525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

"Dördüncü sənaye inqilabı"

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dünya İqtisadi Forumunun Qurucusu və İcraçı sədri Klaus Şvabın "Dördüncü Sənaye İnqilabı" kitabını nəşr edib. Çox vacib, lazımlı, həm də vaxtında nəşr olunan kitabdır. Pandemiya dövründə evə və özünə qapanıb dünyanın gələcəyi haqqında suallara cavab axtaranlar üçün də kitabda çoxlu ipucu var.

Kitabı oxuduqca bəşəriyyətin gələcəyindən narahatlıq, qorxu və xof adamı bürüyür. Amma müəllifin nikbin çalarlar axtarması, qorxuducu çağırışların yarada biləcəyi fürsətlərdən birlikdə faydalanmağın mümkünlüyü barədə düşünməsi, gələcəyə təsir göstərmə gücünə sahib olmağımıza dair fikirləri gərginliyə bir az su səpir.

Dördüncü sənaye inqilabının bizi hara apardığını tam şəkildə bildiyimizi iddia etməyin sadəlövhlük olduğunu deyən müəllif qorxu və qeyri-müəyyənliyin bəşəri iflic vəziyyətə salmasına qarşı çıxır, gələcəyin bizim bacarığımızdan asılı olduğunu vurğulayır, yollar arayır.

Kitabda yeni texnologiyaların, mürəkkəb innovasiya və inqilabi dəyişikliklərin həyat standartlarımıza və rifahımıza göstərəcəyi müsbət və mənfi dəyişikliklərdən bəhs olunur, hökumətlərdən, şirkətlərdən tutmuş sıravi insanlaracan hər kəsin məsuliyyəti önə çəkilir, dəyişən dünyaya uyğunlaşmalarının, mürəkkəb innovasiyalara çevik reaksiyalarının vacibliyi qabardılır. Müəllif texnologiyaların beynəlxalq təhlükəsizliyi kökündən dəyişdirəcəyini qeyd edir, münaqişə və müharibələrin yeni təbiətindən, biokimyəvi silahlardan, "havadan ötürülən dizayner viruslar, süni yolla istehsal olunan dayanıqlı bakteriyalar, genetikası dəyişdirilmiş epidemiyalar"dan söz açır. İnsan münasibətlərinin yeni formaları, ömrün uzanmasının gətirəcəyi fəsadlar, xatirələrin seçilib beyindən çıxarılması, dizayn edilmiş körpələr..., qorxu, həyəcan yaradan bu kimi mövzulara müəllifin soyuqqanlı baxışı oxucunu da bu ətrafda düşünməyə vadar edir.

Bəşəriyyətdə ciddi narahatlıq doğuran məsələ ilə bağlı belə vacib bir kitabı tərcümə və nəşr edənlərə, təşəbbüskarlara minnətdarlığımı bildirirəm. Kitabın tərcüməçiləri Elşən Bağırzadə və Təhmasib Əlizadə, tərcümənin elmi redaktoru professor Ədalət Muradov, Ön sözün müəllifi İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Məncə, indiki şəraiti dərk etmək baxımından bu mövzuda kitabların çapı vacib və gərəklidir.

P.S. Kitab müəllifin maraqlı müşahidələri və müxtəlif şəxsiyyətlərdən gətirdiyi düşündürücü sitatlarla zəngindir. Beynimdə ilişib qalan bir sitatı xatırlatmadan keçə bilmirəm. Müəllif informasiya ilə hədsiz yüklənmiş, ifrat sürət təzyiqi altında olan insanları xatırlayır: "...bir fasilə vermə və düşünmə üçün zamanın olmamasından şikayət edən liderlərlə tez-tez qarşılaşıram, onlar... getdikcə yüksələn bir yorğunluq halında görünürlər. O qədər çox təzyiq altındadırlar ki, yaşadıqları məyusluqlar... bəzən ümidsizliyə çevrilir..."

Bunun ardınca isə səyyah yazar Piko Ayvayerdən sitat gətirir: "...Sürət dövründə yavaş getməkdən daha əyləncəli, həyəcanverici heç nə ola bilməz. Diqqətin yayınması dövründə diqqət ayıra bilmək qədər dəbdəbəli heç nə yoxdur. Daimi hərəkət zamanında səssiz, sakit oturmaq qədər vacib heç nə ola bilməz".

***

Ayının gəlişi yaxşı əlamətdir?!

***

Yatmayanlar çoxdur.

***

Yası tərgitmək gərək...

***

Ofisiantlar saat 22-dən sonra işləməməyin həmişəlik qüvvədə qalmasını arzulayırlar...

***

Öpüşən elə yenə öpüşür. :)

***

Sükutu da status idi...

***

Keçmişə bugünün şərtlərindən baxmaq düz deyil.

***

Deyir, Fərda Xudaverdiyev çox güclü aktyordur, Cem Yılmazı suya susuz aparıb, susuz gətirər. Neyləsin ki, ölkə balaca, auditoriya kiçik, maliyyə məhdud, tamaşaçılar yüngül yumor sevəndirlər...

***

Sizin motivasiya vaxtınız keçib axı...

***

Asteroid də bir yandan...

***

Gecə başlayan külək.

***

Xoş simalı profillər...

***

Bəd xəbəri sevinə-sevinə çatdıranlar...

***

Nə qədər ki, tanıdığımız adamlara toxunmamışdı, çoxumuz koronavirus adlı bu bəlaya mücərrəd, uzaq bir təhlükə kimi baxırdıq. Amma yoluxanların sayı artdıqca, xəstəlik, ölüm halları çoxaldıqca bu faciəni hər kəs öz yanında, canında hiss etməyə başlayır.

Son günlər pandemiyadan həyatını itirənlərin içərisində tanıdığım insanların da olması bu qorxunc təhlükənin hamımız üçün nə qədər yaxın olduğunu, sanki şikarını güdən ovçu kimi marıqda, pusquda durduğunu bir daha dərk elədim.

Bu ağır xəstəlikdən həyatını itirənlərin hər birinə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Nə qədər çətin olsa da, özümüzü, yaxınlarımızı, insanlarımızı qorumaq istəyiriksə, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Operativ Qərargahın qərarlarını anlayışla qarşılamalı, məsələnin ciddiliyini dərk etməliyik. Məhdudiyyətlərə əməl etməyin hər birimiz üçün həyati vacibliyini başa düşməli, özümüzü, ailəmizi, hamımızı qorumaq, bu bəladan qurtulmaq naminə qoyulan qadağaların zəruriliyini anlamalıyıq.

***

Marketləri boşaltmayın...

Həftəsonlarını tut və tut qurusuyla da yola vermək olar. Çətin dövrlərdə olduğu kimi...

Həm də orqanizm üçün çox xeyirlidir.

Çətini budaqları silkələməkdir... :)

***

Kostyumları toz basacaq.

***

Hər kəs rahat olduğu səmtə qaçır.

***

Məmurun vəzifəsi işləmək, medianın (indiki halda həm də sosial şəbəkə istifadəçisinin, fəal vətəndaşın...) vəzifəsi MIZ qoymaqdır. Bundan incimək yox, buna alışmaq gərək...

***

Çırpılmaqdan qapının həngaməsi yerindən oynamışdı...

***

Adamlar küçədən keçən maşın səsinə təəccüblənəcəkdilər...

***

Küçədə ins-cins gözə dəymir.

Çox üzüyola, həlim, qayda-qanuna tabe olan, sözeşidən camaatıq. Gileylənmək, irad tutmaq insafdan deyil.

***

Təkcə qağayıların səsi gəlir...

***

Boyat çörəkləri quşlara saxlayın...

***

Sərtləşdirilmiş karantin rejimi poetik ovqatı gücləndirir, deyəsən. :)

Hamı şeir üstə köklənib.

***

Əvvəlki dünya deyil daha...

***

Küçədə iki nəfər danışır, səsləri binalarda əks-səda verir.

***

Yay gələndən hər gün sizin kitabınızla təmasda oluram...

***

Velosipedlə çıxmaq olar ki?!

Biri bayaqdan rahat-rahat küçədə o baş-bu başa sürür. Soruşsan, deyəcək ki, qadağada velosiped yazılmayıb.

Kreativ insanlarıq. :)

***

Məntiqlə bu gün yoluxma sayı azalmalıdır...

***

Vaxtilə Hacıbala Abutalıbov belə etmişdi; şəhərin küçələrini asfaltlayandan sonra yada düşmüşdü ki, kanalizasiya lükləri qalıb asfaltın altında. Guya deyirmiş ki, lüklər yolların estetikliyinə xələl gətirir. Elə ilk yağışda fəsadlar üzə çıxmışdı.

İndi də oxşar hadisələr baş verir. Bir də görürsən, o qədər də ehtiyac olmadığı halda səkiləri söküb təzələyirlər. Havayı israfçılıq hiss olunur. Köhnə səkilər də normal idi axı. Deməli, ya başçı təzə gəlib, işgüzarlıq görüntüsü yaradır, ya da artıq vəsait varmış yəqin.

Belə də olur, küçəyə şüşə kimi asfalt çəkirlər. Sonra da kanalizasiya lüklərinin yerini açmaq üçün asfaltı deşib dağıdırlar.

Güman ki, kimsə bir ağlıkəsən Abutalıbovun acı təcrübəsini yada salır...

***

Ekstremal şəraitdə kütləni instiktlər idarə edir, ağıl və məsuliyyət arxa plana keçir. Qərar qəbul edənlər və idarəedicilər bunu nəzərə almalıdırlar.

***

Ay yarılanır. Elə yay da...

***

Özünüzü 100 il qabaqkı insanların yerinə qoyun. Onlar necə yaşayırdılar? O dövrdə olsanız nə edərdiz?

Bəlkə də, insanın hiss və duyğuları onda daha dolğun yaşanırdı?

Bəlkə, dünyadakı bu qaçhaqaçın və sürətin azaldılması elə insanlığın xeyrinədir?!

İrəliyə doğru geriyə qayıdış.

İnsan gücünə adekvat yaşayış tərzi.

Yəqin, dünyanın ən üstün beyinləri fikirləşib bunu - həm də dünyanın xilası naminə.

 





15.06.2020    çap et  çap et