525.Az

Uşaqların Sevinci - Mina Rəşid yazır


 

Uşaqların Sevinci - <b style="color:red">Mina Rəşid yazır </b>

Sevinc Nuruqızı uşaqlar üçün də yazır, böyüklər üçün də... O, şeir də, nağıl da, hekayə də, povest də, bəlkə qeyd etmədiyim başqa janrlarda da yazır... Amma mən bu yazıda onun uşaqlar üçün yazdığı hekayələrindən danışmaq istədim. O hekayələr ki, onlardan üzünə uşaq gülümsəyir, günəş çıxır, göyqurşağı boylanır, bir sözlə, dünya çəhrayı rəngə boyanır... 

Onun hekayələri o qədər təbii, səmimi gəlir ki, sanki bir tamaşaya baxırsan, bəzən də film seyr edirmiş kimi oxuyursan. Gah sevinir, bəzən də, elə kövrəlirsən ki, bütün dünya uşaqlarının dilindən qışqırmaq istəyirsən: "Axı dünya bizim evimizdi!"...

Sevincin "Qaranquş" jurnalından oxuduğum "Şokoladlarla vals" hekayəsi də belə yazılarındandı.

Bir yanda içi dolu bəzəkli, dadlı, cürbəcür şokoladlarla yüklənmiş maşın, digər yanda hələ o şokoladların dadını bilməyən, ancaq zibilliklərdən onların kağızlarını tapıb əzizləyən yetim, kimsəsiz, ac uşaqlar... Maşının sürücüsü yaşlı bir babadır. O, bir gün şokoladları mağazalara deyil, həmin o uşaqların sığındığı kasıb məhləyə aparır. Çünki qəlbi, vicdanı bu gün ona belə əmr edir... Eybi yox, qoy onu işdən çıxarsınlar, həbs etsinlər, nə olursa olsun, təki bu kimsəsizlər ömürdə birinci dəfə sevinsinlər deyə yola düşür... Uşaqlar sanki yuxu görürlər o gün. Necə maraqlı nağıldı, nə xoş yuxudu bu, kaş bu röyadan ayılmayaydılar... Bu ki lap möcüzədi, başlarından şokolad yağır, özü də hər cürəsindən... Şokolad kimi şirin, sevimli uşaqlar nədən bu nemətlərə həsrət qalsınlar ki... Sevinc bir müəllif kimi həmişə uşaqları sevindirməyə çalışır. Yəqin ona görə yazıya başlığı seçəndə tərəddüd etmədən "Uşaqların Sevinci"ni götürdüm...

"Qaranquş" jurnalından daha bir hekayə oxuyuram. "Nar və qaratoyuq". Qarlı bir gündə bir qaratoyuq acından ölmək üzrədi. Ağacın başında isə qıpqırmızı bir nar hələ də dərilmədən öz vaxtını gözləyir. Nar birdən qaratoyuğu görür. Əvvəlcə onun necə ac olduğunu bilmir. Sonra onu çağırır, dostu ac olan yerdə o, necə rahat ola bilər ki...

"Telefon köşkü" Andersenin "Köhnə küçə fənəri"ni xatırladır... Burada həmişə dəyərli olmaq, kiməsə lazımlı, gərəkli olmaq istəyi əşyaların diliylə balaca oxuculara çatdırılır..." Pişik başını ona sürtdü. Bir də, bir də... Və aralı qapıdan içəri girdi. Minnətdarlıqla gülümsədi. Ağzını geniş açıb ləzzətlə əsnədi. Çəhrayı burnunu qırışdırdı. İllər öncə köşkdə unudulmuş bir yun uşaq köynəyinin içinə girdi. Ağ yumaq kimi büküldü. Az sonra bala pişiyin mışıltısı köşkü başına götürdü... Köhnə telefon köşkü elə xoşbəxt idi ki... O, kiminsə köməyinə gələ bilmişdi"...

"Marionetka Maya" hekayəsi məni lap kövrəldir, onlar bir ailədir və birlikdə səyyar tamaşalar göstərirlər... Ailənin kiçik qızı 8 yaşlı Məryəm yeriyə bilmir... Hər tamaşanın sonunda hərə öz kuklası ilə səhnəyə çıxanda onun kuklası gözəl qızılısaçlı Maya həmişə tək qalır... "...Hər gecə hamı yatandan sonra Məryəmlə Maya pıçıldaşırdı. Bu söhbətlərində də Məryəm Mayanı özü səsləndirirdi. Yavaşca, pıçıltıyla, qəlbində...

- Məryəm, elə istəyirəm ki, sən də nə vaxtsa, tamaşanın sonunda məni də qucağına alıb səhnəyə çıxasan...

- Bilirəm, Maya. Yaxşı bilirəm sənin arzunu...

- Çox istəyirəm, Məryəm. Çox. Lap çox... Dünyada hər şeydən çox. Kuklaların da arzusu olur, bilirsənmi?

- Bilirəm, Maya...

Bu yerə çatanda Məryəm həmişə ağlayırdı..."

Nəhayət, bir gün tamaşanın sonunda Məryəm sevimli kuklası Maya ilə səhnəyə doğru addım atır. Uşaqların sevinc dolu alqışları ona güc verir...

"Günəş, buludlar və Ağca" hekayəsi uşaqlara Vətən sevgisini aşılayır. Bu sevgi elə incəliklə, elə nəvazişlə aşılanır ki, Vətən gözlərində müqəddəsləşir... Ağca göyərçindi və onun dostu müharibəyə gedəndən sonra o da hərbi hissəyə uçur... "Və o gündən cəbhə göyərçini oldu... Bəmbəyaz lələklərini səngərlərdən qalxan toz bozartdı, çəmçəhrayı ayaqları Vətən çöllərinin torpağına bulaşdı... Amma dözdü. Əsgər qazançalarından yedi... Əsgər çiyinlərinə qondu... Əsgər nəğmələri oxudu:

Vətən, səndən uca nə var,
Yer üzündə, Göy üzündə...
Vətən, sənsiz dar olar, dar
Yer üzü də, Göy üzü də...

Bir gün düşmən onlara hücüm edir və dostu yaralanır... "Ağca, diqqətlə dinlə məni... Bizə kömək etməlisən... Arxa cəbhə ilə əlaqə yaratmalısan. Ağca sevindi... Necə sevindisə, tüfəngin lüləsi işıqlandı... Başını tərpətdi. Deməli, o, kömək edə bilər... Vətənin çətin anında Ağca lazım oldu. Deməli, Ağca da Vətənə xidmət edə bilər. Vətənə və əsgər dostlarına... Poçt göyərçini olmuş əcdadlarından qalan bütün məharətini cəmlədi..."

Ağca apardığı məktubla arxa cəbhə ilə ön cəbhəni birləşdirməli olacaqdı. O, çox çətinliklə olsa da, bunun öhdəsindən gəldi - Vətənə xidmət elədi, ona olan borcunu yerinə yetirdi...

S.Nuruqızı göyərçinin dili ilə uşaqlara Vətən sözünün nə demək olduğunu anlatmağa çalışıb və buna nail olub.

 





13.06.2020    çap et  çap et