525.Az

Göy atın xətası - Esse


 

Göy atın xətası - <b style="color:red">Esse</b>

Yəqin ki, hər bir kəs uşaqlıq illərini müəyyən xatirələrlə yada salır. Təbii olaraq bu xatirələrin mənfisidə, müsbətidə insanın müəyyən hissləri yenidən yaşamasına səbəb olur. Son illərin hadisələri məni uşaqlıq çağıma, səksəninci illərə tez-tez aparır: gah sevindirir, gah da kədərləndirir, hətta bəzən göz yaşlarımı da gizlədə bilmirəm...

Hər il yay aylarında kəndimizin camaatı dədə-baba yaylağı sayılan indiki Ermənistan Respublikasının Sisyan rayonu ərazisindəki Dəvəgözü yaylağına köç edərdi.Bu iki-üç ay müddətində çoxlu yaddaqalan hadisələr, olaylar yaşanırdı.Bir sözlə, çox maraqlı keçirdi yaylaq günləri, əsasəndə biz uşaqlar üçün.

Yaxşı yadımdadır, yaylağa çatandan sonra hər ailə öz yurd yerində alaçıqlarını qurar,ev-eşiyi yerbəyer etdikdən sonra, axşam düşməmiş at yarışının keçirildiyi meydana qalxardılar. Bu canlı tamaşa uzun illərdən bəri təkrarlanırdı. Artıq neçə il idi ki, yaxın kəndlərdə yaşayan erməni cavanları da bu yarışa qoşulur və hər dəfə də məğlub olurdular.

Amma o il digərlərindən fərqli bir əhval-ruhiyyə vardı...

Dədəm nədənsə tez-tez köks ötürür, alaçığın qarşısında var-gəl edirdi. Hiss olunurdu ki, çox narahatdır. Qardaşım Valeh dədəmi bu vəziyyətdən çıxarmaq üçün zarafatla dedi:

- Aha, bildim, dədəm qorxur ki, Göy at qocalıb, bəlkə uduzacaq, ancaq heç kim narahat olmasın, mən onun qüdrətinə bələdəm, bizi darda qoymaz. Məşədi İbad demişkən, "Nə qədər qoca olsa da, dəyər min cavana".

Dədəm yenə də bərkdən köks ötürdü: "Yox, ay oğul, bu il başqa cürdür..."

Görəsən nə idi dədəmi narahat edən? Niyə belə tez-tez köks ötürürdü?

Yadımdadır ki, oba yaylağa çatan kimi Göy atın kişnərtisi hər tərəfdən eşidilirdi, sanki digərlərinə çatdırırdi ki, yarış mənlikdir, meydan mənimdir. Camaat uzun müddət idi ki, Göy atın meydanda hökmranlığının şahidi olurdu. Sanki Göy atın el-obaya, nəslə sevgisi, onun məğlubedilməzliyi idi. Göy at artıq kəndin simvoluna çevrilmişdi.

Ermənilərin içərisində hamının saydığı Boris xüsusilə fərqlənərdi. O, obaya tez-tez gələr, adamların çatışmayan nəyi olurdusa alıb, öz atıyla gətirərdi. Yaxşı da domino oynayardı. Şirin dili ilə hamını ovsunlamışdı. Elə hey deyirdi, Əli kişi, növbəti il mənim atım Göy atı ötəcək. Dədəm də gülərək onun cavabını verirdi: "Ay Boris, mən bu yarışı görə-görə gəlmişəm, Göy atın atasını, özünü buralarda ötən görməmişəm. Heç olmayacaqda! Qaldı sizinkilərə, ay yazıq bizim yabılar da onları ötür. Sən bu xülyalarından əl çək, get cavanların qonaqlığını ver".

Boris mənalı-mənalı deyirdi:

-Ara, gələn il görərik kimin atı keçəcək...

Dədəm yaxşı bilirdi ki, Borisin atı madyandır, onu Göy atın yanına qoymaq olmaz. Hamıyada bunu bərk-bərk tapşırmışdı. Amma Boris çoxdan çalışırdı ki, atını Göy atın yanına salsın və bu arzusunu həyata keçirməyə fürsət axtarırdı. Axır ki, erməni bicliyi nəticə vermişdi...

Bir axşamüstü idi. Boris xeyli bazarlıq edib obaya gəlmişdi. Çörək salan kim, yemək bişirən kim - hamı öz işində idi. Uşaqlar çilingağac oynayırdı.

Göy at bayaqdan çəməndə otlayırdı. Qəflətən kişnərtisi eşidiləndə hamı dönüb o tərəfə baxdı. Borisin atının yanına necə getdiyini görən olmamışdı və artıq madyanın belində idi. İş-işdən keçmişdi. Dədəm çox pərt olmuşdu və nə edəcəyini bilmirdi. Borisin isə sevincinin həddi-hüdudu yox idi. O, Borisə "Atını neçəyə satarsan, neçə qoyun verim? İstəyirsən, lap o yanı balalı inəyi apar..." deyə təklif etdi.

Amma Borisin cavabı məlum idi:

-Ara Əli, qadan alım, man indi arzuma çatmışam. San deyirsən kı, atı neçəyə satırsan. Yox, madağanım, bu atın qiymatı var?!. Ha indı man getdım. Ona yaxşı-yaxşı qulluq edım, onun qadasını alım...

Mənim uşaqlıq çağlarımın qəhrəmanı olan Göy atla bağlı xatirələrim indi məni daha çox düşündürür. Həqiqət budur ki, talebizə ço

x məkrlivə qəddar qonşular bəxş edib, tarix boyu bu qonşuların nankorluqlarının acısını yaşayırıq.Biz onları zaman-zaman yazıq, fağır saymışıq, onlara öz torpağımızda ev olmağa, evimizdə çörək kəsməyə şərait yaratmışıq. Nəticə də göz önündədi...

Bəlkə də əcdadlardan bizə miras qalmış humanistliyimizdən və yaxud tarixi unutqanlığımızdan, eləcə də Göy atın timsalında yüzlərcə səhvlərimizdən irəli gəlib ki, bu gün dədə-baba torpaqlarımızdan didərgin düşmüşük.

Mən əminəm ki, gec-tez torpaqlarımız azad ediləcək və ola bilsin, nə vaxtsa gözəl Qarabağımızda yenə o mənfur qonşularımızla birlikdə yaşadıq. Ancaq məni hər şeydən çox qorxudan budur ki, Göy atlarımız hər şeyi unudub təzədən həmin səhvləri təkrarlayalar...

Əzim ƏLİOĞLU

 





19.06.2020    çap et  çap et