525.Az

Səhiyyə Nazirliyi və Tibbi Universiteti onlayn elmi konfrans keçirdi


 

Səhiyyə Nazirliyi və Tibbi Universiteti onlayn elmi konfrans keçirdi<b style="color:red"></b>

Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən və “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi ilə “İnsan genetikası və genetik xəstəliklər: problemlər və inkişaf mərhələləri” mövzusunda I Beynəlxalq elmi-praktik onlayn konfrans keçirilib.

Konfransın moderatorları həkim - genetik Nərgiz Qarayeva və həkim Sevil Əsədova olub.

Videokonfransın məqsədi insanın genetik materialının strukturu və funksiyalarını, müxtəlif xəstəliklərin etiologiya və patogenezində irsi faktorların rolunu, irsiyyətin və irsi dəyişkənliyin molekulyar əsaslarını, irsi xəstəliklərin nəsildən-nəslə ötürülməsi mexanizmləri haqqında məlumat və bilikləri ümumiləşdirməkdən ibarət olub.

Tədbirin açılış mərasimində Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bildirib ki, universitetdə elmin bir çox sahələri, aktual problemləri özündə cəmləşdirən fərqli konfranslar keçirilir. Prorektor ölkədə və dünyada hökm sürən pandemiya ilə əlaqədar konfransın bu dəfə video formatında keçirilməsinə baxmayaraq, iştirakçıların mühüm nəticələri əldə edəcəyinə əmin olduğunu vurğulayıb.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) vitse-prezidenti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova və AMEA-nın müxbir üzvü, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru professor Zeynal Əkpərov çıxış ediblər.

Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasının tarixi haqqında qısa məlumat təqdim olunub, universitetin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İnsan genetikasına həsr olunmuş bu beynəlxalq onlayn tədbirdə yerli qurumlarla yanaşı, Böyük Britaniya, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və Qazaxıstandan olan 13 xarici təşkilatın təmsilçiləri, elmi tədqiqatçılar iştirak edib, ümumilikdə 34 yerli və xarici alim-mütəxəssisin məruzələri dinlənilib. Genetik diaqnostik metodların inkişafı, klinik və elmi tədqiqatlarda istifadəsi, genetik analizlərin diaqnostikada əhəmiyyəti, nadir genetik xəstəliklər və onların tədqiqi haqqında mövzuların aktuallığı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Müzakirələr zamanı tibbi genetikanın ən aktual problemlərinin diaqnostikasından danışılıb, mövcud mübahisəli məqamlar müzakirə olunub. Eyni zamanda, konfransda insan genetikasının ümumi məsələləri, insanın genomu barədə ən yeni elmi-praktik fikirlər, insanın genləri və mühit amillərinin qarşılıqlı təsiri nəticəsində xəstəlik əlamətlərinin təzahür xüsusiyyətləri ətraflı şərh edilərək, fikir mübadiləsi aparılıb. Konfrans zamanı həkim - genetik Nərgiz Qarayeva “Süd vəzisi xərçəng hüceyrələrində E2F4 və E2F6 genlərinin yüksələn requlyasiyasında aneuploidiyanın rolu” mövzusunda mühazirə ilə çıxış edib.




Həmçinin konfrans zamanı “Genetik diaqnostik metodların inkişafı, klinik və elmi tədqiqatlarda istifadəsi”, “Genetik analizlərin diaqnostikada əhəmiyyəti”, “Nadir genetik xəstəliklər və onların tədqiqi”, “Kolorektal xərçəngdə maye biopsiyalar: sirkulə edən şiş hüceyrələri və sirkulə edən DNT”, “ Məhkəmə Elmində İnsan Genetikası”, “Mamalıq və ginekoloji praktikada genetik müayinələrin əhəmiyyəti”, “Ekstrakorporal mayalanmada preimplantasiya genetik diaqnostikanın rolu”, “ İrsi əzələ distrofiyası olan xəstələrdə gen mutasiyalarının molekulyar-genetik tədqiqi”, “Ürəyin aterosklerotik xəstəliyinin genetik meyarları, diaqnostika və müalicə üsulları” və digər mövzularda mühazirələr səslənib. Maraqlıdır ki, tədbirdə Azərbaycanın gələcək tibb potensialını gücləndirəcək tibbi təhsil alan tələbələr və həkim-rezidentlər də iştirak ediblər.

Qeyd edək ki, konfransın materialları Gülüstan - Qara Dəniz Elmi Akademik Tədqiqatlar Beynəlxalq Jurnalının (GBSSJAR) konfrans xəbərləri toplusunda və eyni zamanda, “Azərbaycan tibb jurnalı”nda dərc olunmaq üçün toplanılıb. IRETS London və Estoniya Beynəlxalq Tədqiqat, Təhsil və Tədris Mərkəzinin təsis etdiyi bu beynəlxalq jurnalın redaksiya heyətinin üzvləri konfransın çıxışçı və iştirakçıları olub.

Videokonfransın sonunda iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.

 





03.06.2020    çap et  çap et