525.Az

Nərman Qocatürkün İstanbulda kitabı çıxıb


 

Nərman Qocatürkün İstanbulda kitabı çıxıb<b style="color:red"></b>

Min illərdir, bəşəriyyəti birliyə, bütövlüyə, dostluğa, qardaşlığa, sivilizasiyaları, mədəniyyətləri dialoqa çağıran, tolerantlığı, humanizmi həyat tərzinə çevirən, Türk dünyasının, Şərqin bir parçası olan Azərbaycan bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına evsahibliyi edir.
 
"Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir", "Biz birlikdə güclüyük" nidası ilə  quruma rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Türk xalqlarının mənəvi birliyi üçün genişmiqyaslı layihələrin gerçəkləşməsinə töhfələr verir.  

İstər Cümhuriyyət zamanı, istər də azadlığa yenidən qovuşduğumuz illərdə respublikamızın müstəqilliyini ilk tanıyan ölkə olan Türkiyə Cümhuriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin müzakirələrində birmənalı mövqe nümayiş etdirir. Şərqin, Türk dünyasının liderlik missiyasını öz üzərinə alan Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir" gerçəyi ilə mənəvi mücadiləsini davam etdirir.

Bu yaxınlarda "Dəyərlərimizi qoruyaq və təbliğ edək" layihəsi çərçivəsində Nərman Qocatürkün "Biz türklərik! Çadırımız göy qübbəsi?" adlı kitabı İstanbulda türk dilində işıq üzü görüb. Türk Xaqanlıq tarixinə həsr olunan layihənin icraçı direktoru Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, kitabın elmi redaktoru Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, redaktoru  yazıçı-publisist İbrahim Nəbioğludur.

Kitabda  Böyük Türkün qüdrətli xaqan-sərkərdələrinin, el bilicilərinin dünyasından soraq verilir. Türkün Yaddaş Kitabının altun səhifələrini vərəqləyən müəllif mif ruhuna bürünmüş əski yaddaşımızdan çağdaş günümüzə boylanmaqla türk adından qürur duyan hər bir kəsi bu uca Sevgiyə tapınmağa səsləyir.

Kitabda böyük türkün yaddaş dastanı yenidən vərəq-vərəq səhifələnir. Türkün yaddaş dastanı deyib qələmə alınan bu yazı həm də Köç Yolu boyunca binələnmiş neçə-neçə türk soylarının dünənindən bu gününə soraqçıdır. Azərbaycan-Anadolu çevrəsində təşəkkül tapan, dünyanın yarıdan çoxuna hakim kəsilən, yenilməz orduları ilə yanaşı, zəngin bazarları, ticarət mərkəzləri ilə də Böyük  İpək Yoluna nəzarət edib günçıxandan günbatana sarı dünyanın siyasi mənzərəsini cızan türk milli dövlətlərinin, xaqan-sərkərdələrin, millət fədailərinin, el və dil bilicilərinin gücünü, qüdrətini özündə əks etdirir.

Türkiyə Cümhuriyyətinin təməl daşı Qazi Mustafa Kamal Paşa Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" nidası ilə Azərbaycanın zaman-zaman haqq səsinə dönməsi Çağdaş Azərbaycan Dövlətinin Qurucusu Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığına bəxş etdiyi "Bir millət, iki dövlət" sevgisi  bir olan millətin əbədi birliyindən soraqçıdır. 

Türk xaqanlıq tarixindən və  saray mədəniyyətindən, eləcə də həmin zəngin mədəniyyətin inkişafında Azərbaycan xalqının, milli Azərbaycan  dövlətlərinin və bu dövlətləri təmsil edən qüdrətli şəxsiyyətlərin, dövlət xadimlərinin möhtəşəm fəaliyyəti Müasir Azərbaycan Dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin işıqlı simasında geniş və hərtərəfli şərh olunub. Böyüklüyünü bütün dünyanın etiraf etdiyi Heydər Əliyev millətləri, dövlətləri  əski yola, dünyanın yaddaş yerinə, Böyük Köç Yoluna səsləyərkən Azərbaycandan keçən bütün yolların qapısını Türkiyə deyə göstərdi. Azərbaycandan Avropaya uzanan yolun üstündə cızılan layihələrin hamısında Türkiyə-Azərbaycan müştərəkliyini hər şeydən öndə gördü.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin reallaşdırdığı bütün layihələrdə də Türkiyə Azərbaycanla birgə sevindi. Çünki hər iki dövlətin Cümhurbaşqanının imzaladığı layihələrdə millətin ortaq payı vardı. Kitabda bu məqamlarla yanaşı, türk birliyinə xidmət edən bir çox tarixi anlar, görüşlər, toplantılar  öz əksini tapıb. Kitab uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirən, transmilli layihələri gerçəkləşdirməklə Azərbaycanı Avropa ailəsinə qovuşduran Azərbaycan Prezidentinin genişmiqyaslı fəaliyyətinin elmi-nəzəri şərhinə həsr olunub.

S.QARAYEVA

 





12.06.2020    çap et  çap et