525.Az

Ürəyimin yaddaşında - Yubiley yazısı


 

YUSİF KƏRİMOVUN 80 İLLİK YUBİLEYİNƏ

Ürəyimin yaddaşında - <b style="color:red">Yubiley yazısı </b>

... Qrupumuz ürəyimizcə idi. Səmimi, mehriban, çalışqan həmyaşıdlarım özləri ilə Azərbaycanın müxtəlif  bölgələrinin ab-havasını gətirmişdilər.

İlk gəncliyimizin arzusuna çatmış, tələbəlik həyatına  qədəm qoymuşduq. Uşaqlıq, yeniyetməlik arxada qalmışdı. Ömrümüzün həmin çağlarına  atalarımızın, yaxınlarımızın girdabına düşdüyü müharibə kölgə salmış və o ağır vaxtların, ehtiyacın "rəngi" üzümüzdən hələ tamam silinməmişdi. Xüsusən Yusiflə mənim kimi atasız böyüyüb ana ümidinə qalanların. Birinci kursun ilk günlərindən başlanan, yarım əsri adlayan dostluğumuzun bir səbəbkarı da analarımızın oxşar taleyi idi. Və bununla bağlı ən maraqlı, ibrətamiz, məni xüsusilə təsirləndirən bir hadisəni indi də həyəcanla xatırlayıram. Bu, universitetə qəbul imtahanında Yusifin inşa yazısı ilə əlaqədardır.

Mövzu M.Qorkinin "Ana" romanında ana obrazı idi. Yusif isə öz anası barədə bir növ sərbəst mövzuda inşa yazmış, lap axırda əlavə etmişdi: "Mənim anam Lalə Pavelin anası Pelageya Nilovnaya bənzəyir".

Bu, imtahan komissiyasında mübahisəyə səbəb olmuşdu. Bəziləri abituriyentin  mövzudan yayındığını iddia etsələr də, böyük pedaqoq, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun fikri ilə  razılaşmış, yazı "əla" qiymətə layiq görülmüşdü.

Universitetdə təhsil aldığımız tələbəlik illəri bizi büsbütün dəyişdi. Bu, uzaq rayonlardan, kəndlərdən gələn bizlər üçün başqa bir aləm, hər müəllim isə əsl məktəb, örnək, xəzinə idi: akademiklər Həmid Araslı, Cəfər Cəfərov, professor, görkəmli yazıçı Mir Cəlal, İsmayıl Əlizadə, dilçi alimlər Səlim Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, tədqiqatçı jurnalistlər kafedra müdiri Həsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Nəsir İmanquliyev, Nüsrət Bağırov, Seyfulla Əliyev...

Qrupumuzla ilk görüşündə Nurəddin müəllim bizimlə açıq söhbət etdi: "Bu günədək mən sizin heç birinizi tanımamışam. Burada qohumum, yaxınım yoxdur. Müəyyən vaxtdan  sonra isə olacaq. Yadınızda saxlayın: kim jurnalist sənətinə hörmətlə yanaşsa, bunu öz qələmi ilə sübut etsə, mətbuatda yazıları ilə çıxış etsə, həmkarım, qələm dostum kimi ona hörmət bəsləyəcəyəm".

Nurəddin müəllim sözünün üstündə möhkəm durdu. O, görkəmli tədqiqatçı, təşkilatçı jurnalist, "Bakı" qəzetinin baş redaktoru Nəsir İmanquliyev və maraqlı yazıları qəzetlərdə müntəzəm çap olunan "Kommunist"in şöbə müdiri Nəriman Zeynalov bizə sənətin sirlərini, yazı mədəniyyətini öyrədir, müxtəlif mövzularda yazılar tapşırırdılar. Onların köməyilə mətbuata ayaq açdıq, yazılarımız dərc olundu.

Qrupda hamımız səy göstərirdik, çalışırdıq həm dərslərimizi mənimsəyək, həm də mətbuatda çıxış edək. Çap olunan ən kiçik xəbərdə, yazıda görünən imzamız bizə böyük sevinc gətirirdi. Getdikcə Ələkbərin, Yalçının, Namiqin, Əlikramın, Aydının, Rafiqin, Mailənin, Dilarənin, İlyasın, Zöhrabın, Hafizin qələmləri itiləndi. Yusif  "Bakı" qəzetində  tez-tez çıxış edirdi. O, axırıncı kursda da qəzetin müsabiqəsində qalib gəldi və redaksiyada yarımştat işə qəbul  olundu. Universiteti bitirəndən sonra isə o vaxtlar respublikanın baş qəzeti sayılan "Kommunist"ə təyinat aldı. Burada cəmi üç ay işləmişdi ki, Yusifin "gözəl jurnalist, xeyirxah insan kimi tanıdığı Qubad Süleymanov onu yenicə fəaliyyətə başlayan rayonlararası  qəzetdə məsul katib vəzifəsinə dəvət etdi. Baş redaktor, qocaman jurnalist İsrafil  Nəzərov da məsləhət gördü ki, bir müddət rayonda çalışıb təcrübə qazansın, elə oradan "Kommunist"ə yazılarını göndərsin və nəhayət, Bakıya qayıdanda öz əvvəlki işinə davam etsin.

Belə də oldu. O, rayonlararası (Jdanov - indiki Beyləqan, Füzuli, İmişli) "Yüksəliş" qəzetində işlədi. Təcrübəli jurnalist, redaktor Qubad Süleymanovdan çox şey öyrəndi, məsul katib kimi qəzetin məzmunlu, maraqlı, nəfis tərtibatlı çıxmasında, oxucuların  rəğbətini qazanmasında, respublika mətbuatında layiqli yer tutub, sayılıb-seçilməsində biliyini, bacarığını, qələmini əsirgəmədi. Həmçinin, respublika qəzetlərində ("Kommunist", "Sovet kəndi", "Azərbaycan gəncləri") müntəzəm çıxış etdi, oçerkləri, felyetonları, məqalələri diqqət çəkdi.

Mən o vaxt rayonlararası (Salyan, Cəlilabad, Puşkin - indiki Biləsuvar) "Məhsul" qəzetində işləyirdim və tələbə-qələm dostumun yazılarını oxuyur, yaradıcılığını izləyirdim. Yusif maraqlı, məzmunlu, bənzərsiz yazırdı, öz dəsti-xətti ilə seçilirdi, oxucuları düşündürən, fəal olmağa səsləyən, onlara gözəl duyğular aşılayan oçerklər, reportajlar, məqalələr yazırdı ("Torpağın səsi", "Çüllüçalanın nəğməsi", "Son qozanın qiyməti"). Eyni zamanda, onun qələmi əyintilərə, nöqsanlara qarşı dözümsüz, barışmaz idi. Rast gəldiyi, aşkara çıxardığı neqativ hallar, eybəcərliklər, ətalət felyetonlarının mövzusuna çevrilirdi ("Mundiri mundarladı", "Əsi yemək axtarır", "Qızışdılar, qızışdılar... barışdılar", "Güloğlanın qarmonu").

Yusif 1964-cü ildə Bakıya qayıdıb yenidən "Kommunist" qəzetində işləməyə başladı. Lakin Nəsir müəllim öz yetirməsini baş redaktoru olduğu "Bakı" qəzetinə təkidlə dəvət etdi. O, qayğıkeş müəlliminin sözünü yerə salmadı. Düz on il zamanının populyar, oxunaqlı qəzetinin "qaynar" şöbəsinə - "Şəhər xəbərləri"nə rəhbərlik etdi. Ən operativ xəbərləri, informasiyaları, isti reportajları, şərhləri, müsahibələri  oxucular "Bakı"dan gözləyirdilər. Günün nəbzini tutan bu vacib, maraq doğuran yazıların əksəriyyətinin müəllifi şöbə müdiri Yusif Kərimov oldu.

Baş redaktor istəkli tələbəsini, istedadlı, zəhmətkeş, zirək həmkarını ev-eşik sahibi elədi. Nəsir müəllimin bilavasitə  dəstəyi ilə Yusif şəhərin münasib yerində mənzil aldı, toy elədi. Və... vaxtilə işlədiyi rayonda "tapdığı" Aliyə xanım bu evə gəlin köçüb ona ömür sirdaşı oldu.

Həmin vaxtlar Azərbaycan Televiziyasının Gənclər üçün proqramlar Baş redaksiyasında şöbə müdiri işləyirdim. Baş redaktorumuz, yazıçı-publisist Nahid Hacızadənin təşəbbüsü ilə "Səhər" gənclik proqramı hazırlayırdıq. Verilişə aparıcı jurnalist axtarırdıq. Mən tələbə yoldaşımı təklif etdim. Baş redaktor razılaşdı. Və Yusif o vaxt televiziya tamaşaçılarının çox sevdiyi "Səhər"in aparıcı jurnalisti kimi öz vəzifəsinin öhdəsindən bacarıqla gəldi.

Tale elə gətirdi ki, Mərkəzi Komitənin qərarı ilə rayona işləməyə göndəriləndən sonra Yusif  televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasında əvvəl şöbə müdiri, bir müddət sonra isə baş redaktor oldu. Çoxsaylı televiziya tamaşaçılarının diqqətini çəkən maraqlı verilişlərin həm müəllifi, redaktoru, həm də yaradıcı kollektivin rəhbəri və təşkilatçısı kimi tanındı.

Bakı Ali Partiya Məktəbində siyasi təhsilini müvəffəqiyyətlə başa vuran, mətbuatın müxtəlif pillələrində 18 il çalışan, yazıb-yaradan, qələmi ilə tanınan Yusif Abbas oğlu Kərimovun tərcümeyi-halında və yaradıclıq bioqrafiyasında  ötən əsrin 80-ci ilində yeni səhifə açıldı: "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru!

Həmin dövrdə jurnalistika aləmində deyildiyi kimi, barmaqla sayılacaq beş respublika qəzetindən birinin, yarım milyon tirajla çıxan mətbuat orqanının "dirijor pultunda" duruş gətirmək, "özünü təsdiq etdirmək" çətindən də çətin idi. Ondan əvvəl bu vəzifəyə sayılıb-seçilən tanınmış qələm sahibləri  "öz möhürlərini" vurmuşdular. Bəs indi? Yusif sonralar "İtkilər və ümidlər" kitabında yazdı: "Redaksiyada hər cəhətdən redaktorluğa layiq, həm də bu vəzifəyə umacağı olan jurnalistlər çalışırdılar. Odur ki, "kənardangəlmə" redaktoru, yəni məni "həzm edə" bilmirdilər. Bu səbəbdən ilk aylarım çətin "maneəni" dəf etməyə sərf olundu".

O, "maneəni" dəf edə bildi. Necə? Həftədə üç dəfə çıxan qəzetin hər bir nömrəsini özü üçün sınaq, imtahan hesab edən Yusif bu taleyüklü yaradıcı işin  məsuliyyətini çiyin-çiyinə çalışdığı həmkarlarına da hər vasitə ilə aşıladı. Yalnız qəzetin yaradıcı kollektivini deyil, eyni zamanda, çoxsaylı oxucuların, qələm sahiblərinin, ziyalıların birgə səyi və özünün yüksək təşkilatçılıq, peşəkarlıq səriştəsi ilə Yusif Kərimov "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru olduğu 15 il ərzində böyük uğurlar qazandı.

Yusif Kərimov ədəbi fəaliyyətə başladığı vaxtdan gözəlliyin, paklığın, müqəddəsliyin təntənəsinə inam hissi ilə yazıb yaradıb. Qələmə aldığı obrazlar insanları ədalətli olmağa, ləyaqət və şərəflərini qorumağa səsləyib ("Yollar", "Bir buta gül", "Üçbucaq", "Qırmızı sahil", "Qarabağ şikəstəsi", "Sarı sim", "Zülmətin bəyaz rəngləri", "İçimə açılan pəncərə", "Dram əsərləri").

Yazımın əvvəlində vurğulamışdım ki, tələbəlikdən başlanan dostluğumuzun bir "səbəbkarı" da oxşar taleyimiz olub: ağır müharibə illəri, atasız böyüməyimiz, analarımızın fədakarlığı. İkimiz də M.Qorkinin təbirincə desəm "həyatın dibindən" çıxmış, uşaqlığımızı caynağına almış ehtiyacın girdabından qurtulmuşduq. Və mən "Ömrümün kitabı"nda bunları qələmə alsam da, Yusifin xatirələrində saf övlad məhəbbətilə Lalə Anadan yazdıqlarını oxuyanda ötənləri yenidən yaşadım.

Şükürlər olsun ki, Yusif ömür-gün sirdaşı Aliyə xanımla övladlarının, fidan nəvələrinin xətrinə özlərində qüvvə tapıb qəzavü-qədərin müsibətinə dözə bildilər. Həyat davam etdi, təzə nəvələr dünyaya gəlib dil açdılar, böyüdülər, məktəbə getdilər. Ərinin ürəyi "sözünə baxmayıb" əməliyyat olunanda Aliyə xanım gecə-gündüz onun keşiyini çəkdi.

Yusif sağaldı və bir gün mənə sevincək xəbər verdi ki, böyük nəvəsi Fəridə yüksək balla ali məktəbə qəbul olunub, kiçik nəvəsi Abbas dayısının adını yaşadır, Allah saxlamış ağıllı, fərasətli oğlandır. Maraqlı hekayələr, kövrək etüdlər yazan qızı Lalə qardaşının adını təxəllüs götürüb: Lalə Abbas!

O isə yazıçı təxəyyülünə sığmayan həyatının dolaylarında taleyin  zərbələrinə və nəhayət, cərrah bıçağına tuş gələn ürəyinin ağrı-acısını vərəqlərə yazır, əlli il sirdaş olduğu qələminə dinclik vermirdi. Bir-birinin ardınca işıq üzü görən kitablarından adəti üzrə bizim ailəyə də "dost payı" ayırır: "İstedadlarına və insanlıqlarına dərin hörmət bəslədiyim əvəzedilməz cütlüyə Əlövsət Bəşirliyə və Dilarə Vəkilovaya, onların ləyaqətli övladlarına dost payı. Yusif Kərimov".

"Əvəzedilməz cütlük" deyəndə o, ailə  quran tələbə yoldaşlarını - Dilarə ilə məni nəzərdə tuturdu. Neçə illər rayonda işləyəndə, sonralar Bakıya qayıdanda evimizin qapısını tələbə yoldaşlarımız ərklə açıblar. Yusif də zarafatla deyirdi ki, siz yaxşı iş görüb tələbə dostlarımızın rahat görüşməyinə səbəbkar olmusuz.

Belə görüşlər, bir yerə yığışmağımız bizə bir mərhəmlik gətirdi: tələbəlik çağlarının şirin anlarını xatırlayan kim, qrupumuza məxsus deyimləri yada salan kim, ərkyana zarafatlar edən kim...

Mən ötənləri xatırlayaraq tələbə dostumun, həmkarımın "Ömür adlı yol keçdim" kitabını oxuyuram. Kitabda onun son illərdə qələmə aldığı publisist yazıları ilə yanaşı, "Mənim bestellerim" silsiləsindən bədii əsərləri yer alıb: "Bakirələr xiyabanı" romanı, "Mələklərin harayı", "Qara qərənfil", "Üçbucaq povestləri", "Qısqanclıq" novellası, "Dad, məni tutdular" hekayəsi.

"Çətin oxunan əsərin içərisində qızıl xırdalasan da faydası yoxdur". Kitabın epiqrafında böyük fransız yazıçısı Floberin müdrik sözləri diqqəti cəlb edir.

Mübaliğəsiz deyə bilərəm ki, Yusifin qələmindən çıxan yazılar, xüsusən bədii əsərlər ilk səhifəsindən başlayaraq oxucunu ahənrüba kimi özünə çəkir. "Ömür adlı yol keçdim" kitabındakı  publisist yazılarını, hekayə, novella, povest və romanını mən də beləcə maraqla oxudum. Və onun qələminin zaman keçdikcə necə cilalandığının, yetkinləşib kamilləşdiyinin şahidi oldum.

Yusif Kərimov yaradıcılığına xas olan diqqətəlayiq xüsusiyyətlər "İşğal vadisi" tarixi romanında özünü bariz şəkildə büruzə verir. Azərbaycan tarixinin taleyüklü, ağrılı-acılı dövrünün bədii təcəssümü olan bu roman ədəbiyyatımızda diqqətəlayiq hadisədir. Ürəyində çətin əməliyyatdan sonra nəşr etdirməyə macal tapdığı əsəri qələm dostumun 80 illik yubileyində qədirbilən oxucularına töhfəsidir.

Ruhu şad olsun!

 





15.06.2020    çap et  çap et