525.Az
Çingiz Aytmatovun 85 illiyinə həsr olunan yubiley tədbiri keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında türk dünyasının görkəmli yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun 85 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Tədbir qırğız xalq musiqisinin səslənməsi ilə başlanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqqında məlumat verib. O bildirib ki, Çingiz Aytmatovun yubiley tədbiri Qırğızıstanda və bütün türk dövlətlərində böyük təntənə ilə qeyd olunmaqdadır. “Çox sevinirəm ki, iki dövlətin qarşılıqlı qərarlarına əsasən, məhz Azərbaycanın paytaxtı Bakı şəhərində də bu tədbir keçirilib. Diktatura ədəbiyyatının təşəkkül tapdığı o illərdə Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstanın Şəkər kəndində dünyaya göz açıb. Kommunist rejimi milyonlarla günahsızlar sırasında onun atası Torekul Aytmatovu da güllələyib. 1956-cı ildə atasına bəraət veriləndə Çingiz Aytmatovun 28 yaşı olub. O, Cambul Zootexnikumunu, Bişkek Kənd Təsərrüfatı Universitetini və Moskva Ali Ədəbiyyat İnstitutunu bitirib. Ali təhsil aldıqdan sonra Qırğızıstan SSRİ-nin Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1952-ci ildən qırğız və rus dillərində ilk əsərləri çap olunsa da, onun imzasının oxucular arasında tanınması Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra başlanıb. Çingiz Aytmatov Qırğız Xalq yazıçısı, SSRİ dövlət mükafatı laureatı kimi fəxri adlara layiq görülüb. Eyni zamanda ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunub, 76 dilə tərcümə edilib. Çingiz Aytmatov zaman və insan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub. Çingiz Aytmatov dünyanın ədəbi prosesinə təsir göstərə bilən bir şəxsiyyətdir. Onun əsərləri Azərbaycana dilinə tərcümə edilərək dəfələrlə çap olunub, respublikamızın ali və orta təhsil müəssisələrinin tədris proqramına salınıb.
Görkəmli yazıçı Çingiz Aytmatov Azərbaycana səfərindən xüsusi qürur duyub. Ümummilli lider Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib. Çingiz Aytmatov isə ulu öndər Heydər Əliyevin türk dünyasının qüdrətli lideri olduğunu dəfələrlə yazılarında, müsahibələrində bildirib.
Azərbaycan və qırğız xalqları, türk dünyası yaşadıqca Ç.Aytmatovun dühasının yaratdığı söz körpüsü dostluğumuzu, qardaşlığımızı qoruyub saxlayacaq”.
Mərasimdə iştirak edən Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov Bakıda görkəmli yazıçının xatirəsinə həsr olunan belə bir mərasimin keçirilməsinə görə Qırğız hökuməti adından Azərbaycan rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tanınmış qırğız kinorejissoru, ssenarist, SSRİ Xalq artisti Bolotbek Şamşiyev görkəmli yazıçı Çingiz Aytmatovun dünya ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıb, dünya şöhrətli ədiblə bağlı xatirələrini bölüşüblər.
Tədbir bədii kompozisiya ilə davam edib. Yazıçının əsərlərindən qısa tamaşalar nümayiş olunub.
Sonda görkəmli ədibin oğlu Askar Aytmatov mərhum yazıçının ailəsi adından Bakıda atasının 85 illik yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan xalqına minnətdarlığını bildirib.
Vəfa MƏMMƏDLİ
23.12.2013 çap et