525.Az

Keçmişlərdən, olmuşlardan... - Ramiz Məmmdəzadənin qeydləri


 

Keçmişlərdən, olmuşlardan... - <b style="color:red">Ramiz Məmmdəzadənin qeydləri </b>

"525-ci qəzet"in redaksiyasına

Öz dəst-xəttilə seçilmiş və sevilmiş "525-ci qəzet" neçə illərdir, mənim yazılarımı, xüsuilə şeirlərimi dərc edir. Hətta mənə deyirlər ki, sənin imzanı "525-ci qəzet"dən tanıyırıq.


Mən keçmiş Mərkəzi Komitə və Nazirlər Kabineti aparatlarında işlədiyim illərdə bir sıra hadisələrin iştirakçısı olmuşam. İlin-günün bu vaxtında belə bir qənaətə gəldim ki, həmin hadisələrin bir qismini qələmə alıb oxuculara çatdırım...


Mərkəzi Komitə katibinin göstərişi
 


Mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Maarif Evində xeyli vaxt işləməli olmuşam. Unudulmaz rəhbərimiz Heydər Əliyev məni şəxsən qəbul edib məsləhətçi vəzifəsinə götürmüşdü.


1991-ci ilin payızında Qarabağda - Qarakəndin qara səmasında erməni faşistləri tərəfindən vurulmuş vertolyotda cəsur Vətən övladları ilə birlikdə həlak olmuş rəhmətlik Vəli Məmmədov Mərkəzi Komitənin təbliğat və təşviqat  şöbəsinin müdir müavini - Siyasi Maarif Evinin müdiri kimi uzun illər ölkədə siyasi təhsilin bütün problemlərinə cavabdeh olmuşdu.


Respublikanın vilayət, şəhər və rayon partiya komitələri ilə müntəzəm iş aparırdıq. Müşavirələr, seminarlar, toplanışlar, konfranslar keçirirdik, metodik tövsiyələr.. hazırlayırdıq. Partiya və komsomol orqanlarının bu sahədəki fəaliyyətini araşdırırdıq və s.


İş yoldaşlarım əsasən sanballı, hörmətli şəxslər idi. İndi həmin iş yoldaşlarımın heç bir həyatda yoxdur. İqlimə Bəhiyyəddinovaya, İslam Qəribova, Şərif Şərifova, Rasim Səfərova, Salam Novruzova Allahdan rəhmət diləyirəm. Uzun illər müdirimiz olmuş Vəli  Məmmədov parlaq ziyalımız Şıxəli Qurbanovla birlikdə Novruz bayramının intişar tapması sahəsində xüsusi xidməti olmuş, Nəriman Nərimanovun ilk tədqiqatçısı kimi tanınmış, çox səliqəli, təmiz mənəviyyat sahibi kimi respublikamızda hörmət qazanmışdı.


Bütün bunlarla yanaşı, kollektivimizdə qeyri-sağlam əqidəli şəxslər də vardı. Praktik partiya işində özünü doğrulda bilməmiş iki nəfər - bir qadın, bir kişi kimlərinsə himayəsi nəticəsində Siyasi Maarif Evinə məsul işə götürülmüşdü və nəticədə kollektivimizin ab-havası korlanmışdı.


İşgüzarlıq cəhətcə yarıtmaz idilər. Özlərini kollektivimizə qarşı qoymuşdular. Əslinə baxsan heç milli mənsubiyyətləri də tam bilinmirdi. Biz şəhər, rayon partiya komitələri ilə sıx əlaqə şəklində çalışırdıq. Birinci katiblərin bəziləri ilə dostluq münasibətlərimiz vardı. Bəzən katiblərdən giley-güzar da eşidirdik. Ən çox o iki antipoddan narazılıq edirdilər.


Yetmişinci-səksəninci illərin birinci katiblərindən Sosialist Əməyi Qəhrəmanı Feyruz Mustafayev, Qəşəm Aslanov, İnqilab Abbasov, Ruslan Ağayev, Qalası Cəfərov (Allah hamısına rəhmət eləsin!) şəxsən mənə zəng vuraraq xahiş edirdilər ki, o iki nəfəri rayonlara ezam etməyək. Deyirdilər ki, onlar ideoloji işçilərin qarşısında çıxışa hazır deyillər, Azərbaycan dilində sərbəst danışa, suallara aydın cavab verə bilmirlər və s. Ən başlıcası isə o idi ki, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevin kadr siyasətinə qarşı açıq-aşkar çıxış edirdilər, necə deyərlər, donquldanırdılar...


1977-ci ildə Mərkəzi Komitə aparatında partiya təşkilatının büro üzvü seçilmişdim. O vaxtlar partkomumuz Mərkəzi Komitənin inzibati şöbəsinin müdiri rəhmətlik Cəfər Vəliyev idi. Mən həm də partiya qrup təşkilatçısı idim.


Kollektivimizdə narahatlıq vardı, gərginlik hökm sürürdü. O "rusdillilərdən" biri müdirimiz Vəli müəllimi az qala təhqir etmişdi, üstünə külqabı atmışdı, səs-küy salmışdı...


1978-ci ilin avqust ayında partiya qrupunun iclasını təşkil etdim. Bir məsələ də hər iki işçinin hərəkətləri haqqında idi.


Mən yerlərdən gələn siqnallara, kollektivdə yaranmış qeyri-sağlam mühitə və s. əsasən təklif etdim ki, bu iki nəfərin işdən çıxarılması məsələsi qaldırılsın. Təklifim keçmədi, yoldaşlar prinsipiallıq göstərmədi, təkləndim...


İclasdan sonra partkomumuz Cəfər Vəliyevin kabinetinə gedərək əhvalatı ona danışdım.


Həmin ilin sentyabr ayında mən Mərkəzi Komitə katibi Kamran Bağırovun yanına dəvət olundum. K.Bağırov Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən MK katibi  vəzifəsinə gəlmişdi. Katibin otağında MK-nin şöbə müdiri  C.İldırımzadə, onun müavinləri Ə.Hüseynzadə və V.Məmmədov da var idi. Partiya iclasında olan əhvalatı onlara danışdım. K.Bağırov üzünü şöbə rəhbərlərinə tutaraq göstəriş verdi:


- Məsələni hazırlayın, hər iki nəfər barədə təklif verin, başqa işə getsinlər.


Bu tapşırıqdan sonra da o iki nəfər heç nə olmamış kimi işə gəlib-getdilər.


Bu barədə MK aparatının məsul işçisi, şair dostum Həmid Abbasla söhbət etdim. Həmid Abbas dedi ki, bir aydan sonra Aparatın partiya hesabat-seçki iclası olacaq, orda çıxış edib fikrini deyərsən. İclasda Heydər Əliyevin də iştirakı gözlənilir.


İclasa bir gün qalmış C.İldırımzadə məni yanına dəvət etdi və dedi ki, eşitmişəm ki, sabah sən partiya iclasında çıxış edəcəksən. O iki nəfərdən danışma, ayıbdır. Heydər Əliyevin yanıda  onların adını çəkmə, bu gün-sabahlıqdır, onlar hər ikisi aparatdan gedəcək və s.


Mən müdrik siyasətçimiz Heydər Əliyevin iştirak etdiyi partiya iclasında çıxış etdim. C.İldırımzadəyə inanaraq o iki nəfərin adını çəkmədim və səhv etdim.


O iki nəfər isə bir neçə il işə gəlib-getdilər...


Kiçik bir haşiyə:


O iki antipodlardan biri - qadın "İşıq" nəşriyyatına işə göndərilmişdi. Nəşriyyatın direktoru, heç də hamar və ütülü adam olmayan şair Məmməd İsmayıl bir gün mənə zəng vurub dedi:


- Ay qağa, bu qadınla necə işləyə bilmisiniz? Mən Bakıda olmayanda bir işçimizin Göyçayda babası vəfat edib. Müavinim olan həmin qadın işçi qıza deyib ki, sənə icazə verərəm, get babanın yasına, amma gələndə arayış gətir ki, o ölən həqiqətən sənin babandır. Adam dəhşətə gəlir. Siz necə işləmisiz bu adamla?


Mən də qayıtdım ki, biz o qadınla işləyəndə kefə baxmışıq, indi də sən kefə bax...
 

Xalq şairi Nəriman Həsənzadənin cəsarəti

 
Mərkəzi Komitə aparatında növbətçiliyi təhvil verib tezdən evimizə getmişdim.


1981-ci ilin dekabrıydı. Yeni il ərəfəsindəydik.


Cənnətlik  xanımım Həqiqət dadlı bir səhər süfrəsi açmışdı...


Telefonumuz zəng çaldı. MK katibinin qəbul otağından Sona xanım idi. O dedi ki, tez bir taksiyə otur gəl MK-ya, Həsən Əzizoviç səni gözləyir.


Katibin qəbul otağında MK-nın şöbə müdirlərini - Vəfa Quluzadəni və Namiq Axundovu gördüm, salamlaşıb keçdim katibin otağına.


MK katibi Həsən Həsənov çox sərt bir tərzdə məndən soruşdu:


- Mən kiməm?


 Az qala məni gülmək tutacaqdı. Əslində, biz bir-birimizi çoxdan tanıyırdıq. Həsən Həsənov Bakının Oktyabr rayonunda, mən Abşeron rayonunda komsomol işində eyni vaxtda işləmişdik. Özümü ələ alıb dedim:


- Siz Azərbayan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Həsən Əziz oğlu Həsənovsunuz.


- Bəs məni niyə saymırsan? - soruşdu.


- Nə olub ki, niyə saymıram ki? - deyə təəccübləndim.


Həsən müəllim MK-nın şöbə müdiri Əfrand Daşdəmirovu və onun müavini Rafiq Zeynalovu (hər ikisinə Allah rəhmət eləsin!) kabinetinə çağırdı.


Həsən Həsənov "Yazıçı" nəşriyyatının 1983-cü il üçün tematik planını göstərərək dedi:


- Budur, sənin şeir kitabın 1983-cü ilin planına salınıb, amma mənim xəbərim yoxdur, mənə deməmisən.


Mən də dedim ki, Həsən müəllim, mən nəşriyyata ərizə verəndə Siz Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyirdiniz. İstəyirsiniz soruşun, dəqiqləşdirin...


Katib sözümü kəsdi:


- Rafiq, - dedi, - Ramizin kitabını plandan çıxart. Vəssalam!


Rafiq Zeynalov kabinetində təbəssümlə dedi:


- Fikir eləmə, ay Ramiz, belə işlər olur. Bir də gedib orda-burda deməynən ki, Rafiq Zeynalov mənim kitabımı plandan çıxartdı. Al, bu qayçı, bu vərəq, bu da kley, kəs, yapışdır adının üstünü, görünməsin...


Mərkəzi Komitənin binasından birbaşa o vaxtlar "Kommunist" nəşriyyatı adlanan yerə getdim, qalxdım sonuncu qata. "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru, istəkli şair dostumuz Nəriman Həsənzadənin yanına. Əhvalatı Nəriman müəllimə danışdım.


Nəriman müəllimin MK-nın katibi Həsən Həsənova dedikləri dəqiq yadımda qalıb:


- Salam, Həsən Əzizoviç, neylədiyindi, Siz Ramiz Məmmədzaənin kitabını niyə plandan çıxardırsınız?


(Həsən Həsənovun Nəriman müəllimə nə dediyini heç indi də bilmirəm...) Amma mən hər ay onun silsilə şeirlərini çap edəcəyəm (Ömrü uzun olsun, dediyi kimi də sözünə əməl etdi).


Sonrakı illərdə, Həsən Həsənov baş nazir olanda onun kabinetinə getdim, yenicə nəşr edlimiş iki kitabçamı ona bağışladım.


İndi Həsən müəllim Polşada səfirimizdir, tarix elmləri doktorudur, professordur.


Allah qorusun! 


Saratovkada bazarlıq


1988-ci ilin fevral ayından yuxum qaçıb. O, atlı olub, mən piyada, ha yüyürürəm çata bilmirəm...


O həyəcanlı günlərdə mən Yevlaxa təhkim edilmişdim. Xankəndindəki ermənilərin qudurub üsyan etməsi camaatımızı bərk sarsıtmışdı, hamı pay-piyada hücum çəkib erməniləri qədim Qarabağımızdan son nəfərinədək qovmağa hazır idi. Elə həmin ayda iki nəfər ağdamlı gəncin - Əli və Bəxtiyarın Əsgəran ətrafında həlak olması uşaqdan-böyüyə hamını qəzəbləndirmişdi. O da yadımdadır ki, 1988-ci ilin 1 martında Yevlax Şəhər Partiya Komitəsinin qarşısındakı meydanda Yevlax camaatı mitinqə toplaşdılar. Leninin heykəli qarşısında tribunada alovlu çıxışlarda Xankəndinə hücum etmək çağırışları eşidilirdi. Həmin mitinqdə mən də çıxış etdim, camaatı sakitliyə çağırdım.


Meydanda bir 7-8 yaşlı uşaq diqqətimi cəlb etdi. O uşaq əlində taxta xətkeşə yapışdırılmış dəftər vərəqinə yazılmış "Qarabağ bizimdir!" şüarı ilə mitinqə gəlmişdi. Soyuq mart günündə onun sifəti gömgöy göyərmişdi.


Deyirəm görəsən, ən azı 30 il bundan qabaq ürəyi Qarabağ atəşi ilə, Vətən sevdası ilə çırpınan o oğlanın könlündə o atəş, od yanğısı, erməniyə nifrət hissi sönməyib ki...


Məncə, qəti sönə bilməz! Yox, əgər sönübsə, onda vay bizim halımıza...


1988-ci ilin yayında mən artıq Gədəbəydəydim. Rayon Partiya Komitəsinin birinci katibini - Aydın Quliyevi  Ağdamdan, orta məktəb illərindən tanıyırdım. 1 №-li orta məktəbdə eyni vaxtda oxumuşduq. O, məndən bir sinif qabaqdaydı. Çox ciddi, qətiyyətli, işgüzar, qurucu bir şəxs kimi hörmət qazanmışdı.


Gədəbəydə yaxşı işlədi, camaat onu doğması kimi qəbul etmişdi. İndinin özündə də hər bir gədəbəyli Aydın Quliyevin adını hörmətlə çəkir, ona Allahdan rəhmət diləyirlər.


Deyirlər ki, Gədəbəydə Aydın Quliyev adına küçə də salınacaq... Ürəyimizcə olardı.


Gecəli-gündüzlü camaat arasında iş aparırdıq. Partiya, həmkarlar, komsomol fəalları necə deyərlər, ayaq üstə idilər.


Günlərin birində Gədəbəylə həmsərhəd olan Krasnoselski Rayon Partiya Komitəsinin birinci katibi Nazinyan bir neçə nəfərlə Gədəbəyə gəldilər.  Aydın müəllim məni onlara təqdim etdi. Nazinyan Aydın Quliyevdən xahiş etdi ki, icazə versin qarşıdakı bazar günlərinin birində ermənilər Saratovka kəndinə bazarlığa gəlsinlər.  Aydın müəllim əliylə məni göstərdi. Mən də dedim ki, Bakı ilə danışıb sizə məlumat verərik.


Qarşıdakı şənbə günü rayonun polis idarəsinin rəisi çevik bir cavan olan Zakir Kərimovla Saratovka kəndinə getdik.


Sovxoz direktorunun kabinetində kəndin vəzifəli şəxsləri, partiya və komsomol fəalları ilə söhbət apardıq.


Mən Nazinyanın xahişini onlara bildirdim. Bu elə vaxt idi ki, qırılmış ermənilər hələ Gədəbəyin ərazisində olan Başkənddə yaşayırdılar. Vəziyyət hələ kəskinləşməmişdi.


Mən bildirdim ki, sabah tezdən ermənilər bazara gələcək, bizim camaata deyin, başa salın ki, ermənilərlə dava-dalaş salmasınlar, sakitcə mallarını satsınlar.


Sonra bazarda satılacaq bütün malların, əşyaların siyahısını alıb hər şeyin qiymətini 2-3 dəfə qaldırdım.


Ermənilər səhər saat 6-dan 12-dək Saratovka bazarını silib-süpürüb rədd olub getdilər. Bu hadisə 1988-ci ilin iyun günlərində oldu.


Eşitdim ki, bizim camaat məndən razılıq ediblər, deyiblər ki, o Bakıdan gələnin atasına Allah rəhmət eləsin, bizi xeyli qabağa saldı...


... 1988-ci ilin fevral ayından yuxum qaçıb. O, atlı olub, mən piyada, ha yüyürürəm çata bilmirəm...


Qarabağa gedən yolların, ordakı dağların, dərələrin, bulaqların, ağacların, quşların, yaralanmış evlərin  yuxusu qaçıb... Mən də yata bilmirəm ki, heç olmasa, Ağdamı, Şuşanı, küçəmizi, evimizi yuxuda görə bilim...


Mənim günahım nədir, Allah?!
 

İsmayıl Əsgərov, Şaumyanın nəvələri, Gevorqovun... 


Keçən əsrin 70-80-ci illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ən nüfuzlu şəxslərdən biri də İsmayıl Əsgərov idi. Müdrik rəhbərimiz Heydər Əliyev bu təcrübəli və işgüzar kişini cəsarətlə irəli çəkərək, onu MK-nın ürəyi olan partiya-təşkilat şöbəsinə müdir qoymuşdu, MK-nın büro üzvləri tərkibinə daxil etmişdi. İsmayıl Əsgərova böyük etimad göstərilmişdi...


Təsadüf elə gətirdi ki, Yessentukiyə dincəlməyə gedəndə məlum oldu ki, İsmayıl Əsgərov da ailəsilə birlikdə Kalinin adına sanatoriyada dincəlir.


Çalışırdım ki, bu kişinin gözünə az görünüm.


Amma iş elə gətirdi ki, bir gün İsmayıl müəllimlə bir divanda yanaşı oturası oldum.


Üzünü mənə tutub dedi:


- Ay Ramiz, mən bütün respublikanı tanıyıram. Axı, sən Ağdamda kimlərdənsən? Vəzifədə-filanda olan qohumun olmayıb sənin?


Mən də qayıtdım ki, atam 1943-cü ildə müharibədə həlak olub, anam böyüdüb bizi, dörd uşaq olmuşuq (Zəruri bir qeyd: Kiçik oğlum Zaur Məmmədzadə keçən yay söz vermişdi ki, maşınla məni atam Yaqubun Oryol vilayətindəki qəbrini ziyarət etməyə apara bilər. Qələbənin 75 illiyi koronavirus dövrünə düşdü, gedə bilmədik). Vəzifədə qohumlarım olub - raykom katibi, prokuror, kolxoz sədri və s.


Axır məlum oldu ki, İsmayıl müəllim mənim mamaoğlum (Qarabağda atanın bacısına "mama" deyirlər) Ənvər Cəbrayılovla 1939-cu ildə hüquq fakültəsini bir yerdə bitiriblər. O vaxtlar hüquq fakültəsi Xalq Təsərrüfatı İnstitutunun nəzdində olub.


Yessentukiyə - İsmayıl Əsgərovun adına Bakıdan "Kommunist", "Bakinski raboçi", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət" qəzetləri gəlirdi, həmin qəzetlərlə mən də tanış olurdum...


1978-ci ilin bir payız günündə İsmayıl Əsgərov məni kabinetinə dəvət edib tapşırıq verdi:


- Şaumyanın nəvələri gəlir. Biri Moskvadan, biri Rostovdan, bacı-qardaşdılar. Onları Dağlıq Qarabağa sən aparacaqsan. Hazır ol, birinci gün yola çıxacaqsınız. Gevorqovun (Vilayət Partiya Komitəsinin birinci katibi) xəbəri var. Günorta naharı Göyçayda olacaq, katib sizi gözləyəcək.  - İsmayıl Əsgərov sonra təbəssümlə dedi. - Ehtiyatlı ol, ağdamlılığına salma ha...


Dağlıq Qarabağın paytaxtında Gevorqov və onun komandası qonaqları sevinclə qarşıladılar. Şuşaya, Martuniyə getdik, şəhərin sənaye obyektlərində olduq. Hər gecə Nauri Allahverdiyan və onun tarçalan əri qonaqlar üçün çalıb-oxuyurdular.


Mən orda Vilayət İcraiyyə Komitəsinin sədr müavini Eldar Əsgərxanovu  (məşhur jurnalist Samir Əsgərxanovun atası) gördüm. Eldarla uşaqlıqdan - Ağdamdan tanış idim, qonşu olmuşduq. Eldara dedim ki, biz tanış deyilik ha...


Çünki gecə məclislərində Gevorqov məndən tez-tez soruşurdu ki, hansı rayondanam. Mən konkret cavab vermirdim.


Bir faktı da yazmağı məqsədəuyğun hesab edirəm. Bizdə, Bakıda mərkəzi orqanların birində çalışan tanışlarımdan biri mənimlə mübahisə edərək deyirdi ki, Gevorqov yaxşı ermənidi.


Mən də o tanışıma böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin məşhur fikrini misal çəkirdim. Üzeyir bəy buyurub ki, erməniyə yaxşı deməzlər, deyərlər ki, bu erməni o biri ermənidən yaxşıdır...


Gevorqov qatı millətçiydi...


Erməni dilini bilən "Kommunist" qəzetinin müxbiri dostumuz Firudin Rəsulovun Dağlıq Qarabağ üzrə xüsusi müxbir işləməsinə birinci Gevorqov etiraz etmişdi. Ona erməni dilini bilən azərbaycanlı jurnalist lazım deyildi. Bütün çətinliklərə baxmayaraq, Firudin Rəsulov Qarabağa getdi və kişi kimi işlədi.


Deyirdilər ki, guya Gevorqovun qadını azərbaycanlıdır.


Qəti belə deyil. O qadın rus idi, bir azərbaycanlı hərbçinin  ailəsində böyümüşdü və s.


Onu da deyim ki, Şaumyanın nəvələri istər Bakıda, istər Qarabağda, istərsə də getdiyimiz yollar boyu mənimlə bir kəlmə belə kəsmədilər, lal oldular.


Mən səfərin yekunu barədə rəsmi arayış yazıb MK-yə məlumat verdim...
 

Sözün, misranın keşiyində duranlar


İki müqtədir Azərbaycan şairi - Əliağa Kürçaylı və Tofiq Bayramla  (hər ikisinə Allahdan rəhmət diləyirəm) bağlı bu kiçik xatirəni yada salmağı özümə borc bildim.


Əvvəla, Əliağa Kürçaylı SSRİ Yazıçılar İttifaqına qəbul olmağım üçün mənə zəmanət vermişdi, Tofiq Bayramla isə Pedaqoji İnstitutdan, tələbəlik illərindən tanış idik.


Səhv etmirəmsə, 1978-ci ildə yenicə yaradılmış "Yazıçı" nəşriyyatının ilk direktoru işıqlı bir ziyalı olan Əjdər Xanbabayev idi, Əliağa Kürçaylı baş redaktor, Tofiq Bayram poeziya şöbəsinin müdiri idi.


Mənim də növbəti şeir kitabımı həmin nəşriyyat plana salmışdı.


1978-ci ilin qızmar bir yay günündə Əliağa Kürçaylı məni nəşriyyata dəvət etdi. Onda nəşriyyat məşhur "Azərnəşr"in birinci qatında yerləşirdi, ayrıca binaya sonralar köçdülər.


Əliağa Kürçaylı dedi ki, sənin kitabını nəşrə hazırlayırıq. Tofiq bir-bir oxuyacaq, müzakirə edəcəyik...


Yayın istisindən, otağın bürküsündən pörtmüş Tofiq Bayram başladı şeirlərimi bir-bir oxumağa.


Əliağa müəllim də, Tofiq Bayram da qısaca olaraq oxunan şeirlər haqqında deyirdilər: "qalsın" və ya "çıxarılsın".


Mən də onların təklifi ilə əsasən razılaşırdım.


Birdən Tofiq müəllim mənə dedi ki, sənin anan haqqında yazdığın bir şeir rus şairi filankəsovun anasına yazdığı şeirə oxşayır.


Mən də qayıtdım ki, vallah mən o rus şairinin şeirini oxumamışam. Amma mən bu şeirimi ərini Hitler müharibəsinə yola salmış, 22 yaşından  4 balaca uşaqla bir damın altında qalmış anam Zəhraya yazmışam.


Əliağa Kürçaylı qısaca dedi:


- Qalsın.


Tofiq Bayram "Sənin heç xəbərin yox bu xəbərdən" şeirini oxuyanda Əliağa rəhmətlik soruşdu ki, sən bu şeiri nə vaxt yazıbsan?


Mən, 1971-ci ildə dedim.


Əliağa bildirdi ki, onun da bu şeirə bənzər şeiri var və əlavə etdi ki, "qalsın". Sən məndən əvvəl yazmısan.


Kiçik bir haşiyə:


İndi hardadır belə redaktə, belə həssas munasibət, belə tələbkarlıq...


Mən Yazıçılar İttifaqının Natəvan klubunda kitab təqdimatlarında hərdən iştirak edirəm. Bir şeir yazanın kitab təqdimatında dedim ki, niyə "üçrənglim" sözü ayrı yazılıb kitabda? Bu mürəkkəb sözdür, biryerdə yazılmalıdır.


Müəllif məndən incidi. Mən həmin müəllifə dedim ki, qardaş, niyə inciyirsən, sözlərin yazılma qaydasına dair  "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kitabı var. O kitab qələm adamlarının stolüstü kitabı olmalıdır.


Sonra xahiş etdim ki, "cəngavər" və "əsl" sözlərini bir vərəqə yazıb mənə göstərsin. Hər iki sözü səhv yazdı... Belə-belə işlər.


Əliağa Kürçaylı ilə Tofiq Bayram o isti yay günündə  xeyli zəhmət çəkib mənim kitabımı diqqətlə nəşrə hazırladılar.


Hər iki şairi o vaxtlar məşhur olan "Mirvari" yeməkxanasına tabaka yeməyə dəvət etdim, ha yalvardım, getmədilər...


Otaqdan çıxanda Əliağa Kürçaylı dedi:


- Ay Ramiz, məndən adını soruşma, bir nəfər istəyir ki, sənin kitabın çıxmasın. Amma çıxacaq, indidən təbrik edirəm! 
 

Böhtan
 

Sizi deyə bilmərəm, mənə böhtan atıblar, şərləyiblər.


Akademik Ağamusa Axundovun redaktəsi ilə nəşr olunmuş "Azərbaycan dilinin izahlı lüğəti" kitabında "böhtan" sözü belə izah edilir: "birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə, iftira, şər... (ərəbcə "böht" sözündəndir, heyrət, təəccüb...) deməkdir.


Böhtançının Allahı olmaz, ha
Qurana-kitaba and iç, xeyri yoxdur.


Bir neçə dəfə görmüşəm böhtanın mürdəşir yumuş üzünü... Allah heç kimə göstərməsin...


1990-cı ilin 20 yanvar qırğını  bizim hamımızı sarsıtdı, necə deyərlər, lap elə belimizi qırdı. Rus faşistlərinin güllələdiyi Vətən övladlarının ah-naləsi Yerə-Göyə sığmadı, ürəyimizi parçaladı.


Mən də qəzəbimi, hisslərimi, nifrətimi poeziyanın dili ilə ifadə etməyə can atdım və nəhayət, "O gecə" adlı bir poema yaza bildim.


Poemanın ilk misraları beləydi:

 
Nə qara, nə müdhiş gecəymiş Allah!
Biz  hardan biləydik necəymiş, Allah!
İlanmış - sürünə-sürünə gəlib,
Şeytanmış - bürünə-bürünə gəlib.
Qaralmış - qarala-qarala gəlib,
Saralmış - sarala-sarala gəlib... və s.


Həmin poemanın bir beytini belə indi yaza bilmərəm... Təbii ki...


Bir vaxtlar məşhur olmuş "Gənclik" nəşriyyatı həmin poemanı şəkilli kitabça kimi buraxmağı boynuna götürdü və buraxdı da.


Nəşriyyatın diribaş və cəsarətli direktoru, rəhmətlik dostumuz Əlican Əliyev əsl fədakarlıq nümunəsi göstərdi. Zarafat deyil, kitabça yüz min tirajla nəşr edilib yayıldı. Müqtədir şairimiz Çingiz Əlioğlu kitabın baş redaktoru, Teyyub Qasımov rəssamı oldu.


Mətbəə direktoru Aslan Quliyev bütün imkanlarını səfərbər etdi. "Dan yeri" adlı kooperativin sahibi, istiqanlı bir adam olan Pərviz Əliyev yaradıcılıqla işə qoşuldu və s.


1991-ci ilin yanvarında "O gecə" kitabçası bütün aləmə səs saldı.


Qəzetlər kitab haqqında müsbət rəy yazdılar, Azərbaycan radiosu görkəmli aktyorların ifasında poemanı səsləndirdi və s.


Kitaba görə mənə çatası 12 min manatdan artıq pulu Şəhidlər xiyabanının tikinti fonduna köçürülməsi üçün "Gənclik" nəşriyyatına ərizə verdim. Və bu barədə o vaxtkı "Kommunist" qəzetində rəsmi məlumat dərc edildi.


Amma sən demə, böhtançı pusquda imiş, güdürmüş, fursət axtarırmış.


1991-ci ildə "Həyat" qəzetinin mart nömrəsinin birində  "O gecə" kitabını hörmətdən salmaq, müəllif və yaradıcı heyətə şər atmaq məqsədilə bir məqalə dərc olundu.


Guya kitab bədii cəhətcə zəifdir, nəşriyyat səhv iş görüb, gərək bu kitab nəşr edilməyəydi, pul qazanıblar və s.


Mən redaksiyaya - baş redaktor Əfqan Əsgərovun yanına gedərək kəskin etiraz etdim. Yazının şər, böhtan, sifariş olduğunu bildirdim. Həmin ilin may ayında Mətbuat Komitəsinin kollegiya iclasında kitabın nəşri müzakirə olundu və kollegiyanın qərarı ilə "Gənclik" nəşriyyatının direktoru Əlican Əliyevə, nəşriyyatın baş redaktoru  Çingiz Əlioğluna töhmət verildi. Qəzetlərə müsahibəsində Əlican Əliyev bildirdi ki, mən Ramiz Məmmədzadənin "O gecə"  kitabına müqəddəs bir kitab kimi baxıram, mən o töhməti "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni hesab edirəm, o kitabı nəşr etdiyimə görə öyünürəm, fəxr edirəm...


Mən bu yazını ustad ziyalımız yazıçı Əlövsət Bəşirlinin dini mənbələrə istinadən tez-tez dediyi aşağıdakı kəlamlarla bitirəcəm: "Şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən, bədnəzərdən uzaq!" Min uzaq!..


Şüvəlan, aprel-may 2020-ci il

 





04.06.2020    çap et  çap et