525.Az

Gözəl İnsanları itirməyin təsəllisiz kədəri - Şahanə Müşfiqin yazısı


 

Gözəl İnsanları itirməyin təsəllisiz kədəri - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Hər zaman düşünmüşəm ki, həyatın mənə verdiyi ən böyük töhfə qarşıma çıxardığı Gözəl İnsanlar olub. 

Ta uşaqlığımdan, müəllimlərimdən başlayaraq, həyat məni çox zaman gözəl, mərhəmətli, aydın düşüncəli, işinin peşəkarı, ən adi söhbətlərindən belə nələrsə öyrənə biləcəyim insanlarla qarşılaşdırıb. Kimiylə az, kimiylə çox zaman keçirsəm də, hamısından indiki və gələcək həyatıma, düşüncələrimə təsir edəcək nələrsə əxz etmişəm. Amma nə yazıq ki, ömrümüzə bir təsadüf və ya bir zərurət nəticəsində gələn bu insanların bir gün beləcə getmək zamanı da yetişir. Onları itirmək nə qədər ağrıtsa da, tanıdığımıza, az da olsa ünsiyyət yarada bildiyimizə görə ömrümüzün sonuna kimi şükür edəcəyimiz şübhəsizdir!  

Belə itkilərdən birini iyunun 10-u səhər saatlarında yaşadım. Dəyərli ziyalı, yazıçı-dramaturq, Əməkdar jurnalist, sevimli böyüyümüz Aqşin Babayevi itirdik. Sosial şəbəkədə onun ölüm xəbərini oxuyarkən həyatıma zərif toxunuşları olan, indi isə əbədi dünyada uyuyan xeyirxahlarımı bir-bir yenidən dərin minnətdarlıqla xatırladım. Həyatımdakı bu yarpaq tökümünün növbəti itkisi idi Aqşin Baba...

Elə bunları düşünərkən yadıma düşdü ki, bu gün həm də başqa bir xeyirxahımın ölümünün 40-cı günüdür. Biz hələ də itkisinə, yoxluğuna alışmazkən o artıq 40 gündür əbədi dünyanın sakinidir. Kövrək şair, zərif xanım, ürəyi gözəl Fərqanə Mehdiyevanı deyirəm. O, rəhmətə gedərkən içimdə elə bir ağrı, elə bir boşluq hiss etdim ki, nə danışmağa söz tapdım, nə də haqqında yazmağa təpər. Eləcə susdum. Onun yoxluğunun sükutuna ağrılarımın səssizliyini qarışdırıb susdum. Və 40 gün bu sükut içərisində keçdi.

Deyəsən, göylərin xoşuna gəlmədi bu sükutum. 40 günün tamamında daha bir xeyirxahımı aldı apardı əllərimizdən. Bu dəfə bir-birinə qarışan ağrılar elə güclü oldu ki, səssiz qala bilmədim...

Fərqanə Mehdiyeva ilə nə vaxt tanış olduğumu xatırlamıram. Aqşin Babayev kimi bir şair, ədəbiyyat adamı olaraq imzasını çoxdan tanısam, yaradıcılığına bələd olsam da, şəxsi tanışlığımızın zamanı hafizəmdə it-bata düşüb. Elə bilirəm, gözümü açıb onu tanımışam. İndi isə yaddaşımın ən gözəl yerində səmimi söhbətlərimizi, maraqlı müsahibələrimizi, xoş görüşlərimizi və kitabımın 2018-ci ildə Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimatının aparıcısı kimi məndən çox sevinc və həyəcan keçirtməsini xatırlayıram.

Maraqlıdır ki, Aqşin Babayevlə şəxsi tanışlığımız da 2018-ci ilin oktyabrında kitab təqdimatımda olmuşdu. Bir müddət öncə onun "Ədəbiyyat qəzeti"ndə çap olunan iki hekayəsi haqqında məqalə yazmışdım. Məqalə qəzetdə çap olunandan sonra zəng edib xoş sözlərini demiş, məmnunluğunu bildirmişdi. Oktyabr ayında kitabım çap olunub təqdimatın günü və yeri bilinəndə bu barədə qəzetdə elan çıxmışdı. Sən demə, Aqşin müəllim də o elanı görüb.

Həmin gün tədbir yerinə gedərkən "görəsən, kimlər gələcək, necə keçəcək?" suallarıyla dolu həyəcanımı xatırlayıram. "Ev yiyəsi" kimi vaxtdan xeyli qabaq məkana çatanda eyni anda qarşımızda bir maşın da dayandı. Maşından Aqşin Babayev və xanımı düşdü. O vaxta kimi tədbirlərdə uzaqdan görsəm də, heç vaxt üz-üzə gəlməmişdik. Düzü, mənim kitabım üçün oraya gəldiyini düşünmədim. Bir az da əvvəlki telefon danışığımızdan ürəklənib sadəcə, salamlaşmaq üçün yaxınlaşdım, üzümə baxanda "mən Şahanə Müşfiqəm, telefonda danışmışdıq"- dedim. Gözləri parıldadı:

- Hə, qızım, şəkillərdə fərqlisən, bir anlıq tanımadım. Təbrik edirəm kitabını, təqdimatın üçün gəlmişik,- dedi və yanındakı gülərüz, zərif xanımıyla da tanış etdi. Təəccüblənmiş və sevinmişdim. Mən də onu valideynlərimlə tanış elədim. Onlara dedikləri isə tamam fərqli hisslər yaşatmışdı:

- Şahanə qızımın yazılarını "525-ci qəzet"dən oxuyuram, çox xoşuma gəlir. Bu gün Türkiyədən qonaqlarımız gəliblər. Onları qarşılayıb, evdə qoydum, üzrxahlıq edib xanımımla çıxdıq ki, gəlib Şahanə qızımı təbrik edim, axıra kimi otura bilməsəm də, yanında olum. Belə bir gündə qızımı tək qoya bilməzdim.
 




Onda gördüm, bir insan sinəsi altında özündən yüz dəfələrlə böyük ürəyi də daşıya bilərmiş. Onda gördüm böyüklük sadəlikdən, təvazödən qorxmamaqmış. Onda gördüm doğmalıq üçün qan qohumluğu, illərin dostluğu, tanışlığı gərəkməzmiş, söz adamlarını elə söz də doğmalaşdıra bilirmiş.

Həmin diqqətindən sonra Aqşin Babayev ən doğma, ən yaxın kəsimə çevrildi. Onun adını telefonumda hər görəndə üzüm güldü, onunla hər qarşılaşmamızda qəlbim sevindi, onun hər "qızım" kəlməsindən böyüklüyünü duydum.

Sonra "Dünyanın axırı" kitabı çap olundu. Aqşin müəllimin sonuncu kitablarından biri. Zəng elədi, "Kitabımı səninçün göndərirəm,- dedi. Bir saat sonra imzalı kitab artıq əlimdə idi. Cəmi iki gün içində isə oxuyub bitirmişdim. Çox qısa müddətdə roman haqqındakı yazım çap olundu. Özünün xəbəri yox idi. Qəzet çıxandan sonra zəng edib xəbər elədim, güldü, "çox operativsən" dedi. Sonrakı zənglərimizdə roman və haqqındakı məqaləm barədə maraqlı söhbətlərimiz oldu. Son illərdə onun haqqında yazılmış məqalələri toplayıb kitab hazırlayırdı. Mənim hər iki məqaləmi də götürmüşdü.

Aqşin Babayevlə son telefon danışığımız isə elə bu karantin günlərinə təsadüf etdi. Onunla hal-əhval tutmaq, bu günləri necə keçirdiyini öyrənmək üçün zəng eləmişdim. Hər zamankı kimi şən, gümrah danışmağa çalışsa da, səsi həminki deyildi, vəziyyətinin yaxşı olmadığını hiss elədim. Xəstə olduğunu, bir müddətdir ki, evdə yatdığını dedi. Sanki hiss eləmişdi onu nələrin gözlədiyini. İki daşın arasında telefonda məni belə ölümünə hazırlamaq istəyirmiş kimi danışırdı:

- Biz yaşadığımızı yaşadıq, qızım. Heç vaxt şikayət eləməmişəm, yaxşı yaşadıq. Şükür Allaha. Daha getmək vaxtıdır. Mən də gedirəm. Təki siz cavanlar yaxşı olun, xoşbəxt olun. Bizdən keçdi.

Bu sözləri eşidəndə sanki içimdə nəsə qırıldı:

- Elə deməyin, müəllim. Nə olub sizə, maşallah! Hələ mənə müsahibə də verəcəksiniz.

Deyirdim, amma düzü, dediyimə özüm inanmırdım. Güldü, "toparlanım, özümə gəlim, mütləq",- dedi. 

Sonra elə hey tövsiyələrini verdi, yaz, yarat, dissertasiyanı müdafiə elə, elmi adını mütləq al dedi. Hamısını edəcəyimə söz verdim, sağollaşdıq.




Sonrakı günlərdə hey onu düşündüm, təzədən zəng eləmək istəsəm də, onda danışmağa nə qədər əziyyət çəkdiyini xatırlayıb, fikrimdən daşınırdım. Əvəzinə Feysbukdan səhifəsini izləyir, paylaşımlarından vəziyyətini özüm üçün anlamağa çalışırdım. Paylaşımları da azalmışdı. Mənə toparlanacağına söz versə də, bacarmadı.

Uzun müddətdən sonra paylaşdığı isə "Əlvida!" oldu. İki gündür sosial şəbəkə Aqşin Babayev itkisinə ağlayır. Maraqlıdır ki, bəziləri mənə də başsağlığı verirlər, Aqşin müəllimlə xatirələrini yazıb mənlə bölüşürlər. O doğmalıq, o qəlb yaxınlığı hiss edilirmiş yəqin.

Beləcə, qırx gün arayla ömrümdən iki xeyirxahım da azaldı: Fərqanə Mehdiyeva və Aqşin Babayev. Geriyə isə şəkillər, yazılar, kitablar və xoş xatirələr qaldı.

Nur içində yatın, Gözəl İnsanlar!

 





12.06.2020    çap et  çap et