525.Az

"Başdaşı"nda yazılan acı və ağrılı gerçəklər - Şahanə Müşfiqin resenziyası


 

"Başdaşı"nda yazılan acı və ağrılı gerçəklər - <b style="color:red">Şahanə Müşfiqin resenziyası </b>

Səyyad Aran imzası çoxlarına yaxşı tanışdır. Onu istedadlı yazıçı, zəhmətkeş insan, vətənpərvər ziyalı kimi az qala hər kəs tanıyır.

Yaradıcılığında Qarabağ mövzusuna ən çox yer verən yazıçılardandır. Onun bu zamana qədər yazdığı povestləri, hekayələri geniş ictimaiyyətin və ədəbi tənqidin diqqət mərkəzində olub. Dərin müşahidəsi nəticəsində ərsəyə gətirdiyi əsərlərin təhkiyə və təsvirində də uğurlu müəlliflərdəndir. Qarabağ müharibəsi, bu müharibədə xalqımızın çəkdiyi ziyanlar, qaçqınlıq, ön və arxa cəbhədə millətimizin başına gətirilən müsibətlər onun bir çox əsərlərinin əsas mövzusudur.  

Təsadüfi deyil ki, yazıçının yaxın zamanda geniş ictimaiyyətə təqdim etdiyi ilk romanı olan "Başdaşı" da məhz Qarabağ mövzusuna həsr olunub. Kitab kimi çap olunmazdan öncə ilk dəfə "Azərbaycan" jurnalında  (2020, № 2) yayımlanan əsər bütün məziyyətləri ilə müharibə romanıdır. Kitabda 1990-cı illər Azərbaycanının ictimai-siyasi vəziyyəti, Qarabağ uğrunda gedən Ermənistan-Azərbaycan qarşıdurması anlatılır. Yazıçı əsərdə tarixi faktlar, gerçəkliklə bədii təhkiyəni və müəllif təxəyyülünü ustalıqla çuğlaşdırıb. Hər kəsin bildiyi gerçəkləri orijinal şəkildə qələmə alıb.

Azərbaycan xalqının başına gətirilən böyük müsibətlər əsərdə bir ailənin timsalında əks etdirilir. Ailə başçısı Səməndər, ana Nübar savaşa - Qarabağ müharibəsinə ilk qurbanlarını oğulları Qürbətin şəxsində veriblər. Üç oğlan (Qürbət, Səlahət, Camal), iki qız (Minarə, Münəvvər) övladı olan ailə müharibədə ağıla gələ biləcək ən böyük əzabları çəkirlər. Onlar övlad itirir, yurd-yuvalarından didərgin düşür, üç balası əlil olur. Amma bütün ağrılar bununla bitmir. Əsərin ilk səhifəsindən son səhifəsinəcən ailə itirə-itirə gedir.

Səyyad Aran o qədər də böyük həcmdə olmayan romanında müharibənin bütün üzlərini ustalıqla açıb göstərib. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə yaşanan faciələr, yüksək mövqelərdəki insanların xalqın məhvinə laqeydliyi, əsirlik həyatı, qaçqınlıq iztirabları bədii boyalarla verilərək əsərdə özünün uğurlu həllini tapıb.

İlk səhifələrdə başdaşı yonulən sexdəki qələbəlik və burdakı şəhid valideynlərinin bir-birinə münasibətinə baxaq: "Başdaşıları yonulan sexdə qələbəlikdi. Hamısı şəhid olmuş övladına məzarüstü abidə sifarişini verənlərdi.

Usta Ağabala Səməndərlə qucaqlaşdı, xeyli bir-birinə sarılı qaldılar. Onun da oğlu Şuşada şəhid olmuşdu. Özü öz əli ilə oğlunun heykəlini yonmuşdu. Tanıyanlar deyirdilər ki, "Başdaşı deyil ee, canlı adamdır".

Bu cümlələri oxuyarkən fikirləşirsən ki, bundan böyük, bundan ağır dərdmi olar? Ata öz şəhid balasına başdaşı yonur. Sonra baxırsan ki, bu, hələ romanın 5-ci səhifəsidir. Oxumağa davam etdikcə, qarşına elə dərdlər, elə faciələr çıxır ki, usta Ağabalanın dərdi gözündə adiləşir, ona belə "Şükür" deyirsən.

Müəllif Qürbətin başdaşına da arada "söz verir". Başdaşı da dillənir, gördüklərinə, yaşadıqlarına münasibət bildirir. Canından çox sevdiyi ailəsini onsuzluq girdabına salmağı nə qədər onu incidirdisə, el-obasının, xalqının başına gətirilən müsibətlər daha artıq daş bağrını yandırırdı. Onun monoloqları isə daha çox bacısı Minarə ilə bağlı olurdu. Deyirlər, ölənin arxasıyca çox və yüksək səsli ağlamaq onun ruhunu incidərmiş. Yəqin Minarənin də onun ölümüylə barışa bilməməsi, hər fürsətdə üsyanı, ağıları Qürbəti beləcə incidirdi.

Müseyib kişi başdaşını evə gətirəndən sonra ailəsinin, xüsusən balaca bacısı Minarənin göynəyə-göynəyə ağlaması başdaşını da incidir, sanki o, Qürbət öz yoxluğundan, başdaşı isə varlığından utanır: "Başdaşı içindən yenə xırda bir çat verdi. Qürbət peşman-peşman ətrafdakıları süzürdü. Axı o niyə yenidən bu evə qayıtdı, Gəncədə, ya da hamı kimi qəbiristanlıqda əbədi yerini tuta bilməzdimi? Müseyib kişi birdəfəlik onu məzarlığa aparsaydı, daha yaxşı olardı. Bacı-qardaşlarını, valideynlərini bu qədər üzməzdi".

Müəllif tarixi faktlara çox da təfərrüatlı toxunmur, romanı bədilikdən kənarlaşdırmır. Bu da onun axıcılığının ən böyük təminatçısına çevrilir. Oxucu onsuz da bildiyi, tarix kitablarından, televiziyalardan gördüyü, eşitdiyi, ya da yaşlı və orta yaşlı nəslin bilavasitə yaşadığı, şahid olduğu faktlarla yüklənmir, bədiilik romanın heç bir yerində pozulmur.

Amma təbii ki, yaxın tarix olduğundan ara-ara bəzi faktlara da toxunulur ki, bunların çoxundan xəbərdarıq. Roman boyunca yazıçının ən çox toxunduğu mövzu isə ermənilərə Rusiya başda olmaqla, digər ölkələrin, xüsusən Avropanın silah, ərzaq dəstəyidir. O, ermənilərin heç bir vəchlə azərbaycanlılara başqa cür qalib gələ bilməyəciyini, heç bu qanunsuz müharibəyə ürək etməyəcəyini dönə-dönə vurğulayır.

Əsərdə əks olunan ağrılı reallıqlardan biri də budur ki, göz qabağında ermənilər silah-sursatla, tankla zirehləndikcə, ən keyfiyyətli Avropa ərzaqları ilə təmin olunduqca bu tərəfdə azərbaycanlıların əlindən ov tüfənglərinə qədər hər şey alınır, əhali göz görəsi qurban edilirdi. Biz bunu gah müəllif təhkiyəsindən, gah da ayrı-ayrı obrazların dilindən oxuyuruq: "Ermənilərdən boşaldılmış Zamzur kəndinə Ermənistandan qovulan azərbaycanlılar yerləşdirilmişdi. Heç birinin silahı yoxuydu. Adam göndərib bir neçə dəfə istəmişdilərsə də, təmin etmək mümkün olmamışdı. Özünümüdafiə batalyonlarında 2 nəfər bir sınıq-salxaq silah düşürdü, hardan tapıb verəcəkdilər?

Silahsızlıq igid oğulları diliqısıq eləmişdi, arvad-uşaq yanında gözükölgəli olmuşdular. Təkbaşına on erməniyə can verməyən oğullar əl boyda silahın qabağında dirənir, irəli atıla bilmirdilər, qəzəbləri qumbara kimi içlərində partlayırdı. Bayırdakı atışmanın azərbaycanlı polislərin postu ətrafında getdiyini zənn etmişdilər, amma konkret vəziyyətdən xəbərləri yox idi, evdən çıxmaq ölümlə oynamaqdı. O gün Həmidin keçisi darvazadan çıxanda ermənilər elə bilmişdilər, adamdı, keçini də, darvazanı da, həmin evi də gülləylə deşik-deşik etmişdilər".

Səyyad Aranın "Başdaşı" romanı ədəbiyyatımızda bu vaxta qədər oxuduğum müharibə mövzulu romanlar içində təsvir sərrastlığı, ifadə dəqiqliyilə də xüsusi yer tutur. Sanki müəllif romanı yazarkən oxucusundan heç nəyi gizləməməyi qarşısına məqsəd qoyub. İgid oğullarımızın ölüm səhnələri, şəhidlərin sonrakı taleyi... Bütün bunlar pərdələnmədən təsvir edilir. Məsələn, Qürbət və tərkibində olduğu müdafiə batalyonunun digər döyüşçülərinin ölümü nə qədər ağırdırsa, həmin şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsi və dəfn prosesi ondan da ağırdır. Müəllif göstərir ki, əslində, faciə ölmək deyil, necə ölməkdir. Qürbət və onun döyüş yoldaşları ermənilərlə qeyri-bərabər döyüşdə tələyə düşürlər və qurtulmaq üçün meşəyə qaçırlar. Bu, onlar üçün hazırlanmış ən böyük pusqu idi. Çünki meşə düşmən tərəfindən minalanmışdı. Hər biri ayrı-ayrılıqda minaya düşən əsgərlərin heç birinin meyiti salamat qalmır, bədən üzvləri parçalanır. İndi gəl, parçalanmış bədənləri ailələrinə təhvil ver. Polkovnik və zabitlər sinəsi dağlı analar, bacılar tərəfindən döyülmək hesabına da olsa bu dəhşətli işin öhdəsindən birtəhər gəlirlər: "Toxtamış qadınlar bir-birinə dil-ağız edirdilər,- deyəsən, sənin oğlunun tikəsi mənimkində getdi. Halal elə, bacı.- Halal xoşun olsun. Elə mənim oğlumun tikəsi də Züleyxanın oğlunun tabutuna düşdü. Halal xoşu olsun. Sənin balan, mənim balam- nə təfavütü..."

Romanda ailənin qaçqın gəldiyi yerlərdən biri İmişlidir. Yazıçı onların İmişlidəki günlərini bütün təfsilatı ilə təsvir edir. Onun özünün də İmişlidən olduğunu xatırlayanda, bu ailənin Səyyad Aranın vaxtilə öz rayonunda gördüyü qaçqın ailələrinin prototipi olub-olmaması məsələsi insanı düşündürür. Sonra isə fikirləşirsən ki, Səməndərin ailəsi elə həmin dövrdə qaçqın düşən bir milyon insanın prototipi deyilmi?

Bəs romanın əsas qəhrəmanı kimdir? Düzü, əsəri oxuduqca bu suala cavab az qala hər səhifədə dəyişir: gah Səməndər, gah Qürbət, gah Minarə, gah...başqaları. Tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin əsər haqqındakı məqaləsində bu suala cavabı çox maraqlıdır: "Bəs romanın əsas qəhrəmanları? Təbii ki, müəllifin rəğbətlə təsvir etdiyi iki qardaşın - Qürbətin və Səlahətin adlarını çəkmək olar. Amma bizim fikrimizcə, əsas qəhrəman Xalqdır, o kəndin qocalı-cavanlı əhalisidir. Qürbət və Səlahət isə seçilmişlərdir".

Həqiqətən, təkcə "Başdaşı" romanının deyil, Qarabağ adlı böyük bir faciənin əsas qəhrəmanı da elə bu xalq deyildimi?

Romanın sonlarına doğru ailə müxtəlif yerlərdən sonra nəhayət, çox məcburi köçkünlər kimi Bakıya üz tuturlar. Paytaxt Bakı tarixinin ən çətin zamanlarından birini bəlkə də məhz həmin vaxtlarda yaşayırdı. Qarışıqlıq, xaos, müharibədən, ölümün ağzından qaçıb gələn insanların ümid axtarışları, əsəb, qorxu, hiddət, çarəsizlik... Həmin vaxt bütün hisslərin meydanına çevrilmişdi Bakı. Bir xilas yolu lazım idi. Həm xalqı, həm də Bakını, Azərbaycanı xilas edəcək qüdrətli bir əl... "Başdaşı" romanı bu xilaskar əlin gözləntisi ilə yekunlaşır. Tarixi gerçəklikdə Bakını, Azərbaycanı xilas edən əl tapıldı. İnanırıq ki, Qarabağ və işğaldakı digər torpaqlarımız da tezliklə öz xilasına qovuşacaq...

 





13.06.2020    çap et  çap et