525.Az

Leyla Əliyeva 3-cü dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif olunub


 

Leyla Əliyeva 3-cü dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif olunub<b style="color:red"></b>

 Heydər Əliyev Fondun vitse-prezidenti, fondun Rusiya bölməsini rəhbəri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxana səfər edib.

APA-nın Həştərxana ezam olunmuş müxbirin verdiyi məlumata görə, səfər çərçivəsində əvvəlcə L.Əliyevanın Həştərxan vilayətin qubernatoru Aleksandr Jilkin ilə görüşü keçirilib. Görüşdə qubernator administrasiyasının rəsmiləri, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də iştirak edib.
 
Daha sonra geniş tərkibdə keçirilən görüş zamanı qubernator Azərbaycan prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu diqqət sözlərlə deyil, həyata keçirilən iri layihələrlə özünü göstərir. Qubernator xatırladıb ki, Həştərxanda Heydər Əliyevin abidəsi, Rusiya-Azərbaycan körpüsü, Bakıda isə Bakı-Həştərxan dostluq parkı açılıb.
 
Moskva və bütün Rusiyanın patriarxı Kirillin sərəncamı əsasında Həştərxan və Kamızyak mitropoliti İona tərəfindən müqəddəs Knyaz Vladimirin abidəsinin yenidənqurma işlərində göstərdiyi köməyə və Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsindəki çoxsaylı töhfələrinə görə L.Əliyeva 3-cü dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif olunub.
 
Mükafata görə təşəkkürlərini bildirən L.Əliyeva deyib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edəcək. O qeyd edib ki, ərazisinin 20 faizi işğal altında olsa da, Azərbaycanda müxtəlif millətlər, dinlər arasında sülh, əmin-amanlıq mövcuddur, ölkəmizdə rus dilinin inkişafına böyük diqqət yetirilir: “Azərbaycanda tolerantlıq məqsəd deyil, həyat tərzidir”.
 
Daha sonra L.Əliyeva və A.Jilkin şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsi önünə əklil qoyublar, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş "Meçta" uşaq kafesinin, Knyaz Vladimirin abidəsinin açılışlarında və uşaq bağçasının təməlqoyma mərasimində iştirak ediblər.
 
Səfərin sonunda L.Əliyeva Rusiya Azərbaycanlı Gəncləri Birliyinin Həştərxan bölməsinin  fəalları ilə görüşüb və Heydər Əliyev adına 11 saylı orta məktəbi ziyarət edib.

 





20.12.2013    çap et  çap et