525.Az

“Farsca yazan türk mütəfəkkir Mövlanada türk obrazı” yayımlandı


 

“Farsca yazan türk mütəfəkkir Mövlanada türk obrazı” yayımlandı<b style="color:red"></b>

Türkiyəli yazar və araşdırmaçı alim Muhsin Kadıoğlunun Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəli ilə birlikdə Türkiyə türkcəsində yazdıqları “Farsça Yazan Türk Filozof Mevlânada Türk İmaji” – “Farsca yazan türk mütəfəkkir  Mövlanada türk obrazı” kitabı “Google play Books” üzərindən elektron kitab olaraq yayımlanıb.


“XIII əsrdən etibarən islam Şərqinin və türk dünyasının, bugün isə bütün dünyanın oxuduğu, istinad etdiyi və haqqında yüzlərcə kitab və əsərlər yazdığı türk mütəfəkkür şairi Mövlana Cəlaləddin Ruminin milli ədəbiyyatımız və fəlsəfi fikir tariximizin önəmli səhifələrində yer aldığını” qeyd edən müəlliflər “Məsnəvi” əsərində türk obrazlarını araşdırıblar. Kitabda müəlliflərin ön sözü, “Məsnəvi” haqqında ümumi məlumat və əsərdə adı keçən millətlərdən bəhs olunduqdan sonra əsərin altı cildinin hər biri ayrı-ayrı bölmələrdə şərh olunub, türk məsələləri ortaya çıxarılıb. Kitabda “Məsnəvi”dəki türklük məsələləri və obrazları onların hansı sözlə ifadə olunduğu, həmin sözlərin konkret və ya məcazi məna ifadə etdiyi, hansı kontekstdə təsvir edildiyi və neçə dəfə göstərildiyi dəqiq şəkildə öz əksini tapıb. Buna görə də kitaba həm də “Məsnəvi”də türk obrazlarının statiskasını ifadə edən bir mənbə kimi yanaşmaq, onun təqdim etdiyi örnəklər əsasında geniş təhlil və araşdırmalar aparmaq mümkündür. Müəlliflərə görə, dinlər arasındakı savaşların ən şiddətli şəkildə yaşandığı, xristian ölkələrinin ordularının müsəlmanları tarix səhnəsindən silmək üçün ardıcıl Səlib yürüşləri etdiyi bir dövrdə Mövlana gerçək bir insan sevgisini ortaya qoyub.


Kitabda qeyd olunur ki, Mövlana “Məsnəvi” əsərini digər əsərləri kimi fars dilində yazıb. Filosof şairin türk dilində yalnız bir neçə şeiri və farsca-türkcə müxəmməsi qalıb. Türk ədəbiyyatı zəngin şifahi və yazılı ədəbiyyat ənənələrinə sahib olsa da, XIII əsrdə də poeziyada fars dili üstünlük təşkil edirdi.


Türk ədəbiyyatı yeganə söz sənəti nümunəsidir ki, uzun əsrlər üç dildə - türk, fars və ərəb dillərində zəngin ədəbiyyat yaratmışdı. Farsdilli ədəbiyyatın inkişafında da türk şairlərinin misilsiz rolu var. Mövlana da Şərqin ən böyük farsdilli şairlərindən biri kimi bu ədəbiyyata ölməz əsərlər vermişdi. Lakin digər farsdilli türk şairləri kimi Mövlananın da fars dilində yazması onun milli kimliyinə şübhə doğurmamalıdır. Bu baxımdan da məşhur “Məsnəvi” əsərində türk obrazı və türk məsələlərini araşdırmaq, mütəfəkkir şairin türklük şüurunun müəyyənləşdirilməsinə imkan verməklə yanaşı, əhəmiyyətli faktların ortaya çıxmasına da şərait yaradır. Bir faktdır ki, buvgün dünyada Mövlananın farsmənşəlli şair olması fikri geniş yayılıb. Bu, təbii ki, farspərəst alimlərin fəaliyyətinin nəticəsi olduğu kimi, türk ədəbiyyatçıları və mütəxəssizlərinin də sözügedən məsələdə qətiyyətli araşdırmalarının az olması ilə bağlıdır. “Farsça yazan Türk filozof Mevlanada Türk imajı” kitabı da belə bir zərurətdən doğub. Mövlananın milli kimliyi, ilk növbədə, öz rübaisindən bəlli olur:

Yabançı bilməyin, mən də bu eldənəm,
Sizin diyarınızda öz ocağımı aramaqdayam.
Düşmən kimi görünürəmsə də, düşmən deyiləm,
Hindcə söyləyirəm, amma əslim Türkdür.


Müəlliflər qeyd edirlər ki, bu yeni kitab sufi mütəfəkkirin “Məsnəvi”sinə fərqli bir baxış bucağından yanaşmaq, türk obraz və adları ilə bağlı məsələləri araşdırmaq baxımından əlamətdardır. Türklük məsələləri Mövlananın digər əsərlərində də önəmli yer tutur, təqdim olunan bu kitab sözügedən mövzuya bir giriş xarekteri daşıyaraq gələcək araşdırmaların zəruriliyini göstərməkdədir. Mövlananın günümüzə qədər gəlmiş bir çox böyük həcmli əsərləri vardır. Növbəti bölümlərinin yazılması nəzərdə tutulan bu kitabda daha çox “Məsnəvi” əsərində bəhs edilən millətlər diqqətdən keçirilərək sonra türk milləti ilə bağlı məsələlər üzərində dayanılıb. Uyğun tədqiqatlar Mövlananın “Divan-i Kəbir” və “Fihi ma-fih” əsərlərində də aparılacaq və beləliklə ümumi bir nəticəyə gəlinəcək.

 

 

 





05.06.2020    çap et  çap et