525.Az

Bakı nefti və Fransa - Rövşən Ağayevin araşdırması


 

XIX ƏSRİN SONU VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANIN NEFT SƏNAYESİNİN İNKİŞAFINDA FRANSANIN ROLU

Bakı nefti və Fransa - <b style="color:red">Rövşən Ağayevin araşdırması </b>

Bəlli olduğu kimi, XIX əsrin sonu - XX əsrin əvvəllərində neft sənayesi Azərbaycan iqtisadiyyatının çoxşaxəli strukturunda aparıcı rol oynayırdı. 1898-ci ildə Azərbaycan neft hasilatına görə dünyada birinci yeri tutaraq ABŞ-ı qabaqlayırdı. 1901-ci ildə Bakı dünyada neft hasilatının yarısından çoxunu və Rusiyada 95%-ni verirdi. Bu, müəyyən dərəcədə xarici kapitalın Bakı neft rayonuna daxil olması üçün əlverişli şəraitin yaradılması ilə əlaqəli idi.

1879-cu ildə Nobel qardaşları Bakıda Nobel Qardaşları ortaq səhmdar cəmiyyətini təsis etdilər və bu cəmiyyət qısa müddətdən sonra dünyanın ən böyük neft şirkətlərindən birinə çevrildi. Britaniya şirkətləri də Bakı neft sənayesində mühüm rol oynayırdılar.

XIX əsrin 80-ci illərindən başlayaraq "Rotşild Qardaşları" Paris Bank Evinin timsalında Fransa kapitalının Bakıya axını başladı. 1885-ci ildə bu bank evi "Xəzər-Qara Dəniz Neft Sənayesi və Ticarət Cəmiyyəti"ni yaratdı.

Bununla birlikdə qeyd etmək lazımdır ki, Azərbaycan sahibkarlarının uğurlu kommersiya və ticarət fəaliyyəti sayəsində 1913-cü ilə doğru onların Bakı neft sənayesində mövqelərinin xeyli möhkəmlənməsi tendensiyası müşahidə olunurdu. Neft istehsalı ildə bir milyon puddan çox olan ən böyük neft şirkətləri arasında 8-i Azərbaycan sahibkarları idi. Ümumiyyətlə, milyoner firmalar arasında onların payı neft hasilatının 30%-ni təşkil edirdi.

Bu məqalədə Azərbaycan-Fransa əlaqələrinin inkişaf tarixi haqqında müfəssəl məlumat verilməsinə iddia etmədən ölkələrimizin həm siyasi, həm də iqtisadi və mədəni əlaqələrini əks etdirən bəzi faktlar və epizodlar, habelə XIX və XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin formalaşmasında ayrı-ayrı şirkətlərin və şəxslərin rolu barədə danışmaq istərdim.

İlk növbədə vurğulamaq lazımdır ki, neft sənayesinin başlanğıcı barədə hesabat verən ilk Avropa ölkəsi məhz Fransa olmuşdur. 1745-ci ildə Kral Lüdovik XV Elzas əyalətindəki Peşelbron neft ərazisinin işlənməsi üçün zadəgan de la Sablonierə imtiyaz vermişdi. Bu xoşbəxt sahibkar bir neçə məhsuldar neft quyusu qazmışdı və 1785-ci ilə qədər mövcud olan neft emalı zavodu qurmuşdu.

Rusiyadakı ən iri neft şirkəti olan "LUKOYL"un prezidenti və həmsahibi, iqtisad elmləri doktoru Vahid Ələkbərovun 2011-ci ildə nəşr olunan "Rusiyanın nefti. Keçmiş, bu gün və gələcək" adlı kitabında qeyd olunur ki, 1723-cü ildə fransalı kartoqraf Guyom  Delilin "Coğrafiya Atlası" albomunda Xəzər sahilində yerləşən ölkələrin xəritəsi tərtib edilmişdir. Öz dövrü üçün çox dəqiq məlumatların olduğu bu albom uzun müddət bir çox izləyicilər üçün bir model olmuşdur.

Fransız dağ-mədən mütəxəssislərinin qazma texnologiyası və avadanlığının inkişafına verdiyi əhəmiyyətli töhfə də geniş qəbul edilmişdi. 1844-cü ildə meydana çıxmış sərbəst düşən qazma alətinin (freyfal) hazırlanması da onların səmərəli fəaliyyəti ilə bağlıdır.

1846-cı ildə fransalı mühəndis Fovel quyuların fasiləsiz təmizlənməsi - onların yuyulması üsulunu təklif etdi. Metodun mahiyyəti ondan ibarət idi ki, yer səthindən suyu içi boş borular vasitəsilə quyu yuvasına vurmaqla xırda süxur parçalarını yuxarıya doğru çıxarmaq mümkün olurdu. Qazma işində dayanma tələb etmədiyi üçün bu üsul tez bir zamanda hamı tərəfindən qəbul edilmişdi. Bu cür yuyulmanın tətbiq edildiyi ilk uğurlu qazma təcrübəsi Fransada Fovel tərəfindən həyata keçirilmişdi.

XIV - XIX əsrlərdə burada olmuş fransızların Bakı nefti haqqında təəssüratlarının təsfiri olan materiallar bu gün də qorunub saxlanmaqdadır. 1320-ci ildə fransız missioner - rahib Jorden Katalini de Severak öz qeydlərində yazırdı: "Və orada - Bakı adlandırılan bir yerdə quyular qazırlar ki, oradan da yağ  çıxarırlar, bu yağ nafta adlanır və yaxşı yanır".

1689-cu ildə Bakıya gələn fransız missioner Pater Villot Atəşgahdakı atəşpərəstlər məbədindən bəhs edir. Onun qeydlərini digər Avropa səyyahlarının qeydləri ilə müqayisə edərək, bu kompleksin tikintisinin xronologiyasını bərpa etmək mümkündür.

XVII əsrin ən məşhur fransız səyyahlarından biri olan Jan Şarden Şamaxıdan iki günlük məsafədə, Abşeron yarımadasında daim yanan alovun olduğu barədə məlumat verir. Onun qeydlərində XVI-XVII əsrlərdə Avropanın bir çox ölkələrindən, o cümlədən, fransız tacirlərin Azərbaycanın şəhərlərinə gəlməsi haqqında məlumatlar vardır. XIX əsrin əvvəllərinin fransız şərqşünası Antuan Jan de Sen-Martin yazırdı ki, çoxlu sayda təbii alovun çıxdığı və neft mənbələrinin olduğu Bakı müqəddəs bir yerdir.

1820-ci ildə Bakıya səfər etmiş fransız diplomat, səyyah, sahibkar və yazıçı Jak Fransua Qamba evlərin düz damlarının "yağla qarışıq torpaqla örtüldüyünü" qeyd etmişdi. Atəşgahda olan fransız dünyanın ən qədim dinlərindən biri olan zərdüştlik dininin davamçılarının buradakı məbəddə yaşadıqlarını da vurğulamışdı.

1858-ci ilin noyabr ayında fransız yazıçısı, dramaturq və jurnalist Aleksandr Düma-ata Atəşgahda olaraq təəssüratlarını öz gündəliyində belə ifadə etmişdi: "Təsəvvür edin ki, təxminən bir kvadrat mil düzənlikdə yüzlərlə nizamsız deşiklərdən alov topası çıxır, külək onları yelləyir, səpələyir, əyir, düzəldir, yerə qədər əyir, göyə aparır və heç vaxt söndürə bilmir".

1890-cı ildə fransız fotoqraf Pol Nadar Bakıda olmuşdur. Onun sevimli məşğuliyyətləri sayəsində bu gün o dövr Bakısının bir çox unikal şəkilləri bizə qalmışdır. O, küçələrin, canlı bazar meydanlarının, küçə tacirlərinin, Bakı sakinlərinin asudə vaxtının və yeni şəhər cəmiyyətinin, ailələrin, oynayan uşaqların, şahin ovu ilə məşğul olanların şəkillərini çəkirdi. Fotoqraf neft mədənlərinin panoramının çəkilməsinə də çox diqqət yetirmişdir.   

Qeyd etmək maraqlıdır ki, dünyanın 20 ölkəsindən 59 nümayəndənin qatıldığı birinci dünya neftçilər forumu da 17 avqust 1900-cü ildə məhz Parisdə işə başlamışdı.  Nümayəndələr arasında Bakı neft şirkətlərinin nümayəndələri də var idi. Konqresin prezidenti, senator Mişel Lesyuer, katibi isə o zamanlar Britaniyanın Petroleum Storage Tanks and Transportation Co Ltd şirkətində işləyən istedadlı kimyaçı, Rusiya vətəndaşı Pavel Dvorkoviç seçilmişdi. Forumun daha çox hissəsi dünyanın neft hasilatı mərkəzlərindəki vəziyyətin müzakirəsinə həsr edilmişdi.

Diqqətəalyiq haldır ki, bundan 78 il sonra Sovet hökuməti ölkədə ilk Beynəlxalq Neft Sərgisinin 1978-ci ilin iyununda məhz Bakıda keçirilməsi haqqında qərar qəbul etmişdi. Tədbirin məkanı təyin edilərkən tarixən Abşeron yarımadasında neft hasilatı ilə bağlı olan Azərbaycan paytaxtının həm də zəngin mədəni və tarixi ənənələrə malik olduğu nəzərə alınmışdı. Bu sərgiyə hazırlıqlar 1977-ci ilin əvvəllərində başlamışdı. Çıxışlarının birində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı Birinci katibi Heydər Əliyev bu sərginin respublikanın həyatında mühüm rol oynamalı və ən yüksək səviyyədə keçirilməli olduğunu vurğulamışdı.

Beynəlxalq neft sərgisinin təntənəli açılışı 17 iyun 1978-ci ildə olmuş və onun açılışında giriş nitqi ilə SSRİ Nazirlər Sovetinin o vaxtkı sədri Aleksey Kosıgin çıxış etmişdi. Sərginin açılış mərasimində Heydər Əliyev də geniş nitq söyləmişdi. Ümumilikdə, neft sərgisində dünyanın 40 ölkəsindən 2000-dən çox insan iştirak etmiş, 110 minə yaxın insan sərgini ziyarət etməyə gəlmişdi. Sərgi çərçivəsində qarşılıqlı maraq doğuran mövzularda yaradıcı müzakirələrin aparıldığı bir neçə beynəlxalq konfrans və seminar keçirilmişdi.

Fransa Energetika Nazirliyinin nümayəndələrindən biri Patris Ruanın çox maraqlı bir xatirəsi qalmışdır: "Gördüklərimdən və eşitdədiklərimdən heyranlığımı çatdırmağa  çətinlik çəkirəm. Burada Bakıda texniki və texnoloji gələcəyin inkişafına təkan verilmişdir. Belə hesab edirəm ki, ən yaxın gələcəkdə neft dövlətləri karbohidrogen hasilatında yeni rekordları ilə ən skeptik düşüncələri belə təəccübləndirəcəklər. Bu cür hadisələr, şübhəsiz ki, gələcəkdə bəşəriyyətin rifahına təsir edəcəkdir".

Daha sonra bəzi arxiv və statistik məlumatları, həmçinin, neft dünyasında baş verən bir sıra hadisələrin qısa siyahısını təqdim edəcəyik. Beləliklə, 1897-ci ildə aparılan siyahıyaalmadan məlum olur ki, o dövrdə Azərbaycanda iki yüzdən çox fransız yaşayırdı. 1917-ci ildə keçirilmiş birgünlük siyahıyaalmaya əsasən, Bakıda 89 fransız yaşamışdır, 1926-cı ildə onların sayı yalnız 56 nəfər olmuşdur. Sovetləşmə, repressiyalar nəticəsində isə Azərbaycanda fransızların sayı faktiki olaraq yoxa çıxdı.

1870-ci ildə Parisdə kimyaçı Sent Klev Devil Bakı neftinin fiziki-kimyəvi təbiətini araşdıran ilk ciddi tədqiqatlardan birini aparmışdır. Yeddi il sonra Avropada daha keyfiyyətli və ucuz qiymətinə görə Bakının sürtkü yağlarını istehlak etməyə başladılar. Bakı neftindən istifadə edən ilk dəmir yolu şirkəti isə Fransanın Qərb Dəmir Yolları Cəmiyyəti olmuşdur.

1883-cü ildə azərbaycanlı alim Mövsüm bəy Xanlarov Strasburq Universitetində kimya üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər xüsusi təhsili olan yeganə azərbaycanlı kimyaçı alim idi.

Yuxarıda qeyd edildiyi kimi, XIX əsrin sonlarında Bakıda Xəzər-Qara Dəniz Neft Sənayesi və Ticarət Şirkəti yaradılmışdı. Bu neft cəmiyyətinin qurucusu Paris bank evinin rəhbəri baron Alfons Rotşild olmuşdur. Xəzər-Qara Dəniz Neft Sənayesi Cəmiyyəti və onun törəmə şirkəti olan "Mazut" firması "mərkəzlə" - "Rotşild Qardaşları" Paris bank evi ilə sıx əlaqə saxlayırdı. 1817-ci ildən sonra Bakıdan müntəzəm olaraq "Rotşild Frer" ailə bankının Parisdə olan köhnə malikanəsinin olduğu Laffit küçəsinə müfəssəl hesabatlar göndərilirdi.

1883-cü ilə Rotşildlərin kapitalı sayəsində Bakıdan Avropa ölkələrinə neft və neft məhsullarının (əsasən kerosin) ixracında mühüm rol oynayan Bakı-Batumi dəmir yolunun tikntisi tamamlandı. Bu dəmir yolunun inşası ilə Batumi dünyanın vacib liman şəhərlərindən birinə çevrildi. 1888-ci ildə isə artıq Xəzər-Qara Dəniz Neft Sənayesi Cəmiyyəti Zaqafqaziya Dəmir Yolunun bütün vaqonlarının demək oar ki, yarısını öz sərəncamına almışdı.

Beləliklə, şirkət ən qısa müddətdə çoxsaylı kiçik və orta sahibkarlıq müəssisələrini özündən asılı vəziyyətə salmış və iri partiya neft məhsullarını öz əlində toplamağı, Rusiyanın daxili bölgələrindən keçməyən, əsasən Qara dəniz limanlarına gedən Zaqafqaziya dəmir yolu ilə ixrac üçün neft məhsullarının daşınmasına faktiki nəzarəti həyata keçirməyi bacarmışdı.

Bu cəmiyyətin əsas simalarından biri, neft müəssisələrini bilavasitə idarə edən Paris evinin baş mühəndisi Jorj Aron olmuşdur. Mədənlərə rəhbərlik edən isə Nobel mükafatı laureatı Lev Landaunun atası mühəndis-texnoloq David Landau idi. David Landaunun anası yarı alman, yarı fransız olmuşdur.

Rotşildlərin Bakı şirkətinin fəaliyyəti həm də yaradıcılıq axtarışına yönəldilmiş, qabaqcıl yaradıcı düşüncəni hər cür dəstəkləmiş, neft və neft məhsullarının sənayedə və kənd təsərrüfatında istifadəsinin yeni istiqamətlərini açmışdır.

XIX əsrin sonu "Xəzər-Qara Dəniz Neft Sənayesi və Ticarət Cəmiyyəti"nin ümumrusiya və beynəlxalq səviyyədə tanınması ilə əlamətdar olmuşdur. Belə ki, 1889-cu ildə Paris Ümumdünya Sərgisində Cəmiyyətin Bakıdakı zavodunda benzoldan hazırlanan çoxlu əla boyalar nümayiş olundu. 1896-cı ildə Nijni Novqorodda keçirilmiş Ümumrusiya Sənaye və İncəsənət Sərgisində şirkət "çox keyfiyyətli neft məhsullarının böyük miqdarda istehsalına və Rusiya bazarlarında ticarətinin təşkilinə görə" qızıl medala layiq görüldü. Və nəhayət, 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Sərgisində bu şirkətin ekspozisiyası ən yüksək Qran Pri mükafatına layiq görüldü.

Burada onu da qeyd etmək lazımdır ki, Abşeron yarımadasındakı neft mədənlərinin panoraması 1891-ci il 29 aprel-6 oktyabr tarixlərində Moskvada baş tutan Fransa sənət və sənaye əsərlərinin sərgisində təqdim olunmuşdur.

1890-cı ildə Bakı neftinin ixracının 42%-i Paris bank evinin nəzarəti altında idi. Balaxanı, Sabunçu və Ramanadakı neft mədənləri də Rotşildlərə məxsus idi və onlar Bakının kənarındakı Qara şəhərdə ən iri neft emalı zavodu tikmişdilər. Bu, kerosin, benzin və yağ istehsal edən, sürtkü yağları buraxan ayrı-ayrı zavodlardan ibarət bütöv bir sənaye kompleksi idi.

Bundan əlavə, qazolin, qudron, dizel yanacağı istehsal olunurdu. Bibiheybətdə qaz zavodu, elektrik stansiyası, dəniz suyunu təmizləyən qurğu, çoxlu sayda işçi və texniki heyəti olan mexaniki emalatxanalar, əslində, neft mədən avadanlıqları və borularını təmir edən və ehtiyat hissələri və qazma alətlərini hazırlayan zavodlar tikilişdi. 1893-cü ildə Fransa neft kapitalının Bakı neft sənayesində iştirak payı təxminən 10 milyon rus rublu məbləğində ifadə edilirdi. 1904-cü ilin məlumatlarına görə, Fransa kerosinə olan ehtiyacının 71,1%-ni Bakının hesabına ödəmişdir.

Rotşildlər cəmiyyəti xeyriyyəçiliyə pul ayırmaqda da xəsislik etmirdi. O, Bakının sənaye bölgələrində, əsasən fəhlələrin övladlarının oxuduğu iki məktəb binası tikmiş və saxlanmasını təmin edirdi. Təhsil ödənişsiz idi. Şirkət yalnız 1890-cı ildə yaşayış xərclərinin çox cüzi olduğu səkkiz əsaslı ev tikib yeni sakinlərinə təhvil vermişdi. Şirkətin idarə heyətinin üzvləri gimnaziyaların və ticarət məktəblərinin himayəçisi kimi çıxış edirdilər və bu, daim təhsil müəssisələri üçün pulsuz subsidiyalarla müşayiət olunurdu.

Burada qeyd etmək lazımdır ki, işçilər üçün xüsusi kurslara ehtiyac olması barədə məsələ bir çox illər ərzində Rusiya Texniki Cəmiyyətinin Bakı filialının iclaslarında və yerli mətbuatda müzakirə edilirdi. Məsələnin həlli vəsait çatışmazlığı səbəbindən hər dəfə təxirə salınırdı. 1897-ci ildə Xəzər-Qara Dəniz Cəmiyyəti Ağ şəhərdə neftçi fəhlələr üçün xüsusi kurslar təşkil etdi. Bu kurslarda dərslərə Xəzər-Qara Dəniz Cəmiyyətinin neft emalı zavodunun rəhbəri Aleksandr Quxman və mühəndis David Landau rəhbərlik edirdilər. Oxşar kurslar müəssisələrini yeni avadanlıqlarla təchiz edən digər iri özəl firmalarda da fəaliyyət göstərirdi.

Əlavə etmək lazımdır ki, müxtəlif xeyriyyə məqsədləri üçün ianələr təkcə Bakıdakı Xəzər-Qara Dəniz Cəmiyyəti tərəfindən deyil, həm də Parisdə yaşayan və heç vaxt Bakıda olmayan Rotşild qardaşlarının özlərindən də verilirdi. Məsələn, Müqəddəs Nina Qadın Xeyriyyə Cəmiyyəti təhsil müəssisəsi üçün uyğun olan binanın yenidən qurulmasına həm Bakıdakı Xəzər-Qara Dəniz Cəmiyyətindən, həm də Parisdəki Rotşildlərdən hərəsindən 2000 rubl bağışlanmışdı.

1901-ci ildə yerli və xarici neft şirkətlərinin səyləri və maliyyə dəstəyi sayəsində Bakı Kommersiya Məktəbi açıldı. Həmin il bakılı sahibkarlar tələbələrə lazımi vəsait alınmasına təxminən 30 min rubl bağışlamışdılar. Onların arasında Xəzər-Qara Dəniz neft sənayesi və ticarət şirkəti də var idi. Hacı Zeynalabdin Tağıyev bu məktəbin 1918-ci ilə qədər ilk fəxri himayəçisi olmuşdur. Dərslər ixtisaslı müəllimlər tərəfindən, o cümlədən, 1901-1909-cu illərdə Əhməd bəy Ağayev və 1906-cı ildə Nəriman Nərimanov tərəfindən keçilmişdir.

Bu təhsil ocağının xeyriyyəçiləri arasında tarixdə ilk azərbaycanlı dağ-mədən mühəndisi Fərrux bəy Vəzirov da olmuşdur. Onun Azərbaycanın ziyalı elitasının Qızıl Fonduna daxil olanlardan biri olduğunu söyləmək olar. O, Bakı kommersiya Məktəbinin açılışına 2000 rubl bağışlamışdı. 1901-1902-ci illərdə F.Vəzirov həmin məktəbin qəyyumlar şurasının üzvü olmuşdur.

Farux bəy Vəzirov 20-ci əsrin əvvəllərində təsis edilmiş Naftalan Neft Sənaye Şirkəti səhmdar cəmiyyətinin sədri oldu. Bu şirkət Bakı quberniyasında və imperiyanın digər bölgələrində neft yataqlarının istismarı, həmçinin, hasil olunan neftin emalı və neft məhsullarının ticarəti məqsədləri üçün yaradılmışdı. Burada qeyd etmək lazımdır ki, artıq 1900-1902-ci illərdə Parisdəki bir çox gözəllik salonlarında naftalan nefti əsasında hazırlanmış məlhəmdən istifadə olunurdu.

Fərrux bəy Vəzirovun peşəkar biliklərini iri neft şirkətləri istifadə edirdilər. O, eyni zamanda, neft sahəsindəki işləri ilə yanaşı, ictimai işlərdə də fəal və uğurla iştirak edirdi. F.Vəzirov dəfələrlə Bakı Şəhər Dumasına seçilmişdi və onun iclaslardakı bütün çıxışları səriştəliliyi, əsaslılığı, uzaqgörənliyi və başqalarına yaxşılıq etmək istəyi ilə seçilirdi. O, 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Sərgisinə qatılmaq üçün Azərbaycanın göndərdiyi məşhur zərgərlik kolleksiyası məmulatlarının hazırlanmasında da iştirak etmişdi və həmin kolleksiya çox böyük uğur qazanmışdı.

1861-ci ildə Şuşada zadəgan ailəsində anadan olmuş bu dağ-mədən mühəndisi Şuşa qəzasının Hindarx kəndindəki ailə malikanəsinin abadlaşdırılması üçün də çox işlər görürdü, kənddə feldşer məntəqəsi və aptek təşkil etmişdi, poçt stansiyası üçün bina tikdirmiş və Hindarxdan Ağdama yeni yol çəkdirmişdi və bununla onların arasındakı məsafəni iki dəfə azaltmış oldu. O, eyni zamanda, Amerika toxumu ilə Qarabağda ilk dəfə pambıq əkib yetişdirən və yüksək keyfiyyətli lif götürən nümunəvi bir təsərrüfat da yaratmışdı.

Xəzər-Qara dəniz cəmiyyətinin fəaliyyəti haqqında söhbətə davam edərək onu da qeyd etmək lazımdır ki, Rotşild Bakıda gözəl binalar tikdirmişdi. O zaman cəmiyyətin əsas ofisi olan və hazırda Azərbaycanın Baş Prokurorluğunun yerləşdiyi bina bu gün də şəhər ansamblının bəzəyi olaraq qalır.

Beləliklə, Rotşild qardaşlarının Azərbaycanın neft biznesinin inkişafındakı müsbət rolu göz qabağındadır. Lakin bununla birlikdə qeyd etmək lazımdır ki, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən həm Xəzər-Qara Dəniz Cəmiyyətinin, həm də digər neft şirkətlərinin mədənlərində və müəssisələrində son dərəcə çətin iş şəraiti olduğunu təsdiqləyən sənədlər də qalmaqdadır.

1912-ci ilin əvvəlində Rotşild Qardaşları Bank Evinin Rusiyadakı, həmçinin, Abşeron yarımadasında olan bütün müəssisələrinin Hollandiyanın "Royal Holland/Shell" konserninə verilməsi barədə müqavilə imzalanmışdır.

Azərbaycanın neft sənayesinin inqilabdan əvvəlki tarixi Bakıda yol nəqliyyatının inkişafı ilə də sıx bağlıdır. Bəlli olduğu kimi, XIX əsrin sonlarında Azərbaycanda bir dənə də olsun avtomobil yox idi. 1908-ci ildə Bakıya gətirilən ilk avtomobil Fransız avtomobil markası "Bersele" idi. Artıq 1909-cu ildə fransız Henri Şarpantye Bakıda iki avtomobil üçün nəzərdə tutulan ilk qarajı tikdirdi. Şarpantye Fransadan gətirilən avtomobillərin istismarı və kiçik təmiri ilə məşğul olurdu. Qaraj maşınlarına (Minera, Yunik) özəl "Avropa" otelində qalan fransız mühəndisləri xidmət edirdilər.

1898-ci ildə Abşeronun neft şirkətlərində çalışan fransızların təşəbbüsü ilə Bakıda "Canlandırılmış fotoşəkillər" fransız filmləri nümayiş olundu. Elə həmin il Bakının həyatını əks etdirən filmlər də nümayiş olunmağa başladı. Bu filmlər kinooperator-fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmişdi. O, Polşa zadəganlarının sonuncu nəslindən olan Tomaş Berezovski və fransız Violetta Mişonun oğlu idi.

Qeyd etmək lazımdır ki, 1995-ci ildə Fransada dünya kinosunun 100 illik yubileyi münasibətilə təşkil olunan mərasimdə onun "Qafqaz rəqsləri" və "Bibiheybətdə neft fontanı" filmlərinin nümayişi böyük uğur qazandı. Aleksandr Mişonun bəzi filmlərinin surəti köçürülərək Paris arxivindən Azərbaycan Dövlət Film Fonduna verilmişdir və hazırda burada saxlanılır.   

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra da fransız mütəxəssislər Bakı neftçiləri ilə əlaqəni kəsmədilər. Belə ki, 1930-cu ildə "Şlümberje" firmasının fransız geofizikləri Suraxanıdakı neft yataqlarında elektron-axtarış metodunu tətbiq etdilər. 1958-ci ilin iyun ayında isə fransız neftçilərindən ibarət nümayəndə heyəti Bakıya gəlmişdi.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Fransa şirkəti və fransız mütəxəssislərin iştirakı ilə Bakı neft rayonunun inkişafının bəzi tarixi və iqtisadi cəhətləri və xüsusiyyətləri məhz belə olmuşdur. Əlbəttə, bütövlükdə bu mövzuda maraqlı çox şey vardır. Buna baxmayaraq, yuxarıda göstərilən məlumatların hamısı hələ vahid və bütöv bir süjetə  malik deyil, onlar hələ bundan sonra toplanacaq digər məlumatlarla birlikdə diqqətlə təhlil olunmalı və sistemləşdirilməlidir.

Eyni zamanda, Fransa arxivlərindəki sənədləri də araşdırıb onlar barədə də danışmaq lazımdır. Görkəmli diplomat, ictimai xadim Ramiz Abutalıbov bu barədə qeydlərində belə yazır. Onun 2006-cı ildə nəşr olunmuş "Qodı i vstreçi v Parije" ("Parisdə keçirilmiş illər və görüşlər") kitabında vurğuladığı kimi, Paris arxivlərində Bakı neftinin hasilatı, emalı və daşınması ilə bağlı fransız mühəndisləri Mark Lesur və Pol  Aldebert tərəfindən tərtib edilmiş çoxlu sayda analitik arayışlar vardır. Bir sözlə, qarşıda çoxlu görülməli işlər durur.

Yekun olaraq, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonrakı dövrdə fransız neft şirkətlərinin və mütəxəssislərin Azərbaycanda iştirakı barədə də danışmamaq olmaz. Belə ki, Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən Fransa enerji nəhəngi "Total S.A." şirkəti ARDNŞ ilə birlikdə "Abşeron" yatağının işlənməsində iştirak edir. Həmin neft yatağı  Bakının cənub-şərqində yerləşir. Onun işlənməsi ARDNŞ və Totalın  birgə müəssisəsi - "JOCAR" tərəfindən həyata keçirilir.

Qazma işləri CDC ARDNŞ tərəfindən aparılır. "Abşeron" yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, Totalın son 10 ildə etdiyi ən böyük kəşfidir. Yatağın işənməsi Azərbaycanda təbii qaza artan daxili tələbatın təmin olunmasına və ixrac gəlirlərinin artmasına mühüm töhfə verəcəkdir.

 





18.06.2020    çap et  çap et