525.Az

Əfsanə Rəvanın səhifəsi - Qəşəm Nəcəfzadə yazır


 

GƏNC ŞAİRİN ŞEİRLƏRİ HAQQINDA QEYDLƏR

Əfsanə Rəvanın səhifəsi - <b style="color:red">Qəşəm Nəcəfzadə yazır </b>

Son vaxtlar ən çox oxuduğum gənclərdir. Onların yeni səsi, nəfəsi, həyata və sözə baxışı məni çox təsirləndirir.

Bəzən yaşlı şairlərdə tapmadığımı onlarda tapıram və bu da mənim yaradıcılığıma müsbət təsir göstərir. Bu hiss çox qəribədir. Bəzən düz başa düşülmür. Yaşlılar 70-80 ildir, dəyişməz qalır (Demirəm, onların yaradıcılığı pisdir, əksinə, yeni oxuyanlar üçün təzədir), bilirsən ki, bunun həyata, vətənə baxışı ancaq budur, o, dəyişmir, dəyişmək istəmir və ya dəyişə bilmir. İndiyə kimi öyrəndiyimi öyrənmişəm, daha bu vərəqi qatlayıram, indi mənə ayrı səhifə lazımdır. O ayrı səhifə də ədəbiyyata yeni gələnlərdir, yəni gənclərdir. Onlar da (əgər dəyişməsələr, yaradıcılıqlarında yenilik eləməsələr) mənim üçün köhnələcək, kim üçünsə təzə qalacaq. Mən də kimin üçünsə köhnəlmişəm, kim üçünsə təzəyəm hələ. Olsun. Belədirsə, bu da mənim günahım. Gərək təzələnim, yenilənim, daha ayrı əlac yoxdur.

Klassik, nakam şairimiz Mikayıl Mişfiq başdan-ayağa təzə və yeni səhifələrdən ibarətdir. "Yenə o bağ olaydı" şeiri bir səhifə, "Əbədiyyət nəğməsi" yeni bir səhifə və başqa- başqa səhifələr, hamısı gözəl bir filim kimi gəlib göz önündən keçir. Şairin "Qurban olduğum" şeirinə baxaq.

... Yoxsa özgəsinə üzünü tutmuş,
Təzə sevdasına qurban olduğum...

Bəlkə də çoxumuz bu şeiri dəfələrlə oxumuşuq, əzbər bilənlər də çoxdur. Amma heç kəs bu iki misranın üzərində dayanmayıb bəlkə də. Şair ondan üz döndərən sevgilisinin təzə sevdasına qurban olduğunu bildirir. Amma biz neyləyirik, sevdiklərimizi qısqanclıqda suçlayırıq, incidirik, boynuna günah yıxmağa fakt axtarırıq. Hələ müasir qəzəl şairlərimiz əğyarın böyrünə bıçaq soxmağa hazır dayanıblar. Bunlar heç vaxt dəyişməyən, stabil, qranit sifətli səhifələrdir. Dünən də belə idi, bu gün də, sabah da belə olacaq.

İndi mən yeni səhifələri oxuduqca, qarşıma çıxan maraqlı şeirlərdən qeydlər aparıram. Həmin səhifələrdən biri də Şəkidə yaşayan gənc şair Əfsanə Rəvanın səhifəsidir.

Gənc şair öz üslubu, təhkiyəsi ilə başqalarından fərqlənir. Amma bəzən dərindən götürəndə hiss edirsən ki, müəllif get - gedə özünü təkrara gəlib çıxacaq. Təfəkkürün məkan ərazisi hələ ki balacadır. Şeirlərin tək bir məramı var. Küsüb gedən sevgilini geriyə qaytarmaq, onun gedişinə dözə bilməmək. Küsən sevgilini geri qaytarmaq uğrunda gənc şairin apardığı cəhdlər, cəhdlərdə üzə çıxan poetik ovqat, uğurlu misralar müasir ədəbi prosesdə özünəməxsus səciyyə daşıyır.

Təkliyə qorxa-qorxa,
Hürkə-hürkə dözürəm.
Bölünüb, parçalanıb,
Tikə-tikə gəzirəm.

Bəli, Leyli kədəri dünən də olub, bu gündə, sabah da olacaq. Leyli də Məcnuna ünvanladığı məktubda yazırdı: "Boynum qolunu havadan dilər, gəl ayağının tozunu qəbrimə bəzək elə". Leyli də Məcnunu geri qaytarmaq istəyirdi, qəribə burasındadır ki, Məcnun da Leylini geri - özünə çağırırdı.

Axı mən də adamam,
Gəlmirsənsə, de, bilim.
Həyətdə bir ağac var,
Eşidərsən ki, bir gün
Asıb məni, sevgilim.

Yuxarıdakı şeirin son üç misrası gənc şairin özünəməxsus cığırın başlanğıcı kimi görünür. Yəni indiyə qədər aşiq sevgilidən bu cür "qisas" çıxmaq istəməmişdir. Bu qısas növü şeirimizdə olduqca yenidir.

Şeirlərdəki lirik qəhrəman aşiqini qaytarmaq istəsə də, hiss olunur ki, həm də ondan narazıdır, daha doğrusu gileylidir. Şeirlərin intonasiyasındakı əsəbilikdən bu çox aydın hiss olunur.

Mən hər gün əllərimi,
Səmadan asdım Allah.
İntihar günah idi
Bağışla, bir də olmaz,
Bağışla, çaşdım, Allah.

Lirik mən yerlə, göylə əlləşir. Gah Allaha müraciət edir, gah buluda, gah quşa. Dünyada kim və nə varsa, hamısından kömək istəyir ki, küsüb gedən o aşiqi geri qaytara bilsin.

İnsan darıxmaqlara
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki..

Şair şeirlərində payız kimi didərgindir, bəzən heç özü də bilmir ki, dünyadan nə istəyir (Bu hiss şeirdə əsas şərtdir). Gah aşiqə deyir gəl, gah deyir gəlmə. Daha mən də ayrılığa öyrəşdim. Bir neçə şeir keçir ki, lirik mən tez fikrini dəyişir, həyəcanla, özü də bir az əsəbi şəkildə deyir.

Öyrənmə unutmağa,
Ağrı verir sonralar.

Bütün bunlar onu göstərir ki, Əfsanənin bütün şeirləri bir poemadan ibarətdir. Poemanın iki qəhrəmanı var. Aşiq və Məşuq. Poemanın məzmununu Aşiqlə Məşuqu ayıran zaman təşkil edir. Zamanın psixoloji məqamları aşiqi dağa, daşa salır, onun dövrə əsəbi reaksiyası əslində onun mənəvi zənginliyini göstərir. Bir az keçən kimi yenə Aşiq fikrini dəyişmək istəyir.

Mən indi darıxmağı
Dərd hesab eləmirəm.
Daha sənə "qayıt, gəl,
Bir də getmə," demirəm.

Bəli, hiss edirsən ki, aşiqin gəldiyi qənaət, yetişdiyi məqam onu arxayınlaşdırıb, yəni, artıq Qədərlə barışıb. Amma bir neçə şeir keçəndən sonra aşiq yenidən üsyana qalxır, onun bu dəfəki qərarı qətidir. Müraciəti sevgi ilə deyilsə də, bir az da əmr şəklindədir. Lirik mən sevdiyinə geri qayıtmağın yollarını deyir: Yağış damlasında, quş qanadında gəl. Belə gəlməyin özü Allaha da xoş gələr. Burda elə bir pis şey yoxdur. Nə günahımız varsa, bütün küsülülükləri, yağışın damlası, quşun qanadı təmizliyə bilər.

Vallah qınayan olmaz,
Keç inadından, qayıt.
Yağış damlasında gəl,
Quş qanadında qayıt.

və yaxud

Hələ birinci qışdı,
Hələ ki yaza çox var.
Yazda isinir hamı,
Qışda qayıt da, nolar...

Bu kövrək notlar sevən qəlbin çırpıntılarıdır. Bəs Aşiqlə Məşuqi kim ayırıb, onları bir - birinə həsrət kim qoyub? Əlbəttə, zaman. Səməd Vurğun "Vaqif" dramında deyirdi: "O saf qəlbi pozan yalnız həyatdır". İndi Əfsanənin lirik məni həm də qəhrəmandır. O, ruhdan düşmür. Min cürə cəhdlərlə aradakı zaman divarını sökmək istəyir. Sevdiyini itirmək istəmir.

Nəyisə bəhanə et,
Qayıt, bəlkə barışdıq.
Bir az havadan, sudan,
Bir az bizdən danışdıq.

Lirik "mən" sevgisinə qovuşmaqdan ötrü əlindən gələni edir. Amma qarşı tərəfdən bir səs-soraq yoxdur. Elə bil o, lal kimi dayanıb. Bəs niyə o, bu duyğulara laqeyddir? Görən həmişə laqeyd olmuşdumu? Olmuşdusa, lirik "mən" bu cür keçmiş günlər üçün bu cür cənfəşanlıq edərdimi? Lirik "mən" onda bir vəfa görmüşdü ki, indi bu cür ah-nalə edir. Həm də lirik "mən" çox kamildir, sevgisindən əl çəkmək istəməyən kamildir ki, öz sevgisi üçün bu cür əzab-əziyyətlərə qatlaşır. Böyük Füzuli deyirdi ki, aşiqi məşuqə mahir eylər. İndi aşiq o qədər mahirdir ki, hər atılan daşın və deyilən sözün dalınca getmir. Yalnız sevgisini istəyir.

Yollar çəkdim gözlərimin ağından,
Sənsə qaldın küçəmizin tinində.
İndi elə darıxıram səninçün,
Gəlsən, bəlkə, diz çökərəm önündə.

Bəli, lirik "mən"in həyəcanlarına baxmayaraq, yar görüşə gəlmir. Fikrində qətidir. Və gəlməyəcək də. Ona görə ki, Əfsanin axtardığı və gəlməyən o adam elə Əfsanənin özüdür. Əfsanə özünü geri qaytarmaq istəyir, ürəyini əvvəlki yuvasına gətirmək üçün vuruşur... Aşiq də və Məşuq də elə şairin özüdür. Leyli də beləydi, Məcnun da. İnsan iki hissəyə bölünəndə belə olur. Əsas və həm də poeziya üçün gözəl olan elə budur.

 





12.06.2020    çap et  çap et