525.Az

Türk xalqları ədəbiyyatşünaslığının layiqli təmsilçisi - Məqalə


 

TANINMIŞ ÖZBƏK ALİMİ PROFESSOR HƏMDULLA BALTABAYEV HAQQINDA BİR NEÇƏ SÖZ

Türk xalqları ədəbiyyatşünaslığının layiqli təmsilçisi - <b style="color:red">Məqalə </b>

Sovet dönəmində türk xalqlarının ədəbi-mədəni əlaqələri hakim ideologiyanın qəlibləri və sərhədləri çərçivəsində öyrənilsə də postsovet məkanında qarşılıqlı ədəbi ünsiyyətin intensivliyi və məhsuldarlığı təkzibolunmazdır.


Türk-müsəlman xalqlarının tarixinin, dilinin, ortaq düşüncə qaynaqlarının tədqiqində sovet senzurasının müəyyən etdiyi sərhədlər hüdudunda aparılan tədqiqatlarda, ədəbi-mədəni abidələrin tərcüməsi sahəsində ortaq dəyərlərin elə qatları üzə çıxırdı ki, bunlar müasir humanitar elmlərin metodoloji nailiyyətləri zəminində düşünən, yeni tipli alimlərin formalaşmasına zəmin yaradırdı. Türk xalqlarının müasir ədəbiyyatşünaslıq elmini təmsil edən görkəmli alimlərdən biri də özbək alimi professor Həmdulla Baltabayevdir.


SSRİ adlı böyük bir imperiya dağıldıqdan sonra bir müddət özünəqapanma, ədəbi-tarixi təcrübəni ifrat dərəcədə inkar meyləri meydana çıxdı. Yeri gəldi-gəlmədi, ədəbi-nəzəri fikrin bütün nailiyyətlərini inkar ovqatı, klassik mənəvi sərvətləri az qala təriqətlərin bədii tribunası kimi təbliğ edən yazılar meydan suladı. On il öncə Səmərqənddə Əlişir Nəvai irsi fonunda klassik irsin tədqiqinin problemlərinə həsr edilmiş beynəlxalq konfransda tanış olduğum professor Həmdulla Baltabayevlə tarixi elmi təcrübə ilə müasir elmi-siyasi reallıqları, elmi demokratizmi bir axarda birləşdirmək mənasında baxışlarımız üst-üstə düşdü. Elmi əməkdaşlığımız və səmimi dostluğumuz da həmin vaxtdan başladı.


Həmdulla Baltabayev bu gün təkcə özbək ədəbi-nəzəri fikrini yox, türk xalqları ədəbiyyatşünaslığını dünyanın mötəbər elmi kürsülərindən təmsil etmək səlahiyyəti qazanmışdır. Onun elmi maraq dairəsi genişdir. Az qala ədəbiyyatşünaslığın bütün istiqamətlərini əhatə edir: ədəbiyyat nəzəriyyəsi, klassik filologiya, estetika və sənətşünaslıq, dərslik və dərs vəsaitləri, dünya ədəbi-nəzəri fikrinin görkəmli nümunələrindən tərcümələr. Bu istiqamətlərdə uğuru onun elmi-nəzəri potensialı, yorulmaz tədqiqatçılıq səriştəsinin bəhrəsidir.


Professor H.Baltabayevin istər klassik irs, istərsə də yeni və ən yeni dövr ədəbiyyata baxışlarında nəzəri tutum dərhal seçilir. O, klassiklərin fonunda müasir hərəkatda baş verənləri ədəbi ənənə və modern müstəvisində müşahidə edə və dəyərləndirə bilir. İlk sanballı "Müasir nəsrin üslubi axtarışları (70-ci illər)" adlı monoqrafiyasında özbək nəsri 60-80-cı illər sovet nəsrinin kontekstində araşdırılır, nəsrin üslubi axtarışlarında klassik təhkiyə ənənələrini, gerçəkliyi poetik duyum yaddaşının üslub komponenti kimi müəyyənləşməsini doğru olaraq 70-ci illər nəsrinin uğuru kimi dəyərləndirir. Ötən əsrin 70-ci illərində üslub kateqoriyası geniş aspektdə öyrənilirdi. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun dörd cilddə nəşr etdiyi sanballı tədqiqatda dünya ədəbiyyatının tarixi təcrübəsi dövriyəyə gətirilirdi. Hələ o zaman rus və xarici ədəbiyyat kafedrasına rəhbərlik edən H.Baltabayev özünü nəzəriyyəçi ədəbiyyatşünas kimi təsdiq etdi. 1982-1992-ci illər arasında üslub mövzusunda nəşr etdirdiyi monoqrafiya və məqalələr məcmuəsi onun ədəbi prosesin estetik mənzərəsini yaratması, ədəbi-bədii yeniliyin nəsrin hüdudlarında müşahidə və ümumiləşdirmələri tədqiqatçının fərdi yaradıcılıq imkanlarının təsdiqi idi. Təsadüfi deyil ki, o, ilk monoqrafiyasını da belə adlandırmışdı: "İstedad və üslub". Bu əsərdə mənə daha maraqlı görünən tədqiqatçının yaradıcılıq psixologiyası ilə bədii əsərin poetik strukturu arasındakı bağlılıqları doğru müşahidə etməsi və bunun fərdi üslubun müəyyənləşməsindəki rolunu elmi cəhətdən əsaslandırmasıdır.


Həmdulla Baltabayevin tədqiqatlarının əsas istiqamətlərindən biri ədəbi-nəzəri fikir tarixidir. O, özbək ədəbiyyatında bu problemi dünya nəzəri fikrinin kontekstində öyrənir. Bu sahədəki ən sanballı tədqiqatları öyrənib. Bunu həmmüəllifi olduğu "Ədəbi-estetik təfəkkür tarixi" (Daşkənd, 2013) əsəri də təsdiq edir. Bu kitabın strukturu, əhatə etdiyi elmi ədəbiyyat və tədqiqat prosesində Şərq tarixi abidələri ilə müqayisələr onun maarifləndirici missiyasına orijinal əlavələr kimi də əhəmiyyətlidir.


Professor H.Baltabayevin "XX əsr özbək ədəbiyyatşünaslığı və Fitrətin elmi irsi" mövzusunda doktorluq dissertasiyası da nəzəri-estetik fikrin tarixi təkamül problemlərinə həsr olunub. Nəzəri fikir tarixinin tədqiqi araşdırıcıdan yüksək elmi hazırlıq, humanitar elmlərin metodologiya məsələlərinə dərindən bələdlik tələb edir. Yuxarıda dediyimiz kimi, Həmdulla müəllim bu baxımdan hazırlıqlı alimdir və onun əsəri monoqrafiya kimi 1996-cı ildə nəşr olunduqdan sonra öz ölkəsində, həmçinin, Türkiyədə yüksək dəyərləndirirdi. Bu əsərin mühüm üstünlüyü onda idi ki, Stalin repressiyanın qurbanı olan  universal təfəkkürlü bir şəxsiyyətin irsi elmi zəmin seçilmişdi. Fitrət böyük tarixçi, dilçi, şair olmaqla yanaşı, ədəbiyyatın nəzəri məsələlərinə, o cümlədən, Əhməd Yəsəvi, Əlişir Nəvai, Babur, Firdovsi, Xəyyam haqqında əsərləri özbək ədəbiyyatşünaslığının klassik nümunələri idi. H.Baltabayev Fitrətin ədəbi irsini özbək ədəbi-ictimai düşüncəsinin, milli özünüdərkin daşıyıcısı və ifadəsi kimi səciyyələndirir.


H.Baltabayev 1998-ci ildən etibarən Özbəkistan Milli Universitetində Klassik ədəbiyyat kafedrasına rəhbərlik edir. Onun son iyirmi ildəki elmi fəaliyyətində klassik irsin dəyərləndirilməsi, dövrləşdirilməsi və poetikası kimi problemlər aparıcı yer tutur. Sufizmin qaynaqları, nəzəriyyəsi və tarixi, həmçinin, klassik Şərq poetikasına dair elmi-praktik, müntəxəbat səciyyəli kitabları professor H.Baltabayevi Özbəkistanda, Türkiyədə bu sahənin seçilən mütəxəssisi kimi tanıtmışdır. Onun bu sahədəki tədqiqatlarının yekunlarını özündə ehtiva edən məqalələri ABŞ, Rusiya, Almaniya, Yaponiya, Çin, Hindistan və digər ölkələrdə nəşr edilmişdir. H.Baltabayevin "Orta Asiya ədəbi tarixinin öyrənilməsinin metodoloji əsasları və onun  dövrləşdirilməsi prinsipləri" mövzusunda 2010-cu ildə AMEA-da keçirilən beynəlxalq konfransdakı məruzəsində irəli sürülən müddəalar bu tədbirdə iştirak edən dünyanın bu sahədə tanınmış mütəxəssislərinin diqqətini cəlb etdi. Onun belə bir tezisi aktual olaraq qalmaqdadır ki, müəyyən bir xalqın ədəbiyyatının tarixi təkamülünü və onun dövrləşdirmə prinsiplərini təyin edərkən ictimai-siyasi sistemdən daha çox milli ideologiyaya əsaslanmaq gərəkdir. H.Baltabayevin nüfuzlu "Akademiçeskie tetradi" jurnalında dərc edilmiş "Şərq Orta əsrlərində Mərkəzi Asiya mütəfəkkirlərinin estetik irsi" məqaləsi onun yaxşı bələd olduğu tarixi faktları estetik düşüncənin müəyyən tarixi coğrafi hüdudlarda yerini və rolunu izah etməyə yardımçı olur.


H.Baltabayevin göstərilən istiqamətlərdəki fəaliyyəti onun məhsuldar tərcüməçiliyi ilə paraleldir. Tərcümə etdiyi klassik və müasir müəlliflər, onların tərcümə üçün seçilən əsərləri göstərir ki, H.Baltabayev öz araşdırmalarında ciddi nəzəri irsə əsaslanır. Bu irsin vacib saydığı nümunələri özbək ictimaiyyətinə təqdim edir. V.Belinski, N.Çernişevski, R.Bart, V.Şklovski, Eyxenbaym, L.Barxes, Y.Borev və s. 


Bu gün böyük bir enerji ilə elmi-pedoqoji işlə məşğul olan professor H.Baltabayevin son on ildə Azərbaycanla yaxın, səmərəli yaradıcılıq əlaqələri yaranıb və öz bəhrələrini verməkdədir. Azərbaycan-özbək ədəbi əlaqələrinin müasir elmi-demokratik meyarlar, yeni arxiv materialları əsasında tədqiqində onun müstəsna xidmətləri vardır. Son illər AMEA-nın keçirdiyi konfrans və yubiley tədbirlərində onun təmiz Azərbaycan dilində, özü də müasir ədəbiyyatşünaslıq üslubunda məruzələri rəğbətlə qarşılanır. Ötən il Cəlil Məmmədquluzadə haqqında yeni faktlara söykənən məqaləsi onun Azərbaycan-özbək ədəbi-elmi əlaqələrinin keyfiyyətcə yeni mərhələsindən xəbər verir.


Professor H.Baltabayev Hüseyn Kürdoğlunun "Seçilmiş əsərləri"ni Özbəkistanda çap etdirdi. Bu kitaba yazdığı ön sözdə bir daha təsdiq etdi ki, o, Azərbaycan ədəbiyyatının klassikləri ilə yanaşı, müasirlərinin də yaradıcılığına bələddir, XX əsr Azərbaycan poeziyasını təmsil edən nəsillərin yerini, ədəbi gedişatdakı rolunu doğru müəyyənləşdirir.


Professor H.Baltabayevin akademik İsa Həbibbəyli haqqında olan kitaba (A.Ülvi, Y.Qasımbəyli) yazdığı ön sözü onun Azərbaycan ədəbiyyatına, Azərbaycan elminə səmimi ehtiramı oldu. Kitab özbək oxucusuna İsa Həbibbəylinin məhsuldar bir tədqiqatçı kimi yaradıcılığının əsas istiqamətləri haqqında dolğun təsəvvür yaradır.


Bu sətirlərin müəllifini professor H.Baltabayevlə bağlayan onun əsl elm fədaisi, yüksək əxlaqi-mənəvi keyfiyyətləri, səmimiliyi, təvazökarlığıdır. Mənim üçün çox xoşdur ki, ikimiz də Rusiya Estetika və Azad Sənətlər Akademiyasının üzvüyük. Hər ikimiz Y.Borevi öz ustadımız kimi tez-tez yad edirik. Həmdulla onun "Estetika" kitabını özbək dilinə çevirib nəşr etdirdi. Onunla Səmərqənddə, Buxarada və Bakıdakı görüşlərimizin predmeti Azərbaycan-özbək ədəbi əlaqələrini yeni səviyyəyə qaldırmağın vəzifələridir. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ötən il Azərbaycana böyük sevgisinin təzahürü olan fəaliyyətini nəzərə alıb onu "İlin alimi" adına layiq gördü.


Professor Həmdulla Baltabayev Azərbaycanda keçirilən ən mötəbər elmi tədbirlərin arzuolunan qonağı, sanballı elmi nəşrlərdə əsərlərinə yer ayrılan görkəmli alimdir.

 





05.06.2020    çap et  çap et