradılmasına və sosial şəbəkələrin, internet resursların yayımlandıqları məkanların milli qanunvericiliklərinə uyğun olaraq fəaliyyətlərinin təmin edilməsinə ehtiyac var. Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə sözün əsl mənasında müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayəıtlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğunua qətiyyən şübhə etmirəm. Bu həm milli, həm də qlobal sosial çağırışdır”.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu hesab edir ki, Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi əslində sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna bir nizam gətirmək cəhdidir. Onun sözlərinə görə, sosial şəbəkə adlandırdığımız internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır. Hazırki qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti elə qlobal xarakter daşımaqla özəl olmaqdan çoxdan çıxıb və sosial-iqtisadi, ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib: “Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi etibarı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən instutisional quruma çevrilib. Beləliklə də vaxtilə media haqqında deyilən 4-cü hakimiyyət ifadəsi sosial şəbəkələrə aid edildikdə artıq ikinci bəzi hallarda isə elə birinci hakimiyyət kimi ifadə edilir".


Deputat əlavə edib ki, dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin liderinin, yəni Prezidentinin söylədiyi fikirlərin qeyri-dəqiq ola biləcəyi etiketi ilə yaymaq, Prezidenti əslində etibarsızlaşdırmağa cəhd etmək deməkdir:


“Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Göründüyü kimi, bü mülahizələr və təsbitlər Trampın qərarının əslində düzgün olduğunu göstərir. Məsələ onadadır ki, sosial şəbəkələrin fəaliyyət təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur, eyni zamanda dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oynayır. Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi –siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya raporuna çevirməsi buna əyani sübutdur. Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırki vəziyyətdə isə Trampın belə bir qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir. Ancaq şübhəsiz ki, sosial media və sosial şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır və hazırki mərhələdə sosial və hüquqi məsuliyyətini artırmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır".


 Pərvanə

 


 

 





31.05.2020    çap et  çap et