525.Az

Gəl ay Pənah xan, gorun çatlasın!.. - Aqil Abbasdan iki yazı


 

Gəl ay Pənah xan, gorun çatlasın!.. - <b style="color:red">Aqil Abbasdan iki yazı </b>

1978-ci ildə ermənilər İrandan Qarabağa köçürülmələrinin 150 illiyini təntənə ilə qeyd elədilər və Xankəndinin girəcəyinə də bunun şərəfinə bir böyük abidə qoydular və onu elədilər Dağlıq Qarabağın emblemi. Və dünya dağılanadək hər il də həmin günü qeyd edirdilər, yemək-içmək, çal oynasın, vur-otlasın.

Dünya dağılandan sonra day bu bayramı keçirmədilər. Əvvəla, artıq bu bayram onlara sərf eləmirdi, həm də bayramlarının sayı çoxaldı: Şuşanın işğal günü, Laçının işğal günü, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Cəbrayılın, Ağdamın, Xocalının və sair və ilaxır... əl barmaqları çatmır, gərək keçək ayaq barmaqları ilə də sayaq.

Əsas bayramları da Şuşayla bağlıdı. Hər il mayın 8-9-u Şuşada vur çatlasındı. Avropadan da parlamentarilər, məşhur siyasətçilər...  tökülüşüb gəlirlər, hələ bir eşşək yarışı da keçirirlər. Sonra da bizim Xarici İşlər Nazirliyi ora gələnləri salır qara siyahıya. Hələ biri vardı Lapşin adında, tutub içəriyə də qoyduq, sonra da buraxdıq getdi.

Qara siyahıya düşənlər də daha sonra bizim XİN-ə bir üzrxahlıq məktubu göndərir, bizim XİN-in də ürəyi yumşaqdı və genişdi, əfv eləyir onları və onlar da xoşbəxt olurlar.

Bəli, Qarabağa köçürülmələrini bayram edən ermənilər 26 ildi Şuşanı almalarını bayram edirlər.

Gəl ay Pənah xan, gorun çatlasın!

Karabakh.TV | Ermənilərin Qarabağa köçürülməsi

1748-ci ildə Çingiz xanın nəvəsi, Hülakü xanın oğlu Arqun şahın nəslindən olan Pənahəli xan Cavanşir doğulduğu Bayat kəndinə (Ağcabədiyə) gəldi və Qarabağ xanlığını qurdu. Təxminən 30 yaşlarındaydı. Və bu xanlıq Şimali Azərbaycanın ən qüdrətli xanlığına çevrildi. Ondan əvvəl Qarabağ xanlığı yoxuydu, Qarabağ Bəylərbəyliyi vardı Gəncədə yerləşirdi. Qarabağ bəylərbəyi də Pənah xanın babası İbrahim Xəlil ağaydı ki, sonra da Pənah xan oğlanlarının birinin adını İbrahim Xəlil qoydu ki, adı tarixə İbrahim xan kimi düşdü.

Mən Qarabağın tarixini yazmaq fikrində deyiləm. Bu haqda çox yazılıb, mən özüm də Qarabağ xanlığının tarixi ilə bağlı "Batmanqılınc" adlı roman yazmışam. İki dəfə də nəşr olunub, eləcə də Türkiyədə.

Gələk mətləbə.

1748-ci ildə Qarabağ xanlığı quruldu, ondan sonra Pənah xan Şahbulaq qalasını tikdirdi, Əsgəran qalasını tikdirdi, 1754-cü ildə də Şuşa qalasını tikdirdi.

1748-ci il, bu il də 2018-ci il. Bu il Qarabağ xanlığının qurulmasının 270 illiyidi. Elə bil heç belə bir hadisə olmayıb, belə bir xanlıq qurulmayıb. Nə televiziya kanallarında, nə mətbuatda bir tık da yoxdu.

Ermənilər Şuşanı almalarını hər il bayram edirlər. Ötən il də 25 illik yubileyini qeyd etdilər.

Biz Qarabağ xanlığının 270 illiyini unutmuşuq.

Falçı Bayram bu gün Pənah xandan hörmətlidi.



Gəl ay Pənah xan, gorun çatlasın. Necə ki çatlayır...

Sadıq Murtuzayev Ağdamda - İmarətdə Pənah xanın da, İbrahim xanın da, Mehdiqulu xanın da, Xan qızının da məzarları üstündə möhtəşəm sərdabələr tikdirmişdi.

Azərbaycandakı Bayraq muzeylərində Qarabağ xanlığının bayrağı varmı?

22 sentyabr 2018-ci il

***

Qorxuram ermənilər deyə ki, Şuşanı da biz tikmişik. Necə ki İrəvanı deyirlər
 

Şuşa-270

Bu il Pənahəli xan Cavanşirin (Çingiz xanın nəvəsi Hülakü xanın nəslindəndir) Şuşa şəhərinin özülünü qoymasından 270 il keçir. Yəni kəsəsi, Şuşa şəhərinin 270 illiyidi. Artıq ilin altı ayı keçir, amma hələ ki bu şəhərin 270 illiyinin tamam olması ilə bağlı nə hökumətdən, nə Tarix İnstitutundan, nə də Mədəniyyət Nazirliyindən bir səs yoxdu.

İki il bundan əvvəl 2018-ci ildə Qarabağ xanlığının yaranmasının 270 illiyi idi. Onda da özümüzü elə apardıq ki, elə bil heç Qarabağ adında bir xanlıq olmayıb. Tarix İnstitutu Allahın bir konfransını da keçirmədi. Amma həmin il ermənilər Xankəndi şəhərinin adının dəyişdirilib Stepanakert qoyulmasının 95 illiyini böyük bir təntənə ilə qeyd elədilər, dünyanın hər yerindən də nümayəndələr iştirak elədi. Biz isə Qarabağ xanlığının 270 illiyi ilə bağlı susduq.

Həmin vaxt bununla bağlı həm mətbuatda çıxış elədim, həm də Parlamentdə. Amma kimə deyirsən, nəyi deyirsən və niyə deyirsən?.. Quyuya atılan daş...

Niyəsini ha axtarıram, tapa bilmirəm.



Pənah xan Cavanşir indiki Ağcabədi rayonunun Bayat kəndindəndir. Vaxtilə mərkəzi Gəncədə yerləşən Qarabağ bəylər bəyi İbrahimxəlil Ağanın nəticəsidi. Və 1748-ci ildə də Bayatda Qarabağ xanlığının əsasını qoyub. Və tarixdə ilk dəfə analoqu olmayan Bayat qalasını tikib. Analoqu da ona görə yox idi ki, bütün qala bir kərpicdən ibarət idi, indiki dillə desək, monolit. Ona görə də bu qalanı heç cürə tutmaq mümkün deyildi. Qarabağ xanlığı yarananda Azərbaycanın digər xanları Şəki xanı Hacı Çələbinin rəhbərliyi ilə Bayata hücum eləmişdilər ki, Pənah xanın xanlığını əlindən alsınlar. Pənah xan da onların qoşununu darmadağın eləmişdi, başlarını götürüb qaçmışdılar. Hacı Çələbi də o vaxt məşhur bir kəlam işlətmişdi: "Getmişdik Pənahın xanlıq tacını başından alaq, başına şahlıq tacı qoyub qayıtdıq". Elə ondan sonra da Qarabağ xanlığı Azərbaycanın şimalındakı bütün xanlıqların şahlığına çevrilmişdi.

Ən dəhşətlisi odur ki, o qalanı Pənah xanın yadıcaları dağıtdılar və ən nəhayət, sonunda da o qalanın yerində pambıq əkdilər.

Bayatda hələ də o qalanın olduğu əraziyə Qalaça deyirlər. Mən bu barədə "Batmanqılınc" romanımda ətraflı yazmışam. Və romanı niyə yazdığımı da girişdə qeyd eləmişəm.

Nə isə. İki il bundan əvvəl Qarabağ xanlığının 270 illiyi ilə əlaqədar "Gəl, ay Pənah xan, gorun çatlasın..." yazdığım harayı da mətbuatda oxuya bilərsiniz.

Canım, ay Hökumət! Canım, ay Tarix İnstitutu! Canım, ay Mədəniyyət Nazirliyi! ŞUŞANIN 270 İLLİYİDİ!

10 iyun 2020-ci il

 





15.06.2020    çap et  çap et