525.Az

AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir - Video


 

AZAL Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir -<b style="color:red"> Video</b>

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə davam edir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19)  testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.


Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin  ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur.



 





18.06.2020    çap et  çap et