525.Az

Düşündüyüm üçün tez öləcəyəm... - Könül Nuriyevadan yeni yazı


 

Düşündüyüm üçün tez öləcəyəm... - <b style="color:red">Könül Nuriyevadan yeni yazı </b>

Həyatı ən çox sevənlər, ondan könüllü ayrılanlardır. Niyə ayrılıq, niyə kədər, niyə mənfi düşüncə, niyə inciklik, niyə həyatdan zövq ala bilməmək?..

Niyələrin olduqca sadə həlli var imiş. Südə düşmüş qurbağa misalını bilirik. Biri çabaladığı üçün yağ vasitəsilə xilas olduğu halda, o biri hərəkətsizliyin qurbanı olmuşdu.

Bu gün sən özünü ümidsiz hiss edirsənsə, ətrafından gözləntin varsa, içində dünyaya qarşı inciklik gəzdirirsənsə, bunun səbəbi səni incidənlər deyil. QƏTİYYƏN ƏTRAFINDA GÜNAH GÖRMƏ. Başına gələnlərin yeganə səbəbi özünsən, daha doğrusu başının içində aramsız vır-vır edən DÜŞÜNCƏLƏRİNDİR.

Dayanmadan, keçmiş zibillərini, yaşadığın çirkin, kədərli, amansız, ədalətsiz hadisələri, sözləri sənin zehnində qarışdırmaqdan, çalxalamaqdan həzz duyan düşüncələrin sənin ən böyük düşmənindir.

Hələ üstəlik, gələcəklə bağlı nəticəsi ümidsizliyə bağlanan planlar qurmaqla zehnin səni öz əlində oyuncağa çevirib. Sən marionet gəlincik, ya manqurtdan fərqlənmirsən və bunun fərqində deyilsən.

Düşünürsən, düşünürsən...

Bu dəqiqə düşünməyi dayandır, keçmişlə bağlı neqativ, pozitiv bütün fikirləri özündən qova bilərsən. Bunun sadə yolu var, İNDİYƏ köklənmək. Məsələn, əllərini yuyursansa, su və əllərinin təmasını yaşa, söhbət etdiyin insanla indi qurduğun ünsiyyəti həqiqi mənada duymaqla indini hiss et.

Gələcək haqqında uzun vədəli planlar qurub, üstəlik, "birdən alınmazsa" deyib, özünü düşüncələrinin buxovuna keçirmək xoşuna gəlir?

Axı, sən bir an sonra nə olduğunu bilmirsən. Bir an əvvəl o birinin təkrarı deyil. Elə isə niyə bu anı doya-doya yaşamayasan?!

İndini yaşamaq üçün bunları nə etməlisən?

Özünə kənardan baxmaq. Ağlayanda, ağrıyanda özünə kənardan baxırsan. Necə axmaq göründüyünü fərq edəcəksən. Söhbət ağlamamdan getmir. Bu an bütün duyğular gözəldir. Söhbət içində düşüncələrinin yaratdığı insanın sən olmadığını bilməyindən gedir.

Özünü zehninlə eyniləşdirməmək. Zehnin keçmişi, gələcəyi düşünürsə, sənə tələ hazırlayır. Sən indini yaşayırsan, indinin gücündən zövq alırsan, zehninə tabe olma, onun hiyləgər taktiklərinə fikir vermə.

İçində gəzdirdiyin " ağrılı bədən"inin sənin olmadığı özünə təlqin etmək, onu özündən uzaqlaşdırmaq. İncik, qırılğan, qisasçı, əsəbi, davakar biri var içində. Bu sən deyilsən ki... Onlar keçmişdə olub, amma mənfi emosiyalara bürünmüş "ağrılı bədən" həzz alaraq, illərdir,  içinə özünü yerləşdirib.

Eqonu sıfıra endirmək. Eqo qorxularının səbəbidir. Qorxu gələcək düşüncələrindən qaynaqlanır. "Mən indi uğursuzluğa uğrayaramsa, nə olar, biabır olaram, məni bəyənməzlər" kimi düşüncələr güclü eqodur.

Əsl sevincin özünlə bağlı olduğuna özünün inanmağın. Dostun, sevdiyin insan, valideynlərin, övladın sənin sevinc səbəbindirsə, onlar olmayanda nə baş verəcək? Niyə özündən şadyanalıq mənbəyi götürə bilmirsən? Axı, indini yaşasan, bu ana köklənsən, beynindəki düşüncə qurdunu kənar etsən, sevincin yarandığının şahidi olacaqsan. Kimləsə bağlı olmayan rahatlığın, ətrafına yaydığın özgüvənin sənə qayıtdığını duymaqdan gözəl nə ola bilər?

Bu, indi ilə, bu, anla bağlıdır.

 





17.06.2020    çap et  çap et