525.Az

İçərişəhərə YUNESKO tərəfindən "gücləndirilmiş mühafizə" statusu verildi


 

İçərişəhərə YUNESKO tərəfindən "gücləndirilmiş mühafizə" statusu verildi<b style="color:red"></b> 18-19 dekabr 2013-cü il tarixlərində Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası keçirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, gündəlikdə duran bir sıra məsələlər, o cümlədən İçərişəhər üçün xüsusi əhəmiyyət kəsb edən - "gücləndirilmiş mühafizə" statusunun verilməsi məsələsi öz əksini tapıb. Milli-mədəni irsimiz olan İçərişəhərə "gücləndirilmiş mühafizə" statusunun verilməsi ilə bağlı sorğu 19 dekabr tarixində nəzərdən keçirilib və bununla bağlı müsbət qərar qəbul edilib. İçərişəhərlə bağlı müraciətin təqdimatı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iclasda iştirak edən nümayəndə heyəti tərəfindən keçirilib.

Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblemlə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.
Qeyd olunmalıdır ki, İçərişəhərə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə "gücləndirilmiş mühafizə" statusunun verilməsi ilə bağlı sorğu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ilk dəfə 2010-cu ildə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə təqdim olunub. Ötən müddət ərzində Komitənin tövsiyələrinə əsasən, ölkə qanunvericiliyi Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyası və onun İkinci Protokolunun tələblərinə uyğunlaşdırılıb, habelə İdarə tərəfindən İçərişəhərin qorunması ilə bağlı bir sıra daxili qayda və prosedurlar təkmilləşdirilib. Bununla yanaşı, silahlı münaqişələr zamanı "İçərişəhər" Qoruğunun ərazisindən və tarixi-memarlıq abidələrindən hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bəyannaməsi və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində tətbiqi ilə bağlı məlumat Komitə üzvlərinə təqdim olunub.

İçərişəhərin mühafizəsi məsələsinə beynəlxalq səviyyədə verilən bu yüksək qiymət Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin daha bir bəhrəsidir. Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin incilərindən biri olan İçərişəhərin qorunması və dünyada təşviqində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük rolu xüsusi qeyd edilməlidir.

İçərişəhərin YUNESKO-nun "Gücləndirilmiş mühafizə rejimli abidələrin siyahısı"na daxil edilməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin bu incisinin qorunması səviyyəsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir.
 





19.12.2013    çap et  çap et