525.Az

Tanıyaq və tanıdaq: Əfrasiyab Nurullahi


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Əfrasiyab Nurullahi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.


Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.


Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 


Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
 

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...


Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!





Esmira FUAD
Filologiya elmləri doktoru

 
Əfrasiyab NURULLAHİ


1978-ci ildə Güney Azərbaycanın Xudafərin bölgəsində doğulub. Fars dili və ədəbiyyatı  üzrə ali təhsil alıb. Hazırda Tehranda yaşayır və öyrətmən - müəllim işləyir.


2007-ci ildə "Nəğməsi nağıl həyat" adlı ilk şeir toplusu Tehrandakı "Yaşmaq" yayın evində çıxıb. 2016-cı ildə isə "Güzümün gecəsi" adlı digər şeir toplusu Təbrizdəki "Aydın sav" nəşriyyatında işıq üzü görüb.


Ayrıca "Şeirimizin uzaq yolçuluğunda" ilk ədəbi tənqid yönümlü araşdırma əsəri və "Yeni Babək" adında yeniyetmələr üçün bir kitabı da çapa hazırdır. Güney Azərbaycan milli oyanış hərəkatı əsasında yazılmış "Hamısı onlardan başladı" adlı kitabı və bir çox milli əhvali-ruhiyyəli şeirlərinin çapına isə, təəssüf ki, hələ də izn ala bilməyib... Bir sıra tənqidi məqalələri vaxtilə "İşıq", "Sancaq" və digər rəsmi, həmçinin qeyri-rəsmi mətbuat orqanlarında çap olunub.


Başımda arpa-buğday saçlarım...


Başımda arpa-buğday saçlarım,
Ürəyimdə ağ-qara aclarım.
Başımdan ürəyimə,
haauzanar, yetməz.
O gün bir hallar gördüm,
Ölərəm də gözümdən getməz:
Acından bir qadın ağladı...
Başımda arpa-buğday saçlarım
Uzanar,
Ayağıma salama gələr.
Bu öylə bir dərd ki,
Nə göyə yerləşər, nə yerə sığar.
Nə də ki
Bir şeirə, kəlama gələr:
Acından bir qadın ağladı...


Başımda arpa-buğday saçlarım
Başımın başıma qaxıncı olub.
Sabah son çərşənbə bayramıdı,
Sancısı o gündən qarnıma dolub:
Acından bir qadın ağladı...


Başımda arpa buğday saçlarım
Başımda quzey güney iqlimlərimin,
Günəş-kölgə ayrılmazlığı
fəsillərimin qışlığı, payızlığı,yazlığı
Başımda ağlı qaralı ğünlərimin
gümüşü yaylığı
Başımda ürəyimin istisi, soyuğu...
Və hər gün,
bir az qopub düşən ürəyimdən
saçlarıma düşən dən...
Başımda...
gecə, gündüz,
qürub, dan...
Başımda
ağdan, qaradan
ibarət...
...başımda, ürəyimdə iki əlamət, nişan,
... başımda ürəyim şan şan...
Başımda,
Bütün ürəyimdən olanlar,
Bütün başımdan gedənlər,
Bütün başıma gələnlər...
Başımda
Bütün xəyalımdan ötən,
Başımda vətən...
Vətənimin göylərin tutmuş bulut...
Başımda,
Tutulmuş qaşım, qabağım,
Dolmuş gözlərim, gözlərin...
Başımda,
Başımdan əskik olmayan duman, çən.
Başımda,
Bir şəhər həsrətim - Təbrizim
Başımda
Səni gəzdirirəm, sevgilim...


Orda bir göl vardı...


Urmu gölünə


Orda bir göl vardı,
Son gördüyümdə çox bəxtiyardı...
Qızlar yuxularını danışarmış sularına.
Gəlinlər sirlərini açarmış...
Gələnlərin
qabağına qaçarmış o göl, deyirlər,
Gedənlərin
ardınca atılarmış,
Qalanların
qadasını alarmış,
Mahnılaşarmış,
İnsanlaşarmış...
"Qalarsan, qadan allam
Gedərsən, yola sallam"...
Sahil boyu,
tamsına-tamsına qalarmış gecələr...
Deyişlə,
Quş izləri,
İnsan izləri yalarmış gecələr.
İskələsi,
Gəmisi,
Adası varmış...
Sən demə,
onun da alınası qadası varmış.
Bir səfər də mən vardım,
Mən keçdim oralardan,
Bir səhər də
məndən keçdi oralar.
Nələr yaşamadım,
görmədim o səhər!
Nə yaxşı,
o səhəri də yaşamadan
ölmədim o səhər!
Məsələn,
Günəşin ilk düşdüyü anı gördüm...
Heç ağlıma da gəlməzdi ki,
günəşi görüm dənizdə!
Gördüm,
Hələ yırğalanırdı da...
Ancaq
yenə də üzünə baxmaq olmurdu
Və öylə bir təsvir ki;
Sanki göydə də,
yerdə də asimanı gördüm!
Mən,
o səhər,
bambaşqa bir aləmi,
Urmulu, Göllü, Dənizli
Azərbaycanı gördüm...
Mən,
o səhər,
heç görmədiyim həyəcanı gördüm...
Orda bir göl vardı,
İndi "Yoxdu" - deyirlər...
"Qurudu!"
"Yerində yel vurur,
yengələr oynayır" - deyirlər.
Bu qədər rahat,
Bu qədər fərqində olmadan!
İnanmıram,
"Yalandı" - deyirəm,
Masaldı...
Orda bir göl vardı,
Orda bir çöl olamaz,
Əsla olamaz!..


2013

 





07.06.2020    çap et  çap et