525.Az

Ölkənin meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır


 

Ölkənin meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır<b style="color:red"></b>

5 iyun tarixi ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.


Möhtərəm Prezidentimiz cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, 5 iyun gününün "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanmış, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.


Qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda kənd təsərrüfatının yüksəlişində, məhsul bolluğunun yaradılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayan meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti və uzaqgörən siyasəti ilə bağlıdır.


Ölkənin əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyinin ərazisi quraq və arid zonada yerləşdiyinə görə  burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyil. Bunu böyük uzaqgörənliklə qeyd edən və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" deyən Ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.


Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafına Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirilmişdir. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusi ilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi. Belə bir şəraitdə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin  diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq,  meliorasiya və su təsərrüfatında islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" qanundur.


Hazırda meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq, qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda, başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2019-cu illərdə 4.4 min kilometr uzunluğunda suvarma kanallarının, 3 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 443 min hektar sahədə torpaqların su təminatının və 286 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 194 min hektar  yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 190  km  muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün  2618 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15.5 milyon kubmetr  olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilmişdir.


Azərbaycan Prezidentinin 12 fevral  2019-cu il tarixli sərəncamı ilə respublikanın 41 şəhər və rayonunun 254 yaşayış  məntəqəsində 8362 ha (ondan 871 ha yeni suvarılan torpaqlardır)  əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün  300 ədəd subartezian quyularının qazılması üçün layihə-smeta sənədləri hazırlanmış və qazma işləri tamamlanmışdır. Prezidentin müvafiq sərəncamı ilə Ağdam rayonuda 20 yaşayış məntəqəsinin 1050 ha torpaq sahəsinin suvarılması üçün 35 ədəd subartezian quyusunun 14 ədədində qazma işləri 2018-ci ildə, 21 quyuda  isə 2019-cu ildə başa çatdırılmışdır. Dövlət başçısının 31 iyul 2019-cu il tarixli sərəncamı ilə Ağcabədi rayonunda 12 ədəd və Goranboy rayonunda 55 ədəd qazılması nəzərdə tutulmuş quyuların  layihə sənədləri hazırlanmış, bu rayonların hər birində 12 ədəd subartezian quyularının qazılması başa çatdırılmışdır.


2019-cu ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparmış, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmiş, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirmiş, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlamış və ayrılan vəsait daxilində balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir. Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət tərəfindən respublika üzrə sudan istifadə planı, maqistral kanallar üzrə su limitləri, respublikanin çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Vegetasiya suvarması dövrünün əvvəlinə əsas su anbarlarında 14,5 mlrd. kub metr həcmində su toplanmışdır. Cari ildə 1415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. 25.05.2020-ci il tarixə taxıl bitkiləri 522 min hektar sahədə 1.9 dəfə suvarılmış, 69 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir.


2020-ci ildə Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 10712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 443 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmış və  45 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.


Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə mövcud torpaq məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulmasının layihə sənədlərinin hazırlanması və tikinti işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət Proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata  keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.

Rafiq ASLANOV
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini

 





05.06.2020    çap et  çap et