525.Az

"Gecələr - çiynimdə qara yapıncı" - Fəxri Müslümdən bir neçə şeir


 

"Gecələr - çiynimdə qara yapıncı" - <b style="color:red">Fəxri Müslümdən bir neçə şeir </b>

Çəkildim özümə...

Çəkildim özümə, qına çəkildim,
Ağrımın, acımın yaddaşı kimi.
İxtiyar vaxtına, ana çəkildim,
Gül-çiçək şehiyəm göz yaşı kimi.

Yollarım səhraya, üzüm göyədi,
Dərvişəm, gedirəm, əlimdə çəlik.
Yozum səmasına, yozum göyədi,
Tanrı dualarım, alqışım şərik.

Çoxalıb, boy verib dəvə adamlar,
Ağac tab gətirmir, su tab gətirmir.
Çoxalıb girəvə, kirvə adamlar,
Yer-yurd utanc yeri, torpaq götürmür.

Dünya da, can kimi əriyib gedir,
Ayaqlar üstündə, göz görə-görə.
Bizi də, özüylə kürüyüb gedir,
Xain zərbəsindən,
Sinədə xaç kimi iz görə-görə.
 
Silah da, sursat da, yarış meydanı,
Nə yaşlı tanıdı, nə uşaq-muşaq.
Yüz hiylə üstündə vuruş meydanı,
Yüz hiylə üstündə neçə qurumsaq.

Ümid dirənsə də, qına, qılınca,
Ayaq açmağına, çözümə bənddi.
Bozuna dolaşan qurd ulayınca,
İnsaf da, barış da, bir himə bənddi.

Çəkildim özümə, qına çəkildim,
Ağrımın, acımın yaddaşı kimi.
İxtiyar vaxtına, ana çəkildim,
Gül-çiçək şehiyəm göz yaşı kimi.

Biz Tanrı verdiyi haqqa tapındıq

Sağ əlim çənəmdə, sol əl, siqarda,
Güllə-top atıram ömürə, günə.
Xəyal da, yolların kəsişən yeri,
Səbrim də, atüstü, hal-əhval künə.
Baxdım ki, sərçələr heç gözə dəymir,
Yerindən, yurdundan duyuq düşübdü.
Gəlişi gecikib qaranquşun da,
Baş verən bəladan ayıq düşübdü.

Sonradan duydum ki,
Hər nə var köç edib ormana, bağa,
Çör-çöpdən ev tikib, yuvalanırlar.
Səs-səsə verib də hər axşam, səhər,
Kövrək şərqilərlə oyalanırlar.

Ovqat çiçəklədi, könül açıldı,
Qəm də bezib getdi əlimdən mənim.
Qayıtdım ruhumun öz axarına,
Sözün ətri tutdu dilimdən mənim.

Biraz havalandım uçan xalça tək,
Aranımdan belə, dağımdan belə.
Həyat davam edir eldə-obada,
Qönçə üzə gülür bağımdan belə.

Gördüm, bulaq həsrət qonaq-qaraya,
Gözləri cığırda, yollarda qalıb.
Görür, gələn yoxdu, axıb dənizə,
Neçə qalmaqalda, qallarda qalıb.

Buludun çaları, dəyişmiş kini,
Əvvəlki ağına, bozuna çəkib.
Çaxmağın ağzından çıxan qığılcım,
Yağışı-yağmuru, yazına çəkib.

Virusdu, hər nədi, keçib, gedəsi,
Biz, Tanrı verdiyi haqqa tapındıq.
Hər kəsin yığvalı, dimdik ayaqda,
Ömür-gündü, dən-dən, 
Dənləyib, dərdiyi haqqa tapındıq.

Kərküklü dostlara

Kərküklü qardaşım, qərib qardaşım,
Elə öyrənmişik,
İçimiz, çölümüz səbr yeridi.
Yaxşı ki, dağılmır sinəmiz dağdan,
Elə məzar yeri, qəbir yeridi.

Kərkük yaddaşların kövrək göz yaşı,
Şeh tək, damcı-damcı dərib, iç etdik.
Yolotu göy qaldı bu yolda-izdə,
Neçə yurd yerini verib, köç etdik.

Elə bənd olardıq durna köçünə
Düşən lələkləri,
Bağdada, Kərkükə bağlı bilərdik.
Əhval, pərvaz-pərvaz, payız, çəhrayı,
Nə vardı, əfsanə, nağıl bilərdik.

Kərkükün şeiri, sözü, söhbəti,
Eşqin köhlənində,
Ayda, aylanmağa çəkərdi bizi.
Əfsus, dolaşıq iş qurtaran deyil,
Fürsət verildikcə çökürdür bizi.
Ağrımız tək Kərkük olsa, nə vardı,
Təbrizim, Uyğurum, Qarabağım var.
Solunda, sağında, Bayır-Bucağım,
Gör, neçə iblisdən, qan sorağım var.

Hələ buxarıya odun atırıq,
İstisi sifəti, üzü qarsıdır.
Elə mürgü vurub buxarlanırıq,
Odu, hənirtisi,
Ağızda, dodaqda sözü qarsıdır.

Kərküklü qardaşım, qərib qardaşım,
Elə öyrənmişik,
İçimiz, çölümüz səbr yeridi.
Yaxşı ki, dağılmır sinəmiz dağdan,
Elə məzar yeri, qəbir yeridi.

Gecələr - çiynimdə qara yapıncı

Gecələr - çiynimdə qara yapıncı,
Kipriyim dolaşdı,
Bir anda şütüyüb, keçən ulduza.
Qantəpər sayağı, Ayın işığı,
Səmada iz cızdı,
Məğribdən şərqinə köçən ulduza.

Gecələr - çiynimdə qara yapıncı,
İçim də çəkilər, neyin boyunca.
Hava da, kor qəmə, bürkünü çəkməz,
Küləyin boyunca, mehin boyunca.

Gecələr - çiynimdə, qara yapıncı,
Ətəyi, danüzü yerdən ağarar.
Nə qədər yüklüsə, dərd də öyrəşib, 
Yer-yurdun dəyişib, hərdən, ağarar.

Gecələr - çiynimdə qara yapıncı,
Buludu silkələr, çəni silkələr.
Üz tutub zamanın səssizliyinə,
İçində ovudub, məni silkələr.

Çəkdilər beləcə,
Çəkdilər bizləri, dəvə kürkünə,
Oyunlar kölgədə bitib cücərdi.
Naxələf qonşular, yadlar, bədxahlar,
Gözdən uzaq düşmüş,
Yurdumda, bölgəmdə bitib cücərdi.

Bu, yeni həmlədi, yeni gedişdi,
Ağzımız yoxuşa, düzənə qədər.
Xançal-tiyə ilə rəsmi çəkilən,
Kürəyimizdəki
Naxışın izinə, özünə qədər.

Bax, belə, illərdi, qərinələrdi,
Yaddaşı soğulmuş adam kimiyik.
Bozqurdun yerinə,
Sinəmizdə külək, yellər uladı,
Ruhumuz - boğulmuş adam kimiyik...

 





17.06.2020    çap et  çap et