525.Az

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yaydı


 

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yaydı<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb.

APA xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bütün uşaqları, valideynləri, habelə onların hüquq və mənafelərinin müdafiəsi ilə məşğul olan şəxsləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edir və uğurlar arzulayıb.

Bəyanatda bildirilib ki, Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyinin əməkdaşlığı ilə ümumitəhsil müəssisələrində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda üsulu ilə pilləli tədris proqramı hər il Bakı şəhərinin hər bir rayonu, habelə respublikamızın müxtəlif şəhər və rayonlarından bəzi məktəbləri əhatə etməklə uğurla davam etdirilməkdədir. Pilləli tədris prosesində Təhsil Nazirliyinin müvafiq qurumları, eləcə də Bakı Dövlət Universitetindən alınmış rəy əsasında nəşr edilmiş “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı iki tədris vəsaitindən istifadə olunub. Ombudsman Aparatı tərəfindən hazırlanaraq çap olunmuş uşaq hüquqları üzrə maarifləndirici vəsaitlər pilləli tədrisin həyata keçirildiyi məktəblərin kitabxanalarına təqdim edilmişdir. Ümumilikdə Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 190-dan çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 11000-dən artıq şagirdə Müvəkkil tərəfindən sertifikat, 900-dən çox müəllim və direktora təşəkkürnamə verilib.

“Qeyd etmək lazımdır ki, Müvəkkilin pandemiya dövründəki fəaliyyəti çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair ictimaiyyətə məlumat verilib.

Ombudsmanın ünvanına daxil olan bütün müraciətlərə çox həssaslıqla yanaşılır, qaldırılan məsələlərin həlli ilə bağlı operativ şəkildə təcili addımlar atılır ki, bu da istismar, zorakılıq və digər bu kimi hüquq pozuntularına məruz qalmış uşaqlarda özünümüdafiə bacarıqlarını formalaşdırır və pozulmuş hüquqlarının bərpasına nail olunur.

Təəssüflə qeyd edirik ki, təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanları sırasında uşaqlar da var. 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 613 nəfərdən 63-ü məhz uşaqlar olub. Bununla yanaşı, 8 ailənin tamamilə məhv edilməsi nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76 uşaq yaralanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb ki, onların arasında 67 uşaq var. Həmçinin, işğalçı Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs əldə olunsa da, bu günə qədər təcavüzkar ölkəyə məxsus silahlı qüvvələrin atəşkəs rejimini mütəmadi olaraq pozması nəticəsində uşaqların ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş fundamental hüquq və azadlıqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub. Belə ki, bu günədək 34 nəfər uşaq erməni terrorunun qurbanına çevrilmişdir ki, onlardan 14 nəfəri həlak olmuş, 20 nəfəri isə yaralanıb.

Bütün uşaqların normal, təhlükəsiz şəraitdə və sağlam ətraf mühitdə yaşamaq, təhsil almaq hüquqlarının reallaşdırılması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün uşağın normal ailəsinin olması əsas şərtlərdəndir. Ailədə övladın yaxşı tərbiyəsi isə valideynlərin ümdə vəzifələrindən olmalıdır. Onlar cəmiyyət üçün yararlı, sağlam düşüncəli, sağlam əqidəli, vətənpərvər, bəşəri dəyərlər əsasında tərbiyə olunan, xalqa, dövlətçiliyə sadiq övladlar kimi yetişdirməlidirlər.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar naminə və uşaqların iştirakı ilə bütün dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini, icmaları və bütövlükdə hər kəsi uşaqlara qayğı ilə yanaşmağa və dəstək verməyə çağırıram”, - deyə bəyanatda bildirilib.

 





01.06.2020    çap et  çap et