525.Az

Qonşunun tut ağacı - Esmira Günəşin yazısı


 

Qonşunun tut ağacı - <b style="color:red">Esmira Günəşin yazısı </b>

Bu günlərdə sosial şəbəkələrdə tutla bağlı bir paylaşım gördüm - məni xatirələrə apardı. Uşaqlığım, babamın həyəti, daha sonra yeniyetməliyim, atamla, tut ağacı ilə bağlı yaşadıqlarımız gəldi gözlərimin önünə.

Kirayə qaldığımız evdə qonşunun tut ağacı bizim həyətə də düşür. Balaca budaqda iri tutlar yetişib. Hər gün Bakının sözə baxmayan küləyi ağacda yetişən iri və şirəli tutları yerə tökür. Səhər baxıram yenə də üstü doludur. Allahın möcüzəsidir. Həmd olsun.

Qəribə xasiyyətim var, hallalığın almadığım heç nəyə əl vurmaram. Ona görə də gözümün önündə olsa da, tuta əl vurmurdum. O gün ev sahibi kirayəni götürməyə gələndə deyib: "Bala tutdan yığıb niyə yemirsən?"

Dedim: "Özləri icazə verməyib axı".

Dedi: "Nə icazə, bizim həyətə düşür, külək əsəndə tökülür yerə, zay olmağındansa yeyin də... Onsuz bir də gördün gəlib yığıb apardılar hamısını".

Dedim: "Bu böyük ağacın, bu balaca budağı üçün qonşunun həyətinə keçib onu da yığırlar?"

Dedi: "Bəli... Halallıq məsələsinə gəlincə, qonşun özü düşüncəli olub, sənə təklif etməli idi, bu balaca budaq burda belə yetişibsə bu sənin qismətindir. Allah sənin üçün yetirib demək. Dər ye doyunca".

Yadıma Gəncədə baba ocağımız, adət-ənənələrimiz düşdü. Gəncədə tut ağacını çox zaman yoldan keçənlər də dərə bilsin deyə yol kənarına, evin qabağına əkərlər.

Gəncə şəhəri Nizami küçəsində hələ dünyasını çox cavankən (33 yaşında) dəyişən babamın evi gözümün qabağına gəldi. Balaca həyətdə bir böyük külfət yaşayırdıq. O balaca həyətin ruzisi, sevgisi necə də bol idi onda. Nənəm təkbaşına 5 bala böyüdüb, hər birini ev-eşik edib. Elə məni də məktəbə gedənə qədər nənəm saxlayıb.

Balaca həyətimizdə 3-4 ağac vardı ki, bunlardan biri də çox da böyük olmayan tut ağacı idi. Böyük olmasa da, hər il gətirərdi. Hər dəfə də nənəm yığar qablarda birinci qonşulara paylayardı.

Nənəm deyərdi ki, tut ehsandı, onu yeyən hər kəs ağac əkənə alqış edir.

Tutun faydaları haqqında nənəmdən eşitdiklərim yadıma düşür: "Növündən asılı olmayaraq, tut sağlamlıq üçün çox xeyirli meyvədir. Ömrü o qədər də uzun olmayan tutdan nə qədər çox istifadə etsəniz, bir o qədər də sağlam olarsınız".

Sonralar öyrəndim ki, tutun faydaları, həqiqətən, saymaqla bitib-tükənmir:

Tut qan azlığının qarşısını alır, tərlədici, bəlğəmgətiricidir, immuniteti möhkəmlədir, qaraciyəri təmizləyir, ürək, qan-damar sağlığını qoruyur, görməni yaxşılaşdırır, böyrəkləri təmizləyir, xərçəngə qarşı təsirlidir, qanda şəkəri tənzimləyir, dərini gözəlləşdirir.

Tutun dəriyə təsiri böyükdür: dərini qoruyur, dəri xərçənginə qarşı effektlidir. Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Çox quru dərilərə tut yarpaqlarını əzib, zeytun yağı ilə qarışdırıb maska edirlər.

Tut həm də saçları sağlamlaşdırır. Tutu qaynadıb, suyunu saç köklərinə çəkib yaxalayın.

Tutun bu təsirlərindən faydalanmaq üçün həm ağ, həm qara tutu özünüzdən əsirgəməyin. Eyni zamanda tut qurusu və ondan hazırlanan bəkməzdən də istifadə edə bilərsiniz. Qışda hər səhər oyanan kimi bir qaşıq tut bəhməzi qəbul etsəniz, qışı sağlam və gümrah keçirərsiniz (Nənəmin reseptindən).

Həyətdə yaşayan ailələrin sayı artdıqca yavaş-yavaş köçüb özləri üçün yuva qururdular. Əmilərim ailə quranda biz də baba yurdundan köçməli olduq. Atam köçdüyümüz, hələ şəraiti tam düzəlməyən balaca evin həyətində müxtəlif ağaclar əkmişdi. Tut ağacına isə xüsusi qulluq göstərərdi. Hər il tut yetişən zaman, işdən gələn kimi çadır tutub çırpardıq, bizdən 10 qapı aşağı, 10 qapı yuxarı hər kəsə bir qab tut göndərərdi, sonra yerdə qalanı biz yeyərdik. Ağacları budayanda da çiliklərindən qonşulara verərdi ki, onlar da həyətlərində tut yetişdirə bilsinlər.

O mühitdə böyüyüb, indi bəzən insanların laqeydliyini görəndə istəyirəm ki, qaçıb atamgilin həyətindən tut dərim və gətirib qonşulara paylayım.

 





11.06.2020    çap et  çap et