525.Az

Koronavirusla mübarizə mövzulu hekayə müsabiqəsinin qalibləri müəyyənləşdi


 

BİRİNCİ MÜKAFATI “TACLI MƏLƏKLƏR” HEKAYƏSİ İLƏ YAZIÇI NATİQ MƏMMƏDLİ QAZANIB

Koronavirusla mübarizə mövzulu hekayə müsabiqəsinin qalibləri müəyyənləşdi<b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə  elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyən olunub.

Müsabiqəyə 417 hekayə təqdim edilib. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb.


Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlələrə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

“Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq hekayə müsabiqənin qalibləri bunlar olub: Birinci mükafata “Taclı mələklər” hekayəsinə görə Natiq Məmmədli layiq görülüb. Sevinc Elsevər “A quşlarım, getməyin...” hekayəsi ilə 2-ci yeri tutub. 3-cü mükafatı “Ev” hekayəsinə görə Cavi Dan  qazanıb. Reyhan Yusifqızı “Həkimin gündəliyi”, Əkbər Qoşalı “İradə, mən ölürəm...” hekayəsinə görə müsabiqənin xüsusi mükafatına layiq bilinib.

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin  I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa müddət ərzində qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydlarına müvafiq olaraq təşkil ediləcək.

 

 





12.06.2020    çap et  çap et