525.Az

"Belə məlumatlar insanlarda səhv fikir formalaşdırır" - Ombudsman ilə müsahibə


 

OMBUDSMAN SƏBİNƏ ƏLİYEVA: "İNSANLARIN MASKA TAXMAQ, SOSİAL MƏSAFƏ SAXLAMAQ, ŞƏXSİ GİGİYENA NORMALARINA ƏMƏL ETMƏK KİMİ SADƏ ÜSULLARDAN İSTİFADƏ ETMƏKDƏN YAYINMASI HALLARI MÜŞAHİDƏ OLUNUR"

"Belə məlumatlar insanlarda səhv fikir formalaşdırır" - <b style="color:red">Ombudsman ilə müsahibə </b>

"525"in SUALLARINI AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ SƏBİNƏ ƏLİYEVA CAVABLANDIRIR 

- Səbinə xanım, sizin təşəbbüsünüzlə 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" elan olunub və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. İlk növbədə, bu barədə fikirlərinizi öyrənmək istərdik...

- Respublikamızın Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu il də 18 may - 18 iyun tarixlərində elan olunmuş "İnsan Hüquqları Aylığı" çərçivəsində müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə respublikanın şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir. Məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdır.

Ümumiyyətlə, hüquqi maarifləndirmə, insan hüquqlarının qorunması, pozulmuş hüquqların bərpasına yönəlmiş fəaliyyətimiz təkcə "İnsan Hüquqları Aylığı" ilə məhdudlaşmır. Ombudsman təsisatının fəaliyyətinin strateji xətti - əsas istiqaməti insan hüquqları pozuntularının qarşısının alınması, pozulmuş hüquqlar və azadlıqların bərpası, habelə maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlıdır. Hüquq mədəniyyətinin aşılanması, əhalinin həssas qruplarının diqqət mərkəzində saxlanılması da fəaliyyətimizdə xüsusi yer tutur. Qurumun fəaliyyətinin səmərəliliyini təmin etmək, eləcə də Aparatın Gəncə, Şəki, Cəlilabad və Quba rayonlarında yerləşən dörd Regional Mərkəzin işini daha da gücləndirmək istiqamətində məqsədyönlü tədbirlər ardıcıl - davamlı xarakter daşıyır. Bütövlükdə, qarşıdakı dövrdə Aparatın və Regional Mərkəzlərin əməkdaşlarının iştirakı ilə hazırlanmış fəaliyyət planı çərçivəsində operativ və effektiv tədbirlər həyata keçirəcəyik.

- Ölkəmizin və dünyanın gündəminin əsas mövzusunu yeni növ koronavirus infeksiyası ilə mübarizə məsələsi təşkil edir. Dövlət tərəfindən bu istiqamətdə görülən tədbirlərin əhəmiyyəti barədə nə deyə bilərsiniz? Ombudsman təsisatının pandemiya şəraitində fəaliyyəti, dövlətin tədbirlərinə dəstəyi hansi səviyyədədir?

- Əvvəla qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş COVID-19 infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən xüsusi karantin rejimi tətbiq edilib, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bu kontekstdə Prezidentin 6 aprel 2020-ci il tarixdə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalamasına xüsusi diqqət yetirmək istəyirəm. Məlum olduğu kimi, dünyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu əfv Sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib. Bu, heç şübhəsiz, dövlətin humanizm siyasətinin aşkar təzahürüdür.

Bunlarla yanaşı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən əhalinin bütün qruplarına xüsusi diqqət göstərilir. Bunun bariz nümunəsidir ki, xaricdə yaşayan soydaşlarımız pandemiya şəraitində davamlı olaraq çarter reysləri ilə vətənə gətirilir, həmin şəxslər karantin müəssisələrinə yerləşdirilir və onlara lazımi yardım göstərilir. Azərbaycan dövləti, ölkə rəhbərliyi daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlıqlarının qorunmasını diqqət mərkəzində saxlayır.

Ombudsman təsisatı da pandemiya şəraitində öz fəaliyyətini müəyyən olunmuş qaydalara uyğun təşkil edib. Əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri ilə yanaşı, pozulmuş hüquqların bərpasına və pozulmasının qarşısının alınmasına xidmət edən işlər canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə də həyata keçirilə bilər. Biz bu istiqamətdə texnoloji imkanlar və innovativ yanaşmalardan istifadə edərək öz fəaliyyətimizi davam etdiririk. Ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə qaynar xətlər vasitəsi müraciət imkanları təmin edilib.

- Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qanunsuz "seçkilər"in keçirilməsi və pandemiya dövründə Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması beynəlxalq hüquq normalarının heçə sayılması, ümumbəşəri dəyərlərə sayğısız münasibətin ifadəsidir. Bununla bağlı nə söyləmək olar?

- Əvvəla deyim ki, bəhs olunan qondarma "seçkilər" Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir, hər hansı bir hüquqi qüvvəsi yoxdur və beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə və birmənalı olaraq rədd edilib. Əlbəttə, dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən qeyri-qanuni "seçkilər"in və qondarma "andiçmə" şousunun təşkili bu ölkənin işğalçı siyasətinin və separatizmə dəstək xarakterli destruktiv mövqeyinin göstəricisidir.

Digər mühüm məsələ ondan ibarətdir ki, pandemiya dövründə belə Ermənistan ordusunun atəşkəs rejimini pozmağa davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırır. Bu, həm də onun ifadəsidir ki, pandemiya ilə əlaqədar BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən edilən müraciətlərə məhəl qoymayan Ermənistan hökuməti işğalçı və təcavüzkar siyasətinin fonunda təxribatçı hərəkətlərini davam etdirərək regionda daha da təhlükəli vəziyyət yaratmaqdadır.

Bilirsiniz ki, bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş qlobal atəşkəs çağırışı ilə çıxış etmişdi. O, dünyanın hər yerində təcili olaraq atəşkəsin bərqərar olmasına çağırmışdı: "Silahlı qarşıdurmalara son qoymaq və birlikdə həyatımızda ən ümdə olan mübarizəyə qarşı səfərbər olmağın vaxtıdır. Döyüşən tərəflərə üz tutub deyirəm. Hücumlardan geri çəkilin. Etibarsızlığı və düşmənçiliyi kənara qoyun. Silahları susdurun, artilleriyanı dayandırın, hava hücumlarını bitirin. Belə olan şəraitdə Ermənistanın atəşkəsi dəfələrlə pozması nəyin ifadəsidir? Bu, hər şeydən əvvəl, işğalçı dövlət tərəfindən beynəlxalq hüquq normalarının, humanizm prinsiplərinin heçə sayılmasının daha bir nümunəsidir. Eyni zamanda, BMT-nin baş katibi Antonio Quterreşin məlum bəyanatına sayğısız və etinasız münasibətin əyani göstəricisidir.

Artıq bu qeyd edilən məsələlərlə bağlı 21 may tarixində bəyanat vermiş və beynəlxalq təşkilatlara göndərmişik.

- Səbinə xanım, yeri gəlmişkən, bu ərəfədə KİV-də və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan, dezinformasiya xarakterli məlumatların paylaşılması, ictimai rəyin manipulyasiyaya məruz qoyulması hallarına da rast gəlinir. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, belə hallar birmənanlı olaraq yolverilməzdir. İki gün əvvəl bununla bağlı yaydığımız müraciətdə bu məsələlər öz əksini tapıb. Kütləvi informasiya vasitələrinin maarifləndirmə və təbliğat işini düzgün təşkil etməklə dövlətin pandemiya ilə mübarizəsinə ictimai dəstəyini davam etdirməli olduğunu diqqətə çatdırmışıq. Müraciətdə də qeyd edildiyi kimi, son zamanlar koronavirus pandemiyası ilə əlaqədar heç bir elmi əsası olmayan, konspiroloji nəzəriyyələrə əsaslanan məlumatlar KİV tərəfindən yoxlanılmadan, təhlil edilmədən tirajlanır. Təbii ki, bu, arzuolunmaz haldır, çünki ictimai rəyə neqativ təsir göstərərək insanlarda səhv fikir formalaşdırır, məsuliyyət hissini aşağı salır. Nəticədə nə baş verir? İnsanların maska taxmaq, sosial məsafə saxlamaq, şəxsi gigiyena normalarına əməl etmək kimi sadə üsullardan istifadə etməkdən yayınması halları müşahidə edilir. Bu səbəbdən həm KİV nümayəndələri, həm də sosial şəbəkə istifadəçiləri vətəndaş məsuliyyəti nümayiş etdirməli, əsassız məlumatlar yaymamalı, eyni zamanda, buna zəmin yaratmamalıdırlar.

S.QARAYEVA

 





17.06.2020    çap et  çap et