525.Az

Qüdrətli fikir və söz bahadırı: yaddaşımdakı Süleyman Rəhimov


 

Qüdrətli fikir və söz bahadırı: <b style="color:red">yaddaşımdakı Süleyman Rəhimov</b>

BİRİNCİ YAZI

İstər xatirə ədəbiyyatı, istərsə də yazıçı gündəlikləri ötüb gedən yüzilliklərdə bütün xalqların, o cümlədən, Azərbaycan xalqının ədəbiyyat tarixinin tam dolğunluğu ilə öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. XX əsrdə keçmiş Sovet İttifaqında yaşayan xalqların hamısı bir çox siyasi və sosial sarsıntılara məruz qalıblar. Ona görə də istər Sovet dövründə, istərsə də 1990-cı illərdən sonra nəhəng söz ustadları haqqında yazılan xatirələr (sənədlər və məktublar əsasında) həmçinin, çap edilən gündəliklər bir çox qaranlıq məsələlərə aydınlıq gətirir.

Bu baxımdan xatirə ədəbiyyatını və yazıçı gündəliklərini çox sevirəm. Çünki oxucunu yaşamadığı illərə belə aparıb çıxara bilir. Necə deyərlər, adamı az qala o illərdə olan hadisələrin iştirakçısına çevirir.

Hələ yeniyetməlik illərindən yazıçılarla ünsiyyətim taleyimdən bir qırmızı xətt kimi keçir. Avtoqraflı kitablar, əlyazmalar, məktublar, xatirə əşyaları, tapılan arxiv sənədləri tez-tez nəhəng söz sənətkarlarını xatırladır mənə... Ədəbiyyat aləmində mənim üçün sərhəd yoxdur. Yəni sevdiyim, həmişə həvəslə mütaliə etdiyim söz sənətkarlarının siyahısı çox böyükdür. Əlbəttə, bu siyahıda Azərbaycan ədəbiyyatı, söz sənətimizin görkəmli nümayəndələri öndədir.

Çox maraqlıdır ki, mütaliə etdiyim söz sənətkarlarının əksəriyyətinin yaradıcılığında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan və naxçıvanlılar mövzusu əsas yer tutur.

Belə yazıçılardan biri də qüdrətli ədibimiz, böyük romançı Süleyman Hüseyn oğlu Rəhimovdur. Mən o böyük söz ustadını - Xalq yazıçısı Süleyman Rəhimovu ilk dəfə 1970-ci ilin aprelində görmüşəm. Ayın tarixi və hətta günün hansı vaxtı olduğu da yadımdadır: 29 aprel, axşam saat 7 radələri idi. Həmin vaxt Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqli-Dram Teatrının binasında yazıçının anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli görüş gecəsi keçirilirdi. O vaxtlar Azərbaycan Yazıçıları İttifaqının Naxçıvan şəhər şöbəsinin hazırladığı dəvətnamələrdən birini də mən, tələbəlik illərinin pillələrinə təzə qədəm qoyan gənc oxucu, çətinliklə əldə etmişdim. Çünki bu görüş yüksək vəzifəlilərin də iştirak etdiyi bir yubiley gecəsi idi.

Hələ VIII sinifdə yazıçının həyatı və yaradıcılığı haqqında "Ədəbiyyat" dərsliyindən oxumuşdum. Sonralar orta məktəbin yuxarı siniflərində oxuyanda Xalq yazıçısı Süleyman Rəhimovun yaradıcılığı haqqında ətraflı məlumatım vardı. Həm ədəbiyyat dərslərində, həm dərnəkdə, həm də Mərkəzi Kitabxanada (indi də imkan tapan kimi həvəslə getdiyim yer) yazıçı Süleyman Rəhimovun qalın cildlərini həvəslə oxumuşdum. Humanitar fakültənin tələbəsi olmasam da, məni bu təntənəli gecəyə çəkib gətirən yazıçının real həyatdan götürülmüş əsərlərinin cazibəsi idi. İstəyirdim, Azərbaycanda məşhur olan bu nəhəng söz ustadını yaxından görüm, özünü dinləyim.

Həmin gecədə Süleyman Rəhimov bir vaxt Naxçıvanda - Şahbuz və Şərur (o vaxtlar Noraşen) rayonlarında rayon partiya komitəsinin birinci katib işləməyindən, məşhur "Mehman" povestinin yazılmasında aldığı təəssüratlardan maraqla danışdı, həmin gün Şahbuza gedib yaşadığı mənzilə baş çəkdiyini də dedi. Oğlu Şamodan - dünyasını erkən dəyişmiş görkəmli seysmoloq alimimizdən də söz açaraq, həmin evin onunla da bağlılığını vurğulayıb kövrəldi, salondakıları da mütəəssir etdi. Həmin gecə və o salon indi də apaydın gözlərimin önündədir...

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da xalqın bu məşhur yazıçını ürəkdən, əsl səmimiyyətlə sevdiklərinin şahidi oldum. Və məndə belə bir fikir yarandı ki, dünyanın ən xoşbəxt adamı bu azman cüssəli, məğrur təbiətli yazıçıdır. Amma sonralar həyat yollarında gördüm ki, o vaxtlar yanılmışam...

Süleyman Rəhimov XX yüzilliyin əvvəllərində dünyaya göz açdığı üçün həyat yolunda müxtəlif siyasi hadisələrin şahidi olmuşdu. Bütün bu hadisələri Azərbaycan ədəbiyyatının şah dastanı (epopeyası) olan "Şamo" da dərin yanğı ilə, məhəbbətlə təsvir edib. Azadlıq uğrunda gedən döyüşlərin bədii tarixi olan "Şamo"da xalqın hünəri, əzəməti və mənəvi qüdrəti ön plandadır. Yazıçı bu 5 cildlik əsər üzərində 50 ilə yaxın işləyib. İlk dəfə - 1931-ci ildə isə "Şamo" bir  kitabça halında, Mehdi Hüseynin müqəddiməsi ilə nəşr olunmuşdu. O, "Şamo"nu ədəbiyyatımızda "müvəffəqiyyətli bir addım" adlandırmışdı. "Şamo" kitabçasının gənc müəllifi Süleyman Rəhimov 1939-cu ilədək ədəbiyyat aləmində görünmədi. Rayonlarda müəllimlik edən və rəhbər işlərdə çalışan müəllif 1940-cı ildə böyük "Şamo"nun birinci cildi ilə yenidən ədəbiyyat aləmində göründü və nüfuzlu şəxsiyyətlərdən biri kimi Azərbaycanın ədəbi həyatında müstəsna yer tutdu.

Bəzən oxucuları bir sual çox maraqlandırır: Əsərdəki Şamonun prototipi olubmu? Ədib özünün "Həyat yolu"nda bu barədə də yazıb. Yazıçı hələ Laçının Hoçaz kəndində işləyərkən müəllim yoldaşlarından biri "Şamo-Qəmər" əhvalatını ona danışır və necə deyərlər, S.Rəhimov həmin hadisənin cazibəsindən qurtara bilmir, nəticədə bu, "Şamo" kimi V cildlik roman-epopeyanın yaranmasına güclü təkan olur. Ədib ömrünün yarısından çoxunu - 46 ilini bu nəhəng romanı yazmağa sərf etmişdi. Mən onun yaradıcılıq laboratoriyasında "Şamo" ilə bağlı əlyazmaları görəndə yazıçı dözümünə, zəhmətinə yüksək duyğu ilə heyran oldum. "Şamo"əsəri bütünlükdə beş cild, 181 çap vərəqi həcmində, 3.447 səhifədir.

Nəhəng söz ustadını "Şamo" epopeyasına daha çox bağlayan bir məqam da oğlu Şamonun uğursuz taleyi idi. Çox qəribədir: onun əsərdə qələmə aldığı səhnələr həyatda öz başına gəlirdi. 1974-cü ildən 1983-cü ilin oktyabrına kimi mən bu hadisələrin canlı şahidi olmuşam.

Romanın ilk çapından sonra - 1931-ci il aprelin 2-də Bakıda doğulan oğlunun adını Şamo yazdırmışdı. Əsərdəki Şamo azadlıq mücahididir. Öz həyatını azadlığa qurban verir. Oğlu Şamo isə elm fədaisidir, həm də azadlıq mücahididir. Oğlu da qəhrəmanı kimi öz ömrünü qurban verir. Elmdə çox böyük kəşflər edən Şamonun uğursuz taleyi atanı - böyük ədibi həyatının sonuna kimi dərin sarsıntılara qərq etmişdi. Və yazıçı bu sarsıntıları "Şamo"nun sonuncu - 5-ci cildində ətraflı və dərindən ifadə edib.

Yazımın əvvəlində yazıçının Naxçıvanda oxucularla görüşündən, təntənəli yubileydən söhbət açmışdım. Elə həmin vaxtdan da mən böyük ədibimiz Süleyman Rəhimova məktublar yazırdım. Əsərləri, roman və povestlərinin qəhrəmanları, xüsusən Şamo barədə söz açır, yaradıcılığına dair müxtəlif mətləblərlə maraqlanırdım. Yazıçının "Seçilmiş əsərləri"nin birinci cildini (Bakı, 1968), "Həyat yolu"nu ("Xatırat dəftərindən") bir neçə dəfə oxumuşdum.

Özünə "Şamo vaxtı" təyin edən ədibin yazdıqları mənim yeniyetmə qəlbimə elə təsir etmişdi ki, indi birdən-birə uzun illərdən sonra bu xatirə yazını yazarkən gecənin bu dərin tənhalığında yenə həmin hissləri yaşadım.

Yazıçının oğlu Şamo istedadlı alim və romantik, lirik şeirlər yazan şair idi. Moskva Dövlət Universitetinin fizika fakültəsini, orada aspiranturanı bitirmiş, elmi işini uğurla müdafiə edib ürəkdən sevdiyi Azərbaycana, doğmalarının yanına qayıtmışdı. Doğma Bakıya dönüb seysmoloq kimi çalışan alim oğlu Şamo nakam bir tale yaşamışdı. O, 40-dan artıq elmi işin və "Yerin strukturunun öyrənilməsi məsələləri" adlı monoqrafiyasının müəllifi idi. Əslində, əsər rusca yazılıb. Təəssüflər ki, Şamonun vəfatından sonra işıq üzü görüb. 241 səhifədən ibarət olan bu əsər (məqalələr toplusu) bu gün də fiziklərin stolüstü kitabıdır. Əlbəttə, kitabı yazıçı atası Süleyman Rəhimov çap etdirmişdi. Avtoqrafla mənə də bağışlayıb: "Şamonun unudulmaz xatirəsini öz sinəsində - ürəyində yaşadan Musa müəllimə. Hörmətlə S.Rəhimov. 15/VII-1974, Bakı"

Şamonun elmi və poetik yaradıcılığı ilə bağlı yazıçıya bir neçə məktub yazmışdım. Bu məktublaşma bizi 1974-cü il iyulun 15-də Bakıda, yazıçının evində görüşdürmüşdü. Həmin isti yay günü indiki kimi gözlərim önündədir: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 6 nömrəli ev, 4-cü mərtəbə, 15 nömrəli mənzil, yazıçının göz oxşayan böyük salonu. Buradan Xəzər apaydın görünür. Süleyman müəllim demişkən, nazik bığlı bir cavan oxucu və məşhur bir yazıçı ilə üz-üzə oturub doğmalıqla söhbətləşirlər. Tez bir zamanda bu söhbətləşmə ədəbi dillə desək, ürəkdən dərdləşməyə çevrilir. Mən, şagird müəllimin önündə oturduğu kimi Süleyman müəllimin qarşısında oturub aludəliklə ona qulaq asırdım. Şamo Rəhimov fizik, seysmoloq olmaqla bərabər, həm də "Ayrılıq" adlı poetik bir şeirlər toplusunu da çapa hazırlamışdı. Ancaq onun elmi irsi və "Ayrılıq" poetik şeirlər toplusu Şamonun ölümündən 3 il sonra (o, 1965-ci ildə vəfat etmişdi), yəni 1968-ci ildə işıq üzü görə bildi.

Həmin o 15 iyulda yazıçı atanın alim oğlu haqqında dedikləri bir yazıya sığmaz. Süleyman müəllim mən cavanı kədərləndirməmək üçün çox kədərli, üzücü anlardan, hadisələrdən danışmırdı. Mən də bu haqda sual vermirdim. Ürəyi yaralı olan atanın qəlbinə dəyə bilməzdim. Və heç vaxt da bu haqda ona suallar vermədim. Özü nə lazımsa deyirdi. Amma mənim Şamo haqqında oxuduqlarım çox idi. Hər yazıdan, kitabdan anladığım məsələlər vardı. Məsələn, qalın bir neçə cildlik kitabda Şeyda (yəni Vurğun) adı ilə Şamonun bütöv həyatı təsvir olunub. Qulu Xəlilovun, Ramiz Heydərin və digərlərinin çap etdirdikləri məqalələrdə, poemalarda Şamonun taleyi vardı. Yazıçı O.Salamzadənin "Qırmızı güllə" əsərində Şamonun 8-ci sinifdə oxuyarkən qəsd-qərəzli adamlar tərəfindən bıçaqla vurulması təsvir edilib. Yazıçı Süleyman Rəhimov da yazdığı "Kəsilməyən kişnərti" əsərində oğlu Şamonun həyatına qıyanlardan yazıb. "Kəsilməyən kişnərti" əfsanə-povestini də yazıçı oğlu Şamoya ithaf edib.

Əsərdəki Şükran - Şamodur. Bu əsərlə bağlı yazıçı Süleyman Rəhimovla çox ürək söhbətlərimiz olub. Burada da mövzu və obrazlar real həyatdan götürülüb. Şükranın ölümünə bais olan Mozalan da rəmzdir. Əsərdəki Şükranın və həyatdakı Şamonun saf həyatına qıyan xəbislərin, namərdlərin yazıçı tərəfindən kodlaşdırılmış adlarıdır... Söhbət arası Süleyman müəllim mənə böyük salonu göstərir. Bax, oğul, Şükranın da, Şamonun da cənazəsi bura qoyulmuşdu. İkimiz də dinmirik. Hiss edirəm ki, oğlunu - gənc Şamonu vaxtsız itirən, "Nəfəsim" deyə səslədiyi oğlunu əbədilik itirən atanın, yazıçının könül dünyası nisgillə, qəzəblə doludur. Və birdən böyük salonda dağ vüqarlı, əzəmətli atanın, yazıçının hönkürtüləri bu sükutu pozur. Dağların başında ildırımlar oynayanda, belə yağışlar yağır. Axı yağış da təbiətin göz yaşlarıdır...

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





17.06.2020    çap et  çap et