525.Az

Deputat koronavirusdan sağalmış şəxslərə çağırış etdi


 

Deputat koronavirusdan sağalmış şəxslərə çağırış etdi<b style="color:red"></b>

“COVİD-19 pandemiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilmiş qabaqlayıcı tədbirlər, əldə olunmuş nəticələr bizi sevindirir. Bununla yanaşı, bəzi sərt karantin rejimi qaydalarının yumşaldılması ilə bizim qarşımızda çox ciddi tapşırıqlar meydana çıxıb ki, bu istiqamətdə uyğun tədbirlər həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxışında deyib.

Deputat bildirib ki, pandemiya dövründə sərt karantin rejimində bir sıra elektiv əməliyyatların təxirə salınması və xüsusi ehtiyac olmadıqda müxtəlif müayinə və əməliyyatların gecikdirilməsi ilə bağlı əhaliyə müraciət olunmasına baxmayaraq, təcili-təxirəsalımaz tibbi xidmətlərin təmin olunması üçün xüsusi profilli tibb müəssisələri tam gücü ilə fəaliyyətlərini davam etdirir: “Mən bu kürsüdən əhaliyə müraciət edərək bildirmək istərdim ki, bir sıra xroniki xəstəliklərin davamlı müalicəsi, lazımi müayinələrin aparılması, ölkədə immunoprofilaktik tədbirlərin həyata keçirilməsində heç bir məhdudiyyət yoxdur. Bakıda və paytaxtdan kənarda yaradılmış regional tibbi ərazi bölmələri tərəfindən multidisiplinar səhiyyə müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi, tibbi personalın hazırlığı, tibb müəssisələrində infeksion nəzarətin gücləndirilməsi ilə bağlı işlər davam edir ki, bu da təcili-təxirəsalınmaz tibbi xidmətlərin əlçatanlığının təmin olunmasına xidmət edir. Bunu bildirməkdə məqsədim bütün səhiyyə sisteminin yalnız koronavirusla mübarizə tədbirlərini hədəf seçməsi ilə bağlı çaşqınlığı aradan qaldırmaqdır”.

S. Məmmədov qeyd edib ki, bununla yanaşı, Milli Hematologiya və Transfuziologiya Mərkəzində ağır koronovirus xəstələrinin müalicəsi üçün xəstəlikdən sağalmış şəxslərin immuno-plazmasının təmin olunması uğurla həyata keçirilir ki, bu da hal-hazırda müalicədə öz müsbət nəticələrini verməkdədir: “Fürsətdən istifadə edərək, xəstəlikdən sağalmış hər kəsi bu gün ağır vəziyyətdə olan xəstələrin müalicəsinə öz dəstəklərini əsirgəməməyə çağırıram. Koronavirusla mübarizədə əhalinin maarifləndirilməsi sahəsində görülən işlərlə bağlı bildirmək istərdim ki, çoxlu sayda maarifləndirici sosial video çarxların hazırlanması ilə bərabər tibb müəssisələrindən xəstələrin müalicəsinə həsr olunmuş verilişlər hazırlanıb televiziya kanallarında yayımlanır. Tibbi etika qaydalarından irəli gələn bir sıra çətinliklərə baxmayaraq, bu iş prioritet məsələlərdən biri kimi həyata keçirilir”.

 





02.06.2020    çap et  çap et