525.Az

Səməd Vurğunun “Ana və körpə”sindən duyulanlar


 

1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür

Səməd Vurğunun “Ana və körpə”sindən duyulanlar <b style="color:red"></b>

 Uşaq ədəbiyyatı deyəndə və onu təhlilə gətirəndə məsələni Səməd Vurğundan əsasən kənarlaşdırırıq. Baxmayaraq, şairin hələ 20-ci illərin sonlarından qələmə aldığı şeirlər var: «Bahar şərqisi» (1928), «İki körpə» (1929), «Qızcığaz» (1939), iki «Pioner marşı» (1939 və 1941) və sairə. Müharibədən sonra Vurğun daha bir maraqlı şeir qələm aldı: «Ana və körpə» (1949).

Şairin poeziyasının bütöv məzmununu: təsvir və obrazlarının səciyyəsini İnsanla Təbiətin harmoniyası təşkil edir və bu sosial-mənəvi motivi inkişafda - təkamüldə görürük. Rasional axtarış, fərdi ziddiyyətlər insanın tamlığına, cəmiyyətdə fəallığına, Vətənini sevib qorumağa xidmət edir. Poetik obrazlar, qəhrəmanlar - uşaq və gənclərdir, yeniyetmələrdir - az-çox böyüyür. Təbiəti başa düşür, onun qoynuna sığınır, amma itaətkarlıq göstərmirlər. Şeirlərin predmetində cəmiyyətin inkişaf xəttinin geniş miqyası dayanır. Və həyat bu kontekstdə doğulan uşaqlara, böyüyən gənc nəslə biganə qalmır. Uşaq zövqünü nəzərdə tutmayan S.Vurğun «Bahar», «Bahar düşüncələri», «Göygöl», «Sünbül», «Azərbaycan», «Tarla nəğməsi» və sair şeirlərində dərin ictimai-əxlaqi fikirlər qoysa da, böyüməkdə olan nəslin «öz payını» götürməsinə də «əlyeri» qoymuşdur. Hələ 22 yaşında yazdığı «Bahar şərqisi» yığcam şeiri Kainatın aparıcısı Günəş obrazını uşaqlara təqdim edir və bu hüdudsuz mövcudatın ahəngdarlığını bərabərölçülü - həyatverici hərəkətini yaşam mənbəyi kimi səciyyələndirir:

Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər.

Kainatın rasional  sxemini duyan şair Qalileyin və Nyutonun məlum düsturlarından xəbərdardı; o, mücərrəd təsəvvürlə məktəblilərin başını qatmır. Konkretdir:

Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Yerdəki əlvan otlar
Cücərib boy atdılar…

S.Vurğun kövrək uşaq idrakının gücünü qiymətləndirməklə, təbiətin bir zərrəciyimi, nəhəng mövcudatını - Günəşin gücünü əyaniləşdirir və harmoniyanı göstərir.


 

Şair «Ana və körpə» şeirini yazana qədər (1949) uşaq aləminin psixologiyasını öyrənmişsə də, onların xarakterindəki maraqlı cəhətlərə aid poetik nümunələr nədənsə yazmamışdı. Halbuki onun Azərbaycan uşaq ədəbiyyatını analitik təhlil edən məruzəsi olmuşdu. İyirminci və otuzuncu illərin məhz qurtaracağında uşaqların nikbin böyüməsi üçün şair daha çox bədii sözə yer vermişdi. Belə ki, «İki körpə» və «Qızcığaz» şeirlərinin qəhrəmanları qız yavrulardır. Bu yolun seçimi təsadüfi deyildi: balaların həyatın necə də çətin və mürəkkəb olduğunu o yaşlarda bilmələrinə ehtiyac qalmır; onsuz da hər şeyin öz vaxtı vardır. İndi - o dövr üçün lazımdı - bədii poetik nümunələr uşaqların psixoloji, emosional və estetik tələbatını ödəsinlər. Yeni dünyanın sakinləri - iki qızcığaz qoy bəxtiyar böyüsün. S.Vurğun əslində dünyaya gələn və doğulacaq körpələrin firavanlığını alqışlayır; onlar nə qədər sağlam olsalar, Azərbaycan xalqının gələcəyi zəngindir: analar və atalardır onlar. İki körpə: birincisi, oynaq, qayğısız xoş üzlüdür; səsi incə musiqini andırır, gözlərində bir canlı gündüz yaşayır:

Digəri: daha xoş bir qız yavrusu,
Lalədən rəng alıb gülür varlığı.
Onun nə dərdi var, nə də qayğusu,
Qazanmış əsrindən bəxtiyarlığı.

Bu şeirdən on il sonra yazılmış «Qızcığaz» fikrin - irəli sürdüyü məqsədin («İki körpə»də) davamını görürük; yeni həyatın mənəvi-psixolojisini gənc valideynlər təmin edirlər, fəaliyyətin təsir gücü fərdi taleləri ictimai qüvvədə birləşdirir. Şeirin qəhrəmanı alagöz, sarışın körpəcə bir qızdır. Təkdir (nə üçün? Ehtimal atası ya səfərdədir, ya da işdədir) və gözünü sıxır. Şübhəsiz, bu haləti intizardan gəlir; buna dözməyən qonşular onu heç cürə ovundura bilmirlər: «Ana nəfəsinin özgə dadı var» - pıçıldayır şair.

 

Oxucu hələlik qızın «dərdindən» bixəbərdir. Halbuki az sonra Təbiətin əbədi və təntənəli hadisəsi baş verəcəkdir. Hərəkət anlayışı (Qalileyə məxsus) ətalət anlayışını (Dekarta məxsus) yarıb keçəcək və Kainatın harmoniyasını tamamlayacaq bir körpə dünyaya gətirəcəkdir ana! Biz belə bir poetik süjetdə epiklik axtarmamalıyıq. Şeirin poetikasındakı fikir gerçəkliyi axtarışına gəlib çıxır, ənənəvi, amma iradsız formanı götürür, təbiətin daha bir hadisəsini oxucuya təqdim edir. Və ən çox sevinən Anadır, müqəddəs varlıqdır. Təsadüfi demirik: Ana Təbiət!

- Alagöz, Alagöz! Bir oyan, qızım,
Sənsən bu dünyada tale ulduzum…
Qızcığaz gözünü yuxudan açır,
Ana o gözlərə bir şəfəq saçır.

S.Vurğun yozumunu qəribə hesab etməzdik - maraqlıdır ki, uşaqlar üçün yazdığı nümunələrdə Ana və onun Körpəsi (uşağı) əsas obrazlardır.
Təhlil etdiyimiz «Uşaq və buz», «İki uşaq», «Uşaq və dovşan» şeirlərində M.Ə.Sabirin, A.Səhhətin və A.Şaiqin poeziyasında uşaqların tipikləşdirilmiş obrazlarının ən səciyyəvi xüsusiyyətlərinə analitik yanaşmışdıq və bu təsvir subyekti, təbii ki, müəlliflərin seçimidir. Poetikadan məlumdur ki, şairlər üçün tərənnüm obyekti öz-özünə poetik təsvir hissi oyatmaya bilir, lakin poetik ovqat, mənəvi yanaşma, bədii ehtiras - bu «triada» tərənnüm olunan faktları oxucu malı edir. Səməd Vurğunun «Ana və körpə»sində də intellektual zövq - hissi fəallıq - ana-bala məhəbbətində vəhdətdə verilmişdir. Əks təqdirdə, şeir başdan-binadan sönük, cansız təsiri oyadardı. Şeirdə şair «son nəsil» Ana obrazını o situasiyada təsvir edir ki: xüsusilə, uşaq üçün ab-hava - təbiət çətinliklər, problemlər yaradır. Hansı fəsildir bu? Və kimdir o? İki görüm - fərdi fantom. Gəlin - insan və ağac - təbiətin elementi, Yayın qızmarı və yolun üstü - hərəkət anlayışı - yuxarıda vurğuladığımız bu məfhumu Zaman və Məkan çərçivəsi: Yaşlı və uşaq. «Və»lərin ayırdığı canlı-cansız tərəflər bir-biriylə vəhdətdədir - ayrılmazdır. Bir parçanı xatırladaq:

Yay günü… Yol üstü… Ağac kölgəsi…
Kölgədə bir gəlin oturmuş yalqız.
Od tökür başına göyün nəfəsi,
Yatır qucağında südəmər bir qız.

Zahirən sadə təsvirdir (qoy olsun) və poeziyanın bir üsulu ilə (metodu) - oxucuya özgə paltarını geyindirmir. Lakin ananın iztirablarını yaşamağa oxucunu hazırlayır. Və bu zərurəti doğurur. Oxucu müəllifin hipnozuna düşür. Biz əhvalatın açılması intizarını sualsız çəkirik. Gəlini - ananı nə vadar etmiş ki, o, bu halda qoynunda - qucağında südəmər körpəsiylə sakitcə dayanmışdır, səsini də çıxarmır, yardıma kimsəni çağırmır. Deməli, Ana hələlik sakitliyə riayət etməyə üstünlük verir. Bəlkə o, öz balasına vurulmuşdur, ilkin övladıdır, uzun illər həsrətini çəkmişdir? Bu «sualları» şair irəli sürmür. Təsvir edir:

Uşaq yuxusunda qımışıb gülür,
Tamam qapanmamış ala gözləri.
Onun saf üzündən nurlar tökülür,
Elə bil açılır bir yaz səhəri.

Bir cocuğun təsviri necə də zərifdir, ləkəsizdir. Yuxuda uşağın qımışması, dodağının səyirməsi ilahi bir bəxşişdir. Bu, təbiətin möcüzəsidir, eyni zamanda təbiətin mənbəyidir; şairə güc-qüvvət vermişdir. Öncə şair bu məsum vücuda vurğun kəsilmişdir. Və şeirin predmetində ifadəsini tapmışdır. Diqqət etsək, uşağın zahiri əlamətləri çox konkret cizgilərdə təsvir olunmuşdur və sair.

S.Vurğun cocuğun surətinin tərənnümündən uzaqlaşmışdır; çün, körpə - insan təbiətin zərrəciyi olmaqla, gözəldirsə, şeirdə də o, sadəcə gözəldir. Rus estetiki N.Q.Çernışevskinin sözüdür və yerində demişdir; biz də məqamında işlədirik: «Əgər varlıqda gözəl təbiətin başqa meylləriylə mübarizədə inkişaf edirsə «sənətdə gözəllik də onu yaradan insanın başqa meyl və tələbləriylə mübarizədə inkişaf edir».

S.Vurğun Ana və onun uşağında bütöv bəşəri gözəlliyi görmüşdür. Yer üzündə insan yeganə əşrəfdirsə, təkrarsız varlıqdırsa və bu iki şəxs - nəfər yayın istisini nəzərə almadan belə, bir-birinə sığınmışsa, ehtiyac varmı onlara bioloji varlıq kimi şair yanaşsın? S.Vurğun şeirdə çalışmışdır ki, Ana və bala obrazları mənəvi gözəllik duyğusu da aşılasın, oxucuda məxsusi bəşəri ideyalar doğursun, düşünə blisin ki: Bəşər tam halda insanı qorumalıdır, insanı mənəvi-sosial-iqtisadi cəhətdən elə etməlidir ki, demoqrafik proses ləngiməsin. Gözəllik: ana-uşaq-körpə kənardakılara, onları müşayiət edənlərə estetik siqnal vasitəsi kimi də təsir göstərsin. Lakin. Bir laqeydlik. Saymazlıq:

Axışıb atlılar, arabalılar
Kəndlərə qayıdıb gedir şəhərdən,
Nə hava tərpənir, nə meh, nə rüzgar,
Quşun da nəfəsi təngiyir hərdən.

Səməd Vurğun bu epizodda insan davranışının fəlsəfəsinə toxunmuşdur: Bir ağacın altında, qızmar günəş istisində ana və qucağına, sinəsinə sıxmış iki insana sayğısızdırsa, gəlin bir sualı cavablandıraq: «İnsan nədir?» Sualın poetikasına varsaq: İnsan haradan gəlir və haraya gedir? Əlbəttə, suallara Hindistan, Yunanıstan, Çin filosofları aydın cavab vermişlər və biz bunun üzərində geniş dayanmaq istəməzdik. Lakin konkretliyə gəlsək: İnsan şüuru müxtəlif regionlarda bəzi ümumi problemlərə müxtəlif yöndən yanaşır, yəni dünyanın ayrı-ayrı hissələrində labüd şəkildə eyni problemlərin müxtəlif tərəflərinə diqqət yetirirlər: Milli və regional şüurun müəyyən özünəməxsusluğu: mövcud həqiqət!

Əgər atlılar, arabalılar bu canlı görümə əhəmiyyət vermədən ötüb keçirsə, belə qənaətə gəlməkdə haqqımız var ki, hər bir fərd insanın daxili aləmini anlamağa çalışmalıdır, dərində gizlənmiş iç ağrılarını, ehtiyaclarını - həqiqətlərini öyrənməyə, hali olmağa borcludur. Buna ona görə borcludur ki, konkret desək - ana və onun körpəsi Allahın bir zərrəciyidir; xüsusilə, uşaq bütün varlıqlardan, lap valideynindən də ucada dayanır. Maraqlıdır və bəşəri hissdir ki, S.Vurğun belə qeyri-insani vəziyyətin üstündən keçmir:

Duyub körpəsinin hər bir halını,
Ana sığınmışdır bu kölgəliyə.
Uşağın üzünə çəkir şalını,
Günəş, gözlərinə düşməsin deyə.

Deməli, Ana qüdsiyyətində o enerji var ki: Tanrıya məxsus imkanlara malikdir və bunun sayəsində ana yaranmışlardan biri olaraq, övladını gələcək ana kimi tərbiyə edəcəkdir; o da öz növbəsində dünyaya (cəmiyyətə) övlad - insan gətirəcəkdir. Bununla şair mənəvi normalara və əxlaqi meyarlara poetik fikrin məzmun müstəqilliyində yanaşır, insanlığın sosial-ictimai qiymətinin bədii qavrayışını - idrakını təsvir edir. Əgər ümumiyyətlə, insan hansı təbəqədən olmasından asılı olmadan üç faktordan - «triada»dan yan keçməməlidir: Özünüdərk; gözəllik duyğusu və psixoloji təkamül - bunlar yoxsa, yaxud çatışmırsa onun yaşamağa haqqı çatmır. Ana və körpə belə bir dilemmada qalmır və şair əsla buna imkan yaratmır. O, çıxış yolunu daxilində tapır və görünür, ətraf mühitin laqeydliyinə də bələddir:

Yol üstdə dincələn o gəlin kimdir?
Şəhərdən qayıdır, kəndə gedəcək.
Uşaq yuxusunu alacaq indi,
Ana öz yoluna davam edəcək.

S.Vurğunun «Ana və körpə» şeirinin poetikasına varmaq oxucunu daha dərinə aparır və çağdaş dünyamızın mənəvi-əxlaqi katarsisinə səsləyir. Və daha ətraflı təhlilə ehtiyacı gizlətmir.

 





01.06.2020    çap et  çap et