525.Az

”Bizim standartlar Avropa Oyunlarının standartı kimi qəbul ediləcək”


 

”Bizim standartlar Avropa Oyunlarının standartı kimi qəbul ediləcək”<b style="color:red"></b> “2014-cü ildə biz birinci Avropa Oyunlarına hazırlıqla bağlı daha da böyük addımlar atacağıq. Çünki gələn il oyunlara hazırlıq üçün həlledici il olacaq”.
 
Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
 
Prezident vurğulayıb ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimizin, xalqımızın böyük qələbəsidir və bu, tarixdə qalacaq: “Biz elə etməliyik ki, bu oyunlar ən yüksək səviyyədə keçirilsin. Bu günə qədər Avropa Oyunları keçirilməyib. Avropa Oyunlarının tarixi yoxdur, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada yaranıb və Avropada bərpa edilib. Ona görə Avropa Oyunlarının hansı standartlara cavab verəcəyini biz müəyyən edəcəyik. Bizim standartlar artıq oyunlar başa çatandan sonra Avropa Oyunlarının standartları kimi qəbul ediləcək. Biz isə istəyirik ki, bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirək və buna imkan var. O vaxta qədər bizim idman obyektlərimiz tam hazır olacaq”.
 
Dövlət başçısının sözlərinə görə, Avropa Oyunları Avropanın, dünyanın diqqətini çəkən oyunlar olacaq: “Ona görə biz çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək. Əminəm ki, biz buna nail olacağıq. Təşkilat Komitəsi yaranıb. Təşkilat Komitəsi fəal işləyir. Biz tanınmış idmançılarımızı da bu işlərə cəlb etməliyik ki, onlar da, könüllülər də fəal iştirak etsinlər. Bir sözlə, gələn il bu oyunlara hazırlıq üçün həlledici il olacaq. Ondan iki il sonra - 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycan yeganə ölkə olacaqdır ki, həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əminəm ki, bu oyunlar həm Avropanı, həm İslam aləmini biri-birinə daha da yaxın edəcək”.
 
Prezident İlham Əliyev onu da bildirib ki, biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. “Dünyanı, qitələri, xalqları, sivilizasiyaları birləşdirən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə mövcud olan xoş əhval-ruhiyyə, xoş niyyət, dözümlülük, mehribanlıq bu gün artıq dünya ictimaiyyəti tərəfindən təqdirlə qeyd edilir. Çoxsaylı forumlar, humanitar forumlar, iqtisadi, siyasi tədbirlər keçirilir”-deyə, ölkə prezidenti əlavə edib.
 





20.12.2013    çap et  çap et