525.Az

Azərbaycandan cahana bir bülbül səsi - Rəşid Behbudov


 

Azərbaycandan cahana bir bülbül səsi - <b style="color:red">Rəşid Behbudov</b>

Aleyna Malqoç 1998-ci ildə İstanbul şəhərində doğulub. Davamlı olaraq Türkiyə mətbuatında müxtəlif ədəbi yazıları, məqalələri və şeirləri dərc edilir.

Bir sıra ədəbi mükafatlara layiq görülüb. Hazırda Boğaziçi Universitetində Türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alır, türkologiya üzrə də çalışır. Qazaxıstan və Özbəkistanda ədəbi və elmi konfransların iştirakçısı olub.

A.Malqoçun böyük müğənni Rəşid Behbudov haqqında yazısını təqdim edirik.


***

... Bir axşam vaxtı, İstanbul Boğazını seyr etmişik, yamyaşıl otlarda oturub, dostlar ilə. Hamımızın qulağında məxmər kimi bir bülbül səsi, Azərbaycan türkcəsinin o xoş və şirin harmoniyası. Həmin vaxtda can Azərbaycandan Türkiyəyə, əziz şəhər Bakıdan İstanbula bir könül körpüsü tikilir. Hamımız bir bədən oluruq, könüllərimiz o səsin nəğmələrində, o mahnının sözlərində görüşür. Könlümüz İstanbulun sərin sularından ulu Xəzərə gəlir. O vaxtda, sanki hər kəs, hər şey yoxa çıxır gözlərimdən. Mən ürəyim və ağlımla baş-başa qalıram. Qulağımda Rəşid Behbudovun o əvəzsiz səsi, məni səmalara aparıb aləm ilə bir bütün edir. Musiqinin sehri məni 14 dekabr 1915 tarixinə, Rəşid müəllimin doğulduğu vaxta aparır. Tarixdə bir vaxt səyahətinə çıxmış ikən, ana qucağında Rəşidi görür gözlərim. Güclü səsi ilə bir gün, bütün aləmə bir çox dildə danışacaq kimi parlaq və məğrur görünür ana qucağında. "Mənim məmləkətim musiqinin və şeirin şəhəri Şuşadır. Bir gün mən də səsim ilə dünyanı qucaqlayıb Azərbaycanın və Türk dünyasının qüruru olacağam" deyir sanki.


Birdən-birə o uşaq böyüyür, böyüyür. İbtidai təhsil çağlarında belə səsi, mahnıları ilə ovsunlayır hər kəsi. Mən isə bir zaman səyahətinə çıxaraq yol alıram. Nə görürəm? Böyük sənətkar Üzeyir Hacıbəyli və gənc Rəşid bir-biri ilə hərarətli tərzdə danışır. "Arşın mal alan" filmində Rəşid birdən-birə Tacir Əsgər olub o məşhur ariyasını könüllərimizə qazıyır. Sevgilisi ilə şirin-şirin danışıb qovuşacaq günü gözləyir.


Mən isə bu vaxt xəyal aləmindən gerçək həyata, "Arşın mal alan" filmindən İstanbul sahillərinə qayıdıram. Yolda, evdə, işdə, yatmazdan əvvəl - həmişə qulağımda Rəşidin mahnılarıdır...


Vaxt gəlir, Rəşid Behbudovu "Bəxtiyar" filmində seyr edirəm. Vaxt olur, onun ifasında "Çal-oyna" isimli xalq mahnısına qulaq asanda bu gözəl sözləri yadıma düşür: "İstədim, elə bir heyət qurum ki, xalq musiqimiz, muğamlarımız, köhnə rəqslərimiz, çağdaş xoreoqrafiya, alətlərimiz, mahnı, estrada, caz, bəstəkarların yazdığı əsərlər, milli adət-ənənələr bu komandada bir araya gəlsin".


Rusca mahnılarına qulaq asarkən könül telim titrəyir, özümü bir rus operasında hiss edirəm. Hindcə mahnılarına qulaq asıram, Rac Kapoor və "Avara" mahnısı düşür yadıma. Gülümsəyirəm. Meksika xalq mahnısına qulaq asanda təəccüblənirəm. Ərəbcə bir mahnısında əylənir, farsca mahnılarına qulaq asanda isə məna və musiqi vəhdətilə kədərlənirəm. Türkcə mahnılarına qulaq asanda fərqli bir zövq hiss edirəm. "Kaş ki o həyatda ikən Rəşidi öz vətənimdə bu türk mahnılarını oxuyanda seyr eləmiş olaydım", - deyirəm. "İncəcikdən bir qar yağar" və "Unutdun məni, zalım" mahnıları dəfələrlə əks-səda verirkən qulağımda, ixtiyarsız olaraq, Rəşid Behbudovu sənət günəşimiz Zəki Müren ilə müqayisə edirəm. Sonra əsəbiləşirəm özümə. "İkisi də bizim bülbül səslimiz, dəyərlərimiz, musiqimizin zərgərləridir", - deyirəm...


O hər: "Bakı - əziz şəhər, mehriban diyar" deyəndə Bakı küçələrində çılğınlar kimi maşın sürmək və Rəşid Behbudova qulaq asmaq istəyim güclənir. O, "Ağacda leylək..."i, "Lalələr"i oxuyanda bir Azərbaycan toyunda Qafqaz rəqsi oynamaq istəyirəm. Rəşidin dilindən:


"Özün kimi vüqarlıdır uca dağların,
Hüsnünə bir yaraşıqdır yaşıl bağların,
Bizimlə bir başlamışdır
gözəl çağların...
Yurdum, yuvam, məskənimsən,
Azərbaycanım,
Anam, doğma vətənimsən,
Azərbaycanım..."


sözləri çıxanda can Azərbaycanın hər bir küçəsi gözümün qabağına gəlir. Rəşid "Ey Vətən " deyə nida etdikcə qəlbimdə türkün məhəbbəti çoxalır. Gözümün qabağına əsir türk elləri gəlir. Ən çox da Qarabağ, Laçın... Əsəbiləşirəm, gözlərimdən yaş gəlir. "Əcəba qurtularmı bir gün düşmən əllərindən türk torpaqları?" deyə soruşuram özümdən.


"Nazəndə sevgilim"ə, "Sənə də qalmaz"a, "Bahar sənsiz"ə qulaq asanda hüznlü şeirlər, itirilmiş sevgilər, aşilər, ayrılıqlar düşür yadıma. Köhnəlmiş şəkillər, hədiyyələr və heç vaxt geri qayıtmayacaq xəyallar...


Bir filmdə onun səsindən 'Küçələrə su səpmişəm" mahnısını dinləyəndə ağlayır gözlərim. Yenə bir gün, masa arxasında oturub işləyərkən "Qalanın dibində"nin sözləri və Rəşidin füsunkar səsi əks olunur qulağımda:


"Qalanın dibində bir quş olaydım,
Gələnə-gedənə yoldaş olaydım..."


"Mən də Rəşidin heykəli önündə, teatrının qarşısında bir daş olaydım, həmişə onun səsinə qulaq asaydım" - deyirəm...


Azərbaycanın bu qüdrətli övladı, bu böyük sənətkarı, səsi, sənətçi şəxsiyyəti ilə İstanbulda gənc bir türkün könlünü fəth edir, ona ilham verir. Bu səbəbdən bütün türk dünyası əl-ələ verib o dahi sənətkarını cahana daha geniş təqdim etməli deyilmi?! Vəfatından uzun illər sonra belə, dahi Rəşidin adını aləmdə əbədiləşdirməli deyilikmi?!


Odur ki, birağızdan deyək:


Vaxtilə bir Rəşid var idi deyirlərsə, nə xoş!
Yad edilmək ilə hansı ruh olmaz ki sərxoş?!
Bu dünya durduqca səsin, avazın susmasın, Rəşidim!


Aleyna MALQOÇ

 





06.06.2020    çap et  çap et