525.Az

Ədəbiyyat İnstitutunda iki yubiley


 

Ədəbiyyat İnstitutunda iki yubiley<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda  Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə respublikamızın hər yerində görkəmli şairin yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Akademik bildirib ki, Naxçıvandan başlayan tədbirlər Azərbaycanın bütün  bölgələrində dərin xalq məhəbbəti və yüksək coşqu ilə keçirilir. Dövlət səviyyəsində keçirilən zirvə tədbirindən sonra adətən tədbirlər bitir, lakin Məmməd Arazın yubileyi ilə bağlı tədbirlər hələ də davam etdirilir.
Akademik qeyd edib ki, vaxtilə ulu öndər Heydər Əliyev Xalq şairi Məmməd Arazın yaradıcılığına dərindən bələd olub, şairlə daima ünsiyyət saxlayıb. Şairin fəxri adlarının əksəriyyəti ulu öndərin imzası ilə verilib: "XX əsrin sonlarında dövlət rəhbərliyi tərəfindən respublikamızın görkəmli ziyalılarının, elm və mədəniyyət xadimlərinin xarici ölkələrə müalicəyə göndərilməsi ənənəsi Məmməd Arazla başlayıb. Şairin Çadırdaş ətəyindəki Nurçu bulağından - ata ocağından başlayan yaradıcılığı  bütün azərbaycanlıların qəlbinə yol taparaq ruhunu oxşayıb. Bütövlükdə Azərbaycan onun ata ocağına çevrilib.

  Səməd Vurğunun "Azərbaycan" şeirindən sonra bu mövzuda yazmaq çətin olsa da Məmməd Araz bunu bacarıb və doğma yurdumuza aid xeyli şeir və poema qələmə alıb. Şairin dillər əzbəri olmuş şeirləri başdan-başa Azərbaycannamədir. Məmməd Arazın "Atamın kitabı" əsəri Cəlil Məmmədquluzadənin "Anamın kitabı"ndan sonra ən ciddi sənət əsəri kimi qiymətləndirilməlidir. Azərbaycan ədəbiyyatında lirik-romantik şair kimi tanınan Məmməd Araz ömrü boyu Azərbaycan idealına xidmət etmiş, Azərbaycanda mərdanəlik poeziyası yaratmışdır". Vətənpərvər şairin xalq ruhunda yazılmış əsərlərinin dastanlaşması, aşıqların da dillər əzbəri olması akademik tərəfindən xüsusi vurğulanıb.

Sonra filologiya elmləri doktoru Vaqif Yusifli məruzə ilə çıxış edib.  O, Xalq şairi Məmməd Arazın yaradıcılıq üslubundan geniş bəhs edərək bildirib ki, görkəmli şair torpağa, Vətənin dağına-daşına, doğma yurda bağlı olub, şeirlərinə xalq ruhunu hopdurub. Filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli Azərbaycançılıq məfkurəsinin dərinləşməsində şairin xidmətlərindən danışıb, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu Xalq şairi Məmməd Arazın əsərlərinin folklorla bağlılığından bəhs edib, şairin əsərlərində xalq yaradıcılığından süzülüb gəlmiş məziyyətlərdən ətraflı söhbət açıb.

Xalq şairi Məmməd Arazın ailə üzvləri adından Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxış edərək xalq şairinə göstərilən dövlət qayğısından danışıb, Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Yubiley tədbirində akademik İsa Həbibbəyli yekun sözü söyləyib, bildirib ki, görkəmli şairin xatirəsi Azərbaycan vətəndaşlarının qəlbində əbədi yaşayacaq.

Ədəbiyyat İnstitutunda füzulişünas-alim, filologiya üzrə fəlsəfə doktoru Vəcihə Feyzullayevanın da 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

İnstitutun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq ədəbiyyatşünas-alim Vəcihə Feyzullayevanın elmi yaradıcılığından danışıb. İsa Həbibbəyli V.Feyzullayevanın "Füzulinin qəsidələri" monoqrafiyasının məziyyətlərindən söz açıb, yubilyarın uzun illik elmi tədqiqatları sayəsində Azərbaycan füzulişünaslıq elminə mühüm töhfələr verdiyini, göstərilən elmi istiqamət üzrə əhəmiyyətli araşdırmalar apardığını diqqətə çatdırıb. İnstitut rəhbəri məhz adıçəkilən mərasimlə Ədəbiyyat İnstitutunun 80 illik yubileyi tədbirlərinə start verildiyini önə çəkərək elmi-tədqiqat müəssisəsinin qazandığı uğurlardan, Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixi inkişaf mərhələlərindən, institut həyatında mühüm xidmətləri olmuş görkəmli alimlərin fəaliyyətindən danışıb. Akademik İ.Həbibbəyli institutun yubileyi ilə əlaqədar hazırlanmış nəşrlər barədə də məlumat verib, bu əlamətdar tarixə AMEA rəhbərliyinin də diqqət göstərdiyini, yubileyin yüksək səviyyədə keçirilməsinin təmin ediləcəyini xüsusi vurğulayıb.
Akademik İ.Həbibbəyli tədqiqatçı alim Vəcihə Feyzullayevanı Ədəbiyyat İnstitutunun kollektivi adından təbrik edərək ona AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanını təqdim edib, yubilyara gül dəstəsi verib.

Sonra filologiya elmləri doktorları - institut həmkarlar təşkilatının sədri, professor Asif Rüstəmli, Fəridə Əzizova və Aida Feyzullayeva çıxış edərək yubilyarın yaradıcılığı, şəxsiyyəti barədə fikirlərini bölüşüblər.
Sonda Vəcihə Feyzullayeva çıxış edib, diqqət və qayğıya görə institut rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Ağahüseyn ŞÜKÜROV,
Amea Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri 

 

 





20.12.2013    çap et  çap et