525.Az

Toy və yas mərasimlərindəki dəbdəbədən necə xilas olmalı? - Şahanə Müşfiqin yazısı


 

KARANTİN GÜNLƏRİNDƏ YAS MƏRASİMLƏRİ İLƏ BAĞLI TƏTBİQ EDİLƏN MƏHDUDİYYƏTLƏR MÖVZUNU YENİDƏN AKTUALLAŞDIRDI

Toy və yas mərasimlərindəki dəbdəbədən necə xilas olmalı? - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Azərbaycanda toy və yas mərasimlərinin ildən-ilə daha da dəbdəbəli hal alması və bunun müqabilində yaranan israfçılıq zaman-zaman gündəmin əsas mövzularından olub. Dəfn mərasimində, ehsan süfrəsində, qəbir daşlarının hazırlanmasında, eləcə də digər görünüşdə xırda, maliyyədə isə böyük olan bir çox məsələlər var ki, bu zaman yol verilən israfçılıq uzun illərdir, az qala, "milli-mənəvi dəyər", "adət-ənənə" kimi dəyişməz rəmzlərə çevrilib. Əslində isə həqiqəti az-çox hamımız bilirik. Ölü yiyəsi itirdiyinə ağlamağı təxirə salıb, zəngin süfrənin, əzəmətli, bər-bəzəkli qəbir daşının hayına düşür. Hələ bunun heç tanımadığı adamdan ötrü ağı deyib, yaxa cırıb, vəzifəsi camaatı ağlatmaq olan mollaları da var. Təəssüf ki, bunlar rəhmətə gedən şəxsin ağrısının ifadəsindən daha çox, qonum-qonşuya, tanış-bilişə nümayiş etdirmək məqsədi daşıyır. Buna görə də toy və yas mərasimləri artıq insanların özünü göstərdiyi və rəqabətin ən güclü həddə çatdığı bir yarışa çevrilib. Bütün bunlar həm də müəyyən mənada qeyri-səmimiliyə gətirib çıxarır. Mütərəqqi baxışlı din alimləri isə İslam dinində belə şeylərin olmadığını təkrar-təkrar vurğulayırlar.  


Belə bir vəziyyətin yaranmasında əsas faktor yenə də cəmiyyətin özüdür. Toya gedib neçə  cür yemək yeyəndən, neçə cür içki içəndən sonra evə gəlib "süfrə boş idi, yeməyə heç nə tapmadıq" deyə günlərlə məclisə mız qoyan, yasa gedib ölü yiyəsinə təsəlli vermək yerinə, az qala, dovğanın içərisindəki noxudu sayan, süfrədəki bozbaşın ətinin necə bişməsini, qızın anasını, qadının ərini necə ağlamasını güdən, qırx günün tamamında qəbiristana tələsib qoyulan qəbir daşını yan-yörədəki, ya da vaxtilə öz doğmaları üçün qoydurduqları qəbir daşlarıyla müqayisə edən insanlar olduqca, rəqabət də, qeyri-səmimilik də daha çox tüğyan edəcək.


Hələ bir neçə il öncə, Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan az sonra yas mərasimlərində israfçılığın aradan qaldırılmasına yönəlmiş müzakirələrə təşəbbüs göstərmiş, bununla bağlı bir çox çıxışları, müsahibələri olmuşdu. Həmin dövrdə Komitə rəhbərliyi ölkə boyu vətəndaşlarla bu mövzuda maarifləndirmə xarakterli görüşlər keçirir, məsələnin dini, ictimai, sosial tərəflərini izah edirdilər. Axundlar, din alimləri yas mərasimlərindəki dəbdəbənin, israfçılığın heç bir dini çərçivəyə sığmadığını, İslam dininin də bunu təqdir və qəbul etmədiyini deyir, müqəddəs kitabın tələblərini və dini hökmləri xalqa çatdırırdılar. Bütün proseslər bu dəyişikliyin məhz ictimai və sosial sifariş olması qənaətini yaradırdı.


Doğrudan da aparılan kütləvi maarifləndirmə işləri müəyyən qədər işə yaramışdı. Bəzi rayonlarda ehsan üçün çay, xurma, limon, halva, yuxa və qənddən ibarət sadə süfrələr açılır, insanlar hüzr yerində çay içib, başsağlığı verməklə kifayətlənirdilər. Bəzi Bakı kəndlərində və müəyyən bölgələrdə vəfat edən şəxsin üç mərasimi keçirilir, 7 və 40, eləcə də, "cümə axşamları" deyilən mərasimlər verilmirdi.


Həmin dövrdə bu təşviqat və təbliğata ölkənin bir çox ziyalıları da qoşuldular. Onlar öz ailələrində düşmüş yas mərasimlərini olduqca sadə, təmtəraqdan uzaq keçirməklə bir növ örnək rolunu oynayırdılar. 


Təəssüf ki, bu proseslərin ömrü gözlənilən qədər uzun çəkmədi. Baş verən dəyişikliklər, qoyulan qayda-qanunlar epizodik xarakter daşıdı. Sonrakı mənzərəyə nəzər salsaq, deyə bilərik ki, heç nə dəyişmədi. İnsanlar yenidən əvvəlki vəziyyətə, bu dəfə daha şişirdilmiş şəkildə qayıtdılar. Çünki onlar hesab edirlər ki, yasda yemək verməsə, hörmətsizlik olar, ictimaiyyət onu qınayar. Buna görə yenə də başladı rəqabət atmosferi yaranmağa. Hər kəs bir-biri ilə bəhsə girərək yenidən bu halları təkrarlamağa başladı.


Bəlkə də həmin dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin başladığı bu təbliğata Qafqaz Müsəlmanları İdarəsi, xüsusən Şeyxülislam Allahşükür Paşazadə daha ciddi dəstək versəydi, bu barədə dövlət səviyyəsində ciddi qərarlar qəbul edilsəydi, məqsədə daha tez çatmaq olardı. Doğrudur, Şeyxülislam da israfçılığın əleyhinə olduğunu dedi, bunların nisbətən aradan qaldırılmasını tövsiyə etdi. Ancaq bunlar sadəcə, tövsiyə olaraq qaldı. Bu tövsiyə ilə bərabər, "kimsə öz ölüsünə bu cür yas vermək istəyirsə, biz buna qarışa bilmərik" fikri də səsləndi. Bu da hər kəsin öz bildiyi kimi davranmasına kifayət etdi.


***


Üç aydır, mövcud COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi davam edir. Karantinin ilk günlərindən çıxarılan qərarlardan biri də toy və yas mərasimlərini müəyyən vaxta qədər təxirə salmaqdır. Yas mərasimlərində vəfat edən şəxsi torpağa tapşırmaq prosesindən başqa insanların digər günlərdə həmin evə yığışmasına, ehsan verilməsinə icazə yoxdur. Karantinin ilk zamanlarında insanlar müəyyən qədər bu vəziyyətə tabe olsalar da, sonrakı proses göstərdi ki, biz heç koronavirus, xəstəlik də "saymırıq". Paytaxt Bakı və digər böyük şəhər mərkəzlərində müəyyən qədər əməl olunan bu qadağa rayonlarda, kəndlərdə ciddiyə alınmır. İnsanlar yenə də axınla yas yerlərinə gedir, 40 gün yas evi adamla dolub-boşalır. Bu vəziyyət isə potensial virus yayılması mənbəyidir. TƏBİB-in açıqlamaları da koronavirus infeksiyasına kütləvi şəkildə yoluxmanın daha çox yas mərasimlərində olduğunu sübut edir.


Sirr deyil ki, bu üç ay ərzində xalqın sevdiyi, saydığı dəyərli sənətkarlar, şairlər, yazıçılar, ziyalılar, alimlər arasında da dünyasını dəyişənlər oldu. O şəxslər ki, başqa zaman olsaydı, ən azından onlarla vida mərasimi hansısa mötəbər qurumda dövlət səviyyəsində keçiriləcəkdi. Amma keçirilmədi. Dövlət və həmin vəfat edən şəxsin ailəsi mövcud vəziyyəti nəzərə alaraq dəfn və sadə ehsanla kifayətləndi. Bu o demək deyil ki, dövlət öz sənətkarına, ailə öz itkisinə dəyər vermir, xalq öz ziyalısı, sənətkarı ilə vidalaşmaq istəmir. Bu o deməkdir ki, qanun hər kəs üçün qanundur.


Bu günlər sosial şəbəkələrin də əsas mövzularından biri məhz budur: məcburən əvvəlki dəbdəbədən uzaq toy və yas mərasimləri. Bir çoxları karantin günlərini belə gərəksiz adətləri, israfçılığı aradan qaldırmaq üçün şans hesab edir. Deyirlər ki, hazır məhdudiyyətlər qoyulmuşkən indiki qadağalar karantin sonrasında da tətbiq edilsin. Ümumi mənzərəyə nəzər salsaq, çoxlarının bu fikri dəstəklədiyini görərik.


yas çadırı haqqında xəbərlər - Ekspress.az


Bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Feysbukda bir cümləlik paylaşımı ilə mövzunu yenidən gündəmə gətirdi. Üç kəlməlik status belə idi: "Yası tərgitmək gərək". Həmin paylaşıma  ziyalılar, jurnalistlər, yazıçılar və digər peşə sahibləri dərhal reaksiya verərək bu fikri məmnuniyyətlə dəstəklədiklərini ifadə etdilər. Hər kəs öz arqumentini gətirir, narazı olduqları məqamları qabardırdı:


Elxan Məmmədov: "İndi olduğu kimi olsa, məhdud sayda, ehsansız, 3-süz, 7-siz, 40-sız, mərasim zalsız yaxşı olar. Ancaq ən yaxın adamları dəfn və başsağlığı versələr, kifayətdir".


Ofeliya Musayeva
: "Çox vacib təklifdir. İnsanların öz dərdi bir yana, ölü yiyəsi nə qədər insanın könlünü razı salmalıdır. Birdən nəsə xoşlarına gəlməz... Rayon yerlərində lap dəhşətdir. Tanımadığın insanlar, "aaz, sən niyə ağlamırsan, niyə özünü parçalamırsan, üzünü-gözünü cırmırsan, niyə layla demirsən, niyə ölmürsən, ölünü niyə urvatsız eliyirsən?" - deyə az qalırlar adamı linç eləyələr. Az qalırsan hayqırasan "qoy mən dərdimi çəkim" - deyə! Kimə deyirsən? Aylarla müzakirə olunur..."


Aynurə Paşayeva: "Belə getsə, Türkiyə nümunəsinə keçəcək. Amma yenə həyət evlərində 50-dən çox adam yığışıb mərasim keçirilir".


Yusif Mirzə
: "Yasların və toyların formatını dəyişdirmək lazımdır. İndiyə qədərki şəkillərdə sadəcə biabırçılıqdır. Bu şəkildə onlar heç kimə lazım da deyil. Karantin göstərdi ki, ehsanı da yığışdırmaq, toylara da bir çarə fikirləşmək olar. Toylara gedir, stolun üstünü doldurmuş yemədiyimiz yeməklərə, içkilərə, heç bir zövq almadığımız bayağı musiqi və mahnılara görə pul ödəyirik. Kiminsə cibi dolur. Nə toy sahibinə xeyri var, nə də bəylə gəlinə. Buna bir son qoyulmalıdır".


Şərhlərdə o da qeyd olunurdu ki, bu, təkcə indinin problemi deyil, kökü qədimdir və ziyalılarımız arasında zaman-zaman buna qarşı çıxanlar da az olmayıb:


Yusif Kamal: "İstismar aparatı olan restoran (şadlıq sarayları) toylarına da son qoymaq lazımdır. Manaf Süleymanov yazırdı ki,  keçmişdə bəylər insanları müflis eləmək üçün  sünnət toylarını dəbə salmışdılar. İndi də toylar, mərasimlər..."


Lalə Hacıyeva
: "Publisist və görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlu yasları tərgitməyi hələ 1906-cı ildə təklif etmişdi".


Bəziləri bunun birdən-birə mümkün olmayacağını arqument gətirərək prosesə tədricən başlamağın lazımlığını vurğulayırdılar:


Ağacəfər Həsənli: "Adət-ənənə xalqın iliyinə, sümüyünə işləyib, bəzisi zərərli olsa da. Tədricən yüngülləşdirmək mümkündür!"


Alpay Azər
: "Minimuma endirmək olar. Məsələn, təkcə üç mərasimi (o da çay və xurma ilə) keçirmək, cümə, qırx və il mərasimini ləğv etmək lazımdır".


Rəy yazanlar arasında bunun status səviyyəsində qalmamasını, dövlət səviyyəsində ciddi təkliflərin irəli sürülməli olduğunu müdafiə edənlər də vardı:


Lalə Qasımlı
: "Zaman itirmədən ciddi şəkildə təklif edilməlidir. Bəlkə dövlət səviyyəsində müəyyən qadağalar gətirməklə nəsə dəyişikliyə nail olmaq olar. Fürsətdir".


Afaq Vasifqızı
: "Bu təklifi status kimi yazmaq azdır. Təbliğatını aparmaq, hər gün demək və lazımi instansiyalara çatdırmaq, rəsmiləşməsinə nail olmaq lazımdır".


Fərqanə Mehmanqızı
: "Bunu ciddi şəkildə Dini İşlər üzrə Dövlət Komitəsi və məscidlər təbliğ etməlidir". 


Həqiqətən də karantindən sonra yas mərasimləri necə keçirilməlidir?


Bir müddət öncə mətbuata açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirirdi ki, yas mərasimləri yığcam şəkildə olmalıdır. Onun fikrincə, ehsanı vacib əmələ çevirmək, rəqabət aparmaq, bir-biri ilə yarışmaq məsələləri sağlam məntiqə və dinə ziddir: "İnsanlara anlatmaq lazımdır ki, onlar savab qazanmaq istəyəndə günaha səbəb olurlar. Bunlar hamısı günaha aparıb çıxarır və insanın Allah yolundan uzaqlaşmasına səbəb olur. Ona görə də hesab edirəm ki, fürsətdən yararlanıb insanlara məhz bu həqiqətləri daha ciddi şəkildə çatdırmaq lazımdır. Amma bu, yas mərasimlərinin məhdudlaşdırılması anlamına gəlməməlidir. Bu, mümkünsüz bir şeydir və insanlar da bunu normal qəbul etmir. İnsanların bir-birinə başsağlığı verməsi, dərdli-qəmli insanların yanına gəlməsi və ona təsəlli olması bizim adət-ənənəmizdir. Bu, həmçinin, dinimizin də tövsiyə etdiyi bir davranışdır".


İslam dininə görə, toy edilməsi, ehsan verilməsi bəyənilən əməldir, amma israfçılığa varmamaq şərti ilə. Bu haqda İslamın müqəddəs kitabı Qurani-Kərimdə də yazılıb. Quranın "Əraf" surəsinin 31-ci ayəsində insanlara buyrulur: "...Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!" Bu ayədə də görünür ki, insanların şənlik keçirməsi və ya matəmə qatılması dini baxımdan münasibdir, israf və dəbdəbə isə Allah tərəfindən də bəyənilmir. İslamda bildirilir ki, vəfat edən müsəlman üçün dini nöqteyi nəzərdən vacib olan dörd əməl bunlardır: qüsl, kəfən, cənazə namazı və dəfn.


Fikrimizcə, yenə də məsələnin həlli maariflənmədən keçir. Əgər bütün bu fikirlər, dini hökmlərin tələbləri əhaliyə düzgün izah olunarsa, maarifləndirmə işi güclü şəkildə aparılarsa, nəyəsə nail olmaq mümkündür. Hələlik mövcud vəziyyətdə nəyin dəyişib nəyin dəyişmədiyini qəti şəkildə demək çətindir. Görək, karantindən sonra necə olacaq...

 





03.06.2020    çap et  çap et